Məhkəmə qərarları › İş №e-2(011)-560/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-560/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-560/2025 24.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları:

1. xx.xx.2016 tarixində Nümayəndə ilə “X4” MMC (hal-hazırda Cavabdeh MMC) arasında icarə müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 məhəllədə yerləşən ümumi sahəsi 646.4 kv.m olan qeyriyaşayış sahəsinin 220 kv.m hissəsi icarəyə götürülmüşdür. Həmin müqavilənin 2-ci maddəsinə əsasən icarə müqaviləsininn müddəti xx.xx.2024 tarixinə qədər müəyyən edilmişdir.

2. Daha sonra xx.xx.2021-ci il tarixində X2 və dəyişikliklər edilməsi barədə saziş imzalanmışdır. Həmin sazişə əsasən icarə müddəti xx.xx.2031-ci il tarixinə qədər müəyyən edilmişdir.

İddiaçının tələbi:

3. Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 məhəllədə yerləşən ümumi sahəsi 646.4 kv.m olan qeyri-yaşayış sahəsinin 220 kv.m hissəsinin cavabdehin qanunsuz sahibliyindən götürülərək boşaldılması və mülkiyyətçiyə təhvil verilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

4. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixində icarə müqaviləsi imzalanmışdır və Cavabdeh MMC Bakı şəhəri Xətai rayonu Xoçalı küçəsi, 2347-48 məhəllədə yerləşən ümumi sahəsi 646.4 kv.m olan qeyri yaşayış sahəsini icarəyə götürmüşdür. İddiaçı icarə predmeti olan qeyri-yaşayış sahəsindən Cavabdeh MMC-nin istifadəsinin qadağan olunmasını tələb edərkən nəzərə almamışdır ki, icarə predmeti icarəçiyə İddiaçı razılığı ilə icarəyə verilmişdir və icarəçi həmin sahədən tam qanuni əsaslarla istifadə edir. Eyni zamanda bildirmişdirlər ki, müqavilənin dayanıqlıq baxımından, investisiya qoyuluşunun qorunması, uzunmüddətli müqavilə münasibətlərinin təmin edilməsi, bir çox hallarda icarəyə verən tərəfindən icarəçi qarşısında suni əngəllər törədərək icarə haqqının artırılması, obyektdən çıxarma, obyekti boşaldılması, biznes mühitinin qorunması, işsizliyin qarşısının alınması yəni, işçilərin ixtisara düşməsi, bir qrup təbəqənin işsiz qalması və sahibkarlıq fəaliyyətinə ciddi şəkildə mənfi təsir göstərir.

5. Daha sonra Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ünvanlayaraq İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 məhəllədə yerləşən ümumi sahəsi 646.4 kv.m olan qeyri-yaşayış sahəsinin 220 kv.m hissəsindən Cavabdeh çıxarılması barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

6. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Vəkil öz izahatında qeyd etmişdir ki, tərəflə hər hansı müqavilə münasibəti olmamasına baxmayaraq iddiaçıya məxsus daşınmaz əmlak cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir. Əvvəlki mülkiyyətçi müqavilə ilə bağlı notarial qaydalara əməl edib. İcarə müqavilələrinin də dövlət qeydiyyatı tələb olunur, lakin cavabdeh buna əməl etməyib. Mülkiyyətçi dəyişib, lakin müqavilə bağlanılmasından yayınır. Daşınmaz əmlakın kənar hissəsində olan mülkiyyətdən də iddiaçının istifadə etməsinə mane olunur. Dəfələrlə müraciət edilmiş, lakin bir tərdbir görülməmişdir. Mülkiyyətçinin dəyişməsinə baxmayaraq icarə haqqı da köhnə mülkiyyətçinin hesabına ödənilib. Ümumiyyətlə bir neçə dəfə icarə haqqı ödənilməmişdir. Cavabdehə pretenziya göndərilib. Zəruri sənədləri də məhkəməyə təqdim etmişlər. Etirazdakı mövqeni qanunsuz və əsassız hesab edirlər.

7. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 öz izahatında qeyd etmişdir ki, iddia tələbinə etiraz edirlər. Bununla bağlı etirazı elektron sistemə yükləmişlər. Hesab edirlər ki, iddia tələbi əsassızdır. Çünki, müqavilənin ləğv olunması əsasları qanunvericilikdə dəqiq nəzərdə tutulmuşdur, bu hallar müvafiq məsələ ilə bağlı yoxdur. Onlar obyekti yüklü etməmişlər. Hesab edirlər ki, obyektin yüklü edilməməsinin müqavilənin ləğv edilməsi üçün əsas deyil. Qarşı tərəf ilk dəfə obyekti götürəndə həmin obyektin çıxarışı yox idi və çıxarışı olmayan obyekti də yüklü etmək mümkün deyil. Tərəf hesab edir ki, icraəyə verilən obyekt yüklü edilməlidir. İddiaçının iddia ərizəsində qeyd etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 19.1-ci maddəsi imperativ xarakter daşımır. Məhz icarəçi tərəfindən obyektin yüklü edilməli olması tələbi yoxdur.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən təqdim edilmiş çıxarışa əsasən ünvan 1 (Yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, 167E) qeyri-yaşayış sahəsidir və İddiaçı mülkiyyətindədir.

9. xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nə əsasən Nümayəndə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 646.4 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı hədiyyə etmişdir.

10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən təqdim edilmiş RX №1462984 saylı çıxarışa əsasən ünvan 1 Nümayəndə mülkiyyətindədir.

11. xx.xx.2016-cı il tarixli “İcarə müqaviləsi”nə əsasən Nümayəndə ünvan 1də “Əzizbəy-KM” tərəfindən inşa edilmiş binada 651 kv.metr olan qeyri-yaşayış sahəsinin 220 kv.metr hissəsini “X4” MMC-yə icarəyə vermişdir.

12. xx.xx.2018-ci il tarixli Əlavə Saziş.

13. xx.xx.2021-ci il tarixli “X2 və Dəyişikliklər Edilməsi barədə Saziş”.

14. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktub.

15. İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktub.

16. Qəbzlər.

17. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər. Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi (AR MM): 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.” 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 704.1. Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. 704.2. İcarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur.

20. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu: 7.1.İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 7.2. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. 7.3. İcarə müqaviləsinə tərəflərin başqa vəzifələri də daxil edilə bilər. 7.4. İcarəyə verilən əmlakın dəyəri faktik aşınma nəzərə alınmaqla bu əmlakın icarəyə verildiyi an ona qoyulan qiymət əsasında müqavilədə müəyyən edilir. 7.5. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. 13.1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. 13.2. İcarə obyekti dövlətsizləşdirmə və özəlləşdirmə üçün açıldıqda icarə müqaviləsi ləğv edilmiş hesab olunur. Bu halda icarəçinin icarə obyektinə qoyduğu investisiyanı icarəyəverən bazar dəyəri üzrə ödəməlidir. 13.3. İcarəyəverən təşkilatın yenidən təşkil edilməsi, habelə icarəyə götürülmüş əmlakın mülkiyyətçisinin dəyişməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun pozulması üçün əsas deyildir. 13.4. Müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır. 13.5. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər. 13.6. İcarəçi vətəndaş ilə müqaviləyə xitam verilərkən onunla birlikdə yaşamış və işləmiş ailə üzvləri icarə müqaviləsi bağlamaqda üstün hüquqa malikdirlər. İcarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. Müqavilənin bağlanmasının icarəçinin şəxsi keyfiyyətləri ilə şərtləndirildiyi hallar istisna edilməklə, icarəçinin ixtiyarı yoxdur ki, həmin şəxsin qüvvədə olan müqavilə üzrə qalan müddət üçün müqaviləyə daxil olmasına razılıq verməsin.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

22. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.

24. Belə ki, mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2016 tarixində Nümayəndə ilə “X4” MMC (hal-hazırda Cavabdeh MMC) arasında icarə müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 məhəllədə yerləşən ümumi sahəsi 646.4 kv.m olan qeyri-yaşayış sahəsinin 220 kv.m hissəsi icarəyə götürülmüşdür. Həmin müqavilənin 2-ci maddəsinə əsasən icarə müqaviləsininn müddəti xx.xx.2024 tarixinə qədər müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixində X2 və dəyişikliklər edilməsi barədə saziş imzalanmışdır. Həmin sazişə əsasən icarə müddəti xx.xx.2031-ci il tarixinə qədər müəyyən edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nə əsasən Nümayəndə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 646.4 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı hədiyyə etmişdir.

25. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin dəyişməsi ilə cavabdehlə əvvəlki mülkiyyətçi arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 məhəllədə yerləşən ümumi sahəsi 646.4 kv.m olan qeyri-yaşayış sahəsinin 220 kv.m hissəsinin cavabdehin qanunsuz sahibliyindən götürülərək boşaldılması və mülkiyyətçiyə təhvil verilməsini xahiş etmişdir. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən icarəyəverən təşkilatın yenidən təşkil edilməsi, habelə icarəyə götürülmüş əmlakın mülkiyyətçisinin dəyişməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun pozulması üçün əsas deyildir.

26. AR MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. AR MM-nin 157.2-ci maddəsinin maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olması; 3) özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalıdır; 5) geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdi-müəyyən əşya) olmalıdır; 6) əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalıdır. Göstərilən altı şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir.

28. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

29. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

30. İddiaçı tərəf məhkəmə iclaslarında cavabdehin məhz ona məxsus əmlakın tən ortasında yerləşən əmlakı icarəyə götürdüyündən sağında və solunda yerləşən əmlakı kifayət qədər yüksək məvacibə icarəyə verilməsinə maneə olduğunu demiş, lakin məhkəmə araşdırılması zamanı iddiaçı tərəf bu maneələrin cavabdehin hansı təqsirli və ya təqsirsiz hərəkətləri nəticəsində baş verməsi ilə bağlı hər hansı mötəbər sübutu və ya ağlabatan mülahizəni irəli sürməmişdir.

31. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf iddia tələbini icarə müqaviləsinin dövlət qeydiyyatına alınmaması ilə əsaslandırmağa çalışmışdır. Məhkəmə araşdırılması zamanı məlum olmuşdir ki, icarə müqaviləsi və ona edilmiş əlavə və dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş, iddiaçının qeyd etdiyi hal isə qaunvericilikdə icarə müqaviləsinin ləğvi üçün əsas olan hallar dairəsinə daxil deyildir.

32. Yuxarıda qeyd edilələrə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı icarə müqaviləsinə xitam verilməsi ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 məhəllədə yerləşən ümumi sahəsi 646.4 kv.m olan qeyri-yaşayış sahəsinin 220 kv.m hissəsinin cavabdehin qanunsuz sahibliyindən götürülərək boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi barədə tələbi əsassızdır və rədd edilməlidir.

Məhkəmə xərcləri:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi tələbi olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

1. İddia rədd edilsin.

2. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.

3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar