Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5642/2022 02.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Bakı filialının (İddiaçı) Cavabdeh qarşı “müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Cavabdehin 2 övladı var – X2 və X3.
2. Tərəflər arasında hər bir uşaq üçün xx.xx.2018-ci il tarixdə “Təhsil xidmətlərinin göstərilməsinə dair” ayrılıqda 2 müqavilə bağlanmışdır. Müqaviləyə görə iddiaçı cavabdehin övladlarına azərbaycan, rus və ingilis dillərində yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, cavabdeh isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Bir müqavilə üzrə bir tədris ili (sentyabr ayının 1-dən may ayının sonunadək) üçün xidmət haqqı 8000 manat (iki müqavilə üzrə 16000 manat) müəyyən edilmişdir. Həmçinin, müqaviləyə görə tədrisin həftənin İ-V günləri daxil olmaqla saat 08:30-dan saat 17:30-dək keçirilməsi, təhsil prosesində şagirdin qida, istirahət, idman və təhlükəsizliyinin iddiaçı tərəfindən təmin edilməsi nəzərdə tutulmuşdur.
3. İddiaçı tərəfindən tədris 2020-ci ilin mart ayının əvvəllərinədək əyani, həmin vaxtdan sonra isə, COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı tətbiq edilən qadağalara görə distant keçirilmişdir.
4. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı aralarında bağlanmış müqavilələr üzrə 3400 manat məblğində təhsil haqqı borcunun, gecikdirilən hər gün üçün 0,5% olmaqla, 12460 manat dəbbə pulunun və 137,58 manat dövlət rüsumunun, cəmi 15997,58 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, aralarında bağlanmış “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilələr üzrə cavabdehin övladları X2 və X1 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürür. İddiaçı müqavilələr üzrə üzərinə düşən bütün öhdəliklər tam yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliyini tam yerinə yetirməyərək 2019/2020 tədris ili üzrə hər bir uşaq üçün 1700 manat, ümumilikdə isı 3400 manat məbləğində təhsil ödənişini həyata keçirməmişdir. Cavabdehə dəfələrlə müraciət edilərək təhsil haqqını və ona uyğun hesablanmış dəbbə pulunu ödənilməsini xahiş etmişlər. Bu səbəbdən lisey tərəfindən valideynə poçt vasitəsi ilə təhsil haqqının ödənilməsi tələbinə dair 01 iyul 2022-ci il tarixli xəbərdarlıq ünvanlanmışdır. Lakin bu xəbərdarlığa baxmayaraq təhsil haqqı və hesablanmış dəbbə pulu ödənilməmişdir. Bu isə müqavilə üzrə valideynin üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Bundan başqa, cavabdehə 2019/2020-ci tədris ili bitənədək borcu ödəməyə vaxt verilmişdir və heç bir dəbbə pulu hesablanmamışdır. Lakin cavabdeh borcu ödəmədiyi üçün 2019/2020-ci tədris ili bittiyi tarixdən, yəni 17 iyun 2020-ci ildən dəbbə pulu hesablanmışdır. Nəticədə, cavabdehin ümumilikdə 3400 manat təhsil haqqı borcu və hər müqavilə üzrə 6230 manat cəmi 12.460 manat dəbbə pulu borcu yaranmışdır. İddiaçı pandemiya dövründə öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq təşkil etmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh yazılı etirazında qeyd etmişdir ki, o, müqavilələrə uyğun olaraq tədris ili üçün ödənilməli olan ödənişləri müvaqfıq qrafıkə əsasən ödəmişdir. İddiaçının öhdəlikləri müqavilənin 3.1-ci maddəsində göstərilmişdir. Lakin 2020-ci ildə bütün dünyanı öz ağuşuna almış Covid-19 pandemiyası ilə əlaqəli olaraq digər ölkələrdə olduğu kimi Covid-19 əleyhinə bəzi qadağalar oldu. Belə ki, təhsil müəssisələrində məcburi olmayan distant təhsilə keçirildi və övladları video proqramlar vasitəsilə onlayn şəkildə təhsilə keçdilər. O, bir neçə dəfə iddiaçının Aynur adlı səlahiyyətli şəxsi ilə telefon vasitəsilə əlaqə saxlamış və belə davam edəcəyi təqdirdə övladlarının liseydən çıxaracağını bildirmişdir. Çünki ödədiyi vəsaitin qarşlığında heç bir vəzifə yerinə yetirilmirdi, təhsil çox keyfiyyətsiz idi və internet ilə bağlı problemlər yaşanırdı. Liseyin rəhbərliyinə dəfələrlə zəng ilə məlumat verməyinə baxmayaraq, “sizə geri dönüş edəcəyik” deyə onu aldadırdılar. Dəfələrlə telefon vasitəsilə zəng etmişdir ki, online dərslərin əleyhinədir və müqaviləyə xitam verilməsini istəyir. Daha sonra o, övladlarının onlayn dərsə qoşulmalarına qarşı oldu, çünki uşaqlar özləri də həmin təhsildən narazı idilər. Dəfələrlə liseyə poçt vasitəsilə yazılı müraciətlər göndərmiş, həm də özü müraciəti mühafizəçisi Abbasov Nicat adlı şəxsə “təhvil aldım” yazdıraraq təqdim etmişdir. Lakin liseydə müraciətlərinə baxılmayıb. Bir müddət sonra o, online tədris proqramına qarşı olduğundan müqaviləyə xitam vermək üçün liseyə getdiyində bildirmişlər ki, 4200 (hər uşaq üçün 2100 manat) manat borcu qalıb və lisey karantin müddətini nəzərə alaraq ona ümumilikdə 800 manat endirim edir. Lakin o bununla razılaşmamışdır.
8. Məhkəmə iclasında verilən izahatlar:
9. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
10. Cavabdehin vəkili və nümayəndəsi əvvəlki məhkəmə iclasında yazılı etirazına uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir.
11. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
14. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
18. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi cavabdehin icranı gecikdirməsi sayılır.
19. Maddə 752.1 podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
20. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
21. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
28. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iddianın, etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
29. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
30. Tərəflər arasında təhsil xidmətlərinin göstərilməsi ilə bağlı yazılı podrat müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Mübahisə isə, iddiaçıya görə yerinə yetirilmiş xidmətin (tədrisin) haqqının tam ödənilməməsi ilə bağlıdır. İddiaçı müqavilədə göstərilən xidməti, yəni tədrisi müqavilədə göstərilən öhdəliyinə uyğun yerinə yetirdiyini iddia edərək xidmət haqqının qalıq hissəsini tələb edir. Cavabdeh isə tədrisin müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə aparılmadığını və yerinə yetirilməyən xidmət haqqının ondan tələb edilməsini rədd edir.
31. Yuxarıda qeyd edilən müddəlardan da göründüyü kimi müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (süuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir.
32. Tərəflər arasında qanuni əsaslarla yazılı formada podrat müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 752.1-ci maddəsində podrat müqavilləsinə verilən anlayışdan da görünür ki, bu müqavilə kansensual müqavilədir, tərəflər sifarişin həcmi və buna uyğun muzd barədə razlığa gəldikləri andan müqavilə bağlanmış sayılır.
33. Bağlanılmış hər iki mqavilədə tərəflər öhdəliklərinin həcmini də dəqiq müəyyən etməklə (müqavilələrin 3 və 4-cü bəndləri) bunları müqavilədə göstərmişlər. Müqavilələrin 3.1-ci bəndində iddiaçının öhdəliyinin həddi bunlardan ibarətdir: müasir təhsil metodikasından istifadə etməklə milliyətindən və əvvəllər təhsil aldığı dildən asılı olmayaraq şagirdə azərbaycan, rus və ingilis dilini öyrətməyi və bu dillərdə ona keyfiyyətli təhsil vermək; ev tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı şagirdə müəllimlər tərəfindən məktəbdə istiqamət, məsləhət və tövsiyələr vermək; təhsil prosesi zamanı, gün ərzində müəyyən olunmuş vaxtlarda şagirdi gigiyenik tələblərə uyğun və keyfiyyətli qida ilə təmin etmək; məktəbdə olduğu müddətdə dərsdən kənar vaxtda onun istirahəti üçün şərait yaratmaq; liseyin idman kompleksində idmanın müxtəlif növləri ilə məşğul olmasına şərait yaratmaq. Müqavilələrin 4.1-ci bəndində isə cavabdehin öhdəliklərinin həddi müəyyən edilmişdir ki, bunlara müqavilədə nəzərədə tutulmuş qaydada xidmət haqqının tam və vaxtında ödənilməsi də daxil olmaqla, müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirmək və s. daxildir (cavabdehin digər öhdəlikləri üzrə mübahisə yaranmadığı üçün onların sadalanmasına zərurət yoxdur).
34. Müqavilə şərtlərindən də göründüyü kimi, iddiaçının öhdəlikləri dairəsi cavabdehin övladlarına keyfiyyətli təhsilin verilməsindən başqa, həm də onların gigiyenik tələblərə cavab verən və keyfiyyətli qida ilə təmin etmək, dərsdən kənar vaxtda onların istirahəti, idmanın müxtəlif növləri ilə məşğul olmalarına şərait yaratmaq, habelə təhlükəsizliyini təmin etməkdən ibarət olmuşdur.
35. Hər kəsə məlum olan haldır ki, 2020-ci ilin mart ayının əvvəllərindən COVİD- 19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən karantin qaydalarına müvafiq olaraq ölkədə əyani təhsil müəyyən müddətlərdə dayandırılmaqla, dərslər online formada aparılmışdır. Bu tədbir iddiaçı liseydə də həyata keçirilmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, tədrisin əyani formadan distant formasına keçməsi ilə əlaqədar olaraq iddiaçı müqavilədə göstərilən bəzi öhdəliklərini məsələn, cavabdehin övladlarının gün ərzində gigiyenik tələblərə cavab verən və keyfiyyətli qida ilə təmin edilməsi, dərsdən kənar vaxtda onların istirahəti, idmanın müxtəlif növləri ilə məşğul olmalarına şərait yaradılması ilə bağlı öhdəliklərini yerinə yetirməmişdir. Bu öhdəliklərinin icra edilməsi iddiaçının iradəsindən asılı olmasa da, məhkəmə qeyd edir ki, podrat müqaviləsinin mahiyyətindən aydın olur ki, şərtləşdirilmiş muzd sifarişin (göstərilən xidmətin) həcminə uyğun olaraq müəyyənləşdirilir və bu əlamət podrat müaqaviləsinin bağlanmasını təmin edən əsas şərtdir.
36. Hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış müqavilələrdə də razılaşdırılmış muzd iddiaçının öhdəliyinin həcminə müvafiq olaraq müəyyən edilmişdir. İddiaçının öhdəliyinin həcmi isə yuxarıda 33-cü paraqrafda göstərilmişdir. Tərəflər arasındakı mülki hüquq münasibətinin xarakterindən də bəllidir ki, cavabdeh tərəfindən ödənilən muzd təkcə tədrislə deyil, həm də müqavilədə göstərilən digər xidmətlərin göstərilməsinə görə təyin edilmişdir. Bu halı cavabdeh yazılı etirazında da bildirmişdir. İşin mübahisəsiz halıdır ki, iddiaçı da həmin xidmətləri (gün ərzində gigiyenik tələblərə uyğun və keyfiyyətli qida ilə təmin etmək; məktəbdə olduğu müddətdə dərsdən kənar vaxtda onun istirahəti idman kompleksində idmanın müxtəlif növləri ilə məşğul olmasına şərait yaratmaq) göstərməmiş, hətta müqavilədə həmin xidmətlərə görə muzd (xidmət haqqı) ayrılıqda müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı göstərilən digər xidmət növlərinin ayrı-ayrılıqda smetasının təqdim edilməsi iddiaçının nümayəndəsinə təklif edilsə də, iddiaçı həmin sənədi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, bu halın mövcudluğu iddiaçı tərəfindən müqavilədə göstərilən xidmətin tam şəkildə yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir.
37. İddiaçı təhsil haqqının qalıq hissəsinin (mart, aprel və may ayları üzrə) cavabdehin iki uşağına görə 4200 manat olmasına baxmayaraq, hər uşaq üçün 400 manat olmaqla, cəmi 800 manat azaldılmasını digər xidmətlərin göstərilməməsi ilə bağlı olduğunu bildirsə də, iş materiallarında olan iddiaçının xx.xx.2020-ci il tarixli 01/107 saylı əmrində bununla bağlı hər hansı əsaslar göstərilməmişdir.
38. Digər bir tərəfdən, cavabdehin həm iddia ərizəsinə etirazda, həm də iddiaçıya ünvanlandığı (xx.xx.2020-ci il tarixdə iddiaçının Abbasov Nicat adlı əməkdaşı tərəfindən qəbul edilmişdir) müraciətində online (distant) formada keçirilən dərslərin keyfiyyətindən narazı olduğunu bildirmişdir.
39. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələrdə iddiaçının ən əsas öhdəliyi müasir təhsil metodikasından istifadə etməklə milliyətindən və əvvəllər təhsil aldığı dildən asılı olmayaraq şagirdə azərbaycan, rus və ingilis dilini öyrətməyi və bu dillərdə ona keyfiyyətli təhsil verməklə bağlı olmuşdur. Müqavilədə verilən tədrisin keyfiyyət meyarlarının nədən ibarət olması konkret göstərilməsə də, məhkəmə hesab edir ki, iddiaçı öhdəliyini Mülki Məcəllənin 762-ci maddəsində nəzərdə tutulan şərtlərə uyğun yerinə yetirməli idi. Həmin maddədə podratın nəticəsinin qüsursuzluğuna dair 2 meyar nəzərdə tutulmuşdur. Birinci meyara görə podratın nəticəsi əvvəlcədən şərtləşdirilmiş keyfiyyətə uyğun olmalıdır. Belə şərtin tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmaması əvvəldə də qeyd edilmişdir. İkinci meyara görə isə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlıdırsa, bu qüsursuz icra sayılır.
40. Məhkəmənin qənaətinə görə tərəflərin müqavilə münasibətləri üzrə ikinci meyar tətbiq edilməlidir. Belə ki, göstərilən tədris xidmtəinin keyfiyyətli yerinə yetirilməsi ümumi mənada müqavilədə əks olunmuşdur. Bu halda, iddiaçının tədris etdiyi dərslərin keyfiyyəti, müqavilənin mahiyyətindən asılı olaraq, ümumi tədris məktəblərindən daha üstün səviyyədə cavabdehin arzuladığı keyfiyyətdə olmalı idi. Çünki, cavabdeh övladlarının digər ümumi təhsil məktəblərində deyil, daha keyfiyyətli tədrisin aparılması arzusu ilə əlavə xidmət haqqı müqabilində lisey tipli orta təhsil müəssiəsində təhsil almasını istəmişdir.
41. Məhəkəmə hesab edir ki, ümumiyyətlə tədrisin keyfiyyət ölçüsü yalnız fənlər üzrə mövzuların izahı olunması və sonradan tələb edilməsi proseduru kimi müəyyən edilə bilməz. Tədrisin keyfiyyət meyarı şagirdlərin fənlər üzrə əldə etdikləri biliklərinin sonradan test yoxlaması nəticələrinin göstəricilərindən asılı olaraq qiymətləndirilməlidir. Nəticələr nə qədər yüksək olarsa, tədrisin keyfiyyəti bir o qədər qənaət bəxş hesab edilməlidir.
42. Cavabdeh tədrisin keyfiyyətini mübahisələndirərək xidmət haqqının qalıq hissəsini ödəməkdən imtina etməsini bununla əsaslandırsa da, iddiaçı tədris etdiyi dərslərin müqavilədə göstərilən keyfiyyətdə (yuxarıda şərh edilmişdir) keçirilməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tədrisin distant formada aparılsa da, müqavilədə göstərilən keyfiyyətə uyğun keçirilməsini cavabdehin övladlarının biliklərini test yoxlamalarının nəticələrinə uyğun olaraq təsdiq edə bilərdi.
43. Bundan başqa, qanun iddiaçıya imkan verirdi ki, o cavabdehlə müqaviləni Mülki Məcəllənin 422-ci maddəsinə müvafiq olaraq dəyişdirilmiş şərtlərlə bağlasın (Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar...). Hətta, qanun müqavilənin elektron vasitələrdən istifadə edərək bağlanmasına da imkan verir.
44. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tədrisi cavabdehlə bağlanmış “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilələrə uyğun şəkildə yerinə yetirmədiyinə görə xidmət haqqını tələb etməkdə haqlı deyil. Odur ki, iddia təmin edilməməlidir.
45. Məhkəmə həmçinin, hesab edir ki, iddia xidmət haqqının tutulması hissəsində əsassız olduğundan, buna görə tələb edilən dəbbə pulu da cavabdehdən tutula bilməz. Çünki, dəbbə pulu əsas öhdəliyin vaxtında icra edilməsinin təminatı üsullarından biridir, əsas öhdəliyin icra edilməməsi mövcud olmadıqda, buna görə dəbbə pulu da tutula bilməz.
46. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı