Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6608/2023 28.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - Ərizəçi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Qazax rayonu Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli 04 saylı qərarında ərizəçinin atasının adının “Əhməd qızı”ndan “Məhəmməd qızı”nın dəyişdirilməsi və həmin şəhadətnamədə ata adının “X1” yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Ərizəçi ərizəsində qeyd edir ki, ona Qazax rayonu Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli 04 saylı qərarı ilə Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən həyətyanı torpaq sahəsinə mülkiyyətinə verilməsinə dair Qərar verilmişdir. Lakin həmin qərarda onun atasının adı “Məhəmməd qızı” yox, “Əhməd qızı” qeyd olunmuşdur. Atasının adının səhv yazılması səbəbindən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədi ala bilməmişdir. Bundan sonra, torpağın mülkiyyətə verilməsinə dair JN-364A nömrəli şəhadətnamədə buraxılmış texniki səhvlərin aradan qaldırılması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə Ərizə göndərilmişdir. Həmin İdarənin 07 avqust 2023 tarixli yazılı cavabı ilə bildirmişdir ki, JN-364A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şahadətnamədə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumatla uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, torpaq sahəsinin JN-1609A nömrəli şəhadətnamədə göstərilən məlumatları baza məlumatları ilə eynidir. Ərizənin məzmunundan da göründüyü kimi, ərizəçi Qazax rayonu Aqrar İslahat Komissiyası tərəfindən ona verilmiş qərarda ata adının doğum haqqında şəhadətnaməsindəki ata adına dəyişdirilməsini xahiş etmişdir. Lakin məhkəmə qeyd edir ki, AR MPM-nin 307.2.5-ci maddəsinə əsasən sənəddə qeyd olunmuş məlumatlar şəxsin doğum haqqında şəhadətnaməsində qeyd olunmuş məlumatlarla düz gəlmədiyi halda həmin sənədlərin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilə bilər. Ərizəçinin Qazax rayonu Aqrar İslahat Komissiyası tərəfindən torpağın verilməsinə dair qərarda yazılmış ata adının şəhadətnamədə qeyd edilmiş ata adı ilə əvəzləşdirilməsi isə hüquqi əhəmiyyətli fakt deyil, bu halda belə səhv sənədi yazmış orqan tərəfindən aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd edilən müddəadan da görünür ki, məhkəmə həmin norma əsasında hüquq müəyyənedici sənədlərlə şəxsiyyəti təsdiq edən sənəddə onun adı, ata adı və soyadı arasında uyğunsuzluq olduqda, məhz hüquq müəyyənedici sənədlərin eyni şəxsə məxsus olması barədə hüquqi faktı müəyyən edə bilər. Şəxsin adı, soyadı, ata adındakı yanlışlıqların hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi isə MPM-nin 307-ci maddəsində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsi tələb edir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin atasının adının inzibati orqan tərəfindən verilən qərarda yanlış yazılması əslində akt qeydindəki yanlışlıqların aradan qaldırılması ilə əlaqədardır ki, bundan ötrü ərizəçi yanlışlıqların aradan qaldırılması ilə bağlı müvafiq inzibati orqana, onların hərəkətlərindən (hərəkətsizliyindən) isə inzibati məhkəməyə müraciət etməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 6-cı bəndində də qeyd edilir ki Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi onun ata adına düzəliş edilməsi ilə bağlı Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin imtina ilə bağlı hərəkətlərindən inzibati məhkəməyə müraciət etməlidir. “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İPM-nin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, ərizənin yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Ərizəçiyə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-6608/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6608/2023
28.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver