Məhkəmə qərarları › İş №e-2(011)-5559/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5559/2025

22.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5559/2025 22.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 19 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının gəlinidir. İddiaçının oğlu X1 Cavabdeh arasında 13 aprel 2017-ci il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilə köçmüş və qeydiyyata düşmüşdür. 11 iyun 2020-ci il tarixdə cavabdehin X3 adlı övladı anadan olmuşdur. Hal-hazırda iddiaçının oğlu X1 Cavabdeh boşanma ərəfəsindədirlər. İş Xətai Rayon Məhkəməsinin icraatında e-2(011)-3878/2025 nömrə altında baxılmaqdadır. İddiaçı cavabdehə dəfələrlə mənzili tərk etməsini və qeydiyyatdan çıxmasını bildirsə də, cavabdeh iddiaçının tələblərinə əməl etmir və bir mülkiyyətçi kimi iddiaçının Konstitusiya ilə qorunan hüquqlarını pozur. İddiaçı özünə məxsus mənzildən istifadə edə bilmir. Tərəflərin mövqeləri: İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək, azyaşlı övladı ilə mübahisəli mənzildə yaşadıqlarını, uşağın mənafeləri baxımından mənzildən çıxmaq istəmədiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, o, azyaşlı övladı ilə həmin mənzildə qeydiyyatdadırlar, iddiaçı heç vaxt ondan mənzildən çıxmasını tələb etməmişdir. Onun övladı ilə birlikdə yaşaması üçün başqa evi yoxdur. Sübutların tədqiqi: İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 086004 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 13 saylı evin 19 saylı mənzili (bundan sonra – Mənzil) iddiaçıya məxsusdur və onun Mənzilə dair mülkiyyət hüququ xx.xx.2001-ci il tarixdə qeydiyyatdan keçmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 (iddiaçının oğlu) xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində akt qeydləri kitabında 1063 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən Mənzildə qeydiyyatdadır. İşin müəyyən edilən halları: Mənzil qeydiyyat vəsiqəsi əsasında iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının gəlinidir, belə ki, iddiaçının oğlu X1 cavabdeh xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar, onların birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X3 doğulmuşdur. Nikaha daxil olduqdan sonra cavabdeh iddiaçının oğlu ilə birlikdə mübahisəli Mənzilə köçərək orada yaşamağa başlamış, xx.xx.2023-cü il tarixdən isə Mənzildə qeydiyyatdadır. Hazırda cavabdeh azyaşlı övladı ilə birlikdə Mənzildə qeydiyyatda olmaqla yaşamağa davam edirlər. İddiaçının oğlu X2 Cavabdeh qarşı “nikahın pozulması və uşağın atanın himayəsində saxlanılması” barədə iddia tələbi ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 29 İ və İİ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Cavabdeh iddiaçının gəlini olması, iddiaçının oğlu ilə xx.xx.2017-ci il tarixdə nikaha daxil olması, sonradan xx.xx.2023-ci il tarixdən Mənzildə yaşamasını nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəyə Azərbaycan Respublikası xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1. və 30.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. Göründüyü kimi, şəxsin mənzildən istifadə etməsi üçün ya mülkiyyətçinin ailə üzvü (arvadı (əri), uşaqları və valideynləri) ya da digər qohumu olmalıdır. Cavabdeh isə iddiaçının gəlinidir, o, iddiaçının oğlu ilə nikaha daxil olduqdan sonra iddiaçıya məxsus Mənzildə yaşamağa başlamışdır. Cavabdeh hazırda mənzildə yaşasa da, o, iddiaçının nə ailə üzvü sayılır, nə də ki, qanunvericilikdə nəzərdə tutulan “digər qohum” anlayışının əhatə dairəsinə aid edilir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 15-ci fəsli ailənin başqa üzvlərinin, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, nəvələrin baba və nənəni, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaqla bağlı öhədilikərinin əsaslarını müəyyən edir. Hüquq normalarının mənasından göründüyü kimi “gəlin” qohumluq münasibəti “digər qohum” anlayışının təsir əhatəsinə daxil deyildir. Məhkəmə qeyd edir ki, tərəflər arasında münasibətlər həm ailə hüquq münasibətləri ilə tənzimlənmədiyindən, həm də mənzildən istifadə etməklə bağlı hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilə bağlanmadığından, iddiaçının iradəsindən kənar şəkildə cavabdehin həmin mənzildən istifadə etməsi üçün qanuni əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənzil iddiaçının mülkiyyəti olduğundan, həmin mənzildə yaşamağa heç bir hüquqi əsası olmayan cavabdehin mənzildən çıxmaması iddiaçının mülkiyyət hüquqlarını pozur. Bununla bağlı iddiaçının mənzil üzərində mülkiyyət hüququ təmin edilməli və cavabdeh həmin mənzildən çıxarılmalıdır. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi ünvanında yerləşən 13 saylı evin 19 saylı mənzilindən çıxarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar