Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-66/2025 08.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətin bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 69.39 kv.m olan mənzilin payçılar İddiaçı və Cavabdeh arasında naturada bölünməsi, naturada bölünməsi mümkün olmadığı təqdirdə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 69.39 kv.m olan mənzilin hərracdan satılması və satışdan əldə edilən vəsaitin payçılar İddiaçı və Cavabdeh arasında paylarına mütənasib qaydada bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 69,39 kv.m olan mənzil Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət hüququ əsasında ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh məxsusdur. Hal-hazırda paylı mülkiyyətin mülkiyyətçiləri olaraq cavabdehlə ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmirlər, bu səbəbdən də mülkiyyətçi kimi iddiaçı öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişlər. Vəkil verdiyi izahatda bildirmişdir ki, mənzildə aparılmış təmir-tikinti işlərinə 25.000 manatda artıq vəsait xərclənmişdir. İddiaçı isə həmin çəkilmiş xərclərdə iştirak etməmişdir. Belə olan halda mənzilin satılaraq əldə edilmiş vəsaitin bölünməsi ədalətsizdir. Ekspert rəyində mənzilin dəyəri müəyyən edilərkən aparılmış təmir nəzərə alınmamışdır. İşin faktiki halları: İş materillarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 69.39 kv.m olan mənzil üzərində tərəflərin hər birinin ½ hissədə pay hüququ var. Məhkəmə sözügedən mənzilin naturada bölgüsünün mümkün olub-olmadığını müəyyənləşdirmək üçün iş üzrə ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 69.39 kv.m olan mənzilin mülkiyyətçilərinin paylarının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2., 2.4., 2.9. bəndlərində göstərilənlərə və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə uyğunqaydada təcrid mənzillər şəklində bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Cavabdehin vəkili Vəkil2 yazılı vəsatəti əsasına məhkəmə mənzilin bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 may 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiq olunan mənzilin ümumi sahəsinin 69.39 kv.metr təşkil etməsini nəzərə alaraq, ünvan 1 ünvanda yerləşən mənzilin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 128.000 manat məbləğində müəyyən edilir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 220.1, 220.2 və 220.3-cü maddələri) 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarı: Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı: Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan, iş materiallarından və tərəflərin izahatından aydın olur ki, qeyd edilən əmlak ümumi paylı mülkiyyətdədir. Hazırkı iş üzrə tərəflərin ümumi paylı mülkiyyətində olan mübahisəli mənzildə payları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı tərəf məhkəmə iclasında ona aid olan payın dəyəri ödənilməklə cavabdeh tərəfindən alınmasını təklif etmişdir. Lakin cavabdeh təklifi qəbul etməmişdir. Cavabdehin vəkili iddiaya etiraz edərək mənzildə təmir-bərpa işlərinin aparıldığını, iddiaçının həmin təmir-bərpa işlərində iştirak etmədiyini və mənzilin dəyəri ilə bağlı rəy verilərkən təmir xərclərinin nəzərə alınmadığını qeyd etmişdir. Məhkəmə istinad olunan xüsusata münasibətdə bildirir ki, mənzilin təmirinə sərf edilmiş vəsait tərəflərin əmlak üzərində payının müəyyən edilməsi zamanı nəzərə alınıb cavabdeh tərəfin istinad etdiyi dəlillər öz təsdiqini tapdığı halda paylar qeyri-bərabər şəkildə bölünə bilərdi. Lakin hazırkı mərhələdə tərəflərin pay bölgüsü ilə bağlı aralarında mübahisənin mövcud olmadığı, sadəcə əmlakın naturada bölgüsü və satışdan əldə edilən vəsaitin paylara mütənasib bölgüsü mübahisə predmetidir. Beləliklə, məhkəmə hazırkı iş üzrə tərəflərin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa əməl etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mübahisəli mənzil açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaiti tərəflərin paylarına müvafiq olaraq onların arasında bölünməlidir. Hazırda mövcud olan məhkəmə praktikasına əsasən əmlakın hərracdan satılması ilə bağlı qərar qəbul edilərkən məhkəmələr əmlakın ilkin satış qiymətini qətnamədə göstərməlidirlər. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş tikinti-texniki eksperizası tədqiqatının dəyəri 100 manat, qiymətləndirmə ekspertizası tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia qismən təmin edildiyindən, cavabdehdən 100 manat dövlət rüsumu alınıb iddiaçıya ödənilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş eksperiza tədqiqatının dəyəri olan 200 manatın 100 manatı iddiaçıdan, qalan 100 manatı isə cavabdehdən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 69.39 kv.m olan mənzil açıq hərracdan satılsın. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 69.39 kv.m olan mənzilin ilkin satış qiyməti 128.000 (bir yüz iyirmi səkkiz min) manat məbləğində müəyyən edilsin. İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 69.39 kv.m olan mənzilin satılmasından əldə edilən vəsait tərəflərin paylarına mütənasib surətdə İddiaçı və Cavabdeh arasında bölünsün. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş eksperiza tədqiqatının dəyəri 200 (iki yüz) manatın 100 (bir yüz) manatı İddiaçı, qalan 100 (bir yüz) manatı isə Cavabdeh alınıb Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-66/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-66/2025
08.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver