Məhkəmə qərarları › İş №e-2(011)-5682/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5682/2023

20.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5682/2023 20.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsinin Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin 11 aprel 2023-cü il tarixli, 032/İR nömrəli Əmrinin “Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən” hissəsində ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi ilə bağlı ərizə təqdim edərək məhkəmədən Cavabdeh 11 aprel 2023-cü il tarixli, 032/İR nömrəli Əmrinin “Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən” hissəsinin ləğv edilməsi və elektron hökümət portalının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid altsistemindən əmək müqaviləsini xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində müvafiq dəyişikliyin edilməsinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinin əsasların ondan ibarət olmuşdur ki, Cavabdeh 11 aprel 2023-cü il tarixli, 032/İR nömrəli Əmri ilə İddiaçı Azərbaycan Respublikasının 70-ci maddəsinin ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkild pozduqda) 11 aprel 2023-cü il tarixindən etibarən Cəmiyyətin tikiş sexində tutduğu tikişçi vəzifəsindən azad edilmiş və onunla bağlanmış LC- 024/22 nömrəli 01 aprel 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehin əmrini qanunsuz, qərəzli və qanunvericilik normalarının kobud surətdə pozmaqla qəbul edildiyini hesab edirik və aşağıdakı səbəblərdən onun ləğv edilməsini xahiş edirik. Belə ki, Cavabdeh MMC-dən vəkil sorğusuna cavab olaraq aldığımız sənədlərdən görünür ki, iddiaçı 13 mart 2023-cü il tarixində Cavabdeh MMC-nin ofisində ərizə verərək öz xahişi ilə 13 mart 2023-cü il tarixindən tutduğu vəzifəsindən azad edilməsini və onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh MMC tərəfindən təqdim edilmiş sənədlərdən həmçinin aydın olur ki, iddiaçı tərəfindən ərizə verilən gün cavabdeh tərəfindən OGL-59/2023 nömrəli, 13 mart 2023-cü il tarixli xəbərdarlıq yazılaraq onun ünvanına göndərilmişdir. Lakin xəbərdarlıq iddiaçının ünvanına çatmamış, həmçinin hər hansı səbəb göstərilmədən iddiaçının verdiyi ərizədən 29 gün sonra onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul edilmişdir. Qanunvericiliyə əsasən, işçi barəsində intizam tənbehinin verilməsi zəruriliyi yoxlanılmaqla yanaşı, həmçinin əmək müqaviləsinə xitam verilməsində işəgötürən tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi halı yoxlanılmalıdır. Belə ki, işçi ilə əmək münasibətlərinə xitam verilərkən qanunverciliyin tələblərinə riayət olunub-olunmaması, inzibati xətaya yol verilməsinin səbəb və şəraitinin aydınlaşdırılıbaydınlaşdırılmaması, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahatın alınıb-alınmaması, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilibverilməməsi və s. nəzərdən keçirilməlidir. Cavabdeh iddiaçı ilə əmək müqaviləsini pozarkən işlədiyi müddət ərzində hər hansı intizam tənbehi almayan iddiaçıya heç töhmət verilmədən, birbaşa ən ciddi tənbeh növü olan onunla əmək müqaviləsinə xitam verməsi olmuşdur ki, bu da Əmək Məcəlləsinin 186 və 187-ci maddələrinin müddəalarının pozulması ilə nəticələnmişdir. hkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh iddiaçıya ən ciddi tənbeh növü olan əmək müqaviləsinə xitam verilməsini seçərkən və bunu öz əmri ilə rəsmiləşdirərkən Əmək Məcəlləsinin müddəalarında nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi əsaslarına etinasızlıq göstərərək riayət etməmişdir və nəticədə vətəndaşın konstitusion hüquqlarını pozmuşdur. Belə şirkətə işə bərpa olunmasını istəməyən vətəndaş yalnız qeyd edilən əmrin “Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən” hissəsində ləğv edilməsi üçün məhkəməyə müraciət etməyi zəruri saymışdır. Beləliklə, hesab edirik ki, Cavabdeh İddiaçı ilə bağlanmış LC- 024/22 nömrəli 01 aprel 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 11 aprel 2023-cü il tarixli, 032/İR nömrəli Əmri qanunsuzdur və məhkəmə tərəfindən ləğv edilməlidir Cavabdehin etirazının dəlilləri Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin tərəfin etirazının dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı ərizə yazaraq məsuliyyətdən azad olunmur. İddiaçı iş üçün müraciət edəndə, heç bir iş stajı olmamışdır. Cəmiyyətdə işlədiyi 11 müddət ərzində bilik və bacarıq əldə edilmişdir. Şifahi məlumat verilməklə işi tərk etməsi yolverilməzdir. İddiaçı cəmiyyətdə olan əmək müqaviləsinə xitam verilmədən başqa yerə işə gəlməmişdir. Dəfələrlə onunla əlaqə saxlayıb, qayda qanuna bildirmişdirlər ki, o, mütləq işə qəlməlidir. O, heç bir üzrlü səbəb göstərmədən işə gəlmədiyinə görə biz həmin maddə ilə əmək müqaviləsinə xitam vermişdir. Onun tərəfindən işdən azad olunması ilə bağlı ərizənin verilməsi o, demək deyildir ki, həmin gün işçi ilə əmək müqaviləsinə xitam verilməlidir. Yenə də, əmək müqaviləsi xitam verilməsi qarşılıqlı razılaşma əsasında olmalıdır. İddiaçı ərizəsi qəbul olunmuşdur ki, bir ay ərzində işləsin və sonra işə xitam verilsin. Lakin o, həmin bir ay müddətində işə gəlməmişdir. Ona hərəkətlərinin nəticələri barədə məlumat verilmişdir. İddiaçı ərizə verdiyi müddətdə işçi axımı çox olmuşdur. Belə ki, cəmiyyətin hazırladığı kadr idi, və ona məlumat verilmişdir ki, bir ay işləməlidir. Mart ayının 1-də o, işə gəlmədiyində onunla əlaqə saxlanılmış, işçiyə məlumat verilmişdir ki, bəlkə qayıdar. Ayın 13-də o, işə gələndə nə xəstəlik vərəqəsi, nə də başqa üzrlü səbəb bildirməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin mövqeyi Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, idarənin nümayəndəsinin məhkəmə iclasın iştirakı təmin edilməmiş, məsələyə dair yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. İşin halları Cavabdeh MMC ilə İddiaçı arasında 01 aprel 2022-ci il tarixində əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsinə əsasən işçi Cavabdeh MMC-nin tikiş sexində tikişçi vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi 01 aprel 2022-ci il tarixdən 01 aprel 2023-cü il tarixinədək bağlanmışdır. 13 mart 2023-cü il tarixində İddiaçı ərizə ilə müraciət edərək öz xahişi ilə 13 mart 2023-cü il tarixindən tutduğu vəzifədən azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-nin İnsan Resursları müdiri Maxroya Yuliya, İstehsalat müdiri Yüce Hakan və Tikiş sexinin müdiri Osmanova Mehriban tərəfindən imzalanmış 11 aprel 2023-cü il tarixində İddiaçı 01 mart 2023-cü il tarixindən 11 aprel 2023-cü il tarixinədək heç bir üzrlü səbəbi olmadan işə gəlmədiyi barədə Akt tərtib edilmişdir. Cavabdeh MMC-nin 11 aprel 2023-cü il tarixli 032/İR əmrinə əsasən X1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) 11 aprel 2023-cü il tarixdən etibarən Cəmiyyətin Tikiş sexində tutduğu Tikişçi vəzifəsindən azad edilmiş və onunla bağlanmış LC-024/22 nömrəli 01 aprel 2022-ci il tarixli Əmək Müqaviləsinə xitam verilmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları

Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar

Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

Maddə 76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər

1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

Məhkəmənin mövqeyi:

Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdə keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilə müddətli əmək müqaviləsi olmaqla, bir il müddətinə, yəni 01 aprel 2023-cü il tarixinədək bağlanılmışdır. Müddətli əmək müqaviləsinə müqavilənin müddəti bitdikdə xitam verilir. Digər tərəfdən işin hallarından görünür ki, tərəflər arasında əmək münasibətlərinə də xitam verilmiş, işçi öz xahişi ilə işdən azad edilməsi barədə iradə ifadəsini işə götürənə artıq 13 mart 2023-cü il tarixində bildirmişdir. Belə olan halda, tərəflər arasında bağlanılmış müddətli əmək müqaviləsinə müqavilənin müddətini bitdiyi tarixdə, yəni 01 aprel 2023-cü il tarixində xitam verilmişdir. Buna baxmayaraq Cavabdeh MMC tərəfindən tərəflər əmək münasibətlərində xitam veriləndən sonra, yəni 11 aprel 2023-cü il tarixində əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə işəgötürən tərəfindən əmək müqaviləsinə əmək müqaviləsinə bu Məcəllədə nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC ilə İddiaçı arasında 01 aprel 2022-ci il tarixində əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qanunsuz olmuşdur. Odur ki, iddia Cavabdeh 11 aprel 2023-cü il tarixli, 032/İR nömrəli Əmrinin “Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən” hissəsinin ləğv edilməsinə dair tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verildiyindən, iddia elektron hökumət portalının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid altsistemindən əmək müqaviləsini xitam verilməsi bağlı əmək müqaviləsi bildirişində müvafiq dəyişikliyin edilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması hissəsində də əsaslıdır və təmin edilməlidir. Məhkəmə təqdim edilmiş sübutları məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında 01 aprel 2022-ci il tarixində əmək müqaviləsi xitam verilməsi barədə 11 aprel 2023-cü il tarixli, 032/İR nömrəli Əmr “Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən” hissəsində ləğv edilsin. Elektron hökumət portalının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid altsistemindən əmək müqaviləsini xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində əmək müqaviləsinə xitam verilməsi əsasına müvafiq dəyişikliyin edilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar