Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6000/2025 14.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X1, ərizəçi İddiaçı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” haqqında ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi İddiaçı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Babayev Rauf Arzu oğluna sağlamlıq imkanları məhdud, anadangəlmə spastik serebral iflic, mikrosefaliyadan əziyyət çəkən uşaq kimi 17 may 2002-ci il tarixindən 23 noyabr 2012-ci il tarixinə kimi, yəni vəfat edənə qədər heç bir yerdə əmək fəaliyyəti ilə məşğul olmadan qulluq etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 306.1-ci maddəsinə əsasən Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının. 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərt kimi müəyyən edir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, ərizəçi İddiaçı yaşayış yeri Qəbələ rayonu, Bum qəsəbəsi Ərazi dairəsi, Bum qəsəbəsi olsa da, ərizəçi qanunun tələblərinə riayət etməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bununla yanaşı ərizəçi ərizəni Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət etmədən tərtib etmiş, mülki iş üzrə maraqlı şəxsi göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), poçt ünvanları, iddia tələbi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.3-cü maddəyə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından 14221303 təsnifat kodlu dövlət büdcəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına 08 iyul 2025-ci il tarixdə ödənilmiş ********** qəbz nömrəli 100 manat dövlət rüsumu geri qaytarılmalıdır Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 267-269-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Ərizəçi İddiaçı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəçi İddiaçı tərəfindən Hökümət ödəniş portalı vasitəsilə 14221303 təsnifat kodlu dövlət büdcəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına 08 iyul 2025-ci il tarixdə ödənilmiş ********** qəbz nömrəli 100 manat dövlət rüsumu geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-6000/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6000/2025
14.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver