Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5951/2025 12.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi İddiaçı Cavabdehnə qarşı iddiaçının əmək münasibətlərinə xitam verilməsinin qanunsuz hesab edilməsi, əvvəlki iş yerinə bərpa olunması, işəgötürənlə müddətsiz əmək müqaviləsinin bağlanılması və ödənilmiş mükafatlar da daxil olmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, 2022-ci ildən etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan Cavabdeh Lənkəran X4 İdarəsində vicdanla, yüksək məsuliyyətlə çalışmışdır. Məsuliyyət daşıdığı sahə-qazın balansı, satış və müştəri xidmətləri şöbəsində, vətəndaşlarla birbaşa təmasda olan, qeydiyyat, ad dəyişikliyi, sənədlərin sistemə daxil edilməsi və onların hüquqi əsaslarla cavablandırılması kimi həssas və diqqət tələb edən bir vəzifə idi. İllərlə bu vəzifəni təmizliklə, sədaqətlə, bir gün belə intizamsızlıq olmadan icra etmişdir. Rəhbərliyi də bu illər ərzində iddiaçının fəaliyyətinə heç bir iradı olmayıb. Əksinə, məsuliyyətinə görə dəfələrlə təşəkkür eşitmişdir. Lakin bu əməkdaşlığın sonunda başına gələnlər nəinki iddiaçının hüquqlarını, həm də insaniyyətə olan inamımı sarsıtdı. 2024-cü ilin dekabr ayında rəsmi “WhatsApp” vasitəsilə daxil olan ad dəyişikliyi ilə bağlı sənədlər iddiaçı tərəfindən sistemə daxil edildi. Sənədlərin içərisində alqı-satqı müqaviləsi, abonent məlumatları, şəxsiyyət vəsiqəsi və digər hüquqi əsaslı sənədlər vardı. Həmin ad dəyişikliyi əsasında qeydiyyat sistemində dəyişiklik edilib, sayğacın dəyişdirilməsi və plomb vurulması kimi texniki əməliyyatlar isə sahə üzrə texniki əməkdaşlar tərəfindən həyata keçirilib. İddiaçının bu əməliyyatlarda fiziki iştirakı belə olmayıb. Abonent adı dəyişdirildikdən və sistemə tam şəkildə oturduqdan beş ay sonra – 2025-ci il may ayının 5-də, iddiaçıya rəhbərlik tərəfindən şifahi şəkildə bildirilmişdir ki, guya bu dəyişiklik saxtakarlıq əsasında həyata keçirilib və bu sənədləri qəsdən sistemə daxil edərək hüquqazidd əməl törətmişdir. İddiaçının heç bir hüquq pozuntusu etmədiyi halda ona açıq şəkildə hədə-qorxu gəlinərək bildirilmişdir ki, əgər öz ərizəsi əsasında işdən çıxmasa, barəsində cinayət işi başlanacaq, məsələni hüquq-mühafizə orqanlarına yönəldəcəklər, “nə qədər canın varsa, çıx get”. Bu cümləni eşidəndə illərlə halal zəhmətiylə çalışdığı sistemin bu qədər amansız olacağına inanmamışdır. Rəhbər şəxslərdən biri tərəfindən açıq şəkildə deyilmişdir ki, “Ya ərizəni yaz, ya da səni tutdurarıq. Hər iki halda gedəcəksən. Öz adınla getsən,adın qalacaq. Bizə sən lazım deyilsən.” Bu şəraitdə iddiaçıya verilən “seçim” sadəcə təzyiq, qorxu və şəxsi ləyaqətinə yönəlmiş təhqir idi. İddiaçının öz ərizəsiylə yazaraq işdən ayrılmağı faktiki olaraq azad iradəsinin nəticəsi deyildi, məhv edilən psixoloji durumumun təzahürü idi. Daha dəhşətlisi odur ki, bu hadisədən sonra iddiaçıya və ailəsinə qarşı TikTok platforması üzərindən təhdid və ləkələmə mesajları göndərildi. Orada ünvanı, ailə üzvləri, şəxsi həyatı barədə məlumatlar yayıldı və iddiaçıya qarşı alçaldıcı sözlər yazıldı. Bu artıq təkcə hüquqi məsələ deyil-bu insani ləyaqətin tapdanması, bir ailə atasının təhlükəsizliyinə və ruhi sağlamlığına yönəlmiş açıq hücumdur. Hal-hazırda işsizdir, ailəsinin maddi vəziyyəti ağırdır. Heç bir təşkilat bu barədə yayılan böhtan və əsassız iddialardan sonra iddiaçı ilə əmək müqaviləsi bağlamaq istəmir. İddiaçı ailə başçısıdır, ikiazyaşlı övladı var. Uşaqlarına bu ölkədə ədalətin var olduğunu göstərmək üçün bu addımı atıram. İllərlə dövlət adına xidmət etmiş, dövlət müəssisəsində halal zəhməti ilə çörək qazanmış bir vətəndaş bu gün təzyiqlə, böhtanla, hüquqazidd üsullarla küçəyə atılırsa, bu artıq təkcə fərdi məsələ deyil – bu əhalinin sosial ədalətə olan inamına zərbədir. Cavabdehin etirazının dəlilləri: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3- cü hissəsinə əsasən İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 64 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə Lənkəran X4ı İdarəsinin xx.xx.2025-ci il tarixli 14-2-2- 10/3-1K-28/2025 saylı əmri qanuni və əsaslıdır. İddiaçı xx.xx.2025-ci il tarixdə Lənkəran RQİİ-yə ərizə ilə müraciət edərək başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün xx.xx.2025-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir.Onun ərizəsi əsasında xx.xx.2025-ci il tarixli 14-2-2- 10/3-1K-28/2025 saylı əmrlə onunla bağlanmış 64 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə işdən azad olunması ilə əlaqədar onunla bağlanmış Əmək Müqaviləsinin ləğv edilməsi haqqında əmrlə tanış olmaqla, əmək kitabçasını “əmək kitabçasının və onun içliyinin hərəkətlərinin uçotu” kitabına imza edərək təhvil almışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası aşağıdakılardır: 1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. 7. İşəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. İddiaçı izah edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69- cü maddəsinin tələblərinə uyğun olaraq işçi əmək müqaviləsinin ləğv olunması barədə işəgötürənə təqdim etdiyi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə xəbərdarlıq müddəti (bir ay) bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmə barədə işəgötürənə yeni ərizə ilə müraciət edə bilər. Lakin İddiaçı əmək münasibətlərini dayandırmaq istədiyi barədə idarəyə təqdim etdiyi məlum ərizəsində işdən çıxmaq istədiyi günü - yəni, xx.xx.2025-ci il tarixi konkret olaraq göstərdiyinə görə əmək müqaviləsinin ləğv olunması üçün nəzərdə tutulmuş 1 ay xəbərdarlıq müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cü maddəsinin tələblərinə uyğun olaraq ona şamil olunmur. İddiaçı “əmrdən mediasiya qədər olan müddət 22 gün” “arayışdan məhkəməyə qədər olan müddət ” 20 gün ümumilikdə iddia müddətinin axımı 42 gün etmiş, bununlada iddia müddəti ötürülmüşdür. Etirazda, göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 154.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Xahiş Edirəm İddiaçı Cavabdeh İB-yə qarşı əmək münasibətlərinə xitam verilməsinin qanunsuz hesab edilməsi, əvvəlki iş yerinə bərpa olunması, işə götürənlə müddətsiz əmək müqaviləsinin bağlanması və ödənilmiş mükafatlar daxil olmaqla məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamənin qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddianın müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, tərəfindən cavabdeh təşkilat Cavabdeh İB-nə mediasiya təklifi göndərilməmiş, o, birbaşa mediasiya təşkilatına müraciət etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 64 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdehndə icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinə 5-ci dərəcəli tapşırıqların icrasına nəzarət üzrə müfəttiş vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi bir il müddətinə xx.xx.2023-cü il tarixinədək bağlanmışdır. İşçinin əmək haqqı 539 manat məbləğində müəyyən edilmişdir. İddiaçı 05 may 2025-ci il tarixdə Cavabdehnə ərizə ilə müraciət edərək, başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün 05 may 2025-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. 05 may 2025-ci il tarixli, 14-2-2-10/3-1K-28/2025 saylı əmrinə əsasən, İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 64 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”dan görünür ki, İMS haqqında tərəflərə bildirişlər xx.xx.2025-cı il tarixində göndəriliş, İMS isə xx.xx.2025-ci il tarixində keçirilmişdir. Mediasiya təklifinin tarixi barədə məlumat qeyd edilməmişdir. İlkin mediasiya sessiyası üçün ərizənin tarixi xx.xx.2025-ci ildir. İddia tələbinin hüquqi əsası Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 45. Əmək müqaviləsinin müddəti
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 3-1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləyən arvadının (ərinin) ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsi əsası; həmin əsasla əmək müqaviləsinin ləvğ edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv ediləm gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
Maddə 380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi:
Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamaqla Cavabdehnə işə qəbul edilmiş, 05 may 2025-ci il tarixdə Cavabdehnə ərizə ünvanlayaraq başqa işəgötürənlə əmək müqaviləsi bağladığından elə həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının ərizəsi əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cü maddəsinin 1-ci hissəsinə əsasən İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 64 saylı əmək müqaviləsinə xitam verilmiş, iddiaçı həmin gün əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlə tanış edilmiş və əmək kitabçası “əmək kitabçasının və onun içliyinin hərəkətini uçotu” kitabına imza etməklə iddiaçıya təhvil verilmişdir. Daha sonra iddiaçı 08 may 2025-ci il tarixdəCavabdehnə ərizə ünvanlayaraq işdən azad edilməsinə dair 05 may 2025-ci il tarixli ərizənin geri götürülməklə etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin iddiaçı 05 may 2025-ci il tarixli ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü qeyd etdiyi üçün, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işçi tərəfindən əmək müqaviləsinin ləğv olunması üçün nəzərdə tutulmuş 1 ay xəbərdarlıq müddəti ona şamil edilməmişdir. Beləlilklə, İddiaçı işdən azad edilməsinə dair Cavabdeh 05 may 2025-ci il tarixli, 14- 2-2-10/3-1K-28/2025 saylı əmri qanuni və əsaslı olmuşdur. İddiaçı işdən azad edilməsi barədə 05 may 2025-ci il tarixli ərizəni hədə-qorxunun təsiri altında, öz iradəsinə uyğun yazmadığını iddia etsə də, Cavabdeh rəhbərliyi tərəfindən iddiaçıya işdən azad edilməsi barədə ərizə yazması üçün hədə-qorxu edildiyinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının işəgötürənlə müddətsiz əmək müqaviləsinin bağlanılması tələbinə münasibətdə qeyd edir ki, hazırki tələb iddiaçının əmək münasibətlərinə xitam verilməsinin qanunsuz hesab edilməsi, əvvəlki iş yerinə bərpa olunması tələblərindən irəli gəldiyindən həmin tələblər təmin edilmədiyindən, işəgötürənlə müddətsiz əmək müqaviləsinin bağlanılması tələbi də təmin edilə biməz. Eyni zamanda iddiaçının əmək münasibətlərinə xitam verilməsinin qanunsuz hesab edilməsi, əvvəlki iş yerinə bərpa olunması onunla yeni əmək müqaviləsinin bağlanması ilə deyil, daha əvvəlki əmək müqaviləsinin yenidən qüvvəyə minməsi ilə nəticələnə bilər. Odur ki, iddia işəgötürənlə müddətsiz əmək müqaviləsinin bağlanılması tələbinə münasibətdə də təmin edilməməlidir. Digər tərəfdən məhkəmə hesab edir ki, iddiaçı pozulmuş hüquqlarının bərpası ilə məhkəməyə qanunvericliklə müəyyən edilmiş iddia müddətini ötürməklə müraciət etdiyindən onun hazırki iddiası iddia müddəti tətbiq edilməklə də rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 05 may 2025-ci il tarixli, 14-2-2-10/3-1K-28/2025 saylı əmr iddiaçıya elə həmin gün təqdim edilmişdir. Bu hal iddiaçının özünün məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq edilir. Eyni zamanda iddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehə mediasiya təklifi göndərmədiyini, birbaşa mediasiya təşkilatına müraciət etdiyini etiraf etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə Lənkəran 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, iddiaçı “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə xx.xx.2025-cü il tarixdə arayış təqdim edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2025-ci il tarixində müraciət etmişdir. Göründüyü kimi, hazirki iddia məhkəməyə qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ötürülməklə verilmiş, iddiaçı tərəfindən isə iddia müddətinin ötürülməsi səbəbinin üzrlü hesab edilməsi barədə ərizə təqdim edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı mübahisəyə 1 aylıq iddia müddəti tətbiq edilməklə də, İddiaçı Cavabdehnə qarşı iddiaçının əmək münasibətlərinə xitam verilməsinin qanunsuz hesab edilməsi, əvvəlki iş yerinə bərpa olunması, işəgötürənlə müddətsiz əmək müqaviləsinin bağlanılması və ödənilmiş mükafatlar da daxil olmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi:
İddiaçı Cavabdehnə qarşı iddiaçının əmək münasibətlərinə xitam verilməsinin qanunsuz hesab edilməsi, əvvəlki iş yerinə bərpa olunması, işəgötürənlə müddətsiz əmək müqaviləsinin bağlanılması və ödənilmiş mükafatlar da daxil olmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova