Məhkəmə qərarları › İş №e-2(011)-5948/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5948/2025

27.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5948/2025 27.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında olan əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin müvafiq elektron informasiya sistemində yerləşdirmək vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi və cavabdeh "xxxx" MMC-dən dəymiş maddi zərərin əvəzi olaraq 1600 (min altı yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən 2024-cü ilin dekabr ayından iddiaçının əmək haqqısı ödənilmir. İddiaçı tərəfindən uzun müddətdir ki, işdən çıxarılma barədə ərizə verilsə də, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilmir. Nəticədə iddiaçı nə əmək haqqı ala bilmir, nə də başqa yerdə işə başlaya bilmir. Bundan başqa 03 mart 2025-ci il tarixdə əmək müqaviləsinin müddəti bitmişdir. Cavabdehin əmək haqqı 400 manatdır. 2024-cü ilin dekabr ayından əmək haqqı ödənilmir. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də anbardar vəzifəsində aylıq 400 manat əmək haqqı alır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arayışına əsasən İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin müddəti xx.xx.2025-ci il tarixdə bitmişdir. İşçinin aylıq əmək haqqı 400 manat təşkil etmişdir. N02/25 xx.xx.2025-ci il tarixdə İddiaçı "xxxx" MMC-nin X1 tərəfindən rəsmi müraciət olunaraq bildirilmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixindən işə gəlmir və işə gəlməməyi barədə məlumat verməmişdir. Üç təqvim gün müddətinə işə gəlmədiyinə və əmək funksiyalarını davam etdirmədiyi halda Əmək Məcəlləsinin 70-ci maddəsinə “ç” bəndinə uyğun olaraq aralarında olan Əmək müqaviləsinə xitam veriləcəkdir. N05/25 xx.xx.2025-ci il tarixdə İddiaçı "xxxx" MMC-nin X1 tərəfindən rəsmi müraciət olunaraq bildirilmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixindən işə gəlmir və işə gəlməməyi barədə məlumat verməmişdir. Üç təqvim gün müddətinə işə gəlmədiyinə və əmək funksiyalarını davam etdirmədiyi halda Əmək Məcəlləsinin 70-ci maddəsinə “ç” bəndinə uyğun olaraq aralarında olan Əmək müqaviləsinə xitam veriləcəkdir. N09/25 xx.xx.2025-ci il tarixdə İddiaçı "xxxx" MMC-nin X1 tərəfindən xəbərdarlıq ilə müraciət olunaraq bildirilmişdir ki, iddiaçı işə üzun müddətdir üzürsüz səbəb olmadan gəlmədiyi, təhvil təslim etmədiyi səbəbindən cəmiyyətin rəhbərinin müvafiq əmri ilə müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırılmışdır. Öhdəsində olan mal (anbar) qalıqlarının hesablanaraq təhvil-təslim edilməsi zərurəti yaranmışdır. Hazırki bildirişi aldıqdan sonra dərhal 1 (bir) iş günündən gec olmayaraq qeyd olunan nömrə ilə əlaqə saxlayıb mal (anbar) qalıqlarının təhvil təslim edilməsi üçün şirkətin nümayindəsi ilə bilrlikdə iş dövründə alınan və satılan malların qarşılıqlı hesabatını apararaq təhvil-təslim etməyi tələb edilmişdir. Hazırki bildirişə iddiaçı qəbul etdiyi gündən 1 (bir) iş günü ərzində münasibət bilidirilmədiyi təqdirdə mal (anbar) qalıqlarının sayılıb hesablanması iştirakı olmadan həyata keçiriləcək yə hər hansı çatışmamazlıq aşkar edildiyi təqdirdə qanunvericiliyin tələblərinə müvafiq olaraq tədbir görüləcəkdir. Azərbaycan Respublikası Cavabdeh “İşdən kənar edilməsi” haqqında 01/25 saylı, 25 fevral 2025-ci il tarixli əmrə əsasən, cəmiyyətin anbardarı olan İddiaçı işinə laqeyd yanaşması ilə müvəqqəti olaarq tutduğu vəzifədən kənarlaşdırılması, İddiaçı üzürlü səbəb olmadan işdə olmadığı tarixindən əmək haqqı hesablanmaması əmr edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən verilən 26 avqust 2025-ci il tarixli, 3-17-5/2-76413/2025 nömrəli müraciətə dair məktubna əlavə edilmiş “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixdə əlavə edilmiş xxxxxxx000100 saylı bildirişə əsasən İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə müddətli müqavilə bağlanmışdır. Həmin müqavilə hazırda qüvvədən düşmüşdür. xx.xx.2024-cü il tarixdə əlavə edilmiş xxxxxxx000101 saylı bildirişə əsasən İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilə hazırda qüvvədədir. İş materiallarında olan Bakı 08 saylı Mediasiya təşkilatı tərəfindən verilən xx.xx.2025ci il tarixli, MŞB/8/2025-00788 saylı “Mediasiya prosesinə xitam verilməsi haqqında” protokoldan görünür ki, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə mümkün olmamışdır. İddianın hüquqi əsası: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Vİİ. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Vİİİ. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq; b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; c) iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq; d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; o) elektron informasiya sistemindən əmək müqaviləsini, habelə əmək münasibətlərinə (iş yeri, əməkhaqqı və s.) dair arayışları real vaxt rejimində əldə etmək Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; h) əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla); k) elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək;

2. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir.

Maddə 45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi

1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.

2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanılacaq əmək müqaviləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində qeydə alınmış işçi və işəgötürən barədə əmək münasibətlərinə dair məlumatların elektron informasiya sisteminə ötürülməsi əsasında elektron sənəd formasında avtomatlaşdırılmış qaydada formalaşır və formalaşan tarixdən 3 (üç) iş günündən gec olmayaraq, tərəflərin gücləndirilmiş elektron imzası vasitəsilə imzalanır. Bu halda əmək müqaviləsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir.

3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir.

4. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Bu zaman əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeyd aparılır.

5. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz.

Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası (28 iyun 2024-cü il tarixədək qüvvədə olan redaksiya)

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

Maddə 195. İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı hallar İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə; ç) əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə; d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; g) işçi seksual qısnamaya məruz qaldıqda.

Azərbaycan Respublikasının Mülki Məcəllləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2023-cü ildə bağlanmış müddətli əmək müqaviləsi əsasında iddiaçı xx.xx.2023-cü ildən xx.xx.2025-ci il tarixədək sözügedən müəssisədə anbardar vəzifəsinə işə qəbul edilmişdir. Tərəflərin izahatı əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, iddiaçı 2024-cü ilin dekabr ayından işə gəlməmişdir. İddiaçı öz arzusu ilə işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə işəgötürənə müraciət etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. O, 2024-cü ilin dekabr ayından işə getməmişdir. Digər tərəfdən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı 2024-cü ilin dekabr ayından işə gəlməmişdir. O, 2025-ci ilin fevral ayında işdən çıxmaq istədiyini bildirmişdir. Bununla bağlı ona rəsmi xəbərdarlıq edilmişdir ki, işə gəlsin, ona etibar edilmiş malların təhvil-təslimini həyata keçirtsin, malların sayımında iştirak etsin. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2025-ci ildə bitmişdir. Buna baxmayaraq cavabdeh təşkilat tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Məhkəməyəqədər keçirilmiş əmək müqaviləsinə xitam verilməsi və təzminatın ödənilməsi ilə bağlı mediasiya prosesi zamanı iddiaçı tərəfindən bir daha əmək münasibətlərinin davam etmək istəmədiyi və əmək müqaviləsinə xitam verilməsi tələbi işəgötürənə bildirilmişdir. Lakin işə götürən tərəfindən əmək müqaviləsinə yenə də xitam verilməmişdir. Tərəflər arasında əmək münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətinin bitdiyi tarixə, yəni xx.xx.2025-ci il tarixinə, tərəflər arasından olan əmək münasibətlərinə faktiki olaraq xitam verildiyi və işçi tərəfindən işə götürənə əmək müqaviləsi xitam verilməsi ilə bağlı niyyəti bəlli edildiyi halda, tərəflər arasında bağlanmış sözü gedən əmək müqaviləsinə, müqavilənin bitdiyi tarixdən xitam verilmiş hesab edilməlidir. Belə olan halda, Cavabdeh MMC-nin iddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilməməsi işəgötürən tərəfindən hüquqlarından sui-istifadə edərək işçinin əmək hüquqlarının pozuntusu kimi qiymətləndirilməlidir. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəmə iclasında verilən izahatlar da işə götürən tərəfindən işçinin hüquqlarının qərəzli olaraq pozulduğuna dəlalət edir. Belə ki, məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili məhkəmə iclasında bildirmişdir ki, mediasiya prosesi zamanı İddiaçı gələcəyi¸ malların sayımının aparılacağı, işəgötürənə dəymiş maddi zərərin ödəniləcəyi, ərizənin veriləcəyi və bundan sonra tərəflər arasında bağlanmış əmək müqaviləsinə işə götürən tərəfindən xitam veriləcəyi barədə razılıq əldə edilmişdir. Lakin iddiaçı razılaşmaya əməl etməmişdir və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. O, həmçinin izahatında göstərmişdir ki, iddiaçı gəlsin, dəymiş zərəri ödəsin, ondan sonra onunla bağlanmış əmək müqaviləsi xitam verilə bilər. Əmək Məcəlləsinin 4-1-ci maddəsində verilən tərifə əsasən, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 415/2025 nömrəli xx.xx.2025-ci il tarixli Qərarına istinadən qeyd edir ki, əmək münasibətləri müstəsna olaraq işçinin razılığına əsasən yaranır və davam etdirilir. Çünki əmək münasibətləri əmək azadlığı və əmək müqaviləsi azadlığı prinsiplərindən irəli gəlir. İşçi əmək münasibətlərini davam etdirmək istəmədiyi halda onunla əmək müqaviləsinə xitam verilməsini tələb etmək hüququna malikdir və işəgötürən bu təqdirdə bir ay müddətində onunla əmək müqaviləsinə xitam verməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh MMC qanun pozuntusuna yol verərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş zəruri tədbirləri aparmayaraq, iddiaçının əmək hüquqlarını pozmuşdur. Bunun nəticəsində İddiaçı maddi zərər dəymişdir. Belə ki, iddiaçı onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin elektron informasiya sistemində yerləşdirilməməsi səbəbindən adında aktiv əmək müqaviləsi olduğu üçün başqa işə düzələ bilməsi mümkün olmamışdır. Digər tərəfdən işəgötürən tərəfindən “İşdən kənar edilməsi” haqqında 01/25 saylı, 25 fevral 2025-ci il tarixli əmrə əsasən, İddiaçı müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırılması, İddiaçı üzrlü səbəb olmadan işdə olmadığı tarixindən əmək haqqı hesablanmaması əmr edilmişdir. Bununla da işəgötürən Cavabdeh MMC işçini əmək fəaliyyəti ilə məşğul olaraq qanuni qazanc əldə etmək imkanından məhrum etməklə, maddi təminatsız buraxmışdır. Beləliklə, işçi hər hansı əmək fəaliyyəti ilə məşğul ola bilməmiş, ona maddi ziyan dəymişdir. Odur ki, İddiaçı maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin maddi zərərin əvəzinin hesablanması müddətli əmək müqaviləsinin müddətinin bitdiyi tarixdən, yəni 03 mart 2025-ci il tarixdən, iddiaçının məhkəməyə müraciət etdiyi, yəni 07 iyul 2025-ci il tarixədək aparılmalıdır. İddiaçının "xxxx" MMC-də aylıq əmək haqqı qeyd edilən dövrdə minimum aylıq əmək haqqı (400 manat) nəzərə alınaraq, cavabdehdən iddiaçının xeyrinə dəymiş zərərin əvəzi olaraq ümumilikdə 1600 manat pul vəsaiti tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında olan əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. Əmək müqavilələrinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin müvafiq elektron informasiya sistemində yerləşdirmək vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilsin. Cavabdeh "xxxx" MMC-dən dəymiş maddi zərərin əvəzi olaraq 1600 (min altı yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar