Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5532/2023 28.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh arasında 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində bağlanmış 20 aprel 2015-ci il tarixli AZ-İİ 042708 nömrə ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Gürcüstan Respublikasının vətəndaşı olmaqla əcnəbidir. İddiaçı 20 aprel 2015-ci il tarixdə Cavabdeh ilə nikaha daxil olmuşdur. Tərəflərin nikahı 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində AZ-İİ 042708 nömrəli müvafiq şəhadətnamə ilə qeydə alınmışdır. Tərəflər heç zaman faktiki ər-arvad və nikah münasibətlərində olmamışlar, həmçinin tərəflərin el adəti ilə toy mərasimləri də baş tutmamışdır. Belə ki, tərəflərin ilk başdan ailə qurmaq kimi bir niyyətləri olmamışdır. Belə ki, iddiaçı əcnəbidir və Azərbaycan Repsublikası ərazisində yaşaya bilməsi üçün müvafiq yaşama icazəsinə ehtiyac duyurdu. Cavabdeh isə cinsi sağlamlığında müəyyən problemləri olduğu üçün Azərbaycan Repsublikasından Avropaya rahat keçə bilməsi üçün Gürcüstan Respublikası vətəndaşlığını əldə etməli idi. Çünki Gürcüstan Respublikası vətəndaşlarının Avropa ölkələrinə getmələri üçün viza tələb edilmir. Beləliklə, hazırkı formal nikahdan hər iki tərəfin faydası olacaqdı. Hazırda cavabdeh müvafiq vətəndaşlığı əldə etmişdir, İddiaçı isə Miqrasiya qanunvericiliyinə edilmiş ən son dəyişiklik səbəbilə artıq cavabdehlə olan nikahın saxlanılmasına olan zərurət aradan qalxmışdır. Hazırda tərəflər arasında bağlanmış nikah etibarsız hesab olunmalıdır. İşin faktiki hallarından da məlum olduğu kimi tərəflərin ailə qurmaq niyyətləri olmamış, nikah bağlanarkən qarşılıqlı məhəbbət və hörmət hisləri rəhbər tutulmamış, hər hansı birgə həyat və gələcək yaradılması arzusu olmamışdır. Yalnız qeyd olunan məqsədə nail olmaq üçün tərəflərin arasında razılaşdırılmış qaydada bağlanmış nikah olmuşdur. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsini müdafiə etdiyini bildirmiş, məhkəmə iclasını onun iştirakı olmadan keçirərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı və cavabdeh 20 aprel 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 20 aprel 2015-ci il tarixli AZ-İİ 042708 seriya nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 34-cü maddəsinin İ və İİ bəndinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Nikah və ailə dövlətin himayəsindədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 25.1-ci maddəsinə əsasən, bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. 26.1.3-cü maddəsinə əsasən, nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırmasında müəyyən edildi ki, tərəflərin arasında bağlanmış nikahın qanunla müəyyən edilmiş qaydada qeydə alınmasına baxmayaraq onlar nikaha daxil olduqdan sonra ər-arvad kimi bir evdə yaşamamış və birgə təsərrüfat idarə etməmişlər. İş materiallarından görünür ki, tərəflərin nikah bağlamasına əsas vətəndaşlıqla bağlı məsələlərin tənzimlənməsi olmuşdur. İddiaçı olan İddiaçı Azərbaycan Respublikası vətəndaşlığının alınması üçün, Cavabdeh isə Gürcüstan Respublikasının vətəndaşlığını almaq üçün nikaha daxil olmuşlar. Qanunverciliyin tələblərinə əsasən tərəflərin niyyəti ailə qurmaq olmadıqda bağlanmış nikah etibarsız hesab edilir. Hazırkı işdən də görünür ki, tərəflərin əsl niyyəti ailə qurmaq olmamışdır. Hazırkı hala iş materiallarında olan digər sübutlar da dəlalət edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 20 aprel 2015-ci il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 948 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunduğundan, iddiaçı tərəfindən ödənillmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 20 aprel 2015-ci il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 948 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. İddiaçı ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-5532/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5532/2023
28.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver