Məhkəmə qərarları › İş №e-2(011)-6448/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6448/2023

22.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6448/2023 22.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi cəlb edilməklə) qarşı “mənzildən çıxarılma” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı – Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 2017-ci il təvəllüdlü X1 ilə birlikdə ona məxsus Bakı şəhəri, Xətai Rayonu, Əhmədli qəsəbəsi, Gəncə pr., məhəllə 2930, 70 nömrəli evin 30-cu mənzilindən çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai Rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, məhəllə 2930, 70 saylı evin 30-cu mənzili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən iddiaçıya məxsusdur. Cavabdehlər Cəbrayıl Rayonunun Sirik kəndindən məcburi köçkün olmaqla yetkinlik yaşına çatmayan X1 ilə birlikdə xx.xx.2015-ci il tarixdən ona məxsus mənzildə məskunlaşmışlar. Cavabdeh1 gəlini Cavabdeh4 məcburi köçkün deyildir. Ermənilər tərəfindən işğal olunmuş ərazilərimiz azad olunmuşdur. Buna baxmayaraq cavabdehlər mənzildən çıxmaq istəmirlər. Nəticədə o, mülkiyyətində olan mənzilindən istifadə etmək və mənzil üzərində sərəncam vermək hüququndan məhrum olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar, məhkəməyə gəlməmiş və gəlməmələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai Rayonu, Əhmədli qəsəbəsi, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Xətai Rayon Sektoru tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 2 ünvanlanmış xx.xx.2023-cü il tarixli 41 saylı məktubdan görünür ki, Bakı şəhəri, Xətai Rayonu, Əhmədli qəsəbəsi, ünvan 1 ünvanında Cəbrayıl rayonunun Sirik kəndindən məcburi köçkün Cavabdeh1 beş nəfər (özü-1967-ci il təvəllüd, arvadı: Cavabdeh2 Əliyannaqi qızı- 1968-ci il təvəllüd, oğlu: Cavabdeh3-1989-cu il təvəllüd, gəlini: Cavabdeh4-1994-cü il təvəllüd (köçkün deyil), nəvəsi: X1-2017-ci il təvəllüd) ailə tərkibi ilə xx.xx.2015-ci il tarixindən qeyd olunan ünvanda məcburi köçkün kimi müvəqqəti məskunlaşmışlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi Bakı şəhəri, Xətai Rayonu, Əhmədli qəsəbəsi, ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir. İş üzrə cavabdehlər Cəbrayıl rayonunun Sirik kəndindən məcburi köçkündürlər və mübahisəli mənzildə müvəqqəti məskunlaşaraq məcburi köçkün kimi orada məskunlaşıblar. İddiaçı cavabdehlərdən mülkiyyətində olan mənzili boşaltmağı və ona təhvil verilməsini tələb etsə də, onlar bundan imtina etmişlər. Cavabdehlərin mübahisəli mənzildə həmin mənzilin mülkiyyətçinin iradəsinə zidd yaşamaqları iddiaçının mülkiyyət hüquqlarına müdaxilə və mülkiyyətə qəsd kimi qiymətləndirilir. Bu səbəbdən iddiaçı cavabdehlərin məcburi qaydada mülkiyyətində olan mənzillərdən çıxarılmasını tələb etməkdə tam haqlıdır Məhkəmə qeyd edir ki, cavabdehlərin heç bir qanuni əsas olmadan iddiaçının mülkiyyətində olan mənzildə yaşamaları, iddiaçını mülkiyyətində olan mənzildən sərbəst istifadə edə bilməməsi və bununla da mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Cavabdehlərin ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşamaları iddiaçının mülkiyyətçi kimi Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qorunan hüquqlarını pozduğundan və daşınmaz əmlakın mülkiyyətçisi kimi onun mülkiyyət hüququnun həyata keçirilməsi məhdudlaşdırdığından, cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. İşin materiallarından göründüyü kimi, mübahisəli mənzil İddiaçı mülkiyyətindədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, o, öz mülahizəsinə görə mübahisəli evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlərin mübahisəli mənzili könüllü olaraq tərk etməmələri nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, iddiaçının mübahisəli mənzilə dair hüquqları qanunvericiliyin tələblərinə uyğun yaranmışdır, cavabdehlərin isə həmin mənzilə istifadə hüququnun olmasını təsdiq edən hallar müəyyən edilməmişdir. Odur ki, göstərilənlər nəzərə alınaraq iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, məhəllə 2930, 70 nömrəli evin 30 nömrəli mənzilindən çıxarılsınlar. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar