Məhkəmə qərarları › İş №e-2(011)-58/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-58/2025

16.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-58/2025 16.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMCyə qarşı əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdeh "xxxx" MMC iddiaçının 1960 manat məbləğindəki əmək haqqının ödənilməsini gecikdirdiyi 74 günün hər günü üçün gecikdirilən əmək haqqının azı 1%-i məbləğində ödənc olan 1450,40 manat, iddiaçının 2536,19 manat məbləğindəki son haqq hesab (məzuniyyət) pulunun ödənilməsini gecikdirdiyi 74 günün hər günü üçün gecikdirilən son haqq hesab (məzuniyyət) pulunun azı 1%-i məbləğində ödənc olan 1876,64 manat, İddiaçı xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan dövr üçün istifadə etmədiyi 112 əmək məzuniyyəti günü üçün hələ də ödəmədiyi 7368 manat, iddiaçının 7368 manat məbləğindəki son haqq hesab (məzuniyyət) pulunun ödənilməsini gecikdirdiyi 180 günün hər günü üçün gecikdirilən əmək haqqının (son haqq hesab pulunun) azı 1%-i məbləğində ödənc, cəmi 13140 manat pul məbləğinin, 100 manat hüquqi xidmət xərcinin və 50 manat mediasiya xərcinin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə iddianın dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək cavabdeh "xxxx" MMC-dən iddiaçının 1960 manat məbləğindəki əmək haqqının ödənilməsini gecikdirdiyi 74 günün hər günü üçün gecikdirilən əmək haqqının azı 5%-i məbləğində ödənc olan 7252 manat, 2536,19 manat məbləğindəki son haqq hesab (məzuniyyət) pulunun ödənilməsini gecikdirdiyi 74 günün hər günü üçün gecikdirilən son haqq hesab (məzuniyyət) pulunun azı 5%-i məbləğində ödənc olan 9383 manat, hələ də iddiaçıya ödəmədiyi 438,36 manat son haqq-hesab pulu və həmin pulun gecikdirildiyi, cəmi 778 gecikdirmə günü (2 il, 1 ay 18 gün) üçün günlük 5 faiz məbləğində ödənc olan 16974 manat, cəmi 17410 manat, İddiaçı xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan dövr üçün istifadə etmədiyi 112 əmək məzuniyyəti günü üçün hələ də ödəmədiyi 7368 manat pul son haqq hesab (məzuniyyət) pulu, iddiaçının 7368 manat məbləğindəki son haq hesab (məzuniyyət) pulunun) ödənilməsini gecikdirdiyi 180 günün hər günü üçün gecikdirilənəmək haqqının (son haq hesab pulunun) azı 1%-i məbləğində ödənc, cəmi 13140 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2018-ci ildə əmək müqaviləsi bağlanmış və həmin müqavilə əsasında iddiaçı ştat cədvəlinə uyğun olaraq 150 manat maaş ilə "xxxx" MMC-də də baş həkimin müavini vəzifəsinə təyin olunmuşdur və xx.xx.2023-cü ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir və ona istifadə edilməmiş 38 məzuniyyət gününün son haqq hesabının qanunvericiliyə uyğun olaraq hesablanıb ödənilməsi barədə xx.xx.2023-cü il tarixli 696 saylı Əmr verilimişdir. Bu müqavilə üzrə cavabdeh iddiaçının əmək hüquqlarını pozmuş, belə ki, onun sonuncu əmək haqqını və son haqq hesabı 74 gün gecikdirib ödəmiş, bundan başqa iddiaçı əvvəlki illər əmək məzuniyyətinə çıxmadığı ona həmin illərə dair məzuniyyət pulunu ödəməmişdir. İddiaçının birinci tələbi sonuncu əmək haqqı ödənişinin 74 gün gecikdirilməsi səbəbi üzərinə hesablanan günlük 1 faiz ödənc olan 1450,40 manat pulun cavabdehdən tutulub ona ödənilməsinə dairdir. Cavabdeh iddiaçıya sonuncu aya dair əmək haqqı olan 1960 (bir min doqquz yüz altmış) manat pulu xx.xx.2023-cü il tarixində ödənilməli olduğu halda 74 gün gecikdirilərək xx.xx.2023-cü ildə ödəmişdir. Məlum olduğu kimi iddiaçının 1960 manat əmək haqqının ödənilməsi 74 gün gecikdirilib. Bu səbəblə həmin əmək haqqının üzərinə gecikən hər gün üçün hesablanan günlük 1 faiz ödənc 19,60 manat, 74 günlük ödənc isə 1450,40 manat təşkil edir. İddiaçı həmin 1450,40 manat pulun cavabdehdən tutulub ona ödənilməsini xahiş edir. İddiaçının ikinci tələbi hesablanmış son haqq hesab (məzuniyyət) pulunun ödənişinin 74 gün gecikdirilməsi səbəbi üzərinə hesablanan günlük 1 faiz ödənc olan 1876,64 manat pulun cavabdehdən tutulub ona ödənilməsinə dairdir. Belə ki, iddiaçının əmək müqaviləsinə cavabdeh xx.xx.2023-cü il tarixli 696 saylı Əmr ilə xitam verilmişdir. Onun son haqq-hesabını xx.xx.2023-cü il tarixində ödəməli idi. Lakin cavabdeh hesablanmış son haqq hesab (məzuniyyət) pulu olan 2536,19 manat pulu 74 gün gecikdirərək xx.xx.2023-cü ildə ödəmişdir. Məlum olduğu kimi iddiaçının 2536,19 manat hesablanmış son haq hesab (məzuniyyət) pulunun ödənilməsi 74 gün gecikdirilib. Bu səbəblə həmin əmək haqqının üzərinə gecikən hər gün üçün hesablanan günlük 1 faiz ödənc 25,36 manat, 74 günlük ödənc isə 1876,64 manat təşkil edir. İddiaçı həmin 1876,64 manat pulun cavabdehdən tutulub ona ödənilməsini xahiş edir. İddiaçının üçüncü tələbi əvvəlki illərə dair olub hesablanmamış son haqq hesab (məzuniyyət) pulunun və həmin pulun gecikdirilməsi səbəbi ilə hesablanan günlük 1 faiz ödənc cavabdehdən tutulub ona ödənilməsinə dairdir. Belə ki, cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixində cəmi 2536,19 manat son haqq hesab pulu ödəyib. İddiaçı hesab edir ki, iddiaçını son haqq hesab pulu düzgün hesablanmayıb. Belə ki, iddiaçının əvvəlki illərdə istifadə etmədiyi məzuniyyət günləri var və həmin günlər üçün cavabdeh ona məzuniyyət pulunu (son haqq hesabı) ödəməyib. Cavabdehin iddiaçıya hələ də ödəmədiyi məzuniyyət (son haq hesab pulu) 7 368 manat təşkil edir, iddiaçı həmin pulunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Belə ki, iddiaçı xx.xx.2018-ci ildə rəsmi 150 manat əmək haqqı ilə işə başlasa da onun faktiki əmək haqqısı 1000 (bir) manat olub. xx.xx.2019-cü ildə iddiaçının rəsmi əmək haqqısı 100 manat, faktiki əmək haqqısı isə 500 manat artırılıb. Yəni rəsmi əmək haqqı 250 manat, faktiki əmək haqqı 1500 manat olub. xx.xx.2019-cü ildə iddiaçının rəsmi əmək haqqısı 400 manat, faktiki əmək haqqısı isə 2000 manat olub. xx.xx.2020-ci il tarixli olduğu bilinən lakin xətt və yazısı iddiaçının olmayan ərizəyə əsasən iddiaçı tələb edib ki, ona ikinci uşağına görə 07 fevral 2020-ci il tarixindən 19 noyabr 2022ci il tarixinə qədər analıq məzuniyyəti verilsin. Bu Ərizə tamamilə saxtadır və bu saxta Ərizə əsasında cavabdeh MMC xx.xx.2020-ci il tarixli 003Ş/a saylı Əmri verilib ki, iddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər analıq məzuniyyətinə göndərilsin, işə başlama tarixi xx.xx.2022-ci ildir. İddiaçının 2-ci uşağı xx.xx.2019-cü ildə anadan olub. Bundan başqa ərizədə deyilir ki, Ərizə yazılıb xx.xx.2020-ci ildə, Əmrə baxanda isə görünür ki, o, daha əvvəl yəni xx.xx.2020 tarixində verilib. Hətta Əmrdə onun xx.xx.2020-ci il tarixində iddiaçının xx.xx.2020-ci il tarixli Ərizə əsasında verilib. Bu faktlar onun göstərir ki, həm Ərizə və həm də Əmrin saxta olduğunu təsdiq edir. Yenə iddiaçıya məxsus olmayan xx.xx.2020-ci il tarixli Ərizədə isə deyilir ki, xx.xx.2021-ci il tarixində onu analıq məzuniyyətindən geri qaytarsınlar. Həmin Ərizə əsasında verilmiş xx.xx.2021-ci il tarixli Əmr ilə iddiaçı vaxtından əvvəl analıq məzuniyyətindən geri qayıdıb. Bunlardan başqa ümumiyyətlə iddiaçının 2-ci uşağı xx.xx.2019-cu il tarixində dünyaya gəlib. O istəsəydi təbii ki, həmin tarixdən analıq məzuniyyətinə çıxa bilərdi. Lakin iddiaçı analıq məzuniyyətin çıxmayıb, həmin qeyd edilən saxta sənədlərə görə analıq məzuniyyətində olduğu dövrdə iddiaçı işdə olub və əmək haqqı alıb. Buna baxmayaraq son haqq hesab zamanı həmin dövr üçün xx.xx.2020 – xx.xx.2021-ci il dövrü üçün 1 il müddətində məzuniyyət götürmədiyi halda iddiaçı üçün məzuniyyət pulu hesablanmayıb. İddiaçının həmin dövrdə faktiki əmək haqqısı 2000 manat olduğu üçün, ona həmin dövr üçün düşən məzuniyyət pulu 3000 manat təşkil edir. xx.xx.2021-ci il tarixində iddiaçının rəsmi və faktiki əmək haqqısı 2244,7 manat olaraq dəyişdirildi, vaxta muzd olaraq saxlanıldı. xx.xx.2021-ci il tarixindən iddiaçı 10 gün əmək məzuniyyətini istifadə edib, işə başlama tarixi xx.xx.2021-ci il tarixidir. xx.xx.2022-ci il tarixində iddiaçının rəsmi və faktiki əmək haqqısı 2244,7 manat olaraq saxlanıldı və işə muzd olaraq dəyişdirildi. xx.xx.2022-ci il tarixində iddiaçının rəsmi əmək haqqısı 1356 manat olaraq dəyişdirildi və işə muzd olaraq saxlanıldı. xx.xx.2022-ci il tarixində iddiaçının rəsmiəmək haqqısı 2224 manat olaraq dəyişdirildi və işə muzd olaraq saxlanıldı. xx.xx.2022-ci il tarixindən iddiaçı 13 gün əmək məzuniyyətini istifadə edib, işə başlama tarixi xx.xx.2022-ci il tarixidir. xx.xx.2023-cü tarixində 696 saylı Əmr ilə iddiaçının xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndi ilə iddiaçının öz ərizəsi ilə xitam verilmiş və ona xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər 38 təqvim günü məzuniyyət günü hesablanmış və həmin günlərə uyğun son haqq hesab ödənimişdir. xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçının əsas məzuniyyəti 30 gündür. Məlum olduğu kimi, iddiaçı xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər 4 il 4 ay 5 gün cavabdeh ilə əmək müqaviləsi üzrə çalışıb. Həmin dövr üçün iddiaçıya düşən cəmi əmək məzuniyyəti 135 gün təşkil edir. İddiaçı həmin 135 gündən təkcə 23 gün əmək məzuniyyəti gününü istifadə edib. Qalan 112 gününü isə istifadə etməyib. İddiaçı 38 əmək məzuniyyəti günü üçün hesablanan son haqq hesab məbləğinin 2534,19 manat olduğunu hesab etsək, iddiaçının 112 əmək məzuniyyəti günü üçün hesablanmalı ödənməli olan pul 7368 manat təşkil edir. İddiaçı bu iddia ərizəsi ilə həmin 7368 manat son haqq hesab pulunun və həmin pulun 180 gün gecikdirməsi səbəbi ilə üzərinə gecikən hər gün üçün hesablanan günlük 1 faiz ödənc olan 13748 manat,cəmi 21115 manat pulun cavabdehdən tutulub ona ödənilməsini xahiş edir. Cavabdehin etirazının dəlilləri: Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək iddianı qəbul etmədiklərini, etiraz etdiklərini və mülki iş üzrə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları: İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-nin direktoru X3 müraciət edərək xx.xx.2018-ci il tarixdən etibarən cəmiyyətdə baş həkimin müavini vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. İddiaçı müraciətinə əsasən Cavabdeh MMC-nin direktoru İmran Ağayev sonuncunun işə qəbulu və əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2018-ci il tarixdə 89 saylı əmr vermişdir. Eyni tarixdə İddiaçı ilə Cavabdeh MMC-nin direktoru İmran Ağayev arasında əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən işçinin aylıq əmək haqqı 150 manat, əsas məzuniyyət günlərinin sayı 30 gün təşkil edirdi. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə dəyişikliklər edilmiş, vəzifəsi dəyişilərək müvafiq olaraq, xx.xx.2019-cu il tarixdə işçinin maaşı 250 manat, xx.xx.2019cu il tarixdə 400 manat, xx.xx.2021-ci il tarixdə 2244,07 manat, xx.xx.2022-ci il tarixdə 2244,07 manat təşkil etmişdir. İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək sosial məzuniyyətdə olmuşdur. xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nin direktoru İmran Ağayevə müraciət edərək xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci ilə kimi ikinci uşağa görə 3 yaşı tamam olana qədər analıq məzuniyyəti verilməsini xahiş etmişdir. Bununla bağlı Cavabdeh MMC-nin direktoru İmran Ağayev 07 fevral 2020-ci ildə İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi uşağa görə sosial məzuniyyətin verilməsi barədə 003/Ş/a saylı əmr vermişdir. Əmrə əsasən İddiaçı 20 noyabr 2022-ci il tarixdə işə başlamalı idi, lakin sonuncu xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-nin direktoru İmran Ağayevə yenidən müraciət edərək xx.xx.2021ci il tarixdən analıq məzuniyyətindən geri işinə qaytarılmasını xahiş etmişdir. Bununla bağlı Cavabdeh MMC-nin direktoru İmran Ağayev 08 aprel 2021-ci il tarixdə “Uşağa qulluğa görə sosial məzuniyyətdən geri çağrılma haqqında” 1161 saylı əmr vermişdir. Əmrə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən işə başlamışdır. xx.xx.2021-ci il tarixdə İddiaçı Cavabdeh MMC-nin direktoru İlyas Həsənova müraciət edərək xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 10 günlük əmək məzuniyyətinə getməyinə icazə verilməsini xahiş etmişdir. Bununla bağlı Cavabdeh MMC-nin direktoru İlyas Həsənov 20 oktyabr 2021-ci ildə İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi 30 əsas məzuniyyət günündən 10 təqvim günü əmək məzuniyyətinin verilməsi barədə 3984 saylı əmr vermişdir. İddiaçı ilə Cavabdeh MMC-nin yeni direktoru İlyas Həsənov arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən işçinin aylıq əmək haqqı 1356 manat, əsas məzuniyyət günlərinin sayı 30 gün təşkil etmişdir. İddiaçı ilə Cavabdeh MMC-nin yeni direktoru Zəfər Hacı-Həsənli arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən işçinin aylıq əmək haqqı 2224 manat, əsas məzuniyyət günlərinin sayı 30 gün təşkil etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı Cavabdeh MMC-nin direktoru Zəfər Hacı-həsənliyə müraciət edərək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 13 günlük əmək məzuniyyətinə getməyinə icazə verilməsini xahiş etmişdir. Bununla bağlı Cavabdeh MMCnin direktoru Zəfər Hacı-həsənli 12 avqust 2022-ci il tarixində İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 20 əsas məzuniyyət günündən 13 təqvim günü əmək məzuniyyətinin verilməsi barədə 339 saylı əmr vermişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı Cavabdeh MMC-nin direktoru Rahim Əhmədova müraciət edərək xx.xx.2023-cü il tarixdən etibarən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Bununla bağlı Cavabdeh MMC-nin direktoru Rahim Əhmədov “Hospital” bölməsində “Baş həkimin müavini” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000200 saylı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi, işçinin xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək istifadə edilməmiş 38 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi barədə 696 saylı əmr vermişdir. İş materialların əlavə edilmiş bank çıxarışlarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 1960 manat mart ayı üçün əməkhaqqı və 2534,19 manat son haqq hesab ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1253 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş İddiaçı adından Cavabdeh MMC-nin direktoruna ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədə “İmza:” əlyazması qarşındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur, həmin ərizədə “Ərizə” yazısından aşağıda olan əlyazma mətni - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İnzibati xəta haqqında ******* saylı, 30 may 2023-cü il tarixli protokola və İnzibati tənbeh vermə haqqında ******* saylı, 06 iyun 2023-cü il tarixli qərara əsasən Cavabdeh MMC-nin direktoru X6 Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat inzibati cərimə edilmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X1 bildirmişdir ki, Cavabdeh hospitalda 2013-cü ildən işləyir, amma rəsmi olaraq 2014-cü ildən 2022-ci ilədək. O reanimasıya şöbəsində baş tibb bacısı kimi işləyib. Amma işdən çıxan zaman qeydiyyata sadə tibb bacısı kimi alındığını öyrənib. İddiaçının nə hamiləlik dönəmində, nə də sonradan məzuniyətdə olmadığını bildirmişdir. Həmin dövrdə onlar X8 ilə işləyirdilər. Fonddan onlara xəstələr göndərilirdi və həmin xəstələrlə Lamiə xanım özü şəxsən maraqlanırdı. Lamiə xanımın uzun müddət məzuniyyətdə olmasını o görməmişdir. Özünün rəsmi aldığı maaş faktiki aldığı maaşdan az idi. Lamiə xanımın nə qədər maaş alması barədə məlumatı yox idi. Onlar işdə problemlər olanda Lamiə xanıma müraciət edirdilər. Lamiə xanımın ikinci uşağı 2020-ci ildə olub. 2 ay ərzində Fonddan neçə xəstə olduğunu deyə bilmir. 2022-ci ilə qədər orda işləmişdir. O hər gün 08:30-dan işdə olurdu. Lamiə xanım 3-cü mərtəbədə otururdu. O Lamiə xanımın işdə olduğunu görürdü. Bir adam məzuniyyətə çıxanda onu kimsə əvəz edir, əgər Lamiə xanım çıxsaydı məzuniyyətə onu da kimsə əvəz edərdi, o isə bu halı görməmişdir. O eşitməmişdir ki, desinlər ki, Lamiə xanımı kimsə əvəz edir. Ona əməliyyatdan xəstə gəlirdi və Lamiə xanım özü zəng edib bildirirdi ki, Fondun xəstəsidir. Onlar xəstələr arasında ayrı seçkilik etmirdilər, sadəcə Fondun xəstələri çox yerlərə müraciət edib əlac tapmayıb və nəhayət Fonddan kömək görən xəstələr idi. O xəstələr digərləri kimi deyildilər, onlar daha çökmüş, dərdlərinə başqa yerlərdə haray tapmayan, böyük psixoloji sarsıntı keçirən insanlar idi. O səbəbdən o xəstələrə bir başqa yanaşma var idi. Və o xəstələrlə Lamiə xanım özü şəxsən maraqlanırdı. Məhkəmə iclasında şahid kimi dindirilmiş X2 bildirmişdir ki, 2013-2014-cü illərdə "xxxx" Hospitala işə düzəlmişdir. 10 il orda işləmişdir və daim orda Lamiə xanım rəhbər olub. İddiaçı heç vaxt bir il müddətində məzuniyyətdə olmayıb. Onun rəsmi əmək haqqı ilə qeyri rəsmi əmək haqqı arasında fərq var idi. Lamiə xanımın nə qədər maaş aldığını bilmirdi. Lamiə xanımın iki uşağı var. Klinikanın bütün rəhbərlik işlərini Lamiə xanım özü görüb. Xəstəxananı Lamiə xanım idarə edirdi. 2022-ci ildə faktiki rəhbər Lamiə xanım olub. Lamiə xanım daimi işdə olub. Məzuniyyətdə ola-ola onlar işə çıxıblar. İşdən çıxandan sonra məzuniyyət pulunu hissə-hissə ödədilər. "xxxx" MMC-nin 08-101/25 saylı, 12 may 2025-ci il tarixli rəyinə əsasən, "Medistyle” MMC-də işlədiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə İddiaçı əmək haqqının ödənilməsində gecikmələr olub-olmamasını müəyyən etmək mümükün olmamışdır. Belə ki, əmək haqqı ödənişlərinin qəbzləri, işə gətmə cədvəli və digər sənədlər təqdim edilmiş iş materiallarında tam olmadığından dəqiq günləri hesablamaq mümkün olmamışdır. Mütəxəssis tərəfindən qeyd edilir ki, aparılmış hesablamalar nəticəsində İddiaçı son haqq hesabı olaraq ümumilikdə 2972,55 manat ödənilməli olduğu halda cəmi 2534,19 manat son haqq hesabın ödənilmişdir. Nəticədə 438,36 manat ödənilməyən məzuniyyət haqqı qalmışdır. Mütəxəssis tərəfindən qeyd edilir ki, aparılmış hesablamalar nəticəsində İddiaçı son haqq-hesab olaraq verilmiş 2534,19 manatın ödənilməsində 74 gün gecikmə olmuşdur. Yuxarıda qeyd edilən cədvəldən göründüyü kimi qanunvericiliyin tələbinə əsasən günə 1 faiz ödənc hesablanmış və İddiaçı gecikdirilmiş günlər üçün xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər ümumilikdə 2200.02 manat ödənc verilməli olduğu müəyyən edilmişdir. Mütəxəssis tərəfindən qeyd edilir ki, Cavabdeh MMC-nin İddiaçı ödəməli olduğu məzuniyyət haqqı xx.xx.2023-cü il tarixinə ümumilikdə 2972.55 manat olmuşdur. Lakin xx.xx.2023-cü il tarixində, yəni 74 gün sonra 2534.19 manat son haqq-hesab ödənilmişdir. Beləliklə qanunvericiliyin tələbinə əsasən günə 1 faiz ödənc hesablanmış və Cavabdeh MMC tərəfindən işdən çıxarkən İddiaçı son haqq-hesab tam məbləğdə işdən çıxdığı gün verilmədiyindən gecikdirilmiş günlərlə birlikdə 3146.46 manat pul ödənilməli olduğu müəyyən edilmişdir. İddianın hüquqi əsasları: Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;

Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi

2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

Maddə 154. Əmək haqqı

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Maddə 172. Əmək haqqının verilməsi müddətləri

1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

5. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı

1. Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 36. Mediasiya xərcləri 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Mülki-Prosessual Məcəllə

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır

Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə iddiaya "xxxx" MMC-dən iddiaçının 1960 manat məbləğindəki əmək haqqının ödənilməsini gecikdirdiyi 74 günün hər günü üçün gecikdirilən əmək haqqının azı 5%-i məbləğində ödənc olan 7252 manat pulun tutulması hissəsində qiymət verərək hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən "xxxx" MMC-də baş həkimin müavini vəzifəsində işləməyə başlamışdır. 2023-cü ilin mart ayı üçün iddiaçının aylıq əmək haqqı 1960 manat təşkil edirdi. Tərəflər arasında xx.xx.2022-ci il tarixində imzalanmış əmək müqaviləsinin sürətindən görünür ki, işçiyə əmək haqqı ayda bir dəfə, hər novbəti ayın 10 tarixində ödənilməlidir. xx.xx.2023-cü il tarixdə İddiaçı ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsinə xahiş etmişdir. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixdə 696 saylı əmr ilə sonuncunun əmək müqaviləsinə xitam verilməsini əmr etmişdir. Əmək Məcəlləsinin müvafiq normalarına əsasən, əmək müqaviləsinə xitam verilmiş işçiyə ödənilməli əmək haqqı sonuncu iş günündə ödənilməlidir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Hazırki mülki iş üzrə İddiaçı 2023-cü ilin mart ayı üçün 1960 manat məbləğindəki əmək haqqı xx.xx.2023-cü il tarixdə ödənilməli olduğa halda, təqdim olunmuş bank çıxarışlarından görünür ki, həmin məbləğ iddiaçıya xx.xx.2023-cü il tarixdə, yəni 95 gün gecikdirilməklə ödənilmişdir. Göründüyü kimi, 2023-cü ilin mart ayı üçün ödənilməli olan əmək haqqı gecikdirilmişdir və iddiaçı gecikdirmənin işəgötürənin təqsiri üzündən olduğunu iddia etmişdir. Bu halın əksini sübut etmək yükü cavabdehin üzərinə düşür. Lakin Cavabdeh MMC məhkəməyə gecikdirmənin hansı səbəbdən baş verməsi, işəgötürənin təqsiri olub-olmaması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 95 gün müddətində, İddiaçı 2023-cü ilin mart ayı üçün 1960 manat məbləğindəki əmək haqqı işəgötürənin təqsiri üzündən gecikdirildiyindən, sonuncunun "xxxx" MMC-dən əmək haqqının ödənilməsinin gecikdirildiyi 74 günün hər günü üçün gecikdirilən əmək haqqının 5%-i miqdarında ödənc, yəni 7252 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iddiaya "xxxx" MMC-dən 2536,19 manat məbləğində son haqq hesab (məzuniyyət) pulunun ödənilməsinin gecikdirildiyi 74 günün hər günü üçün gecikdirilən son haqq hesab (məzuniyyət) pulunun azı 5%-i məbləğində ödənc olan 9383 manat pulun tutulması hissəsində qiymət verərək hesab edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, mülki iş üzrə təqdim edilmiş sənədlərdən məlum olur ki, cavabdeh təfərindən iddiaçıya ödənilmiş son haqq-hesab istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyadan ibarət olmuşdur. Yuxarıda da qeyd olunan kimi, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Göründüyü kimi, əmək qanunvericiliyində son haqq hesaba daxil olan istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsinin gecikdirilməsinə görə hər hansı bir ödəncin tutulması müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı "xxxx" MMC-dən 2536,19 manat məbləğindəki son haqq hesab (məzuniyyət) pulunun ödənilməsinin gecikdirildiyi 74 günün hər günü üçün gecikdirilən son haqq hesab (məzuniyyət) pulunun 5%-i məbləğində ödənc olan 9383 manat pul vəsaitinin tutulmasına dair tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iddiaya Cavabdeh MMC-dən iddiaçıya ödənilməyən 438,36 manat son haqq-hesab pulu və həmin pulun gecikdirildiyi, cəmi 778 gecikdirmə günü (2 il, 1 ay, 18 gün) üçün günlük 5 faiz məbləğində ödənc olan 16974 manat, cəmi 17410 manat pulun və xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr üçün istifadə edilməyən 112 əmək məzuniyyəti günü üçün hələ də ödənilməyən 7368 manat son haqq hesab (məzuniyyət) pulunun, 7368 manat məbləğində son haqq hesab (məzuniyyət) pulunun gecikdirildiyi 180 günün hər günü üçün azı 1%-i məbləğində ödənc, cəmi 13140 manat məbləğində pulun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə də əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı 438,36 manat məbləğində son haqq-hesabın tutulması ilə bağlı iddiasını məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə uyğun olaraq əsaslandırmışdır. "xxxx" MMC-nin 08-101/25 saylı, 12 may 2025-ci il tarixli rəyindən görünür ki, mütəxəssis istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya məbləğinin hesabatını xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə aparmışdır. Halbuki işəgötürənlə işçi arasında əmək müqaviləsi xx.xx.2018-ci il tarixində bağlanmış, həmin əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Digər tərəfdən iddiaçı tərəfindən təqdim edilmiş xəstəlik vərəqəsindən məlum olur ki, o, xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək doğuşdan əvəl və sonrakı müddətdə 126 gün müddətində sosial məzuniyyətdə olub. Lakin bu hal da mütəxəssis tərəfindən nəzərə alınmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinadən qeyd edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərlə əsasən məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC-nin 08- 101/25 saylı, 12 may 2025-ci il tarixli rəyi hazırkı mülki iş üzrə mötəbər sübut olaraq nəzərə alına bilməz. Digər tərəfdən, mülki iş materiallarında görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək sosial məzuniyyətdə olmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci ilə kimi ikinci uşağa görə 3 yaşı tamam olana qədər sosial məzuniyyətə çıxması ilə bağlı müraciət etmədiyni və, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək sosial məzuniyyətdə olmadığını iddia etsə də, məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə xətşunaslıq ekspertizası nəticəsində müəyyən edilmişdir ki, sosial məzuniyyətə çıxması ilə bağlı ərizədə olan imza məhz iddiaçının özünə məxsusdur. Digər tərəfdən iddiaçı sözü gedən dövrdə sosial məzuniyyətdə olmadığına dair sübut olaraq təqdim etdiyi şahidin ifadələri, qeyd edilən halın təsdiq edilməsi üçün yetərli deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2021-ci ilin oktyabr ayında 10 gün, 2022-cü ilin avqust ayında isə 13 gün müddətinə əmək məzuniyyətinə çıxmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf məhkəməyə ərizə ilə müraciət edərək qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etdmişdir. Məhkəmə mülki iş materiallarını və iddia müddətinin tətbiqi ilə bağlı ərizəni nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixindən əvvəlki bir illik müddət istisna olmaqla, istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin və ödənişin gecikdirildiyinə görə ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə hər təqvim ilinin sonunda pul əvəzinin ödənilmədiyinə görə hüququnun pozulduğunu real olaraq bildiyi halda, 2018-ci ildən 2023-cü ilədək olan dövrdə istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə pul əvəzinin ödənilməsi tələbi ilə bağlı məhkəməyə xx.xx.2023-cü il tarixində müraicət etmişdir. Belə olan halda, məhkəmə iddia müddətini tətbiq edərək hesab edir ki, iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə pul əvəzinin ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ yoxdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mülki iş materiallarında olan 12 avqust 2022ci il tarixli 339 saylı əmrin sürətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 20 əsas məzuniyyət günündən 13 təqvim günü əmək məzuniyyətinin verilməsi əmr edilmişdir. Halbuki tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən işçinin hər iş ili üçün 30 gün məzuniyyət hüququnun olduğu müəyyən edilmişdir. Digər tərəfdən Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan iş ili üçün, 30 deyil, məhz 20 gün əmək məzuniyyəti hüququnun olduğuna dair hər hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan iş ili üçün əsas məzuniyyət gününün sayı tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq 30 gün, habelə həmin iş ili üçün istifadə edilməmiş əmək məzuniyyəti günlərinin sayı 17 gün müəyyən edilməlidir. Məhkəmə həmçinin, qeyd edir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək olan iş ili üzrə iddiaçının işlədiyi günlərinin sayı nəzərə alınmaqla, 8 gün (30 əsas əmək məzuniyyəti günü / 365 gün) × 97 ümumi işlədiyi təqvim günlərinin sayı) məzuniyyət hüququ yaranmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının həmin dövr üzrə istifadə edilməmiş 8 məzuniyyət gününə görə kompensasiya almaq hüququ olmuşdur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş 25 məzuniyyət gününə görə pul əvəzini almaq hüququ yaranmışdır. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə "xxxx" MMC arasında olan əmək müqaviləsinə xitam verildiyi zaman 38 istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə 2534,19 manat məbləğində son haqq hesab ödənilmişdir. Yuxarıda şərh olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzi əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq tam həyata keçirilmişdir. Məhkəmə, bir daha, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə istinadən qeyd edir ki, əmək qanunvericiliyində son haqq hesaba daxil olan istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsinin gecikdirilməsinə görə hər hansı bir ödəncin tutulması müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ödənilməyən 438,36 manat son haqq-hesab pulunun iddiaçıya ödənilməsinə dair tələb, və həmin tələbdən törəyən 438,36 manat məbləğində pulun gecikdirildiyi, cəmi 778 gecikdirmə günü (2 il, 1 ay, 18 gün) üçün günlük 5 faiz məbləğində ödənc olan 16974 manat məbləğində pulun ödənilməsi, həmçinin xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr üçün istifadə edilməyən 112 əmək məzuniyyəti günü üçün ödənilməyən 7368 manat son haqq hesab (məzuniyyət) pulunun ödənilməsinə dair tələb və, həmin tələbdən törəyən 7368 manat məbləğindəki son haq hesab (məzuniyyət) pulunun gecikdirildiyi 180 günün hər günü üçün azı 1%-i məbləğində ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbləri əsassız hesab edilərək təmin edilməməlidir. Odur ki, iddia qismən əsaslı hesab edilərək, Cavabdeh MMC-dən İddiaçı xeyrinə iddiaçının 1960 manat məbləğindəki əmək haqqının ödənilməsini gecikdirdiyi 74 günün hər günü üçün gecikdirilən əmək haqqının 5%-i məbləğində ödənc olan 7252 manat pul məbləği tutularaq ödənilməlidir.

Məhkəmə xərcləri:

Məhkəmə iddianın 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən cavabdeh iddiaçı tərəfindən çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Odur ki, iddia bu hissədə təmin edilməlidir. Digər tərəfdən, Mülki-Prosessual Məcəllənin 119 və 121-ci maddələrinə əsasən məhkəmə xərcinə daxil olan hüquqi xidmət haqqının əvəzi olaraq 50 manat pul məbləği Cavabdeh MMC-dən tutularaq İddiaçı, ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 69 manat Cavabdeh MMC-dən, 69 manat İddiaçı tutularaq dövlət büdcəsinə, mütəxəssis tədqiqatının dəyərinin əvəzi olaraq 150 manat Cavabdeh MMC-dən, 150 manat İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə dövlət rüsumunun tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq məhkəmə xərcinə daxil olan 92,52 manat məbləğində dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 2023-cü ilin mart ayına görə 1960 manat məbləğində əmək haqqının ödənilməsə gecikdirildiyi nəticəsində əmək haqqının 5%-i məbləğində ödənc olan 7252 (yeddi min iki yüz əlli iki) manat İddiaçı xeyrinə tutularaq ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 50 (əlli) manat və hüquqi xidmət haqqının əvəzi olaraq 50 (əlli) manat, ümumilikdə 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 92,52 (doxsan iki manat əlli iki qəpik) manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyərinə görə 69 (altmış doqquz) manat cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərinə görə 69 (altmış doqquz) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Mütəxəssis tədqiqatının dəyərinin əvəzi olaraq 150 (yüz əlli) manat "xxxx" MMC-dən və 150 (yüz əlli) manat İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar