Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6104/2024 28.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MTK Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı MTK ilə Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə ünvan 1 ünvanındakı “K Residence” yaşayış kompleksində yerləşən Kortyard 6 saylı binanın 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 203.8 kv.m. olan 5601 saylı mənzilin və binanın 1-ci mərtəbəsində yerləşən 60 nömrəli avtomobil dayanacağının alqı-satqısına dair xx.xx.2021-ci il tarixli, CY6-080/21 saylı müqavilə imzalamışdır. Eyni zamanda cavabdeh ilə iddiaçı arasında yuxarıda adıçəkilən mənzilə və avtomobil dayanacağına dair çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli CY6-080/21 saylı müqavilə imzalanmışdır. İddiaçı qeyd olunan mənzili cavabdehə təhvil vermiş, bununla bağlı cavabdeh ilə iddiaçını nümayəndəsi arasında xx.xx.2022-ci il tarixində CY6-5601 saylı təhvil-təslim aktı və “K X3 Kompleksi üzrə Sakinin Təlimatı” imzalanmışdır. xx.xx.2021-ci il tarixli, CY6-080/21 saylı alqı-satqı müqaviləsinin 5.2.8-ci yarımbəndinə əsasən, müştəri (yəni cavabdeh) əsaslı tamamlanma tarixindən başlayaraq şirkət (yəni iddiaçı) tərəfindən göstərilən texniki, xidmət, idarəetmə, təhlükəsizlik, inzibati və digər xidmətlərlə (“Xidmətlər”) bağlı xidmət haqqlarının bu sənədə qoşulmuş Əlavə № 4-də nəzərdə tutulduğu kimi aylıq əsasda Şirkətə ödənilməsinə görə məsuliyyət daşıyır. Həmin alqı-satqı müqaviləsinin 5.2.11-ci yarımbəndinə əsasən, müştəri Əlavə 4-də qeyd olunan xidmətlərə görə xidmət haqqını vaxtında və tam ödəməlidir. Həmin alqı-satqı müqaviləsinə Əlavə № 4-ün 1-ci bəndində iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlər göstərilir. Həmin Əlavə № 4-ün 3-cü bəndinə görə, müştəri göstərilən xidmətlərin müqabilində şirkətə əmlakın ümumi tikinti sahəsinin hər kvadrat metri üçün hər ay 1.50 manat məbləğində xidmət haqqını Əsaslı Tamamlanma tarixindən etibarən ödəməyi öhdəsinə götürmüşdür. Həmin alqı-satqı müqaviləsinin 2.3-cü bəndinə əsasən, Əsaslı tamamlanma tarixi xx.xx.2021-ci il nəzərdə tutulsa da, mənzil cavabdehə xx.xx.2022-ci il tarixində təhvil verildiyindən, xidmət haqqının hesablanmasına da həmin tarixdən başlanılmışdır. Tərəflər arasında imzalanmış çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli CY6-080/21 saylı müqavilənin 2.3.1-cü yarımbəndinə əsasən, sifarişçi (yəni cavabdeh) müqavilə şərtlərinə uyğun olaraq göstərilmiş Xidmətləri İdarə edəndən (yəni iddiaçı) təhvil almaq və Xidmət haqqını bu müqavilə və onun müvafiq əlavələri ilə müəyyən olunmuş şərtlərlə vaxtlı-vaxtında ödəmək öhdəliyi daşıyır. Həmin müqavilənin 5.3-cü bəndinə görə, ödəniş sifarişçi tərəfindən gecikdirildikdə, idarə edən hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% həcmində cərimə tətbiq etmək hüququna malikdir. Həmin müqavilənin 5.4-cü bəndinə görə, sifarişçi müqavilə üzrə müəyyən olunmuş müddətdə ödənişləri yerinə yetirmədikdə, icraçıya (əslində İdarə edən nəzərdə tutulub) hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% həcmində dəbbə pulu ödəməlidir. Həmin müqavilənin 9-cu bəndinə görə, bu müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir. Tərəflər arasında yaranmış mübahisələr bu qaydada həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaqdır. xx.xx.2022-ci il tarixli CY6-080/21 saylı müqaviləyə Əlavə №1-in 2-ci bəndində sifarişçiyə (cavabdehə) göstərilən xidmətlər ətraflı sadalanır. Həmin Əlavə №1-in 3-cü bəndinə görə, sifarişçi (cavabdeh) Binadakı ona məxsus mənzil və qeyri-yaşayış sahəsinin (“Obyekt”) hər kvadrat metri üçün İcraçıya ƏDV daxil 1.50 manat aylıq Xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin Əlavə №1-in 6-cı bəndinə görə, xidmət haqqı hər cari ay üçün əvvəlcədən, müvafiq hesab-fakturanın təqdim olunduğu tarixdən 3 (üç) iş günündən gec olmayaraq Sifarişçi tərəfindən nağd və ya İdarə edənin bank hesabına köçürmə yolu ilə ödənilir. Cavabdehin 5601 saylı mənzil üzrə aşağıda cədvəllərdə göstərildiyi kimi 2024-cü ilin may ayı da daxil olmaqla ümumi əsas borcu 7768,80 manat, gecikməyə görə hesablanmış ümumi dəbbə pulu 2915,24 manat olmaqla, cəmi borc 10684,04 manat təşkil edir. Bundan əlavə, cavabdehin valideyninə borc barədə 3 dəfə ayrı-ayrılıqda, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində “whatsapp” tətbiqi vasitəsi ilə elektron bildirişlər göndərilmiş, cavabdehin anası Süleymanova Könül xanım səsli mesajlarında mənzili və avtomobil dayanacağını təhvil aldığını, hətta mənzildə təmir işlərinin getdiyini etiraf etmişdir. Göründüyü kimi iddiaçı üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və icra etməkdə davam edir. Yuxarıda da qeyd edildiyi kimi cavabdehlə əmlakların təhvil-təslim aktı xx.xx.2022-ci il tarixindən imzalanmış, lakin cavabdeh israrla bu günə qədər göstərilən xidmətlərə görə xidmət haqqını ödəməkdən boyun qaçırmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, CY6 5601 nömrəli mənzil və 60 nömrəli avtomobil dayancağı üzrə Cavabdeh 10684,04 manat borcun və iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 122,06 manat dövlət rüsumunun tutularaq İddiaçı MTK-nın hesabına köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10684,04 manat borcun və iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 122,06 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 300 manat haqqın tutularaq İddiaçı MTK-nın hesabına köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə etməklə yanaşı, ərizə təqdim edərək, mülki işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar edildiyini, lakin məhkəməyə gəlmədiyini nəzərə alaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MTK ilə Cavabdeh arasında bağlanan CY6-080/21 nömrəli, 08 iyun 2022-ci il tarixli Çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, bu müqaviləyə əsasən icraçı qanunvericiliklə müəyyən olunmuş əsaslarda sifarişçinin istifadəsində olan yaşayış və ya qeyri-yaşayış sahələrinin yerləşdiyi Azərbaycan Respublikası, Bakı şəhəri, Ağ şəhər, 8 Noyabr prospekti, 59/2-4 ünvanında, “K Residence Baku” yaşayış kompleksində bu müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş kommunal xidmətləri göstərməyi, sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri razılaşdırılmış xidmət haqqının ödənilməsini təmin etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.1-cü yarımbəndinə əsasən, Sifarişçi (yəni cavabdeh) müqavilə şərtlərinə uyğun olaraq göstərilmiş xidmətləri idarə edəndən (yəni iddiaçı) təhvil almaq və Xidmət haqqını bu müqavilə və onun müvafiq əlavələri ilə müəyyən olunmuş şərtlərlə vaxtlı-vaxtında ödəmək öhdəliyi daşıyır. Həmin müqavilənin 5.3-cü bəndinə görə, ödəniş Sifarişçi tərəfindən gecikdirildikdə, İdarə edənhər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% həcmində cərimə tətbiq etmək hüququna malikdir. Həmin müqavilənin 5.4-cü bəndinə görə, Sifarişçi müqavilə üzrə müəyyən olunmuş müddətdə ödənişləri yerinə yetirmədikdə, İcraçıya (əslində İdarə edən nəzərdə tutulub) hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% həcmində dəbbə pulu ödəyəcək. Həmin Xidmət müqaviləsinə Əlavə №1-in 2-ci bəndində sifarişçiyə (cavabdehə) göstərilən xidmətlər ətraflı sadalanır. Həmin Əlavə №1-in 3-cü bəndinə görə, sifarişçi (cavabdeh) Binadakı ona məxsus mənzil və qeyri-yaşayış sahəsinin (“Obyekt”) hər kvadrat metri üçün İcraçıya ƏDV daxil 1.50 manat aylıq Xidmət haqqı ödəməyi öhdəsinə götürür. İş materiallarında olan CY6-5601 nömrəli, 08 iyun 2022-ci il tarixli Təhvil-Təslim aktının surətindən görünür ki, Elmira Süleymanova “K” Residence yaşayış kompleksindən əldə etdiyi CY6 Binasının 5601 saylı mənzilini və ona aid əlavələri (mənzilə giriş qapısı, eyvan qapısı, pəncərə, elektrik xətti, su borusu, qaz borusu, VRV sistemi, domafon naqili,DATA kabeli, elektrik sayğacı, su sayğacı, qaz sayğacı, kanalizasiya borusu, giriş qapının açarı, mənzilin daxili ölçülərini əks etdirən plan) qəbul etmişdir. İş materiallarından görünür ki, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanan CY6-080/21 nömrəli, 08 iyun 2021-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə - ünvan 3 ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən Kortyard 3 saylı binanın 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 203.8 kv.m. olan 5601 saylı mənzil və həmin binanın 1-ci mərtəbəsində yerləşən 60 nömrəli avtomobil dayanacağı cavabdehə satılmışdır. İş materiallarında olan borc cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MTK 7768,80 manat əsas, 2977,39 manat cərimə olmaqla, cəmi borcu 10746,19 manat təşkil edir. İş materiallarında olan 26 iyul 2024-cü il tarixli qəbzin surətindən görünür ki, Mirzəyev və Partnyorları Vəkil bürosuna İddiaçı MTK tərəfindən 300 manat pul vəsaiti ödənilmişdir. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır (Mənzil Məcəlləsinin 1.1-ci maddəsi). Mənzil Məcəlləsinin (bundan sonra bu məcəlləyə istinad ediləcək) 2.1-ci maddəsində mənzil hüquqlarının əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. (Maddə 12.2) Yaşayış fondunun saxlanması və ondan istifadə edilməsi mənzil hüququnun tərkib hissəsidir. Mənzil Məcəlləsinin 6-cı maddəsi müəyyən edir ki, çoxmənzilli binaların idarə edilməsi (maddə 6.0.8.); mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri (maddə 6.0.9.); kommunal xidmətlərin göstərilməsi (maddə 6.0.10.); yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi (maddə 6.0.11.) və digər münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdir. Yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək dövlətin vəzifələrinə aid edilmişdir. (Maddə 10.0.2) Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.(Maddə 18) Digər tərəfdən, özəl fonda aid çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmət şərtlərinin keyfiyyətcə yaxşılaşdırılmasında və xidmət xərclərinin müəyyən edilməsində azaddırlar. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. (Maddə 135.1.) 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın tərkibini müəyyən edən 136cı maddəyə görə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.1.1. yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı); 136.1.2. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması və cari təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq. Çoxmənzilli binanın ümumi əmlakının əsaslı təmiri yaşayış fondunun mülkiyyətçisinin hesabına həyata keçirilir; 136.1.3. kommunal xidmətlərə görə haqq. 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. 137.3. Təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxs tərəfindən və ya fərdi sahibkar tərəfindən (bundan sonra – idarəedici təşkilat) idarə olunan çoxmənzilli binanın dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinin sosial kirayə və kirayə müqavilələri üzrə kirayəçiləri yaşayış sahəsinin saxlanması və təmiri, habelə kommunal xidmətlərə görə haqqı həmin idarəedici təşkilata ödəyirlər. 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 137.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 139.1. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. 140.2. Çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi vəzifəsi həmin binanın bütün sahə mülkiyyətçilərinə binanın sahələrinə mülkiyyət hüququnun yarandığı andan şamil edilir. Çoxmənzilli binanın sahəsinə mülkiyyət hüquqları keçdikdə, çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi üzrə əvvəlki mülkiyyətçinin öhdəlikləri yeni mülkiyyətçiyə keçir. 140.3. Əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. (Maddə 141.1.) 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. 141.10. Çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər. Bu Məcəllənin 141.2-ci maddəsində nəzərdə tutulmuş idarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. (Maddə 141-1.1.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 235-ci maddəsinə görə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Mülkiyyətçilərin haqları hesabına ödənilməli olan yüklülüklərə və xərclərə o cümlədən aşağıdakılar aiddir: 235.1.1. torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə konstruksiyalarının və qurğularının saxlanmasına, cari təmirinə və yeniləşdirilməsinə çəkilən xərclər; 235.1.2. idarəçiyə haqq ödənilməsi də daxil olmaqla, idarəetmə fəaliyyətinə çəkilən xərclər; 235.1.3. bütövlükdə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən tutulan ödənişlər və vergilər. 235.2. əgər birgə istifadə edilən müəyyən tikinti konstruksiyaları, qurğular mülkiyyətin ayrı-ayrı tərkib hissələrinə xidmət etmirsə və ya əhəmiyyətsiz dərəcədə xidmət edirsə, bunu xərclərin bölgüsündə nəzərə almaq lazımdır. 235.3. Yaşayış binasının tərkib hissəsinin hər hansı mülkiyyətçisi xərclər üçün haqları üç il ərzində ödəmədikdə yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağı: 235.3.1. yaşayış binasının tərkib hissələrinə mülkiyyətdə onun payı üçün ipotekanı qeydə aldırmaq hüququna malikdir. İpotekanın qeydə alınmasını idarəçi və ya əgər o təyin edilməyibsə, əksəriyyətin qərarı ilə və ya məhkəmə tərəfindən vəkil edilmiş yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən hər hansı biri və ödənilməmiş haqların girov kimi verildiyi kreditor tələb edə bilər; 235.3.2. yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin otaqlarında olan və onların avadanlıqla təchiz edilməsi və istifadəsi üçün nəzərdə tutulan daşınar əşyaları girov qoymaq hüququna malikdir. Beləliklə, yuxarıda qeyd edilmiş mülki qanunvericiliyin normalarının tələbinə görə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Mənzil Məcəlləsinin müəyyən etdiyi tələblərə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, ünvan 3 ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən Kortyard 3 saylı binanın 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 203.8 kv.m. olan 5601 saylı mənzilin sahibi Cavabdehdır, həmin mənzil onunla İddiaçı MTK arasında bağlanmış 08 iyun 2021-ci il tarixli müqavilə əsasında onun faktiki sahibliyində və istifadəsindədir. Eyni zamanda İddiaçı MTK ilə Cavabdeh arasında bağlanan CY6-080/21 nömrəli, 08 iyun 2022-ci il tarixli Çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, bu müqaviləyə əsasən icraçı qanunvericiliklə müəyyən olunmuş əsaslarda sifarişçinin istifadəsində olan yaşayış və ya qeyri-yaşayış sahələrinin yerləşdiyi Azərbaycan Respublikası, Bakı şəhəri, Ağ şəhər, 8 Noyabr prospekti, 59/2-4 ünvanında, “K Residence Baku” yaşayış kompleksində bu müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş kommunal xidmətləri göstərməyi, sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri razılaşdırılmış xidmət haqqının ödənilməsini təmin etməyi öz öhdəsinə götürmüşdür. Hazırda Cavabdeh 2024-cü ilin may ayı da daxil olmaqla ümumi əsas borcu 7768,80 manat, gecikməyə görə hesablanmış ümumi dəbbə pulu 2915,24 manat olmaqla, cəmi borcu 10684,04 manat təşkil edir. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliyini icra etmədiyindən iddiaçı hazırkı tələbi irəli sürməkdə haqlı olmuşdur. Qeyd edilmiş maddihüquq normalarının tələblərinə və işdə olan sübutlara əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 7768,80 manat əsas borc, 2915,24 manat dəbbə borcu olmaqla, cəmi 10684,04 manat borc və hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat pul vəsaiti İddiaçı MTK-nın xeyrinə tutulmalıdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 7768,80 manat əsas borc, 2915,24 manat dəbbə borcu olmaqla, cəmi 10684,04 manat borc, hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat pul vəsaiti və 122,06 manat dövlət rüsumu İddiaçı MTK-nın xeyrinə tutulsun. Cavabdeh qətnaməni rəsmi qaydada qəbul etdiyi gündən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-6104/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-6104/2024
28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver