Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5918/2025 08.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, XM/1068 saylı “xaricdə təhsil xidmətlərinin göstərilməsi” haqqında müqavilə üzrə qalıq 1000 (bir min) manat əsas borc, 30,66 (otuz manat, 66 qəpik) manat qalıq borcun ödənilməməsinə görə hesablanmış faiz borcu, 450 (dörd yüz əlli) manat vəkilə ödənilmiş xidmət haqqı olmaqla, ümumilikdə 1480,66 (min dörd yüz səksən manat, 66 qəpik) manat və ödənilmiş 34,81 manat dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli XM/1068 saylı “xaricdə təhsil xidmətlərinin göstərilməsi” haqqında müqavilə imzalanmışdır. Müqavilənin predmetini Sifarişçinin xaricdə təhsil xidmətlərinin göstərilməsini sifariş verib İcraçıya razılaşdırılmış xidmət haqqı ödəməsi, İcraçı isə Sifarişçi ilə müəyyən etdiyi qaydada xaricdə təhsil xidmətləri göstərməyi təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, XM/1068 saylı müqaviləyə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, XM/1068 saylı razılaşmaya əsasən: Qeyd olunan işlərlə əlaqəli aşağıdakı miqdardakı məbləği Sifarişçi İcraçıya ödəyir; – Sənədlərin hazırlanması, tərcümə təsdiq edilməsi, universitetə müraciət və qəbul məktubunun alnması. Qəbul alınacaq universitet: X1 Texniki Universiteti (Rusiya Federasiyası) İxtisas: İqtisadi təhlükəsizlik (qiyabi) Bu razılaşma Azərbaycan dilində 2 (iki) nüsxədə tərtib edilir. Nüsxələr autentik olaraq bərabər olmaqla, tərəflərin imzası və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan qüvvəyə minir. Nüsxələrdən biri “sifarişçi ”də, digəri isə “İcraçı”da saxlanılır. Müqavilə üzrə müəyyən olunmuş xidmət haqqının müqavilə imzalandiği zaman bir hissəsini, yəni 400 (dörd yüz) manat xx.xx.2024 tarixində ödəniləcək, digər hissəsi isə 1000 (bir min) manat qəbul məktubu gəldikdə ödəniləcəkdir. Razılaşmanın şərtlərində qeyd olunan müqavilə imzalandığı zaman razılaşdırılmış 400 manat cavabdeh tərəfindən ödənilsə də, qalıq 1000 manat bu günədək ödənilməmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, XM/1068 saylı “xaricdə təhsil xidmətlərinin göstərilməsi” haqqında müqavilənin şərtinə əsasən, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli, XM/1068 saylı “xaricdə təhsil xidmətlərinin göstərilməsi” haqqında müqavilə üzrə İddiaçı MMC öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və cavabdehin X1 Texniki Universitetinə qəbul olunması ilə bağlı Cavabdeh ilə X1 Texniki Universiteti arasında xx.xx.2024-cü il tarixdə müqavilə imzalanmışdır. Həmin tarixdən etibarən cavabdehin qalıq 1000 (bir min) manat ödənişi həyata keçirməli idi. Lakin Cavabdeh göstərilən xidmətlər qarşılığında iddiaçıya 1000 (bir min) manat məbləğində ödənilməmiş borcu mövcuddur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada, pretenziya vasitəsilə həll olunması üçün şifahi danışıqlar aparılmışdır. Danışıqlar əsnasında cavabdeh 2025-ci ilin yanvarın sonuna qədər, daha sonra fevralın sonuna qədər qalıq borcun ödənilməsi üçün vaxt istəmişdir. Lakin həmin danışıqlar nəticəsiz qalmışdır. Bu səbəbdən də xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərilmiş və qalıq borc ödənilmədiyi halda məhkəmə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq olunmuşdur. Bundan sonra cavabdeh və onun həyat yoldaşı qalıq borcun ödənilməsi üçün aprel ayının sonuna qədər möhlət istədiklərini bildirmişdilər. Lakin yenə də cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində hər hansı addım atılmamışdır. Buna görə də, iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll olunması məqsədilə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin Cavabdeh 1000 (bir min) manat öhdəliyini vaxtında icra etməməsi səbəbindən qanunvericiliyin tələbinə uyğun olaraq illik 5% (faiz) olmaqla ödəniş tələb oluna bilər. xx.xx.2025-ci il tarixinə qeyd olunan məlumatlara əsasən illik 5% borcu 30,66 manat təşkil edir. Hesablama qaydası (1000*5/100)/360 = 0,14 manat – 1 günlük gecikmə məbləği Müqavilənin tarixinin bitdiyi gündən (xx.xx.2024-xx.xx.2025) bu günə qədər gün sayı 219 0,14*219 (gün)= 30,66 manat Məhkəmədə iddia qaldırılması üçün “UNİON” vəkil bürosunun vəkili Nümayəndə ilə İddiaçı MMC xx.xx.2025-ci il tarixdə hüquqi yardımın göstərilməsi haqqında EM-1779VK-30966/25 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən vəkilə 450 (dörd yüz əlli) manat məbləğində xidmət haqqı ödənilmişdir. Qeyd olunan müqavilə üzrə vəkilə ödənilən 450 (dörd yüz əlli) manat məbləğində xidmət haqqı cavabdehdən tutulmalıdır. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmənin baxış iclasında çıxış edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: 23 sentyabr 2024-cü il tarixli XM/1068 nömrəli “Xaricdə təhsil xidmətlərinin göstərilməsi haqqında” müqavilədən görünür ki, İddiaçı MMC xaricdə təhsil xidmətləri göstərməyi öhdəsinə götürmüş və bunun qarşılığında isə Cavabdeh müvafiq xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. 23 sentyabr 2024-cü il tarixli XM/1068 nömrəli xidmət müqaviləsinə əlavə razılaşmadan görünür ki, Cavabdeh tərəfindən müqavilə imzalandığı zaman xidmət haqqının bir hissəsi, yəni 400 manat 23 sentyabr 2024-cü il tarixində ödəniləcək, digər hissə isə 1000 manat qəbul məktubu gəldikdə ödəniləcək. 27 noyabr 2024-cü il tarixli 24301780 nömrəli “Təhsil xidmətləri” haqqında müqavilədən görünür ki, “Грозненский государственный нефтяной технический университет» ilə Cavabdeh arasında qiyabi təhsillə bağlı müqavilə bağlanmışdır. “Whatsapp” sosial şəbəkəsi üzərində olan yazışmalardan görünür ki, Cavabdeh hər dəfə həyat yoldaşının ödənişi edəcəyini bildirsə də, bunu etməmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə ilə bağlı pul tələbinə dair iddia ərizəsinin yazılması və məhkəmədə təmsil olunması məqsədi ilə, İddiaçı MMC ilə Nümayəndə arasında hüquqi yardımın göstərilməsi ilə bağlı 450 manat məbləğində müqavilə bağlanmışdır. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 405-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 784-ci maddəsinə əsasən vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. 442-ci maddəyə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448-ci maddəyə əsasən Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı mülki işdə olan sübutlarla təsdiq edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli XM/1068 saylı “xaricdə təhsil xidmətlərinin göstərilməsi” haqqında müqavilə imzalanmış, müqavilənin şərtlərinə görə cavabdeh tərəfindən xidmət haqqına görə iddiaçıya 23 sentyabr 2023-cü il tarixində 400 manat ödənilmiş, xidmət haqqının digər hissəsinin - yəni 1000 manatın qəbul məktubu gəldikdə ödənilyəcəyi razılaşdırılsa da, hazırkı tarixədək həmin məbləğ ödənilməmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual normalara əsaslanaraq, belə qənaətə gəlir edir ki, 23 sentyabr 2024-cü il tarixli XM/1068 nömrəli müqaviləyə görə ödənilməmiş 1000 manat xidmət haqqı və 30.66 manat qalıq borcun ödənilməməsinə görə hesablanmış faiz borcu iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, vəkil xərcinin tutulması hissəsində iddia qismən təmin edilməli, cavabdehdən 150 manat tutulmalıdır. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu olaraq ödənilməli olan 34.81 manat; Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Cavabdeh 34.81 manat dövlət rüsumu tutularaq, cavabdehə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 1000 manat əsas borc və 30.66 manat qalıq borcun ödənilməməsinə görə hesablanmış faiz borcu, həmçinin vəkil xərcinə görə 150 manat və 34.81 manat dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-5918/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5918/2025
08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver