Məhkəmə qərarları › İş №e-2(011)-6086/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-6086/2022

18.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6086/2022 18.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kommunal xidmətlərə görə Cavabdeh 744 manat 54 qəpik (yeddi yüz qırx dörd manat əlli dörd qəpik) məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2016-cı il tarixdə sahə mülkiyyətçilərinin qərarı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2016-cı il tarixdə 1116-MM3-0022 nömrə ilə qeydiyyata alınmış «Хətai5» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Nizamnaməsinin surətindən görünür ki, Cəmiyyətin fəaliyyət ərazisi Bakı şəhəri, Xətai rayonu, məh.2934, Sadıqcan küçəsi, ev 2A, fəaliyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir, "xxxx" MMMC-nin Nizamnaməsinə əsasən Cəmiyyət qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək və sair hüquqlara malikdir, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 127,10 m olan 16 saylı mənzil Cavabdeh mülkiyyətində olmuşdur, cavabdeh mənzilin mülkiyyətçisi olaraq və bağlanmış müqavilə əsasında ümumi əmlakın saxlanılması üçün kommunal haqları ödəmək öhdəliyi yaranmışdır, lakin o ,həmin mənzili xx.xx.2022-ci il tarixdə başqa şəxsə satmış, öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçıraraq, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış borcları ödəməkdən yayınmışdır, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti iştirakçılarının ümumi yığıncağının xx.xx.2016-cı il tarixli qərarından müəyyən olunur ki, yığıncaq Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə xx.xx.2016-cı il tarixli 18 №-li və xx.xx.2016-cı il tarixli 19 №-li qərarlarına müvafiq olaraq, Хətai-5 MMMCnin aylıq kommunal tarifləri dəyişdirilərək sahə mülkiyyətçisinə qış mövsümündə (15.11-15.04 ərəfəsində) istilik, daimi olaraq isti su verildikdə mənzilin ümumi sahəsinin hər m2 üçün 0,90 manat, sahə mülkiyyətçisi qış mövsümündə istiliklə təchiz edilmədikdə və mənzilə isti su verilmədikdə mənzilin ümumi sahəsinin hər m2 üçün 0,50 manat, sahə mülkiyyətçisi mənzildə yaşamadığı təqdirdə, təmirə başlayan günədək mənzilin ümumi sahəsinin hər m2 üçün 0,35 manat müəyyən olunması barədə qərar qəbul edilmişdir, maliyyə arayışından görünür ki,ünvan 2 ünvandakı 16 saylı mənzilin mülkiyyətçisi Cavabdeh həmin mənzil üzrə 2022-ci ilin iyul ayına qədər "xxxx" MMMC-yə olan kommunal borcu 744 manat 54 qəpik təşkil edir, həmin borc mənzilin ümumi sahəsinin hər kv.m. üçün 0,50 AZN olmaqla hesablanmışdır. Sonda Nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "Хətai-5” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti iştirakçılarının ümumi yığıncağının xx.xx.2016-cı il tarixli qərarının surətindən görünür ki, yığıncaq Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə xx.xx.2016-cı il tarixli 18 №-li və xx.xx.2016-cı il tarixli 19 №-li qərarlarına müvafiq olaraq, Хətai-5 MMMC-nin aylıq kommunal tarifləri dəyişdirilərək sahə mülkiyyətçisinə qış mövsümündə (15.11-15.04 ərəfəsində) istilik, daimi olaraq isti su verildikdə mənzilin ümumi sahəsinin hər kv.m üçün 0,90 manat, sahə mülkiyyətçisi qış mövsümündə istiliklə təchiz edilmədikdə və mənzilə isti su verilmədikdə mənzilin ümumi sahəsinin hər kv.m üçün 0,50 manat, sahə mülkiyyətçisi mənzildə yaşamadığı təqdirdə, təmirə başlayan günədək mənzilin ümumi sahəsinin hər kv.m üçün 0,35 manat müəyyən olunması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan İddiaçı MMMC və Cavabdeh arasında bağlanmış “Çox Mənzilli Binanın İdarə Edilməsi haqqında” 6/16-2 №-li 26 iyul 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, Cəmiyyət ünvan 3 ünvanında 15000 kv.m ərazidə yerləşən 6 binadan ibarət çox mənzilli 6 mərtəbəli binaların idarə edilməsi, kommunal xidmətlərin göstərilməsi və s. öhdəsinə götürmüş, Sahə mülkiyyəçisi - Cavabdeh isə müqavilənin şərtlərinə uyğun olaraq göstərilən bütün xidmətlərin (o cümlədən kommunal) haqqının ödənilməsini və digər vəzifələrin qeyd-şərtsiz yerinə yetirilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan “Çox Mənzilli Binanın İdarə Edilməsi haqqında” 6/16-2 №-li müqaviləyə 26 iyul 2021-ci il tarixli 1 №-li Əlavədən görünür ki, sahə mülkiyyətçisi – Cavabdeh mənzilin ümumi sahəsinin hər kv.m üçün 0.50 azn məbləğində kommunal xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMMC “Maliyyə Arayışı”nın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 127,10 m olan 16 saylı mənzilin mülkiyyətçisi Cavabdeh həmin mənzil üzrə 2022-ci ilin iyul ayınadək İddiaçı MMMC-yə olan kommunal borcu 744,54 manat təşkil edir. İş materiallarında olan satıcı Cavabdeh, ipoteka saxlayan "xxxx" ASC və alıcı X1 arasında bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən əmlak sonuncuya satılmışdır. Müqavilənin 2.2.1-ci maddəsinə əsasən, satıcı alıcı-ipoteka qoyana faktiki təhvil verənədək ipoteka predmeti üzrə əmlak vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətləri üzrə yaranmış borcları ödəmək vəzifəsini üzərinə götürmüşdür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ********* saylı Qəbzlə 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, cavabdehlə İddiaçı MMMC arasında 26 iyul 2021-ci il tarixində ünvan 3 ünvanında 15000 kv.m ərazidə yerləşən 6 binadan ibarət çox mənzilli 6 mərtəbəli binaların - idarə edilməsi, kommunal xidmətlərin göstərilməsi və s. barədə müqavilə imzalanmışdır, həmin razılaşma əsasında tərəflər arasında öhdəliklər yaranmışdır, iddiaçı müqavilə şərtlərini yerinə yetirsə də, cavabdeh müqavilə ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq, nəzərdə tutulmuş ödənişləri yerinə yetirməmiş, göstərilmiş kommunal xidmətlərə görə cavabdehin iddiaçıya 744,54 manat borcu yaranmışdır. Bununla belə, cavabdeh tərəfindən həmin pul məbləğinin iddiaçıya geri qaytarılması iş materiallarından görünmür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 122.1.1-ci maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq hüququ vardır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh kommunal xidmətlərə görə 744,54 manat məbləğində pul tutularaq İddiaçı MMMC-yə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəlləsinin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 744 (yeddi yüz qırx dörd) manat 54 (əlli dörd) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul məbləği alınaraq İddiaçınə ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar