Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-557/2023 13.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı icarə müqaviləsinə əsasən borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə 41 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı “Hyundai Accent” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra - Avtomobil) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək avqonəqliyyat vasitəsinin istifadəsinin hər 1 günü üçün 50 manat ödəmək şərti ilə, cavabdehə icarəyə vermişdir.
2. Cavabdeh tərəfindən Avtomobilin icarəsinə görə ödəniş edilməmişdir.
3. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı cavabdehdən 1450 manat əsas məbləğ, və ödənilmiş 34,50 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə aralarında nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi Avotomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək günlük 50, ümumi 1450 manat ödəmək şərtilə icarəyə verilmişdir. Cavabdeh tərəfindən icarə müqaviləsinə əsasən yaranmış öhdəliklər pozulmuş və ya lazımınca icra edilməmişdir. Cavabdeh tərəfindən 1450 manat icarə haqqı ödənilməmiş saxlanılmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsələr də, cavabdeh hər dəfə borcun ödənilməsindən yayınmış, heç bir səy göstərməmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etməmişdir.
7. Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
10. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
11. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
19. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.
20. Məhkəmə qeyd edir ki, iddia tələbinə düzgün hüquqi qiymət verilməsi üçün iddianın qanuni əsasının tapılması vacib şərtlərdəndir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə artıq məhkəmə üçün başa çatmalıdır.
21. İddianın mahiyyətindən də aydındır ki, tərəflər arasında Avtomobilin icarəyə verilməsi ilə bağlı münasibətlər yaranmasına istinad etsə də, işin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında, əslində Avtomobilin kirayəsi barədə müqavilə bağlanmışdır. Belə ki, Mülki Məcəllədə icarə müqaviləsinin də əmlak kirayə müqaviləsi olması qeyd edilsə də, predmet baxımından icarə və kirayə müqavilələrinin fərqli cəhətləri mövcuddur. Bu fərqlər kirayə və icarə müqavilələrinə verilmiş anlayışlardan aydın şəkildə görünür. Mülki Məcəllədə hər iki müqaviləyə verilən anlayışlardakı fərq ondan ibarətdir ki, kirayə müqaviləsinə görə əmlak yalnız kirayəyə götürənin istifadəsinə verildiyi halda (Mülki Məcəllənin 675 maddəsi), icarə müqaviləsinə görə kirayəçi (icarəçi) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququna malkdir (İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllə 700.1-ci maddə).
22. Qeyd edilən maddi hüquq normalarının mənası baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında əmlak kirayə müqaviləsi bağlanmışdır və bu, müqavilənin 1.1-ci bəndində də (icarə verən mülkiyyət hüququ ilə ona məxsus olan Avtomobili icarədarın müvəqqəti istifadəsinə verir, icarədar isə avtonəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş icarə haqqı ödəyir) göstərilmişdir. Odur ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 675-ci maddəsi təşkil edir.
23. İş materialları əsasında müəyyən edilir ki, iddiaçı öhdəliyini icra edərək, müqavilə ilə razılaşdırılmış Avtomobili cavabdehin istifadəsinə versə də, cavabdeh kirayə haqqını ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdeh tərəfindən 1450 manat icarə haqqı ödənilməmiş qalır.
24. Məhkəmə həmçinin iddianın 34,50 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.
25. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 1450 manat pul vəsaiti və 34,50 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı