Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5757/2025 21.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X1, İddiaçı Mənzil-Tikinti Kooperativinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil-Tikinti Kooperativi Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1385,96 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 33,86 manat pulun tutulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında “K Residence Baku” yaşayış kompleksində yerləşən Kortyard 1 saylı binanın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 119,5 kv.m. olan 2401 saylı mənzilin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli, CY1-233/23 saylı müqavilə imzalamışdır. Eyni zamanda cavabdeh ilə iddiaçı arasında həmin mənzilə dair çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli CY1-233/23 saylı müqavilə imzalanmışdır. İddiaçı qeyd olunan mənzili cavabdehə xx.xx.2023-cü il tarixində təhvil vermişdir. Odur ki, mənzil üzrə xidmət haqqı 2023-cü ilin oktyabr ayından etibarən hesablanmağa başlanmışdır. Hazırda cavabdehin 2024-cü ilin dekabr ayından başlayaraq, 2025-ci ilin iyun ayı da daxil olmaqla 7 aylıq dövr üçün ödənilməmiş borcu yaranmışdır. Cavabdehin 2401 saylı mənzil üzrə əlavələrdəki cədvəldə göstərildiyi kimi 2025-ci ilin iyun ayı da daxil olmaqla, xidmət haqqı üzrə ümumi əsas borcu 1254,75 AZN, gecikməyə görə xx.xx.2025-ci il tarixinə hesablanmış ümumi dəbbə pulu 131,21 AZN olmaqla, cəmi borc 1385,96 AZN təşkil edir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmiş, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan iş üzrə yekun qərar çıxarılmasını mümkün hesab edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış CY1-233/23 saylı müqavilədən görünür ki, “K Residence Baku” yaşayış kompleksində yerləşən Kortyard 1 saylı binanın 4cü mərtəbəsində yerləşən, ümumi sahəsi 119,5 kv.m. olan 2401 saylı mənzil Cavabdeh satılmışdır. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, mənzil cavabdehə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında CY1-233/23 saylı müqavilədən görünür ki, İddiaçı MTK öz üzərinə xidmətlərin göstərilməsi ilə bağlı öhdəlik götürmüş, MTK-dan mənzil almış və həmin xidmətlərdən istifadə edən mənzil sahibləri göstərilmiş xidmətlərə görə xidmət haqqının ödənilməsi öhdəliyini götürmüşlər. Müqavilənin 3-cü bəndinə əsasən mənzillərin hər kv.metri üçün xidmət haqqı hər ay 1,5 manat olmuşdur. İddiaçı MTK tərəfindən cavabdehə göndərilmiş bildirişlərdən görünür ki, cavabdehə MTK-ya olan borc məbləğini ödəmək təklif olunmuş, əks təqdirdə qanunvericiliyə əsasən tərəflərindən lazımi tədbir görüləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli borc cədvəlindən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək İddiaçı MTK-ya 1254,75 manat əsas, 131, 21 manat cərimə borcu vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqaviləilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxilolan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Məhkəmənin mövqeyi: İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh İddiaçı MTK-da mənzil sahibidir və MTK ilə bağlanmış müqaviləyə əsasən xidmətlərə görə müqavilə ilə müəyyən edilmiş qaydada haqq ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. İş materialları ilə cavabdehin müqavilə üzrə öhdəliyini tam icra etmədiyi təsdiq olunduğundan, yuxarıda qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq, məhkəmə hesab edir ki, MTK ödənilməmiş aylara görə hesablanmış 1254,75 manat borcu tələb etməkdə haqlı olmuşdur. Cərimə borcunun tutulmasına münasibətdə məhkəmə hesab edir ki, 131,21 manat cərimə borcu tənasübsüz surətdə yüksək olduğu üçün azaldılmalıdır. 40 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 1254,75 manat əsas borc, 40 manat cərimə borcu olmaqla, cəmi 1294,75 manat və 32,94 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MTK-ya ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli