Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-655/2025 10.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (bundan sonra - iddiaçı), onun nümayəndəsi (vəkili) Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (bundan sonra cavabdeh) onun nümayəndəsi (vəkili) X4, X1 iştirakı ilə, İddiaçının cavabdehə qarşı “yaşayış sahəsindən istifadə hüququ olmayan hesab edilməsi” barədə ilkin, cavabdehin iddiaçıya qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləği” barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 63A saylı evin, 21 saylı mənzili (bundan sonra – Mənzil) xx.xx.1985-ci il tarixli, 227504 saylı orderlə təəflərin anası X3 verilmişdir. X6 ailə üzvləri kimi, əri X7 (xx.xx.2006-cı il tarixdə onların nikahının pozulması dövlət qeydiyyatına alınmışdır), övladalrı – iddiaçı, cavabdeh, X10 və X8 qeyd edilmişdir. Orderdə adları qeyd edilmiş övladlarının razılığı ilə Mənzil Yekaterina Əmikişiyevanın adına özəlləşdirilmiş və barədə sonucuya dövlət qeydiyyatında ********** nömrə ilə qeydiyyata alınmaqla ******* nömrəli Çıxarış verilmişdir.
2. xx.xx.2009-cu il tarixdə bağlanmış bağışlama müqaviləsi əsasında Yekaterina Əmikişiyeva Mənzili iddiaçıya bağışlanmış və sonuncunun mülkiyyət hüququ xx.xx.2009cu il tarixdə dövlət qeydiyyatına alınmaqla (qeydiyyat nömrəsi: **********) bu barədə ona ******* saylı Çıxarış verilmişdir. Cavabdeh Mənzilin iddiaçıya bağışlanmasına etiraz etməməsinə dair xx.xx.2009-cu il tarixdə notarial qaydada təsdiq edilməklə yazılı ərizə vermişdir (iddiaçının soyadı əvvəl “Əmikişiyeva” olmuş (Çıxarışda “Əmikişiyeva” siyadı qeyd edilmişdir) sonadan soyadını “Valker” soyadına dəyişmiş və bu dəyişiklik xx.xx.2021-ci il tarixdə akt qeydləri kitabında 113 nömrə ilə qeydiyyata alınmışdır).
3. Cavabdeh hazırda Mənzildə pasport qeydiyyatındadır və iddiaçının razılığı ilə anası ilə birlikdə orada yaşayır. Mənzildən istifadə hüququna dair cavabdehlə iddiaçı arasında müvafiq müqavilənin bağlanmasına dair qeyd dövlət reyestrində qeydiyyata alınmamışdır. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Bakı İnzibati Məhkəməsinin sorğusuna verdiyi xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir.
4. Bundan başqa, məhkəmənin sorğusu əsasında AR Dövlət Sərhəd Xidmətinin xx.xx.2025-ci il tarixli məlimatında cavabdehin sonuncu dəfə xx.xx.2013-cü il tarixdə çıxması və xx.xx.2021-ci il tarixində ölkə ərazisinə gəlməsi qeyd edilmişdir.
5. Tərəflər arasında əvvəllər də məhkəmə mübahisəsi olmuş, iddiaçının cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə (üçüncü şəxs cavabdeh) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6654/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə təmin edilməmişdir.
İlkin və qarşılıqlı iddia ərizələrnin və onlara etirazın dəlilləri:
a) İlkin iddia ərizəsinin dəlilləri
6. İddiaçı cavabdehin Mənzildən yaşayış sahəsindən istifadə hüququnun qazanmamış hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı ilkin iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2009-cu il tarixli çıxarışa əsasən Mənzilə dair mülkiyyət hüququ tam payda qeydiyyata alınmışdır. Cavabdeh onun mülkiyyətində olan mənzildə qeydiyytdadır və bu onun konstitusiyon hüquqlarını pozur və həyata keçirilməsinə imkan vermir. Yaşayış sahəsindən istifadə hüququ ilə bağlı hüquq münasibətini tənzimləyən maddi hüquq normaları yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün şəxsin yaşayış sahəsinə köçüçrülməsin tələb edir. Lakin cavabdeh mənzildə yaşamamış, ona görə də onun mənzildən istifadə hüquq yaranmamışdır. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda olması formal xarakter daşıyır, bu mənzillə bağlı olan heç bir hüquqi nəticələrə səbəb olmur. Cavabdehin mülkiyyətində olan mənzildə qeydiyyatda olması onun tərəfindən əlavə xərclərin ödənilməsinə səbəb olur.
8. Cavabdehin ilkin iddia ərizəsinə etirazının dəlilləri:
9. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında qeyd etmişdir ki, Mənzil əvvəllər anası Yekaterina Yakovlevnanın mülkiyyətində olmuş, xx.xx.2009-cu il tarixli bağışlama müqaviləsi ilə bacısına (iddiaçıya) bağışlanmış, bundan sonra iddiaçının adına Çıxarış verilmişdir. İddiaçı onun Mənzildən qeydiyyatdan çıxarılması barədə Bakı şəhəri Xətai RPİ-nə müraciət etsə də, ərizəsi təmin edilməmişdir. Bu halda iddiaçı Bakı şəhəri Xətai RPİ-nə qarşı, üçüncü şəxs cəlb edilməklə onun qeydiyyatdan çıxarılması üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin iddiası rədd edilmişdir. İddiaçının hazırkı iddiası tamamilə əsassızdır. O, Mənzilin əvvəlki mülkiyyətçisi olan anasının ailə üzvü olduğundan Mənzildən istifadə hüquq yaranmışdır.
b) Qarşılıqlı iddia ərizəsinin dəlilləri.
10. Cavabdeh ilkin iddia ərizəsinin rədd edilməsini, iddiaçı ilə X5 arasında Mənzilə dair bağlanmış xx.xx.2009-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, iddiaçıya verilmiş xx.xx.2009-cu il tarixli, ******* saylı çıxarışın ləğv edilməsi və X2 adına yeni çıxarışın verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
11. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1986-cı il tarixdən hazırkı vaxtadək anasına məxsus mübahisəli Mənzildə qeydiyyatdadır və AR DİN BPQMİnin xx.xx.2024-cü il tarixli arayışı təsdiq edir. 2009-cu ildə Rusiyaya işləməyə gedərkən bacısı ilə razıalşmışlar ki, analarının razılığı ilə 5 otaqlı mənzillərini satıb ona, bacısına və anasına ayrı-ayrı mənzillər alarlar. Ona görə də xx.xx.2009-cu il tarixdə bacısına baş etibarnamə vermiş və bir gündən sonra Rusiyaya getmişdir. Rusiyada olarkən mənzilin müxtəlif səbəbdən satılmadığını bilirdi. 2021-ci il tarixdə ölkəyə qayıdanda da Mənzilin mülkiyyətçisinin dəyişməsindən məlumatı olmamışdır. 2024-cü ildə bacısı ona qarşı Bakı İnzibati Məhkəməsinə müraciət etdikdən sonra öyrənmişdir ki, anası Mənzili bacısına bağışlayıb. Mənzildə qeydiyyatda olan şəxslərin bağışlama zamanı notarial qaydada təsdiq olunmuş razılığı olmalıdır. O, Mənzilin ağışlanmasına razılıq verməmişdir, çünki həmin vaxt Rusiyada idi. Hazırda anası Mənzili iddiaçıya bağışlamağı xatırlamır.
Məhkəmə iclasında verilən izahatlar:
12. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi.
13. İddiaçı ilkin iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh 1993-cü il tarixdə nikaha daxil olduqdan sonra öz ailəsi birlikdə 2009-cu il tarixədək başqa yerdə yaşayıb. Yalnız bəzi vaxtlar və yay tətillərində gələrək Mənzildə qalırdılar. Cavabdehin özünün və uşaqlarının xərcini o ödəyirdi. Sonra cavabdeh arvadını döydüyü üçün həbs edildi. 2009-cu il tarixdə işləmək üçün Rusiyaya getdi. Cavabdehi Rusiya Federasiyasından deportasiya edildikdən sonra əvvəl özü gəldi, sonra orada yaşadığı bir qadını da gətridi. Anası qadının onunla yaşamasına razı olmadığı üçün onlar kirayədə qaldılar. Cavabdehə pul vermək istəyirdi ki, onlar özlərinə müvəqqəti yaşamaq üçün ev alsınlar. Sonradan eşitdi ki, cavabdeh 50000-60000 manatlıq ev axtarır. Bundan sonra pul verməkdən imtina etdi. 2024-cü ilin yayında Rusiyadan gələn qadın da getdi. Bundan sonra anasının xahişi ilə cavabdehə icazə verdi ki, Mənzildə yaşasın və həmin vaxtdan da daimi Mənzildə anası ilə birlikdə yaşayır. İndi cavabdeh onun mənzilindən çıxmaq istəmir. Qeyd edilənlərə əsasən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi.
14. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə iclasında ilkin iddiaya etiraz edərək onun rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi.
15. Cavabdeh məhkəmə iclasında bildirdi ki, Mənzildə 1980-ci il tarixdən yaşayırş Həmin mənzil atasının vəsaiti ilə anasının adına alınıb. Hərbi xidmətdən qayıtdıqdan və 1993-cu il tarixdə evləndikdən sonra Mənzildə yaşayıb. Lakin atası ilə mübahisələri olduğuna görə arvadının evində yaşayb, 1995-ci il tarixdə qaynanası öldükdən sonra qaynatası tək qaldığı və insult keçirdiyi üçün yoldaşının atasının evində qalmağa məcbur oldular. Buna baxmayaraq anasının gedib-gəlib, çünki anası tək yaşayırdı. Nəsə lazım olanda anası çağırırdı, gedib təmir edirdi. Təxminən 2008-ci ildə Rusiyaya getmiş, 2021-ci il tarixdə qayıtmış, bacısı (iddiaçı) onu hava limanında qarşılyaraq Mənzilə aparmış və orada yaşamağa başlamışdır. Hələ Rusiyada olarkən sinif yoldaşı olmuş Vera adlı xanımla orada görüşdüyünü və onunla ailə kimi bir yaşamaq istədiyini anasına bildirdmişdir. Qayıtdıqdan sonra həmin qadını da gətrimək istədiyini bildirəndə anası razı olduğunu desə də, sonradan razı olmamaış, bu səbəbdən kirayədə yaşamağa başlamışdır. Sonra yoldaşı iddiaçıya təklif etmişdir ki, onlar kirayədə qalır, iddiaçı bir ev alsın, onlar həmin evdə yaşasın kirayə haqqını da ona versinlər. İddiaçı razılaşmış, onlara 50000 manat qədər evlərə baxmağı tapırmış, hətta böyük oğlu birlikdə evlərə baxmış və bir neçə dəfə də beh vermiş, behi batmışdır. Bu Mənzil atası ilə anasının nülkü olub. İstədiyi odur ki, iddiaçı ona bir otaqlı ev alsın ki, onun da başının üstündə bir damı olsun. Çünki iddiaçı istəyir ki, anasını Rusiyaya qardaşının yanına göndərsin, onu evdə çıxarıb satsın və onu evsiz qoysun. Rusiyada olduğu müddətdə bir neçə dəfə Azərbaycana gəlmiş, hər dəfə gələndə də Mənzildə anası ilə birlikdə yaşamışdır.
16. Cavabdeh X5 məhkəmə iclasında bildirdi ki, Mənzil kooperativ mənzili olmuşdur. O vaxt yoldaşı ilə Mənzili alanda 5 otaq aldılar ki, hər uşağın özünün otağı olsun. Vaqif və Mikayıl adlı övladları Rusiyada yaşayırlar. Onlar bu evdən pay istəmirlər. Vidadı heç nə istəmir, deyir ki, bacısı ona 3x5 kv.m.-dən ibarət bir koma alsın ki, orda yaşaya bilsin. Onun özünə heçnə lazım deyil, artıq 79 yaşı var. Bu bacı qardaş 5 otağı aralarında bölə bilmirlər. İdiaçı bilir ki, qardaşı kontuziya alıb. Əfqanıstandan gələndə o pis vəziyyətdə idi. 5-6 adam onu tuta bilmirdi. TTY gəlirdi Vidadiyə iynə vururdu sonra sakitləşirdi. Evi qızına bağışlamayıb. Qızı Vidadinin onunla yaşamasını istədi. O, bildirdi ki, ona lazım deyil, bir azdan 80 yaşı olacaq özünə qulluq, yeməyini vermək, paltarını yumaq lazımdır. Sonra Vidadi keçmiş tanışı ilə görüşdü. O qadın Rusiyadan gəldi Vidadi ilə bir az yaşadılar, iddiaçı narazılıq bildirdi. Dedi ki, qoy o qadın Rusiyaya qayıtsın. Əgər o, qardaşıma bir otaqlı ev alsa həmin qadın evi satıb Rusiyaya gedəcək. Cavabdeh Mənzilin özəlləşdirilməsinə razılıq vermişdi. Hamısı gedib razılıq verdilər, Mənzil onun adına özəlləşdirildi. O, qızına ev bağışlamayıb. Bilir ki, bağışlayanda o həmişəlik olur. Cavabdehi qeydiyyatdan çıxarılsın. Eybi yoxdur, o gedər Amerikada qeydiyyata düşər.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:
17. Maddə 43 Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 6.2 Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
19. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır.
20. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
21. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun
22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
23. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
24. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
25. Maddə 53 1-ci hissə. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
26. Maddə 53 3-cü hissə. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
27. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır.
28. Maddə 87, 2-ci hissə. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
32. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi:
33. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
34. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
35. Tərəflər arasındakı mübahisə ilkin iddia üzrə cavabdehin Mənzildən istifadə hüquqlarına xitam verilməsi, qarşılıqlı iddia üzrə isə Mənzilin anası tərəfindən iddiaçıya bağışlanması barədə müqavilənin etibarsızlığı barədədir. Odur ki, ilkin iddia üzrə tərəflər arasındakı mübahisəyə tərəflərin mübahisəli Mənzildə yaşamağa başladığı (hüquq mübasibətinin yarandığı) dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları, qarşılıqlı iddia tələbi üzrə mübahisəyə isə Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı maddi hüquq normaları tətbiq ecilməlidir.
36. İlkin iddia üzrə işin mübahisəsiz halıdır ki, Mənzil xx.xx.1985-ci il tarixdə oreder əsasında X3 verilmiş, həm iddiaçı, həm də cavabdeh Mənzil alındığı vaxtdan Yekaterina Əmikişiyevanın ailə üzvü (övladları) kimi həmin Mənzildə yaşamış, tərəflərin (cavabdeh tərəfindən Mənzilin özələşdirilməsi barədə xx.xx.2008-ci il tarixli razılıq ərizəsi Udmurtiya Respublikası, İşevsk şəhərindən göndərilmişdir) və qeydiyyatda olan digər ailə üzvlərinin də razılığı ilə 2008-ci il tarixdə özlləşdirmə yolu ilə Yekaterina Əmikişiyevanın mülkiyyətinə keçmişdir.
37. Mənzilin ilk dəfə Yekaterina Əmikişiyevaya order əsasında veilməsini və cavabdehin də həmin mənzildə yaşamağa başladığı vaxtı (1985-ci il) nəzərə alaraq, eləcə də qanunvericiliyin yuxarıda göstərilən müddəalarna əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir.
38. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
39. Mənzil Məcəlləsinin yuxarda qeyd edilən 53-cü maddəsinin 1-ci və 3-cü maddələrində (Mənzil əvvəlcə Yekaterina Əmikişiyevaya order əsasında verildiyindən o, icarədar olmuşdur) icarədarla birikdə yaşayan şəxslərin onunla bərabər istifadə hüquqlarının yaranması üçün 2 şərt tələb olunur: birincisi, həmin şəxslərin icarədarın ailə üzvü olması. Bunlara daxildir icarədarın arvadı (əri), uşaqları və valideynləri, habelə icarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər; ikincisi, həmin şəxslərin icarədarla birlikdə yaşayış sahəsində yaşaması. Yalnız hər iki şərtin eyni vaxtda mövcud olması icarədarla birlikdə yaşayan şəxslərin yaşayış sahəsindən onunla bərabər hüquqlara və vəzifələrə malik olması üçün hüquqi əsası yaratmış olur.
40. İşin mübahisəsiz halıdır ki, cavabdeh Mənzilin icarədarı olmuş Yekaterina Əmikişiyevanın ailə üzvü, oğludur və Mənzil sonuncuya order əsasında verildikdən sonra onlar, eyni zamanda iddiaçı və digər ailə üzvləri mübahisəli Mənzildə birlkdə yaşamışlar. Bu hal onu deməyə əsas verir ki, cavabdehin Mənzildən istifadə hüququ yaranmışdır.
41. İlkin iddia üzrə mübahisəli vəziyyət cavabdehin ailə qurduqdan və sonradan Mənzildə yaşamadığı müddətdə istifadə hüququnun saxlanılması ilə bağlıdır. Mənzil Məcəlləsinin yuxarıda göstərilən 60-cı maddəsinin 1-ci hissəsində icarədar və ya onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikləri halda istifadə hüquqularının saxlanılması altı ay müddətlə məhdudlaşdırılmışdır. Qeyd edilən müddəanın mənasından belə nəticə əldə olunur ki, icarədar və ya onun ailə üzvləri həmin müddətdən artıq yaşayış sahəsindən getdikdə, əgər onlar yaşayış sahəsini iradələrindən kənar tərk etməmişlərsə, yaxud bu müddət keçdikdən sonra onların yaşayış sahəsinə qayıtması özlərindən asılı deyildirsə, istifadə hüquqları qeyd-şərtsiz itirilir.
42. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 mart 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
43. Məhkəmə qeyd edilən müddəalara, eləcə də, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hesab edir ki, cavabdehin ayrı-ayrı vaxtlarda Mənzildə yaşamaması onun istifadə hüququnun itiilməsinə səbəb ola bilməz. Belə ki, işin mübahisəsiz halı kimi məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh əvvəl icarədar olmuş Yekaterina Əmikişiyevanın ailə üzvü kimi verildiyi gündən, yəni xx.xx.1985ci il tarxdən başlayaraq nikaha daxil olanadək (tərəflərin bildirdiklərinə görə 1992-1993-cü illərdə) 7-8 il müddətində Mənzildə yaşamış, ailə qurduqdan sonra isə atası cavabdehin nikaha daxil olduğu qadınla ailə qurmasına razı olmadığı üçün aralarında yaranmış mübahisə nəticəsində başqa mənzildə kirayədə yaşamağa məcbur olmuş, 1995-ci il tarixdən isə arvadının atasına məxsus mənzildə yaşamış (arvadının atası tək qaldığından onunla yaşamaq üçün), sonradan arvadı ilə ailə münasibətləri pozulduğuna görə (iddiaçı arvadını döydüyünə görə cavabdehin həbs edildiyini bildirdi), həmçinin özünün dediyinə görə 2008-ci il tarixdə Rusiya Federasiyasına getmişdir (AR Dövlət Sərhəd Xidmətinin xx.xx.2025-ci il tarixli məlumatında cavabdehin ilk dəfə ölkədən çıxışı xx.xx.2009-cu il tarixdə olmuşdur). İddiaçı da məhkəmə iclasında atasının rus milliyyəti olduğu üçün cavabdehin həmin qadınla nikaha girməsinə razı olmadığı üçün yaranmış mübahisə nəticəsində onların kirayədə yaşadıqlarını, buna baxmayaraq cavabdehin arvadı və uşaqları ilə birlikdə məktəb tətillərində Mənzilə gələrək yaşadıqlarını bildirdi. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, cavabdeh Azərbaycan Respublikasının ərazisindən xx.xx.2009-cu il tarixdə çıxmış, xx.xx.2009-cu il tarixdə qayıtmış, xx.xx.2009cu il tarixdə çıxmış, xx.xx.2011-ci il tarixdə qayıtmış, xx.xx.2011-ci il tarixdə çıxmış, xx.xx.2013-cü il tarixdə qayıtmış, xx.xx.2013-cü tarixdə çıxmış və xx.xx.2021-ci il tarixdə qayıtmış, bundan sonra ölkə ərazsini tək etməmişdir. Cavabdeh məhkəmə iclasında bildirdi ki, arvadı ilə münasibətləri pis olduğundan ölkəyə qayıdarkən yalnız mübahisəli Mənzildə yaşamış, 2021-ci il tarixdə Rusiya Federasiyasından deportasiya olunduqdan sonra iddiaçı onu hava limanında qarşılayaraq Mənzilə gətirmiş, onun orada yaşamsına razılıq vermiş, Rusiya Federasiyasında birlikdə yaşadığı Vera adlı qadın Azərbaycana gəldikdən sonra anası onların Mənzildə yaşamalarını istəmədiyindən məcbur qalıb bir müddət kirayədə yaşamış, buna baxmayaraq yenə də Mənzildə yaşayan anasının yanına gəlib-getmiş, sonradan Vera Rusiya Federasiyasına qayıtdıqdan sonra, yəni 2024-cü ilin yayından sonra daimi olaraq Mənzildə yaşamağa başlamışdır.
44. Şərh edilənlərdən də göründüyü kimi, cavabdeh ayrı-ayrı vaxtlarda fasilələrlə Mənzildə yaşamasa da, Mənzillə bağlılığını və əlaqələrini kəsməmiş, zaman-zaman gələrək orada yaşamışdır. Hətta, onun ilk dəfə nikaha daxil olduqdan sonra Mənzildən kənarda kirayə yaşaması öz təşəbbüsü ilə yox, atası ilə yaranmış narazılıq (atası rus milliyyətindən olan qadınla ailə qurmasına razı olmadığı üçün) səbəbindən baş vermişdir. İkinci dəfə, yəni Rusiya Federasiyasından qayıtdıqdan sonra Mənzildə bir müddət yaşadıqdan sonra yenidən kirayədə yaşaması isə yenə də cavabdehin istəyi ilə deyil, ikinci dəfə faktiki ailə münsibətlərində yaşadığı qadınla anasının yaşamaq istəməməsi səbəbindən baş vermişdir.
45. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin ayrı-ayı vaxtlarda və müəyyən müddət ərzində fasilələrlə Mənzildə yaşamaması onun iradəsi və istəyi ilə deyil, ailə üzvlərinin təkidi ilə olmuşdur. Cavabdehin müxtəlif vaxtlarda, hələ birinci dəfə nikaha daxil olduqdan sonra mütəmadi olaraq övladlarının tədris müddətində verilən tətillər zamanı arvadı və uşaqları ilə birlikdə, Rusiya Fedrasiyasından ölkəyə ayrı-ayrı vaxtlarda gəldiyi zaman, habelə deportasiya olunaraq qayıtdıqdan sonra 2021-ci ildə bir müddət, 2024-cü ilin yayından sonra isə daimi olaraq yaşaması onun Mənzillə bağlılığını kəsilməməsini deməyə tam əsas verir. Həmçinin, o da nəzərə alınmalıdır ki, cavabdehin heç bir vaxt özünə məxsus ayrıca yaşayış sahəsi olmamış, 1995-ci ildən sonra arvadının atasına məxsus mənzildə yaşasa da, sonuncu ilə ailə münasibətləri pozulduqdan sonra, Rusiya Federasiyasından ölkəyə qayıtdıqdan sonra yaşayış yeri olaraq yalnız mübahisəli Mənzildə yaşamışdır. Bütün şərh edilənlər isə Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsində göstərilən əsasla cavabdehin istifadə hüququnun itirilməsini istisna edir. Bu halda, iddiaçı yalnız qanunvericiliklə müəyyən qaydada kompensasiya ödəmkələ iddiaçının istifadə hüququnun xitam olunmasına nail ola bilər.
46. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2007-ci il tarixli qərarında qeyd edilir ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
47. Məhkəmə hesab edi ki, qarşılıqlı iddia əsassızdır.
48. Cavabdehin iddiaçı ilə anası Yekaterina Əmikişiyeva arasında xx.xx.2009-cu il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsızlığı üçün irəli sürdüyü dəlil ondan ibarətdir ki, o, Mənzildə qeydiyyatda olsa da, bağışlanmasına razılıq verməmişdir.
49. Məhkəmə qeyd edir ki, müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilənin bağlanması əqli (süuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (Mülki Məcəllənin 389.1 və 390.1-ci maddələri). Əqdin bağlanması üçün əqli iradənin (müqaviləni bağlayan tərəflərin onun məzmununu və hüquqi nəticələrini dərk etməsi) mövcud olmaması əqdin etirbarsızlığına səbəb olan ən zəruri əlamətdir.
50. Yuxarıda qeyd edilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılması şərtidir. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaqraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar.
51. İş materiallarından görünür ki, Mənzil əvvəl tərəflərin anaları Yekaterina Əmikişiyevanın mülkiyyətində olmuş, o, həmin mənzili iddiaçıya bağışlamış, bu barədə notarial qaydada təsdiq edilməklə müqavilə bağlanmış, Mənzilin bağışlanmasına cavabdeh xx.xx.2009-cu il tarixdə notarilal qaydada ərizə verərək razılığını bildirmişdir. Cavabdeh sözügedən ərizənin verildiyi vaxt ölkədə olmadığını bildirsə də, Dövlət Sərhəd Xidmətinin xx.xx.2025-ci il tarixli məlimatından görünür ki, o, Azərbaycan Respublikasının ərazisini ilk dəfə xx.xx.2009-cu il tarixdə tərk etmişdir.
52. Bundan başqa, Mülki Məcəllənin 158-ci maddəsində mülkiyyət hüquq ilə yanaşı əmlakdan istifadə hüququnun da əmlak hüququ kimi tanınması qeyd olunmuşdur. İlkin iddia tələbinə hüquqi qiymət verilərkən cavavdehin Mənzildən istifadə hüququna malik olması barədə isə ətraflı şərh olunmuşdur. Mənzilə dair mülkiyyət hüququnun iddiaçıya keçməsi isə, Mülki Məcəllənin 158.3-cü maddəsinə əsasən cavabdehin istifadə hüququna xitam verilməsi ilə nəticələnməmişdir. Mənzilin bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilməsi cavabdehin istifadə hüququna təsir göstərmədiyi halda, onun həmin müqavilənin etibarsız hesab edilməsi barədə iddiasının təmin olunması, əvvəla müqavilə azadlğı prinsipinə zidd olardı, digər tərəfdən mülkiyyətçinin öz mülkiyyət hüququnu sərbəst həyata keçirilməsini əsassız məhdurlaşdırmış olardı. Ümumiyyətlə, cavabdehin Mənzilin özgəninkiləşdirilməsinə razılıq verib-verməməsi isə özlüyündə sözügedən bağışlama müqaviləsinin heç bir halda etibarsızlığna səbəb ola bilməz. Çünki əqdin etibarsız hesab edilməsinin şərtləri qanunda göstərilmişdir. Qanunvericilikdə istifadə hüququ olan şəxsin razılığının alınmamasının əqdin etibarsızlığına səbəb olmsı şərti nəzərdə tutulmamışdır.
53. Məhkəmə qeyd edir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (AR MM-nin 152.5-ci maddəsi).
54. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı