Məhkəmə qərarları › İş №e-2(011)-6508/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6508/2024

11.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6508/2024 11.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi İddiaçı Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4-də yerləşən 3 saylı mənzildən çıxarılması, iddiaçının həmin mənzilə köçürülməsi və mənzilin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının dəlilləri İddianın dəlilləri ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4-də yerləşən 3 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən iddiaçının adına xx.xx.2004-cü il tarixdə seriya nömrəsi ÖM, reyestr nömrəsi № 195182 olan qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh iddiaçının keçmiş gəlinidir. Cavabdeh iddiaçının oğlu X5 ilə 19 iyun 2009-cu il tarixdə ailə qurmuşdur. İddiaçının mülkiyyətində olan mənzilə Cavabdeh xx.xx.2015-ci il tarixdə qeydiyyata düşmüşdür, iddiaçı ona müvəqqəti yaşamağa icazə vermişdir. Cavabdeh ilə iddiaçının oğlu X2 ailə münasibətləri çoxdan bitmişdir, ayrı yaşayırlar, birgə təsərrüfat aparmırlar, həttə Cavabdeh Xətai Rayon Məhkəməsinə nikahın pozulması tələbi ilə müraciət etmişdir, mülki işə baxılır. Hazırda iddiaçının xüsusi mülkiyyətində olan mənzil iddiaçının ehtiyacları üçün lazımdır, lakin cavabdeh mənzildən çıxmaq istəmir. Cavabdehin iddiaya dair etirazının dəlilləri: Cavabdeh xx.xx.2024-cü il tarixində verdiyi etirazında bildirmişdir ki, Cavabdeh və X5 arasında xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Qazax şəhəri qeydiyyat şöbəsində 271 saylı qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Valideynlərinin xeyir duasını alaraq ( onlar qohumdular) ailə qurmuş vǝ el adəti ilə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Cavanşır küçəsi,ev 4,mənzil 3-ə iddiaçının oğlunun gəlini kimi o vaxtı həmin evə gəlin gəlib, cehizlərini gətirib, evin abadlaşmasında Cavabdeh valideynlərinin maddi dəstəyi olub. Həmin evdə həmin gündən bu günə kimi fasiləsiz yaşamışdır. Birgə nikahdan 26 mart 2010-cu ildə X6 və 12 fevral 2012-ci ildə X11 doğulmuşlar. Uşaqları həmin evdən bağçaya indi isə məktəbə gedirlər. Cavabdeh bildirir ki, iddiaçı həmin evi öz oğul nəvələrinə verərək, həmin evdə yaşamayıb. İddiaçı özü çox gözəl bilir ki, boşanmanın səbəbkarı kimdir. İddiaçı hal hazırda oğlu X4 öz ailəsinə laqeyd münasibətinə görə tənqid edib, öz həyat yoldaşının, uşaqların yanında olmasını, öz ailəsinə sahib çıxmaq əvəzinə bizi küçəyə atmaq arsusuna düşüb. İddiaçı tək başına öz uşaqlarını saxlayır, maddi vəziyyəti onsuz da çox ağırdır. Hesab edir ki, iddiaçının qoyduğu tələbi əsassızdır Odur ki, iddiaçının qoyduğu tələbi üzrə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini tələb etdi. İşin halları: 133 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş 247 №-li arayışdan məlum olur ki, Cavabdeh, X7, X11 xx.xx.2015-ci ildən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4-də yerləşən 3 saylı mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışla məlum olur ki, İddiaçı xx.xx.2004-cü il tarixindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4-də yerləşən 3 saylı mənzildə qeydiyyatdadır. xx.xx.1986-cı il təvəllüdlü Mirzəyev Üzeyir oğlu, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh, xx.xx.2012-ci il təvvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X7 həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 195182 №-li qeydiyyat vəsiqəsindən məlum olur ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4-də yerləşən 3 saylı mənzilə xüsusi mülkiyyət kimi hüququ qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.2004cü il tarixində qeydiyyat aparılmışdır. xx.xx.2024-cü il tarixli akta əsasən, X8, X17, X16 öz imzaları ilə təsdiq edirlər ki, xx xxxx 1987-ci il təvəllüdlü Cavabdeh 2009-cu ildə iyun ayında X5 ilə ailə həyatı qurandan sonra həmin vaxtı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4-də yerləşən 3 saylı mənzilə gəlin köçmüşdür və bu günə kimi həmin mənzildə övladları ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixli akta əsasən X19, X18, X3 öz imzaları ilə təsdiq edirlər ki, xx xxxx 1987-ci il təvəllüdlü Cavabdeh 2009-cu ildə 19 iyunda X5 ilə ailə həyatə qurandan sonra həmin vaxtı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4-də yerləşən 3 saylı mənzilə gəlin köçmüşdür. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-5736/2024 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, X5 ilə Cavabdeh arasında xx.xx.2009cu il tarxə qazax Rayon Qeydiyyat Şöbəsində Nikahın bağlanması haqında akt qeydləri kitabında 271 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X9 anaları Cavabdeh yanında saxlanılması, X1 xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İddia tələbinin hüquqi əsası: Azərbaycan Respublikasinin Konstitusiyasi Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı: - 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə uyğun hesab edilsin. Yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun hesab edilsin.

Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə ilkin olaraq Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması tələbinə qiymət verərək, qeyd edir ki, bu iddianın həlli üçün cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olub-olmadığı müəyyən edilməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququ xx.xx.2004-cü il tarixində iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh isə 2009-cu ildə iddiaçının oğlu ilə ailə quraraq həmin mənzilə gəlin köçmüşdür. Belə olan halda, cavabdehin mənzildə istifadə hüququnun olub-olmadığı Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinə əsasən müəyyən edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında nə notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmamışdır, nə də istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Beləliklə cavabdehin qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Belə olan halda, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ olmadığı halda, onun həmin mənzildə yaşamağı üçün hər hansı əsas mövcud deyildir. Digər tərəfdən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4-də yerləşən 3 saylı mənzilə köçürülməsi ilə bağlı hissədə qiymət verərək qeyd edir ki, qeyd edilən mənzil iddiaçının mülkiyyəti olduğuna görə onun mənzilə sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ var. O, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4-də yerləşən 3 saylı mənzildən məcburi qaydada çıxarılmalı, mənzil iddiaçıya təhvil verilərək, iddiaçı mülkiyyətində olan mənzilə köçürülməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4-də yerləşən 3 saylı mənzildən çıxarılsın. Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4-də yerləşən 3 saylı mənzil İddiaçı təhvil verilsin və İddiaçı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4-də yerləşən 3 saylı mənzilə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim : Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar