Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5810/2025 18.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı cavabdeh Bakı şəhər 30 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktor vəzifələrini müvəqqəti icra edən Nümayəndə tərəfindən qəbul edilmiş 02 aprel 2025-ci il tarixli, 40 saylı əmrin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi işburaxmağa görə ödənilməyən əməkhaqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30 ilə yaxındır ki, 30 saylı Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsində çalışmışdır. xx.xx.2025-ci il tarixində iddiaçı ilə bağlanan müqaviləyə atesstasiyadan keçməmə səbəbi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. İddiaçı uzun müddətidir ki, dağınıq skleroz xəstəliyindən əziyyət çəkir və dispanser qeydiyyatındadır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə əsasən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Cavabdeh Bakı şəhər 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən işçinin hüququ pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin çekinin) verildiyi gün hesab olunur. Məktəbin işçilərinin əmək kitabçalarının hərəkət qeydiyyatı kitabından da göründüyü kimi müvafiq sənədlər və əmək kitabçası İddiaçı xx.xx.2025 tarixində imzası alınaraq təhvil verilmişdir. Bununla cavabdeh 30 nömrəli Uşaq Musiqi Məktəbi iddiaçının fərdi əmək mübahisələrinin həllində iddia müddətini keçdiyini hesab edir. Tərəflərin mövqeləri: İddiaçı vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. O, izahatında bildirmişdir ki, iddiaçı 30 il musiqi məktəbində fortepiano müəllimi vəzifəsində çalışıb. xx.xx.2025-ci il tarixdə keçirilmiş attestasiyadan keçməmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı dağınıq skleroz xəstəliyindən artıq uzun müddətdir ki, əziyyət çəkir. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə əsasən işçinin dağınıq sklerozla xəstə olması səbəbindən onunla əmək müqaviləsinə xitam verilməsi qadağandır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. O, izahatında bildirmişdir ki, attestasiya zamanı bir neçə sualdan başqa bütün sualları düzgün cavablandırmışdır. Onun işdən çıxmağına səbəb imtahanların 2-3 saat gec başlanması oldu. İmtahanlar başlayanda o, artıq özünü yorğun hiss edirdi. Əsərini ifa edəndə ona dedilər ki, qamma hissəsini düz ifa eləmir, sonra dedilər ki, barmaqlarını düz qoymur. Ona bildirdilər ki, ikinci imtahana daha yaxşı hazırlaş, lakin, ikinci imtahan olmadı. Həmçinin qeyd etmişdir ki, xəstəliyi barədə məktəbin əvvəlki direktoru məlumatlı idi lakin, xəstəliyi barədə çox müəllimlərin bilməyini istəmirdi. Xəstəliyi bir az gizli saxlayırdı. İşdən çıxarılma səbəbi xəstəliyi yox, attestasiyadan keçməməsi olmuşdur. Bununla yanaşı iddiaçı məhkəmə iclası vaxtı verilən suallara cavab olaraq bildirmişdir ki, onda yalnız bir mediasiya arayışı var. Mediasiya arayışını xx.xx.2025-ci il tarixdə almışdır. Arayışı mediasiyadan özü götürmüş və vəkilinə təqdim etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman iddia müddətini ötürmüşdür. Həmçinin izahatında qeyd etmişdir ki, attestasiya qanunvericiliyin tələbinə uyğun keçirilmişdir. İddiaçı dağınıq sklerozdan əziyyət çəksə də, iddiaçı həmin xəstəliyə görə işdən azad edilməmişdir, iddiaçı attestasiyadan keçmədiyi üçün işdən azad edilmişdir. Eyni zamanda bildirmişdir ki, mediasiya ilə bağlı məlumat onlara yalnız iyun ayında daxil olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan ИT-1 seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixli 9 nömrəli əmr əsasında 30 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano şöbəsinə müəllim təyin edilmişdir. Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli 79 №-li Əmrinin surətindən görünür ki, Attestasiya Komissiyası haqqında əsasnamə təsdiq edilmiş və 5 nəfərdən ibarət 2 attestasiya komissiyası yaradılmışdır. Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən verilmiş 6 №-li xəbərdarlıq bildirişindən görünür ki, İddiaçı keçiriləcək attestasiya barədə xx.xx.2024-cü il tarixində xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş attestasiyaya dair attestasiya vərəqəsinin surətindən görünür ki, İddiaçı tutduğu vəzifəyə uyğun olmaması barədə qiymət verilmişdir. Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin işçilərinin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair 1 №-li protokoldan görünür ki, komissiya tərəfindən İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməməsi barədə qərar qəul edilmişdir. xx.xx.2025-ci il tarixli Aktın surətindən görünür ki, 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərədə tutulmuş hallara malik olub-olmaması barədə məlumat verməsi tələb olunmuş, sonuncu bu barədə yazılı məlumat verməkdən imtina etmişdir. Bakı şəhər Mədəniyyət Baş İdarəsi 30 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli, 40 nömrəli əmrin surətindən görünür ki, məktəbin fortepiano müəllimi İddiaçı Azərbaycan Respublikasının Əmək Müqaviləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 30 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən təqdim edilmiş siyahıdan görünür ki, xx.xx.2025-ci il tarixdə İddiaçı əmək kitabçası təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 14403369 və 15088346 nömrəli ambulator kitabçadan çıxarışlardan görünür ki, İddiaçı dağınız skleroz diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubu ilə, İddiaçı attestasiyası zamanı çəkilmiş videogörüntülər məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru X1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/2-00550 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı əmrin ləğv edilməsi və işə bərpa tələbi ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət etmiş lakin, tərəflər arasında ilkin mediasiya sessiyası baş tutmamışdır. Ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə İddiaçı tərəfindən Bakı 2 saylı Mediasiya Təşkilatına 60 manat məbləğində ödəniş edilmişdir. Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 029 №-li məhkəmə sorğusuna cavabdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş və həmin tarixdə İddiaçı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında təqdim edilmiş mediasiya işindən görünür ki: İddiaçı xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı müraciəti xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına daxil olmuşdur; xx.xx.2025-ci il tarixində tərəflərə ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı bildiriş göndərilmişdir; Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru X1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/2-00550 saylı “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı əmrin ləğv edilməsi və işə bərpa tələbi ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət etmiş lakin, tərəflər arasında ilkin mediasiya sessiyası baş tutmamışdır; İddiaçı təqdim edilmiş ******* №-li marka ilə markalanmış arayışın nüsxəsinin mediasiya işində saxlanılan surətindən görünür ki, tərəfə təqdim edilən arayışın tarixi xx.xx.2025-ci il, nömrəsi MŞB/2-00550 saylı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş mediator X1 izahatında bildirmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə 2 saylı Mediasiya Təşkilatına müraciət etmiş və həmin mübahisə üzrə mediator kimi təyin edilmişdir. xx.xx.2025-ci il tarixində mediasiya sessiyası keçirilmiş və həmin tarixdə də tərəfə arayış təqdim edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışda tarix texniki səhvə yol verilərək xx.xx.2025-ci il qeyd edilmişdir. Mediator həmçinin izahatında bildirmişdir ki, mediasiya işində olan xx.xx.2025-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdakı imza ona məxsusdur. Arayışdan iki nüsxə tərtib olunur, biri mediasiya işində saxlanılır, biri də tərəfə təqdim edilir. Tərəfə təqdim edilən arayışa marka vurulur. Surəti isə mediasiya işinə əlavə edilir. İşin müəyyən edilən halları: 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən verilmiş 9 nömrəli xx.xx.1995-ci il tarixli əmr əsasında İddiaçı məktəbin fortepiano şöbəsinin müəllimi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş atesstasiya nəticəsində İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmiş və cavabdeh təşkilatın xx.xx.2025-ci il tarixli, 40 saylı əmri ilə iddia Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı əmək hüquqlarının müdafiəsi ilə bağlı cavabdehə xx.xx.2025-ci il tarixdə mediasiyanın tətiqi barədə təklif göndərmiş, xx.xx.2025ci il tarixdə ona ilkin müdiasiya sesiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Cavabdeh mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: Maddə 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə. Maddə 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. Maddə 379.4. Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Maddə 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Maddə 32.1.9. bu Qanunun 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda. Maddə 29.2. Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22.1-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı ilkin mediasiya sessiyasında iştirak edən tərəflərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 65, 1-ci hissə. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Maddə 65, 2-ci hissə. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. Maddə 65, 3-cü hissə. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Maddə 65, 4-cü hissə. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Maddə 65, 5-ci hissə. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Maddə 79, 1-ci hissə. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; ; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 296, 1-ci hissə. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296, 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296, 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı) Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İddiaçının iddia tələbinin təmin edilməsi üçün araşdırılaraq hüquqi qiymət verilməli olan əsas addım mübahisələndirilən əmrin qanuniliyi ilə bağlı olan məsələdir. Bu hüquqi dəyərləndirmənin başlanması üçün isə ən vacib şərt belə bir iddia irəli sürməkdən ötrü hüquqi imkanların tükənməməsidir. Məhkəmə hesab edir ki, əmrin qanuniliyi məsələsini araşdırmağa ehtiyac qalmır, çünki iddiaçı iddia müddətini ötürmüş, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının həmin iddianı vermək üçün iddia müddətini ötürdyünü bildirmişdir. Qanunvericiliyin verdiyi anlayışa əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyən edilən müddətdir. Hüququ pozulmuş tərəf həmin müddət çərçivəsində hüququnu müdafiə etmək üçün iddia qaldırmırsa, iddia tələbi əsaslı olsa da belə, qarşı tərəfin bu barədə verdiyi ərizə əsasında onun iddiasının təmin edilmə imkanı aradan qalxmış olur və bu hal məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi ilə yekunlaşır. İddiaçı xx.xx.2025-ci il tarixdə əmək kitabçasını təhvil almaqla həmin gün əmək hüququnun pozulduğunu bildiyi halda vaxtında məhkəməyə müraciət etməmişdir. Belə ki, tərəf mübahisə ilə bağlı xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına, xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə əmək mübahisəsi üzrə qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, iddia müddətinin axımı əmək kitabçasının təhvil alındığı xx.xx.2025-ci il tarixdən başlamışdır. Qanunvericilik iddia müddətinin axımının mediasiya prosesinin tətbiq edildi müddət ərzində dayandırıldığını müəyyən etmişdir. Qeyd olunan məsələyə düzgün qiymət verilməsi üçün iddiaçının ilkin mediasiyasiya sessiyası üçün müraciət etdiyi tarix və “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışın təhvil alındığı tarix müəyyən edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf idda ərizəsinə xx.xx.2025-ci il tarixli, MŞB/2-00550 saylı mediasiya arayışını əlavə etmiş, izahatında isə ziddiyyətlərə yol verərək arayışı gah xx.xx.2025-ci il tarixdə, gah da xx.xx.2025-ci il tarixdə təhvil aldığını bildirmişdir. Göstərilən məsələnin araşdırılması üçün məhkəmə tərəfindən sorğu verilmiş, mediasiya işinə baxış keçirilmiş və mediator şahid qismində məhkəmə iclasında dindirilmişdir. Bununla da müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixli, MŞB/2-00550 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışı təqdim etsə də, iddiaçı xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş və xx.xx.2025-ci il tarixdə iddiaçıya “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı xx.xx.2025-ci il tarixli, MŞB/2-00550 saylı arayış təqdim edilmişdir. Beləliklə müəyyən edilmişdir ki, iddiaçıya təqdim edilən MŞB/2-00550 saylı mediasiya arayışının tarixi xx.xx.2025-ci il olmuş, iş materiallarında olan xx.xx.2025-ci il tarixli arayış isə həqiqi olmamış və mediasiya işində belə bir arayışın mövcudluğu aşkar edilməmişdir. Məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, MŞB/2-00550 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış həqiqi olmadığından sübut kimi qəbul edilməməli, iddiaçının mediasiya prosesi üçün müraciət tarixi xx.xx.2025-ci il müəyyən edilməli, xx.xx.2025-ci il tarixli, MŞB/2-00550 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış həqiqi hesab edilməlidir. Nəticə olaraq məhkəmə qeyd edir ki, iddia müddətinin axımı xx.xx.2025-ci il tarixində başlamış, xx.xx.2025-ci il tarixində iddia müddətinin axımı bitmiş, iddiaçı tərəf isə ilkin mediasiya sessiyası üçün xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına, xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddəti dövründə müddətin axımını dayandıran hadisə baş verməmiş və iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyündən iddianın əsaslılığını yoxlamağa ehtiyac qalmadan iddia tələbi etmin edilməməlidir. Bununla yanaşı, xx.xx.2025-ci il tarixli 40 saylı əmrin pozuntuya yol verilərək qəbul edildiyi iddia edildiyi üçün, məhkəmə işin tam və hərtərəfli araşdırılması məqsədilə həmin məsələyə də qiymət verilməsini zəruri hesab edir. Tərəflərin əmək münasibətlərində olması işin mübahisəsiz halıdır. İddiaçı cavabdeh qurumda fortepiano şöbəsinə müəllim vəzifəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının ərizəsində iddia tələbinin təmin edilməsi üçün irəli sürdüyü dəlil ondan ibarətdir ki, o, uzun müddətdir ki, dağınıq skleroz xəstəliyindən əziyyət çəkir və Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Lakin, məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, iddiaçı dağınıq skleroz xəstəliyindən əziyyət çəkdiyinə görə deyil, keçirilmiş attestasiya nəticəsində onun tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edildiyindən vəzifəsindən azad edilmişdir. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Bu imtiyazlardan biri də işçinin dağınıq sklerozla xəstə olması səbəbinə görə əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunmasıdır. Lakin bu norma o demək deyildir ki, dağınıq sklerozla xəstə olan işçinin əmək müqaviləsinə xitam verilə bilməz. Həmin norma yalnız xəstəliyin səbəb olduğu hallara görə işçinin işdən azad olmasını qadağan edir. Yəni bu norma attestasiyadan keçməyən dağınıq sklerozla xəstə olan işçinin əmək müqaviləsinin ləğv edilməsini qadağan etmir. İş materialları əsasında müəyyən olunur ki, 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmrə əsasən məktəbin fortepiano ixtisası üzrə müəllimlərinin attestasiyanın keçirilməsi məqsədilə Attestasiya Komissiyası yaradılmış və attestasiyanın keçirilməsi haqqında xəbərdarlıq bildirişi xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş attestasiya nəticəsində İddiaçı tutduğu vəzifəyə uyğun olmaması barədə qiymət verilmiş və buna görə də xx.xx.2025-ci il tarixdə İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçı ilə cavabdeh arasındakı əmək münasibətlərinə iddiaçının dağınıq skleroz xəstəliyindən əziyyət çəkməsi səbəbindən deyil, iddiaçının attestasiyadan keçməməsi səbəbi ilə son verilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin işçilərinin attestasiyası üzrə attestasiya komissiyasının təşkili və İddiaçı barəsində keçirilmiş attestasiya qanunauyğun olmuşdur. Çünki bunun əksini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə cavabdeh təşkilatın təqdim etdiyi attastasiyanın təşkili və keçirilməsi ilə bağlı sübutlar bu prezumpsiyanı təsdiq etmişdir. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli 40 saylı əmri qanuni olmuş, iddiaçının dəlilləri isə əsassız olmuşdur. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №e-2(011)-5810/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5810/2025
18.09.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver