Məhkəmə qərarları › İş №e-2(011)-5933/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5933/2021

05.08.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5933/2021 05.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 16.01.2020-ci il tarixli əmək müqaviləsi üzrə pozulmuş hüquqlarının bərpası məqsədilə ona dəymiş 1022 manat həcmində maddi ziyanın, 6000 manat həcmində mənəvi ziyanın, bank uçot faiz dərəcəsi kimi hesablanmış 71,54 manat məbləğində pulun, öhdəliyin geçikdirilməsi nəticəsində hesablanmış 2912,70 manat məbləğində pulun, dövlət rüsumuna görə ödənilmiş 31 manat məbləğində pulun, cəmi 10037,24 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 05.08.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbində yemək puluna münasibətdə 1022 manat pulun 896 manatla əvəz edilməsi, iddia tələbinin qalan hissələrdə dəyişdirilmədən saxlanılmasını və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı Cavabdeh MMC ilə 16.01.2020-ci il tarixli əmək müqaviləsi bağlayaraq orada işə qəbul olunmuşdur, onunla müddətsiz əmək müqaviləsi bağlanmasına baxmayaraq işə başladığından cəmi 7 ay sonra işəgötürən tərəfindən təzyiqlərə məruz qalaraq ərizəni yazmaqla təhdid edilmiş və yazmayacağı təqdirdə onu müxtəlif hədələrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxaracağını bildirmişlər, bu səbəbdən iddiaçı məcbur qalaraq 18.08.2020-ci il tarixdən ərizəsini yazaraq işdən çıxarılmasını xahiş etmişdir, həm Əmək Məcəlləsinin, həm də Əmək müqaviləsinin tələbləri işəgötürən tərəfindən kobud şəkildə pozulmasına baxmayaraq işə bərpa olunması barədə müraciət etmir, lakin ona, tərəflər arasında bağlanmış əmək müqaviləsinin tələblərinə uyğun olaraq işəgötürən tərəfindən ödənilməli olan məbləği və onun tərəfindən vurulmuş maddi və mənəzi ziyanı tələb edir, belə ki, Əmək müqaviləsinin 5.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, işəgötürən iddiaçıya hər iş günü üçün təqdim edilməli olan 7 manat məbləğində yemək pulu ödəməlidir, bu ödəniş yanvar ayı üzrə 2 həftəlik yerinə yetirilmiş, fevral ayından başlayaraq isə qalan işlədiyi bütün dövr ərzində ona müqavilə şərtlərində qeyd olunan yemək pulu ilə əlaqədar hər hansı ödəniş edilməmişdir, həmçinin Əmək müqaviləsinin 5.1.4-cü maddəsinə əsasən iş vaxtından əlavə vaxtlarda işə çıxdığı müddət ərzində ona hər hansı ödəniş də edilməmişdir, halbuki istər bayram günləri, istərsə də istirahət vaxtı işə çağırılmasına və əlavə iş vaxtına görə ödənişlərin veriləcəyi vəd edilmişdir, iddiaçının 01.02.2020-ci il tarixindən 18.08.2020-ci il tarixə kimi iş günlərinin sayı 128 gün, iş saatlarının sayı 1019 saat təşkil etmişdir. Vəkil, həmçinin izahatında bildirdi ki, iddiaçının məcburiyyət qarşısında qalaraq işdən çıxarılması, ona heç bir əlavə ödəniş verilməməsi, işsiz qalması, ona dəymiş maddi ziyanla yanaşı, müxtəlif xəstəliklərə və əsəb sisteminin pozulmasına gətirib çıxaran xəstəliklərə səbəb olmuşdur, bu səbəbdən hesab edir ki, ona bir illik əmək haqqı həddində, yəni 6000 manat məbləğində mənəvi ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir, belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 6.1-ci bəndində qeyd edilnmişdur ki, bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır, qeyd olunmalıdır ki, cavabdeh 16.01.2020-ci il tarixli əmək müqaviləsi üzrə yaranmış borcu vaxtında ödəməməklə dəbbə pulunun ödənilməsi öhdəliyini də yaratmışdır, yəni cavabdeh 18.08.2020-ci il tarixindən 03.06.2021-ci il tarixinə qədər ödənilməli olan məbləği 285 gün geçikdirmişdir ki, bu da gecikdirilən gün üçün 1% olmaqla 2912,70 manat məbləğində dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir, iddia tələbində ödənilməmiş yemək puluna dair tələbi 1022 manat olsa da, sonradan tələbi dəqiqləşdirərək 896 manatla əvəz edir. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi A.Y.Həsənzadə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 18 avqust 2020-ci il tarixli əmrə əsasən iddiaçı tutduğu vəzifədən tərəflərdən birinin təşəbbüsü ilə (öz yazılı ərizəsi ilə) azad olunmuşdur, iddiaçının iddia ərizəsində qeyd etdiyi ona ödənilməli olan ümumi məbləğin heç bir qismi ilə razılaşmır və iddianı bütövlükdə əsassız hesab edir, belə ki, iddiaçı ilk əvvəl ona əmək müqaviləsi əsasında ödənilməli olan 7 manat məbləğində yemək puluna dair məlimatı X2 mövcud olan elektron bildirişinə əlavə etməli olduğu halda etməmişdir, o bunu vergi və tutulmalara cəlb olunmaması üçün etməmişdir, lakin buna baxmayaraq, işəgötürən tərəfindən iddiaçıya işlədiyi dövr ərzində ödənilməli olan yemək pulu tam həcmdə nağd şəkildə ödənilmişdir, həmçinin iddiaçının öhdəliyin gecikdirilməsi halında ödənilməli olan dəbbə pulu ilə bağlı hər hansı bir müddəa tərəflər arasında bağlanan Əmək Müqaviləsində nəzərdə tutulmadığından iddia tələbi bu hissədə də əsassızdır, iddiaçının 01.02.2020-ci il tarixindən 18.08.2020-ci il tarixə kimi iş günlərinin sayı 128 gün, iş saatlarının sayı 1019 saat təşkil edir. Sonda A.Y.Həsənzadə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan 16.01.2020-ci il tarixli Əmək müqaviləsindən görünür ki, Cavabdeh MMC (işəgötürən) ilə İddiaçı (işçi) arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır, əmək müqaviləsinin şərtlərinə görə işəgötürən işçiyə hər ay 500 manat məbləğində əmək haqqı ödəyir, həmin müqavilənin 5.1.4-cü maddəsinə əsasən, “işçi” iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə ona Əmək Məcəlləsi ilə müəyyən edilən qaydada hesablanmış əlavə əmək haqqı verilir. Həmin müqavilənin 5.1.6-cı maddəsinə əsasən, işçiyə işəgötürən tərəfindən günlük iş günləri üçün əmək haqqı məbləğindən əlavə olaraq (istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günləri istisna olmaqla) 7 (yeddi) manat məbləğində yemək pulu ödənilir. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair Məlumatdan görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi 16.01.2020-ci il tarixli xxxxxxx000500 nömrəli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan 14.08.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı onunla əmək müqaviləsinə 18.08.2020-ci il tarixdən xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan “İşdən azad etmə haqqında” 017/20-K nömrəli Əmrdən görünür ki, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi 18.08.2020ci il tarixdən, AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) ləğv edilmişdir. İş materiallarında olan İddiaçı 18.08.2020-ci il tarixdə imzaladığı izahatından görünür ki, o, Cavabdeh MMC-dən iyul ayı üçün 461,5 AZN, avqust ayı üçün 260,13 AZN, son haqq-hesab 275,68 AZN, cəmi 995,91 AZN təhvil almışdır. İş materiallarında olan Cavabdeh MMC-nin iş saatı uçotu tabelindən görünür ki, İddiaçı 01.02.2020-ci il tarixindən 18.08.2020-ci il tarixə kimi iş günlərinin sayı 128 gün, iş saatlarının sayı 1019 saat təşkil edir. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-yə ünvanladığı pretenziyadan görünür ki, cəmi 10006,24 manat məbləğində pulun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında 16.01.2020-ci il tarixində bağlanmış müddətsiz əmək müqaviləsi əsasında iddiaçı Cavabdeh MMC-yə HR Menecer vəzifəsinə işə qəbul olunmuşdur, işçinin aylıq əmək haqqı 500 manatdır, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 18.08.2020-ci il tarixdən xitam verilmişdir, İddiaçı son haqq-hesab məbləğini təhvil almışdır, iddiaçının 01.02.2020-ci il tarixindən 18.08.2020-ci il tarixə kimi iş günlərinin sayı 128 gün təşkil edir, əmək müqaviləsi üzrə işçiyə işəgötürən tərəfindən günlük iş günləri üçün əmək haqqı məbləğindən əlavə olaraq 7 manat məbləğində yemək pulu ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, cavabdehin nümayəndəsinin “cavabdeh tərəfindən iddiaçıya işlədiyi dövr ərzində ödənilməli olan yemək pulunun tam həcmdə nağd qaydada ödənilməsinə dair” dəlillərinə münasibətdə qeyd edir ki, bu hallar sübutetmə yükü ilə bağlıdır və cavabdeh öz dəlillərinin əsası kimi istnad etdiyi hallarla bağlı sübut etmə vəzifəsi daşıyır, lakin cavabdeh tərəfindən əmək müqaviləsinin qüvvədə olduğu dövr ərzində işçiyə ödənilməli olan yemək pulunun tam həcmdə ödənilməsini təsdiq edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, “yemək pulunun ödənilməsi barədə” öhdəliyə dair müddəalar tərəflər arasında bağlanmış əmək müqaviləsində nəzərdə tutulduğundan və belə öhdəliyin cavabdeh tərəfindən yerinə yetirilməsini təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbi həmin hissədə əsaslıdır və məhkəmə tərəfindən təmin olunmalıdır. Məhkəmə, həmin məbləğin miqdarına münasibətdə qeyd edir ki, bu məbləğ, yemək pulunun ödənilməməsi barədə mübahisələndirilən 01.02.2020-ci il tarixdən 18.08.2020-ci il tarixi əhatə edən 128 iş gününə uyğun olaraq hesablanmalıdır (128 iş günü X 7 manat yemək pulu = 896 manat). Məhkəmə, iddia tələbinin “6000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, bunu təsdiq edən hallar iddiaçının sübutetmə yükü ilə bağlıdır və o bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin iş materiallarına buna dair sübutlar əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı deyil və buna görə də təmin oluna bilməz. Məhkəmə, iddia tələbinin “öhdəliyin geçikdirilməsi nəticəsində hesablanmış 2912,70 manat məbləğində dəbbə pulunun və bank uçot faiz dərəcəsi kimi hesablanmış 71,54 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə də hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı deyildir və ona görə də təmin olunmamalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcələnin 3-cü madəsinin 4-1-ci hissəsinə əsasən, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda (eyni zamanda hər üçü olduqda) tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə əsasən, işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 288-ci maddəsinin “d” bəndinə əsasən, bu Məcəllə ilə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Həmin Məcəllənin 292.1-ci maddəsinə əsasən, işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə gorə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ. İV. Vİ hissələri). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 896 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdeh tərəfindən dövlət rüsumunun ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 896 (səkkiz yüz doxsan altı) manat pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 30 manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar