Məhkəmə qərarları › İş №e-2(011)-6062/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6062/2025

15.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6062/2025 15.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Nağıyev Vüqar Güloğlan oğlu, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölgüsü, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölgüsü, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş **********14-05101-093150 nömrəli, xx.xx.2025-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 88, mənzil 60, 60a (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, giriş 766, M3, m2) ünvanında yerləşən mənzilin iddiaçının və Cavabdeh payına uyğun olaraq naturada bölünməsi, bu mümkün olmadıqda mənzillərin açıq hərracdan satılaraq əldə olunan vəsaitin tərəflərin payına uyğun olaraq bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi iddiaçı müstəsna aidiyyət qaydalarına əsasən mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin, məhkəmə hesab edir ki, iddia tələbinin mahiyyəti ona müstəsna aidiyyət qaydalarına uyğun olaraq Bakı Şəhəri Xətai Rayon Məhkəməsində baxılmasını istisna edir. Belə ki, hazırkı iddianın predmetini təşkil edən - paylı mülkiyyətdə olan əşyanın bölünməsi barədə tələbə baxılan zaman məhkəmələr əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınması, əmlakın başqasının (cavabdehin) qanunsuz sahibliyindən geri alınması və ya əşya hüquqlarına qarşı (cavabdeh tərəfindən) törədilən pozuntuların aradan qaldırılması məsələsini deyil, ümumi əmlak üzərində mülkiyyətin növünün, başqa sözlə əmlakın hüquqi rejiminin dəyişdirilməsi məsələsini həll etmiş olur. Bu zaman əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsi həyata keçirilir. Yəni ümumi paylı mülkiyyətində olan əmlakın hər bir mülkiyyətçisi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. Məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə ümumi ərazi aidiyyəti qaydaları tətbiq edilməlidir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğu edilmiş məlumatlardan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Ona görə iddia ərizəsinin mümkünlüyü məsələsi yoxlanılarkən Cavabdeh Bakı şəhəri Xətai rayonunda qeydiyyatda olmadığı müəyyən edildiyindən iddia ərizəsinin icraatı mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərazi aidiyyəti normalarına riayət edilmədiyindən, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinin tələbinə əsasən ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığı üçün İddiaçı tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edilən zaman ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi **********) dövlət büdcəsindən ona geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 35.1, 114.1.3, 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölgüsü, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat məbləğində pul dövlət büdcəsindən ona geri qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar