Məhkəmə qərarları › İş №e-2(011)-6222/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6222/2025

26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6222/2025 26.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi və sair” tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında baxaraq, M ü ə y y ə n e t d i: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK-ya, Cavabdeh3 MMC-yə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 saylı Bakı Ərazi Dairəsinə və X6 qarşı “çıxarışın etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış Pay haqqının verilməsi barədə xx.xx.2025-ci il tarixli müqavilənin və onun əsasında Cavabdeh1 verilmiş çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48-ci məhəllə, giriş 2, 4-cü mərtəbədə yerləşən 134 saylı mənzilə (Bakı şəhəri, Xətai rayonu, Xocalı (Lütfi Zadə) küçəsi, 2347-48ci məhəllə, giriş 2, 4-cü mərtəbədə yerləşən 134 saylı mənzilə (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, giriş 2, M4, m4) onun, yəni İddiaçı mülkiyyət hüququnun tanınması, həmin mənzilin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi, məhkəmə xərci olaraq iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və 320 manat hüquqi yardıma görə ödənilmiş vəsaitinin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia həcminin artırılması ilə bağlı məhkəməyə ərizə ünvanlayaraq, cavabdehlər "xxxx" MMC ilə X15 arasında bağlanmış xx.xx.2010-cü il tarixli "mənzil tikintisi haqqında" müqavilənin etibarsız hesab edilməsi, cavabdehlər "xxxx" MMC, X15 və Cavabdeh1 arasında bağlanmış Pay haqqının verilməsi barədə xx.xx.2025-ci il tarixli müqavilənin və onun əsasında Cavabdeh1 verilmiş çıxarışın, həmçinin Cavabdeh1, X11 və "xxxx" ASC-nin Mərkəz filialı arasında bağlanmış xx.xx.2025-ci il tarixli "alqı-satqı və ipoteka müqaviləsinin", həmin müqavilə əsasında X7 verilmiş xx.xx.2025-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48-ci məhəllə, giriş 2, 4-cü mərtəbədə yerləşən 134 saylı mənzilə (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, giriş 2(giriş 169) M4, m4) İddiaçı mülkiyyət hüququnun tanınması, həmin mənzilin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi, məhkəmə xərci olaraq iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və 320 manat hüquqi yardıma görə ödənilmiş vəsaitinin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələblərinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli "Kooperativ binada mənzil tikintisi haqqında” Müqavilə əsasında iddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48-ci məhəllə, giriş 2, 4-cü mərtəbədə yerləşən 134 saylı mənzili satın almışdır. Müqavilə üzrə mənzilin qiyməti 22.400 (iyirmi iki min dörd yüz) ABŞ dolları məbləğində müəyyən edilmiş, bu məbləğ iddiaçı tərəfindən tam şəkildə ödənilmiş və buna dair cavabdeh "xxxx" MMC tərəfindən müvafiq arayış təqdim edilmişdir. Daha sonra binanın tikintisi başa çatdıqdan sonra satın alınmış mənzilin sahəsi müqavilədə göstərilən sahədən daha böyük olduğu iddia edilərək cavabdeh "xxxx" MMC iddiaçıdan əlavə vəsait, yəni 764 ABŞ dolları tələb etmişdir. Bu vəsait də iddiaçı tərəfindən ödənilmişdir. Mənzil təmirsiz təhvil verildiyindən imkan daxilində iddiaçı orda təmir işləri başlatmışdır. 2025-ci ilin iyun ayında iddiaçı mənzilinə baxış keçirtməyə getdikdə həmin mənzildə başqa şəxslərin yaşadığını aşkar etmişdir. Qeyd olunan məsələnin araşdırılması üçün zəruri tədbirlərin görülməsinə başlamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə vəkil sorğusu göndərilmiş və İdarənin xx.xx.2025-ci il tarixli 3-21- 3-30/2- 28629/2025 saylı məktubu ilə məlum olmuşdur ki, ərizəçi tərəfindən satın alınmış mənzil (Bakı şəhəri, Xətai rayonu, Xocalı (Lütfi Zadə) küçəsi, 2347-48-ci məhəllə, giriş 2, 4-cü mərtəbədə yerləşən 134 saylı mənzil; Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, giriş 2, M4, m4) "xxxx" MMC-nin Pay haqqının verilməsi haqqında xx.xx.2025-ci il tarixli müqaviləsi və həmin MMC-nin 02/165 və 02/167 saylı xx.xx.2025-ci il tarixli maliyyə arayışı əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. İddiaçı tərəfindən satın alınmış mənzilə dair sonradan cavabdehlər "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış Pay haqqının verilməsi haqqında xx.xx.2025-ci il tarixli müqavilə etibarsız hesab edilməli və mənzil iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı 2006-ci ildən mübahisəli mənzili satın almış, mənzilin əlavə sahəsinə görə təkrar ödəniş etmiş, həmin mənzil ona təhvil verildikdən sonra təmir işlərinə başlamışdır. Qeyd olunan hallar şahid ifadələri, mənzil kommunal xidmətlərinin göstərilməsinə dair müqavilə ilə, həmçinin mənzilin yerləşdiyi blokun ümumi giriş qapısının açılması üçün istifadəyə verilmiş açar və digər müşayiətedici sübutlarla təsdiq edilir. Məlum olduğu kimi, cavabdehlər "xxxx" MTK və Cavabdeh3 MMC barəsində hazırki mübahisəli binaların bir çox şəxsə satışı ilə bağlı cinayət işləri olmuş və bu məlumatlar açıq mənbələrdə öz əksini tapmışdır. Digər Cavabdeh1 ilə 2025-ci ildə Cavabdeh3 MMC arasında bağlanmış Pay haqqında müqavilə etibarsız hesab edilməli və onun əsasında yaranmış hüquqi nəticələr ləğv edilməlidir. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmənin baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, mübahisə edilən mənzilə vaxtaşırı gedərək nəzarət etdiyini, həmçinin mənzilin kommunal xərcləri ödədiyini və həmin mənzildə az da olsa təmir işləri aparıldığını bildirmişdir. Maddi imkanı tam yaxşı olmadığından mənzilin təmirini başa çatdıra bilməmişdir. İddiaçı qeyd etmişdir ki, 2019-cu ilədək mənzili təmir etdirmiş, lakin 2025-ci ilin iyun ayında mənzilə getdikdə, mənzilin tam təmir olunduğunu və ondan xəbərsiz təmir edildiyini görmüşdür. İddiaçı həmçinin qeyd etmişdir ki, o, mənzilin ödənişini tam etdiyi dövrdə həmin binaya çıxarış verilmirdi və bu səbəbdən iddiaçı sözgedən mənzilə dair çıxarış ala bilməmişdir. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, bildirmişdir ki, iddiaçı mənzili 2006-cı ildə müqavilə ilə almışdır. Daha sonra Cavabdeh3 ödənişin tam edilmədiyini bildirmiş və iddiaçı qalıq məbləği də ödəmişdir. Həmçinin Cavabdeh3 MMC-nin Azad adlı şəxslə 2006-cı ildə bağladığı müqavilənin Cavabdeh3 tərəfindən təqdim edilmədiyini qeyd etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək, sözügedən mənzili aldıqdan sonra təmir edib satdığını bildirmişdir. Həmçinin uzun müddətdir ki, evlərin alış-satış işi ilə məşğul olduğunu qeyd etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh3 MMC-nin nümayəndəsi Vəkil3 iddia tələbinə etiraz edərək, adı çəkilən mübahisəli mənzillə bağlı X15 ilə 2006-cı il tarixdə müqavilə bağlanmış və o, tam vəsaiti ödəyərək maliyyə arayışını əldə etmişdir. 2019-cu ildə isə mənzilin qapısını dəyişmiş, kommunal ödənişləri ödəyərək təmirə başlamaq istədiyini bildirmiş, 2025-ci ilin aprel ayında isə Cəmiyyətə müraciət edərək mənzilin başqa şəxsin adına sənədləşdirilməsini xahiş etmiş, bu baxımdan mənzilə dair alqı-satqı reallaşdıqdan sonra Cavabdeh1 mənzillə bağlı çıxarış əldə etmişdir. İddiaçı məxsus hər hansı bir sənədin təmsil etdiyi cəmiyyətdə mövcud olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, iddia tələbini qəbul etməyərək Cavabdeh1 və cavabdehdən mənzili almış üçüncü şəxs X5 vicdanlı sahib olduqlarını qeyd etmişdir. Cavabdehin nümayəndəsi həmçinin verilən iddia üzrə iddia müddətinin keçdiyini bildirmişdir. Məhkəmənin baxış iclasında iştirak edən cavabdeh X12 iddia tələbinə etiraz edərək, özünün vicdanlı alıcı olduğunu bildirərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi iddia tələbinə etiraz edərək, X5 vicdanlı alıcı olduğunu bildirərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Nümayəndə bildirmişdir ki, X12 banka ipoteka üçün müraciət etmiş, bank tərəfindən mənzillə bağlı bütün sənədlər yoxlanılmış, bir problem olmadığı üçün ipoteka müqaviləsi bağlanmışdır. Məhkəmə iclası barədə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 saylı Bakı Ərazi İdarəsinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: 23 iyul 2006-cı il tarixli müqavilədən məlum olur ki, "xxxx" MTK ilə “payçı” İddiaçı arasında müqavilə bağlanmış və həmin müqaviləyə görə Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 məhəllədə yerləşmiş “Etalon-MTK”-nın tikilməkdə olan binasında 2 giriş, 4 mərtəbə yerləşən 1 otaqdan ibarət 64 kv.m olan mənzili bir pay kimi “payçı” ya verməyi, “payçı” da müqavilədə göstərilmiş 22400 ABŞ dolları pul məbləğini tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh3 MMC tərəfindən İddiaçı ünvanlanmış 15 fevral 2011-ci il tarixli məktubdan görünür ki, 23 iyul 2006-cı il tarixli müqaviləyə əsasən 2-ci giriş, 4-cü mərtəbə 1 otaqdan ibarət olan 66.22 kv.m olan mənzilin haqqının tam ödənilməsi İddiaçı xahiş edilmişdir. Cavabdeh3 MMC tərəfindən verilmiş 18 yanvar 2012-ci il tarixli arayışdan görünür ki, İddiaçı 764 ABŞ dolları məbləğində son ödənişi edərək, mənzilin dəyərini tam ödəmişdir. "xxxx" MTK-nın sədri tərəfindən təsdiq edilmiş arayışlardan görünür ki, İddiaçı müxtəlif tarixlərdə "xxxx" MTK-ya müəyyən edilmiş qaydada ödənişlər etmişdir. 30 sentyabr 2009-cu il tarixli "xxxx" MTK və "xxxx" MMC arasında olan təhvil-təslim aktından görünür ki, İddiaçı 764 ABŞ dolları məbləğində borcu qalmışdır. 23 avqust 2010-cu il tarixli müqavilədən məlum olur ki, Cavabdeh3 MMC ilə “payçı” X15 arasında müqavilə bağlanmış və həmin müqaviləyə görə Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 məhəllədə yerləşmiş Cavabdeh3 MMC-nin tikilməkdə olan binasında 2 giriş, 4 mərtəbə yerləşən 1 otaqdan ibarət 64 kv.m olan 134 saylı mənzili bir pay kimi “payçı” ya verməyi, “payçı” da müqavilədə göstərilmiş 23500 manat pul məbləğini tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh3 MMC tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş məktubdan görünür ki, cəmiyyətə məxsus binanın 2-ci girişində yerləşən sahəsi 66, 22 kv.m olan 1 otaqlı 134 saylı mənzil vətəndaşın təqdim etdiyi sənədə istinadən 2006-cı ildən etibarən X13 adına olmuşdur. Tam vəsaitini ödəyərək maliyyə arayışı əldə etmiş və 2019-cu ildə o, cəmiyyətə yaxınlaşıb mənzilinin qapısını dəyişmiş, kommunal ödənişləri edərək təmirə başlamaq istədiyini bildirmişdir. 2025-ci ilin aprel ayında isə yenidən Cəmiyyətə müraciət edərək mənzilini satışa çıxararaq başqa şəxsin adına sənədləşdirilməsini xahiş etmişdir. Bütün sənədləri qaydasında olduğu üçün mənzilin alqı satqısı reallaşmış və yeni payçısı Cavabdeh1 mənzilini dövlət qeydiyyatına aldıraraq çıxarış əldə etmişdir. Cavabdeh1 mənzilini X11 adlı şəxsə ipoteka yolu ilə satmışdır. Hal hazırda 134 saylı mənzilin mülkiyyət sahibi X8r. Mənzil onun sahibliyində və istifadəsindədir. İddiaçı Cəlal qızını tanımırlar və Cəmiyyətdə ona aid hər hansı sənəd mövcud deyildir. 11 aprel 2025-ci il tarixli pay haqqının verilməsi haqqında müqavilədən məlum olur ki, X15 Cavabdeh3 MMC-nin Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 134 saylı mənzili 23500 manat pay haqqı müqabilində Cavabdeh1 istifadəsinə vermiş, Cavabdeh1 isə sözügedən mənzili öz istifadəsinə qəbul etmişdir. Cavabdeh3 MMC tərəfindən verilmiş 11 aprel 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Cavabdeh3 MMC-nin Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 66.22 kv.m olan 134 saylı mənzilin tam pay hüquqlu sahibidir və Cavabdeh1 mənzilə dair heç bir borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, 2347-48-ci məhəllə, 134 saylı mənzil (Yeni qaydalarla: ünvan 2) tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ********* nömrəli reyestr nömrəsi 29 aprel 2025-ci il tarixdə qeydiyyata alınmışdır. 14 iyul 2025-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən məlum olur ki, satıcı Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, 2347-48-ci məhəllə, 134 saylı mənzil; Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 17 mərtəbəli binanın 1 otaqlı mənzili alıcı X6 153000 manat qiymətinə satmışdır. 153000 manatın 46000 manatı alıcı-ipoteka qoyan X12 tərəfindən, 107000 manat isə ipoteka saxlayan "xxxx" ASC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, 2347-48-ci məhəllə, 134 saylı mənzil; Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 61.60 kv/m olan mənzil tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə 22 iyul 2025-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 08 iyul 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, "xxxx" MMC-nin Pay haqqının verilməsi haqqında 11 aprel 2025-ci il tarixli müqaviləyə və "xxxx" MMC-nin 02/165 və 02/167 saylı 11 aprel 2025-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, 2347-48-ci məhəllə, 134 saylı mənzil (Yeni qaydalarla: ünvan 2) (1 otaq, ü/s 61.6 kv.m, y/s 20.6 kv.m, mərtəbə 4) Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 məhəllə, giriş 2, mənzil 4, 134 saylı mənzilin İddiaçı adına qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, iddiaçı ilə uzun illərdir ailəvi dostluqları vardır. 2006-cı ildə iddiaçı ev aldığını bildirmiş və 2024-cü ildə evə baxış keçirmişlər. Evə baxış zamanı evin 50 faizi təmir olunmuş, pol, elektrik işləri hamısı həll edilmiş vəziyyətdə idi. Daha sonra komendant gəldi və dedi ki, təmirdən qabaq sayğac qoyulmalıdır və zirzəmidə sayğacın yerini göstərdi. Həmçinin evin dəqiq mərtəbəsini xatırlamadığını bildirmiş və 2020-ci ildə iddiaçının anası vəfat etdiyi üçün iddiaçının təmiri başa çatdıra bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 iddiaçının vəfat etmiş bacısının ərinin yeni həyat yoldaşı olduğunu qeyd etmiş və iddiaçını 15 ildir tanıdığını bildirmişdir. İddiaçı tərəfindən mənzilin təmir edildiyini və 20-30 faiz iş qaldığını məhkəmənin nəzərinə çatdırmış, həmçinin İddiaçı maddi vəziyyəti yaxşı olmadığından təmiri başa çatdıra bilmədiyini qeyd etmişdir. Həmçinin bildirmişdir ki, 3 il əvvəl sözügedən mənzilə getdiklərində qapını aça bilməmiş, mühafizəni və ustanı çağıraraq qapını açmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 Cavabdeh1 evlərin alış-satışı ilə məşğul olduğunu, yəni evləri alıb, təmir etdikdən sonra satdığını bildirmişdir. Həmçinin şahid sözügedən mənzili Cavabdeh1 onun göstərdiyini və Azad adlı şəxsdən mənzili aldıqlarını, mənzilin 4-cü mərtəbədə yerləşdiyini və liftdən çıxdıqdan sonra sağ tərəfdə olduğunu bildirmişdir. Şahid qeyd etmişdir ki, Cavabdeh1la 2025-ci ildə görüşmüş və mənzilin alqı-satqısını həyata keçirmişlər. Şahid mənzilin sənədlərində heç bir problem olmadığını və çıxarışı sərbəst şəkildə aldıqlarını məhkəmənin nəzərinə çatdırmışdır. Mənzilin 1 otaqlı olduğunu, otaqda 1 pəncərənin mövcudluğunu qeyd etmiş və Azad adlı şəxsdən aldıqları zaman mənzilin təmirinin qara suvaq olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 "xxxx" MMC-nin sədri olduğunu və mübahisəli mənzilin yerləşdiyi binaya xidmət göstərdiyini bildirmişdir. Şahid qeyd etmişdir ki, 2025-ci ilin aprel-may ayında Azad yaxınlaşıb ona mənzilin sahibi olduğunu demiş, Akif Qasımov isə dəftərində xanım adı olduğunu bildirmişdir. Akif Qasımov 2023-cü ildən "xxxx" MMC-nin sədri olduğunu bildirmiş və mənzillərin kimə satıldığından xəbəri olmadığını qeyd etmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra Mülki Məcəllənin maddələrinə istinad ediləcək) müəyyən edir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. (140-cı maddə) Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.( 389.1-ci maddəsi) Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. (390-cı maddə). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (390.5.-ci maddə). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.(405-ci maddə) Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. (385.1-ci maddə) Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsi) Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (567-ci maddə) Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. (568.1-ci maddə) Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. (575-ci maddə) Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. (452-ci maddə) Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. (452.2-ci maddə). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə) Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə) Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə) Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.( 337-ci maddə) Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (337.2-ci maddə) Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. (337.3-cü maddə) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.4-cü maddə) Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. (337.5-ci maddə) Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. (339.1-ci maddə) Şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (339.2-ci maddə) Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. (339.3-cü maddə) Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. (182.1.-ci maddə) Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. (372.1-ci maddə) Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. (372.2-ci maddə) Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). Konstitusiya Məhkəməsinin Plenum Qərarları: Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarlarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında Plenum qeyd etmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarında məhkəmə vurğulamışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 10 mart 2020-ci il tarixli Qərarında Plenum vuruğulamışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcısi üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. İlk növbədə məhkəmə iddia müddətinin tətbiqinə dair münasibət bildirərək, qeyd edir ki, hazırki mülki iş üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş şahidlərin ifadəsindən müəyyən edilmişdir ki, iddiaçı mübahisəli mənzilin satıldığını təxminən 3 il əvvəl bilmişdir. Məhkəmə hesab edir ki, nəzərə alaraq ki, daşınmaz əşyalarla bağlı bağlanmış əqdlər üzrə iddia müddəti 6 ildir iddia müddəti ötürülməmişdir və iddiaya mahiyyəti üzrə baxılmalıdır. Mülki işin faktiki hallarından və məhkəmədə bilavasitə tədqiq olunmuş sübutlardan müəyyən edilir ki, İddiaçı ilə cavabdeh "xxxx" MTK arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 məhəllədə yerləşmiş “Etalon-MTK”-nın tikilməkdə olan binasında 2 giriş, 4 mərtəbə yerləşən 1 otaqdan ibarət 64 kv.m olan mənzillə bağlı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh mənzili (tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) iddiaçıya verməyi, iddiaçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşlər. İddiaçı mənzillərin tam dəyərini 18 yanvar 2012-ci il tarixdə son ödənişi edərək, tam ödəmişdir. Cavabdeh3 MMC-nin nümayəndəsi İddiaçı məxsus hər hansı bir sənədin təmsil etdiyi cəmiyyətdə mövcud olmadığını bildirmişdir. Həmçinin məhkəmə baxışı dövründə müəyyən edilmişdir ki, mübahisənin predmeti olan mənzillə bağlı X15 ilə 23 avqust 2010-cu il tarixli müqavilə bağlanmış, həmin mənzilə görə ödənişlər tam edilmiş, daha sonra X15 11 aprel 2025-ci il tarixdə sözügedən mənzili Cavabdeh1 satmışdır. Cavabdeh1 mənzildə təmir işləri aparmış və həmin mənzilə çıxarış almışdır. Həmçinin məhkəmə baxışında təsdiq edilmişdir ki, mübahisəli mənzil Cavabdeh1 tərəfindən təmir edilərək, cavabdeh X6 14 iyul 2025-ci il tarixdə alqı-satqı və ipoteka müqaviləsi ilə satılaraq, təhvil verilmişdir, həmin mənzil hazırda cavabdeh X5 faktiki sahibliyində və istifadəsindədir, hazırda X12 ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Həmçinin X2 mənzilə dair 22 iyul 2025-ci il tarixdə çıxarış əldə etmişdir. Məhkəmə iddiaçı tərəfindən mübahisələndirilən əqdlərin, yəni "xxxx" MMC ilə X15 arasında bağlanmış xx.xx.2010-cu il tarixli "mənzil tikintisi haqqında" müqavilənin, cavabdehlər "xxxx" MMC, X15 və Cavabdeh1 arasında bağlanmış Pay haqqının verilməsi barədə xx.xx.2025-ci il tarixli müqavilənin, həmçinin Cavabdeh1, X11 və "xxxx" ASC-nin Mərkəz filialı arasında bağlanmış xx.xx.2025-ci il tarixli "alqı-satqı və ipoteka müqaviləsinin" bağlanması zamanı və bağlanandan sonra hazırki iş üzrə alıcıların hərəkətlərini qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh1 və X5 vicdanlı alıcı olduqlarının təsdiq edilməsi hazırki iddia tələblərinin təmin edilməməsi üçün əsasdır. Eyni zamanda məhkəmə tərəfindən hazırki nəticəyə gələrkən mübahisələndirilən əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşması da nəzərə alınmış və mübahisələndirilən əqdlərin etibarsız sayılması üçün mülki qanunvericilikdə müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir. Məhkəmə işdə olan sübutları qiymətləndirib, yuxarıda qeyd edilmiş maddi huquq normalarına əsaslanaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını rəhbər tutaraq, belə qənaətə gəlir ki, mübahisəli mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində əvvəl Cavabdeh1 adına qeydiyyata alındığından və sonradan həmin mənzil qanuni şəkildə X1, hazırda mübahisəli mənzil mülkiyyət hüququ əsasında X6 məxsus olduğundan iddia tələbləri təmin edilməməli, iddiaçıya öhdəliyin predmeti olan mübahisəli əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu olaraq 100 manat; hüquqi yardıma görə ödənilmiş 320 manat Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi və sair” tələblərinə dair iddiası təmin edilməsin. İddiaçıya öhdəliyin predmeti olan mübahisəli əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ izah edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar