Məhkəmə qərarları › İş №e-2(011)-5762/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5762/2024

10.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5762/2024 10.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “işçinin işəgötürənə vrudğu ziyanın qaytarılması tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən cavabdeh iddiaçı MTK-da 1 il müddətinə, xx.xx.2021-xx.xx.2022-ci il tarixədək mühasib vəzifəsinə işə qəbul edilmişdir (əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixdə elektron qqaydada sistemə daxil edilmişdir). xx.xx.2021-ci il tarixdə tərəflər arasında imzalanmış “əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında” Razılaşmaya əsasən cavabdehin vəzifəsi dəyişdirilərək baş mühasib vəzifəsinə işə qəbul olunmuş və bu barədə iddiaçı tərəfindən də 219 nömrəli əmr verilmişdir.

2. xx.xx.2022-ci il tarixdə cavabdehlə bağlanmış əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin a) bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xitam verilərək, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi eyni tarixdə elektron qaydada sistemə daxil edilmişdir.

3. 27.04.2022-ci il tarixdə İN yanında DVX-nin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçının aprel 2019 – mart 2022-ci il üzrə vergi dövrünü əhatə edən Səyyar vergi yoxlaması barədə **********1569692 nömrəli qərar qəbul olunmuş, yoxlama nəticəsində iddiaçı barəsində xx.xx.2022-ci il tarixdə “Vergi ödəyəcisi və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilməklə, 2019-2022-ci illər üzrə vergi və digər məcburi ödənişlərin azaldılmasına görə, ümumilikdə 281773,62 manat, tətbiq edilmiş maliyyə sanksiyasına görə isə 140926,82 manat pulun dövlət büdcəsinə ödənilməsi qərara alınmış və bununla bağlı **********747000 nömrəli tələbnamə verilmişdir.

4. Həmçinin, vergi qanunvericiliyinin pozulmasına xx.xx.2023-cü il tarixdə iddiaçı barəsində cinayət işi başlanılmışdır. Cinayət işi üzrə irəli sürlümüş ittiham ondan ibarət olmuşdur ki, Kooperativə səyyar vergi yolaması ilə hesablanmış, 2019-cu ilin 2-ci rübü üzrə 233413,66 manat bina tikintisi fəaliyyəti ilə məğul olan şəxslərin sadələşdirilmiş vergisi az, həmin dövr üzrə 126 manat sadələşdirilmiş vergi artıq, 2019-cu ilin 2-ci, 4-cü, 2022-ci ilin birinci rübü üzrə 48359,96 manat ödəmə mənbəyindən tutulan vergi az, 2020ci ilin 1-ci, 2022-ci ilin 1-ci rübü üzrə 1,27 manat məcburi dövlət sığorta haqları artıq olmaqla, ümumilikdə küllü miqdar təşkil edən 281646,35 manat məbləğində vergilər dövlət büdcəsindən yayındırılmışdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri:

5. İddiaçı vurulmuş zərərin əvəzi olaraq 100 000 manat, mediasiya xərcinə görə 50 manat, ödənilmiş dövlət rüsumu olaraq 340 manatın cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı idda ərizəsində qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanmış, cavabdeh aylıq 600 manat əmək haqqı müqabilində 1 il müddətinə mühasib vəzifəsində işləmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əlavə razılaşmaya əsasən, cavabdehin vəzifəsi Baş mühasib olaraq dəyişdirilmişdir. İddiaçı “Ağ şəhər” ərazisində bina tikintisi ilə məşğuldur. Cavabdeh işlədiyi dövrdə qəsdən mühasibatlıq işlərini icra edərkən ciddi yanlışlıqlara yol vermiş və şirkət barəsində vergi yoxlamasının açılmasına, külli miqdarda vergi borcunun hesablanmasına səbəb olmuşdur. Buna görə də iddiaçı təhvil verməli olduğu binanı sakinlərə vaxtında təhvil verməmiş, böyük narazılıq yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixində 10 dəfə, xx.xx.2021-ci il tarixdə 20 dəfə dəqiqləşdirmə təqdim etmişdir. Məhz bunun nəticəsində müəssisədə aparılan səyyar vergi yoxlaması zamanı iddiaçıya əlavə vergi hesablanmış, bank hesablarına sərəncam qoyulmuş, barəsində cinayət işiaçılmışdır. Qeyd olunan tarixlərdə sonuncu dəqiqləşdirmələr təqdim edilməmişdən qabaq şirkətin vergi borcunun olmamasına dair vergi xidmətindən rəsmi arayış təqdim edilmişdir. Məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində şirkətin mühasibat uçotu düzgün aparılmamış, ona böyük ziyan dəymişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində öz ərizəsi əsasında işdən azad edilmiş, sonradan onun səhvləri üzə çıxmışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı hazırki iş üzrə iddia müddətini ötürmüşdür. Cavabdeh xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə MTK-da fəaliyyət göstərmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər

Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

9. Cavabdehin vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

11. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

12. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

13. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

14. Maddə 296, 2-ci bənd. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

15. Maddə 296, 2-ci bənd. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

16. Maddə 296, 4-cü bənd. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir

17. Maddə 296, 3-cü bənd. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

22. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

23. İddiaçı cavabdeh tərəfindən əmək müqaviləsindən irəli gələn vəzifələrin düzgün yerinə yetirilməməsinə (əmək funksiyalarını pozduğuna) görə iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsini tələb edir.

24. Məhkəmə qeyd edir ki, iddianın təmin edilməsini şərtləndirən iki hüquqi əsasın araşdırılaraq qiymət verilməsi vacibdir. Bunlara, birincisi, tərəflərin əmək münasibətlərində olub-olmaması, ikincisi iddiaçının iddia etdiyi kimi, həqiqətən cavabdehin öz əmək funksiyasını yerinə yetiməməsi və ya düzgün yerinə yetirməməsi səbəbindən iddiaçıya maddi zərər dəyib-dəyməməsinin müəyyən edilməsi daxildir.

25. Tərəflərin əmək münasibətlərində olması işin mübahisəsiz halıdır. İddiaçı cavabdeh MTK-da xx.xx.2021-ci il tarixdən etibarən mühasib, sonradan baş mühasib vəzifəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə - xx.xx.2022-ci il tarixdə xitam verilmişdir.

26. İddiaçının iddia tələbinin təmin edilməsi üçün araşdırılaraq hüquqi qiymət verilməli olan növbəti hüquqi əsas (addım) isə cavabdehin təqsirli hərəkətlərinə görə iddiaçıya maddi ziyan vurulması ilə bağlı olan məsələdir. Bu hüquqi dəyərləndirmənin başlanması üçün isə ən vacib şərt isə belə bir iddia irəli sürməkdən ötrü hüquqi imkanların tükənməməsidir.

27. Lakin məhkəmə hesab edir ki, növbəti addım kimi ikinci hüquqi əsası araşdırmağa ehtiyac qalmır, çünki cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının həmin iddianı vermək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdyünü bildirir.

28. Qanunvericiliyin verdiyi anlayışa əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyən edilən müddətdir. Hüququ pozulmuş tərəf həmin müddət çərçivəsində hüququnu müdafiə etmək üçün iddia qaldırmırsa, iddia tələbi əsaslı olsa da belə, qarşı tərəfin bu barədə verdiyi ərizə əsasında onun iddiasının təmin edilmə imkanı aradan qalxmış olur və bu hal məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi ilə yekunlaşır.

29. İşin mübahisəsiz hallarından da görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022ci il tarixədək olan dövr üzrə iddiaçı tərəfindən vergilər dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin yoxlanılması məqsədilə səyyar vergi yoxlaması keçirilmiş, iddiaçı tərəfindən vergidən yayınma hallarına yol verildiyinə görə xx.xx.2022-ci il tarixdə iddiaçının qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı isə cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzinin tutulması barədə iddia ərizəsini xx.xx.2024-cü il tarixdə (mediasiya təşkilatına müraciət edildiyi vaxt), yəni əmək mübahisələri üzrə qanunla müəyyən edilmiş 1 illik iddia müddətini ötürməklə məhkəməyə təqdim etmişdir.

30. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.

31. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.

32. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddiası iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir.

33. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220 maddələrini rəhbər tutaraq,

QƏTETDİ:

İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar