Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5908/2023 06.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MMC-nin qanuni təmsilçisi Egehan Keskingilin, X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “icarə müqaviləsinin ləğvi və pul” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-nə qarşı – cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 3M-1432 reyestr nömrəli icarə müqaviləsinə xitam verilməsi, cavabdehdən son 3 ay üçün ödənilməli olan 13.950 manat məbləğində vəsaitin, həmçinin cavabdehin əmlakı ona təhvil verdiyi günədək hər ay üçün 4.650 manat məbləğində vəsaitin, həmçinin öhdəliyin icra olunmasını gecikdirdiyinə görə illik 5% məbləğində vəsaitin ona ödənilməsi, iddianın məhkəməyə verilməsinə görə 132 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında imzalanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh har ay icarə üçün ona 4.650 manat məbləğində vəsait ödəməlidir. Hazırki gündə cavabdeh tərəfindən müqavilə öhdəlikləri icra olunmur və aprel, may və iyun ayları üzrə son 3 ayın icarə haqqı ona ödənilməyib. Müqavilə üzrə yaranan borc 13.950 manat təşkil edir. Digər tərəfdən, cavabdeh bu günədək icarə obyektindən istifadə etməyə davam edir. Hazırki iş üzrə məhkəmə qərarının qəbul olunması müəyyən müddət tələb edir, həmçinin qərarın qəbul olunduqdan sonra cavabdeh qanunvericiliklə ona verilmiş hüquqlardan istifadə etməklə apellyasiya və kassasiya şikayətləri vermək hüququna malikdir. Bu müddət ərzində cavabdehin onun mülkiyyətində olan əmlakdan haqq ödəmədən istifadə etməsinin qarşısının alınması məqsədi ilə hesab edir ki, cavabdehin əmlakını ona təhvil verəcəyi son tarixədək icarə haqqının ondan alınmasını tələb etmək hüququna malikdir. İddiaçı sonradan xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh MMC ilə imzalanmış xx.xx.2022-ci il tarixli 3M-1432 reyestr nömrəli icarə müqaviləsinə xitam verilməsi, cavabdehdən son 6 ay üçün ödənilməli olan 27.900 manat məbləğində vəsaitin, həmçinin cavabdehin əmlakı təhvil verdiyi günədək hər ay üçün 4.650 manat məbləğində vəsaitin, həmçinin öhdəliyin icra olunmasını gecikdirdiyinə görə illik 5% məbləğində vəsaitin hesablanaraq ona ödənilməsi, iddianın məhkəməyə təqdim edilməsinə görə 132 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, cavabdehin borcu 2023-cü ilin aprel ayından hesablanmalıdır. İcarə obyekti xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən təhvil verilib. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin qanuni təmsilçisi Egehan Keskingil məhkəmə iclasında bildirmişdir ki, iddianın təmin edilməsinə etiraz etmir. O, bildirmişdir ki, icarə haqqı üzrə borcunun yaranması barədə iddiaçının vəkilinin qeyd etdikləri doğrudur. O, aprel ayından icarə haqqını ödəməmişdir və 27.900 manat borcu vardır. O, icarə obyektini xx.xx.2023-cü ildə boşaldaraq iddiaçıya təhvil vermişdir. Onun maddi çətinlikləri var, onlar aradan qalxdıqdan sonra borcu ödəyəcəkdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 45 saylı evin, 9 saylı mənzilini icarəçiyə icarə verir. İcarə müqaviləsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdə qüvvədədir. Aylıq icarə haqqı 4.650 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində istifadədə olan 0,09593 ha torpaq sahəsində yerləşən 48 nömrəli binanın 1-ci mərtəbəsində 87,5 kv.metr ümumi, 87.5 kv.metr əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 2191 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli İddiaçı tərəfindən Cavabdeh MMC-nə ünvanlanmış bildirişin surətindən görünür ki, Cavabdeh MMC son 3 ayın icarə haqqını ödəmədiyindən, 5 iş günü ərzində müqavilə öhdəlikləri icra olunmadığı təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli İddiaçı ilə Cavabdeh MMCnin direktoru Egehan Keskingil arasında bağlanmış barışıq razılaşmasından görünür ki, razılaşmanın imzalandığı tarixə cavabdehin iddiaçıya ödənilməmiş borcu 27.900 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırılması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı (icarəyə verən) İddiaçı ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış icarə müqaviləsinə əsasən, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi icarəçiyə icarəyə verilmiş, icarə müqaviləsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qüvvədədir və müqavilə üzrə aylıq icarə haqqı 4.650 manatdır. Hazırda iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə götürülən öhdəliklərini pozularaq, icarə haqqının ödənilməməsinə görə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlarla mübahisəsiz qaydada müəyyən edilmişdir ki, cavabdeh 2023-cü ilin aprel ayından etibarən iddiaçıya icarə haqqını ödəməmişdir, sonuncunun ümumilikdə 6 ay üçün borcu 27.900 manat təşkil edir. xx.xx.2023-cü il tarixdə icarə obyekti cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir. Bundan əlavə, iddiaçının xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsindən də görünür ki, həmin tarixə cavabdehin borcu 6 ay müddəti üçün cəmi 27.900 manat olmaqla tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə hesab edir ki, cavabdehin 2023-cü ilin aprel ayından icarə haqqını ödəməməsi və əmlakı xx.xx.2023-cü ildə təhvil verilməsi tərəflərin izahatları və iş materialları ilə müəyyən edildiyindən və 2023-cü ilin aprel ayından oktyabr ayınadək olan müddət ümumilikdə 6 ay təşkil etdiyindən, iddia tələbləri hər ay üçün 4.650 manat olmaqla, 6 ay müddəti üçün 27.900 manat məbləğinin cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddianın öhdəliyin icra olunmasını gecikdirdiyinə görə illik 5% məbləğində vəsaitin hesablanaraq cavabdehdən iddiaçıya ödənilməsi barədə hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia qeyd edilən hissədə əsassızdır. Belə ki, MM-nin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən icarə müqaviləsi üzrə öhdəliyin icrası gecikdirilsə də, gecikdirmə 1 illik dövrü əhatə etmədiyindən illik 5 faiz məbləğinin tutulması barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddianın “xx.xx.2022-ci il tarixli 3M-1432 reyestr nömrəli icarə müqaviləsinə xitam verilməsi” barədə hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh 2023-cü ilin aprel ayından icarə haqqını ödəməmişdir və icarə obyektini xx.xx.2023-cü il tarixdə iddiaçıya təhvil vermişdir. Məhkəmə tərəfindən icarə müqaviləsi üzrə əsas borcun tutulması barədə iddia təmin edildiyindən və tərəflərin icarə münasibətləri faktiki olaraq xətm edildiyindən, xx.xx.2022-ci il tarixli 3M-1432 reyestr nömrəli icarə müqaviləsinə xitam verilməsi barədə iddia tələbləri təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, ödənilmiş 132 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 3M-1432 reyestr nömrəli icarə müqaviləsinə xitam verilsin və Cavabdeh MMC-dən 27.900 (iyirmi yeddi min doqquz yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-5908/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5908/2023
06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver