Məhkəmə qərarları › İş №e-2(011)-608/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-608/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-608/2025 30.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Cavabdeh Məmmədli oğlunun iştirakı ilə, İddiaçı “X5-Bakı” QSC-nin Cavabdeh Məmmədli oğluna qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı “X5-Bakı” QSC Cavabdeh Məmmədli oğluna qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məmmədli oğlu həyat yoldaşı X3 tibbi xidmətlər göstərilməsinə görə yaranmış 57.786,87 manat borcun və ödənilmiş 263.36 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X5-Bakı” QSC-nin 28 may filialının reanimasiya şöbəsində 11 mart 2024-cü il tarixdə bağlanmış tibbi xidmət müqaviləsinə əsasən 11 mart 2024-cü il tarixdən 17 mart 2024-cü il tarixədək Cavabdeh Məmmədli oğlunun həyat yoldaşı X3 tibbi xidmətlər göstərilmişdir. Həmin müddətdə tibbi xidmətlərə və istifadə olunmuş preaparatlara görə 94.786,87 manat borc yaranmış və həmin borcun 37.000 manat məbləği cavabdeh tərəfindən ödənilmişdir. Borc olaraq qalan 57.786,87 manat məbləğ cavabdeh tərəfindən ödənilməmiş və hazırda borc olaraq qalmaqda davam edir. Məsələnin qarşılıqlı razılaşma yolu ilə həll edilməsi məqsədilə qarşı tərəfə 07 avqust 2024-cü il tarixli pretenziya məktubu poçt vasitəsilə və elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmişdir. Cavabdeh Məmmədli oğlu həyat yoldaşı X3 tibbi xidmətlər göstərilməsinə görə iddiaçı “X5-Bakı” QSC-yə 57.786,87 manat borcunu ödəməlidir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, sözügedən xidmət müqaviləsi onun oğlu X1 ilə bağlanmışdır. Həyat yoldaşı vəfat etdikdə iddiaçı arvadının nəşinin qaytarılması üçün ödənişləri ondan tələb etmişdir. İşin faktiki halları: İş materiallarından görünür ki, “X5-Bakı” QSC ilə iddiaçının oğlu X1 arasında 11 mart 2024-cü il tarixli tibbi xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə görə “X5-Bakı” QSC tərəfindən X3 tibbi xidmətlər göstərilməlidir. Göstərilmiş tibbi xidmətlərə əsasən X2 ödəməli olduğu ümumi məbləğ 94.786,87 manat təşkil etmişdir. Həmin məbləğdən 37.000 manat ödənilmiş, sonuncu ödəniş 2024cü ilin aprel ayında həyata keçirilmişdir. Cavabdeh iddiaya etiraz mövqeyində olmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. İddiaçının iddia tələbinin əsasını xidmət müqaviləsi və onun əsasında göstərilmiş tibbi xidmətlərə görə ödənişlərin tələb edilməsi təşkil edir. Məhkəmə araşdırması zamanı cavabdeh müqavilənin onunla bağlanmamasını, müqavilədə qeyd olunan adın cavabdehin oğluna aid olmasını, lakin imzanın cavabdehin oğlu tərəfindən icra edilməməsini qeyd edərək ekspertizanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən ekspertizanın keçirilməsindən imtina edilmiş və iddiaçı tərəfə cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsinin müzakirəsi təklif olunmuşdur. İddiaçı tərəf cavabdehin əsl cavabdehlə əvəz edilməsindən imtina etmiş və işə verilmiş iddia həcmində baxılmasını xahiş etmişdir. Əsas olaraq iddiaçı tərəf qeyd etmişdir ki, xidmət müqaviləsi cavabdehlə bağlanmasa da cavabdeh göstərilən xidmətlərə görə ödənişlər etməklə tibbi xidmətlərdən yararlanmış və bu səbəbdən də yerdə qalan vəsaiti də ödəməlidir. Məhkəmə istinad olunanlara münasibətdə qeyd edir ki, cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanmalı idi. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında belə bir müqavilə bağlanmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi cavabdehin könüllü şəkildə ödənişlər etməklə xidmətlərdən istifadəsinə razılıq verməsi məsələsinə gəldikdə isə iş materiallarından görünür ki, cavabdeh göstərilmiş xidmətlərə görə axırıncı dəfə 20 aprel 2024-cü il tarixdə ödəniş etmişdir. O tarixdən sonra cavabdeh hər hansı ödənişi həyata keçirməmişdir. İddiaçının istinad etdiyi xidmət müqaviləsinin şərtlərinə əsasən göstərilən tibbi xidmətin dəyəri ödənilmədikdə, tibb müəssisəsinin xəstənin yaxınlarından razılıq almadan xəstəni dövlət xəstəxanasına yerləşdirmək kimi bir hüququ vardır. Xəstəxana bu hüququndan istifadə etməyərək könüllü şəkildə dəyəri ödənilməyən xidmətləri göstərməyə davam etmişdir. Beləliklə, istinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəlmədiyindən, rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 263.63 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 263.63 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı “X5-Bakı” QSC-nin Cavabdeh Məmmədli oğluna qarşı - Cavabdeh Məmmədli oğlu həyat yoldaşı X3 tibbi xidmətlər göstərilməsinə görə yaranmış 57.786,87 manat borcun və ödənilmiş 263.36 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı “X5-Bakı” QSC tərəfindən ödənilmiş 263.63 (iki yüz altmış üç manat altmış üç qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar