Məhkəmə qərarları › İş №e-2(011)-603/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-603/2025

07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-603/2025 07.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı CY6 8618 nömrəli mənzil üzrə Cavabdeh 2392,45 manat (iki min üç yüz doxsan iki manat qırx beş qəpik) borcun və iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 43,93 manat dövlət rüsumunun tutularaq İddiaçı "xxxx" MTK-nın hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə / Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 151 ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən Kortyard 6 saylı binanın 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 111,7 kv.m. olan 8618 saylı mənzilin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli, CY6-239/23 saylı müqavilə imzalanmışdır. Eyni zamanda cavabdeh ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixli CY6-239/23 saylı çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında müqavilə (bundan sonra “Xidmət müqaviləsi” adlanacaq) imzalanmışdır. İddiaçı qeyd olunan mənzili cavabdehə xx.xx.2023cü il tarixli təhvil-təslim aktı ilə təhvil vermişdir. Odur ki, mənzil üzrə xidmət haqqı 2023-cü ilin mart ayından etibarən hesablanmağa başlanmışdır. Hazırda cavabdehin 2023-cü ilin oktyabr ayından başlayaraq, 2024-cü ilin sentyabr ayı da daxil olmaqla 12 aylıq dövr üçün ödənilməmiş borcu yaranmışdır. İddiaçı bildirmişdir ki, 2024-cü ilin sentyabr ayı da daxil olmaqla, cavabdehin 8618 saylı mənzilə görə xidmət haqqı üzrə əsas borcu 2010,60 manat təşkil edir. Xidmət haqqı borcunun gecikdirilməsinə görə xx.xx.2024-cü il tarixinə hesablanmış ümumi dəbbə pulu 381,85 manat təşkil etməklə, toplamborc 2392,45 manat təşkil edir. Borcla bağlı borc cədvəlini iddia ərizəsinə əlavələrdə təqdim edilmişdir. İddiaçı cavabdehi xidmət haqlarının ödənilməsi barədə dəfələrlə xəbərdarlıq etmişdir. Belə ki, cavabdehə xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli bildiriş məktubları göndərilmiş, habelə şifahi şəkildə də xəbərdarlıqlar edilmişdir. Bunlara baxmayaraq, cavabdeh bildirişlərə məhəl qoymamış və indiyə qədər xidmət haqqının bir hissəsinin ödənilməsindən yayınmaqdadır. Göründüyü kimi iddiaçı üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və icra etməkdə davam edir, lakin cavabdeh müqavilələr üzrə xidmət haqqının ödənişindən yayınmaqdadır. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddianın dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək bildirmişdir ki, e-2(011)-603/2025 saylı mülki iş üzrə Cavabdeh MTK-ya indiyə kimi CY6 8618 saylı mənzilə xidmət haqqı üzrə 167,55 manat vəsait ödəmişdir. Bununla əlaqədar cavabdehin hazırda hazırki iş üzrə qalıq əsas borcu 1843,05 manat, həmin borcun gecikdirilməsinə görə xx.xx.2024-cü il tarixinə hesablanmış cərimə borcu 321,53 manat olmaqla, cəmi borcu 2164,58 manat təşkil edir. Bundan əlavə qeyd etmişdir ki, iddiaçı öz hüquqlarının müdafiəsi, məhkəmə hüquq və maraqlarının müdafiə edilməsi, eləcə də onun adından çıxış etməsi üçün Vəkil ilə müqavilə bağlamış və vəkilə göstərilən xidmətlərə görə 120 manat (bir yüz iyirmi manat) haqq ödəmişdir. İddia ərizəsi üzrə tələbin qismən təmin edildiyini nəzərə alınmağını və e-2(011)-603/2025 saylı mülki iş üzrə Cavabdeh CY6 8618 nömrəli mənzil üzrə əsas borc kimi 1843,05 manat xidmət haqqı borcunun, 321,53 manat dəbbə pulunun və iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 43,93 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 120 manat haqqın tutularaq İddiaçı MTK-nın hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İddiaçı MTK ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində bağlanmış CY6-239/23 №-li müqaviləyə əsasən şirkət Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekt v ə X.Rüstəmov küçəsini əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dəniz arasında yerləşən ərazidə (sahə 6 – ƏTPM-nin cisgisi üzrə)/(Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 151 ünvanındakı “K Residence Baku” yaşayış kompleksində 8618 saylı Kortyard 6 Binasının 6-cı mərtəbəsində yerləşən sahəsi 111,7 kv.m olan mənzili müştəriyə satmağı razılaşır, Müştəri isə Binada yerləşən əmlakı yaşayış məqsədləri üçün almaq istəyir. bağlanmışdır İddiaçı MTK ilə Cavabdeh arasında Bakı şəhəri, Ağ şəhər, 8 noyabr prospekti, 59/2-4 ünvanında, “K Residence Baku” yaşayış komplekində çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli, CY6-239/23 №-li müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən İcraçı qanunvericiliklə müəyyən olunmuş əsaslarda cavabdehin istifadəsində olan yaşayış sahəsinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 8 Noyabr prospekti, 59/2-4 ünvanında, “K Residence Baku” yaşayış kompleksində kommunal xidmətləri göstərməyi, Sifarişçi isə bu Xidmətləri müqabilində ona məxsus yaşayış sahəsinin hər kvadrat metri üçün üçün 1,50 manat aylıq xidmət haqqının ödənilməsini təmin etməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən sifarişçi bu Müqavilə üzrə müəyyən olunmuş müddətdə ödənişləri yerinə yetirmədikdə İcraçıya hər gecikmə günü üçün məbləğin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. Cavabdeh müqavilə üzrə öhdəliyini vaxtlı-vaxtında icra etməmiş, nəticədə onun kommunal xidmət haqqında görə 11 ay üçün 2010,60 manat əsas, 381,85 manat cərimə borcu olmaqla, ümumilikdə 2392,45 manat məbləğində borcu yaranmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 465.3. Əgər borclu pul cəriməsinin ödənilməsi əvəzinə başqa hərəkəti icra edəcəyini vəd edirsə, bu Məcəllənin 465.1 və 465.2-ci maddələrinin tələbləri tətbiq edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. 135.3. Dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələrinə müəyyən edilmiş qaydada vətəndaşlar köçürülənədək, yaşayış sahələrinin saxlanmasına və kommunal xidmətlərə görə xərcləri müvafiq olaraq dövlət orqanları və bələdiyyələr çəkir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı

1. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun.

2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər.

3. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

4. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.

Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 151 ünvanındakı “K Residence Baku” yaşayış kompleksində 8618 saylı Kortyard 6 Binasının 6-cı mərtəbəsində yerləşən sahəsi 111,7 kv.m olan mənzilin sahibi Cavabdeh yaşayış binasının ümumi əmlakının saxlanması yükünü daşıyır və o, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməli olduğu halda, bu xidmətləri həyata keçirən "xxxx" MTK-yə bununla bağlı hər hansı ödəniş etməmiş və, onun binada göstərilən kommunal xidmət haqqına görə 1843,05 manat manat məbləğində borcu yaranmışdır. Odur ki, iddia cavabdehdən kommunal xidmətlərə görə əsas borcun tutulması hissədində əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iddiaya hesablanmış 321,53 manat cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə işin faktiki halları və əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasibdir. Odur ki, tələb edilən cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin 43,93 manat məbləğində dövlət rüsumunun və 120 manat vəkil tərəfindən göstərilmiş xidmət haqqının alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, borclunun iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh kommunal xidmət haqqı üzrə əsas borca görə 1843,05 (min səkkiz yüz qırx üç manat beş qəpik) manat, cəimə borcuna görə 321,53 (üç yüz iyirmi bir manat əlli üç qəpik) manat, vəkil tərəfindən göstərilmiş xidmət haqqının əvəzi olaraq 120 (yüz iyirmi manat) manat, ümumilikdə 2284,58 (iki min iki yüz səksən dörd manat əlli səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43,93 (qırx üç manat doxsan üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MTK-ya ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar