Məhkəmə qərarları › İş №e-2(011)-6315/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6315/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6315/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizə ilə məhkəməyə müraciət edərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyən Cavabdeh 10.534 manat pulun və 130 manat dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh xx.xx.2024-cu il tarixdə “Chevrolet Epica” minik markalı 2007-ci il buraxşlı ** NV *** dövlət qeydiyyat nişanlı avtomaşınını hissə-hissə ödəmək şərti ilə satmışdır. Aralarında bağlanmış avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamı əsasında cavabdeh 24 ay ərzində hər ay 458 manat olmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. Lakin 1 ay ödəniş etmişdir. İkinci ayda zəng edib pulu tələb edərkən maşının yandığını bildirmişdir. İddiaçı dəfələrlə müraciət etmiş, lakin cavabdeh qəti surətdə borc pulu ödəməkdən yayınmışdır. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, cavabdeh müqavilə üzrə ödənişləri həyata keçirməmişdir. İlk bir ayı ödədikdən sonra ikinci ayda o bildirmişdir ki, maşın yanıb, buna görə də ödənişləri həyata keçirmir. O, qeyd etmişdir ki, avtomobilin ona qaytarılmasını və ya avtomobilə dəymiş zərərin cavabdehdən tutulmasını tələb etmir. Belə ki, avtomobilin vəziyyətindən asılı olmayaraq, iddiaçının tələbi cavabdehin hər ay ödəməli olduğu pul ödənişləridir. Çünki avtomobilin dəyərdən salınması cavabdehə görə baş verib. Cavabdeh 2024-cü ilin mart ayı üçün ödəniş etmişdir. 2024-cü ilin aprel ayından müqavilənin sonunadək, yəni 2026-cı ilin mart ayınadək cavabdehin ödəməli olduğu pulların ödənilməsini cavabdehdən tələb edir. Müqavilə bağlanılarkən nəzərdə tutulmuşdur ki, 24 ay müddətinə hər ay üçün 458 manat olmaqla maşının dəyəri olan 10.992 manat məbləği cavabdeh ödəyəcək. Cavabdeh 24 ayda bütün pulları ödəmiş olsaydı iddiaçı ona baş etibarnamə verərək maşının onun adına keçməsinə razılığını verəcəkdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə iştirak etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin rəsmi blankında çap edilmiş və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli "xxxx"ın surətindən görünür ki, MMC tərəfindən “Chevrolet Epica” minik markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh icarəyə verilmişdir, sonuncu 24 ay ərzində hər ay 458 manat icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin iltizamın mətnindən görünür ki, ödənişi tam həyata keçirdikdən sonra idaarəetmə etibarnaməsi ləğv edilir və 5 günlük baş etibarnamə verilir və avtomobil iltizamı imza edənin adına sənədləşdirilməlidir əks təqdirdə sonuncu gələcəkdə yaranan problemlərə görə məsuliyyət daşımadıqlarını bilir. (Ödəniş bitdikdə həmin gün baş etibarnamə alınmalıdır. Əks halda iltizamı imza edən 250 azn ödəməli olacaq) Bütün notarial xərclər onun tərəfindən ödənilir. Ödənişi 3 gün gecikdirdiyi halda verilmiş etibarnamə ləğv edilə və avtomobilin qaytarılması haqda qərar qəbul edilə bilər.Bu halda ödədiyi pullar geri qaytarılmır. (ilkin və aylıq etdiyi ödənişlər). İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh verilmiş xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan “Chevrolet Epica” minik markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi ilə bağlı səlahiyyətləri 2 il müddətinə Cavabdeh verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Chevrolet Epica” minik markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobildə xx.xx.2024-cü il tarixdə yanğın baş vermişdir, avtomobilin mühərriki və idarəetmə lövhəsi yanmışdır. Avtomobilin qalan hissəsi mühafizə olunmuşdur. İş materiallarında olan İddiaçı (İcarəyə verən) ilə "xxxx" MMC (direktoru X2 şəxsində) bağlanılmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, “Chevrolet Epica” minik markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil 5 il müddətinə aylıq icarə haqqı 400 manat olmaqla "xxxx" MMC-nə icarəyə verilmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə əvvəlcə iddiaçının müvafiq tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, qeyd olunan “Chevrolet Epica” minik markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi haqqında müqaviləni Cavabdeh iddiaçı (avtomobilin mülkiyyətçisi İddiaçı) ilə deyil, "xxxx" MMC ilə bağlamışdır. Göründüyü kimi, İddiaçı “Chevrolet Epica” minik markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olsa da, lakin o, avtonəqliyyat vasitəsinin cavabdehə icarəyə verilməsi münasibətlərində müqavilə tərəfi olmamışdır. Buna görə də Cavabdeh ilə "xxxx" MMC arasında yaranmış icarə münasibətlərindən irəli gələn iddia tələblərinin qaldırılmasına iddiaçının subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı 10.534 manat məbləğində pulun tutulması barədə iddia tələbi təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən (1) bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar