Məhkəmə qərarları › İş №e-2(011)-6621/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6621/2025

26.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6621/2025 26.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 94.5 kv.metr olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 94.5 kv.metr olan mənzil İddiaçı məxsusdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan göründüyü kimi xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh İddiaçı məxsus mənzildə formal olaraq pasport qeydiyyatındadır. İddiaçı cavabdehə əvvəllər dəfələrlə qeydiyyatdan çıxması barədə xəbərdarlıq etsə də, lakin onun müraciəti nəticəsiz qalmışdır. Cavabdeh şəxs uzun illərdir ki, İddiaçı məxsus mənzildə yaşamır. Cavabdeh 2001-ci ildə nikaha daxil olduqdan sonra həmin mənzildən ümumiyyətlə istifadə etməmişdir, hal-hazırda cavabdeh Rusiya Federasiyasında yaşayır. Onun İddiaçı məxsus mənzildə olan qeydiyyatı sadəcə formal xarakter daşıyır. Bu da iddiaçıya əlavə kommunal xərclərin ödənilməsində çətinlik yaradır və o əlavə xərclər çəkməli olur. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, iddiaçı ilə cavabdeh bacı-qardaşdırlar. Onlar mübahisəli mənzildə böyüyüblər. Daha sonra 2001-ci ildə cavabdeh gəlin köçərək, mənzili tərk etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 31, 1 mənzilində Cavabdeh, X3 və X1 qeydiyyatdadırlar. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan ******* saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 94.5 kv.m olmaqla, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1969-cu ul təvəllüdlü Cavabdeh sonuncu dəfə xx.xx.2017-ci il tarixdə Rusiya istiqamətində dövlət sərhəddindən çıxış etmişdir. İş materiallarında olan Nəsimi rayon XDS İK-nin (indiki Nəsimi RİH) xx.xx.1978-ci il tarixli 32/10 saylı qərarın surətindən görünür ki, Əhmədli qəsəbəsi, kvartal 2942 B, ev 10 ünvanında yerləşən 1 saylı mənzil X2 verilmişdir. Həmin qərara əsasən ailə tərkibində olmuş Cavabdeh orderə əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 87 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvan üzrə daimi qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 7E-45592 reyestr nömrəli 2 saylı Bakı «ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən təsdiqlənmiş ərizədən görünür ki, X6 ünvanlamaqla ərizə vermişdir və bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 31 ünvanında yerləşən 1 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və çıxarışın alınmasına etiraz etməmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 7E/45594 reyestr nömrəli 2 saylı Bakı «ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən təsdiqlənmiş ərizədən görünür ki, Kəmalə Eldəniz qızı ərizə vermişdir və bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 31 ünvanında yerləşən 1 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və çıxarışın alınmasına etiraz etməmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 7E-45590 reyestr nömrəli 2 saylı Bakı «ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən təsdiqlənmiş ərizədən görünür ki, X4 ərizə vermişdir və bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 31 ünvanında yerləşən 1 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və çıxarışın alınmasına etiraz etməmişdir. Belə ki, qüvvədə olan Mülki Məcəllənin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 127-ci maddəsinə görə icarədar öldükdə evin mülkiyyətçisi ölən şəxsin icarəyə verilmiş sahədə yaşayan ailəsinin həddi-büluğa çatmış ailə üzvlərindən biri ilə qalan müddət üçün icarə müqaviləsi bağlamalıdır Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyü Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır.... Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir.... Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan məhkəmə hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı məxsusdur. İş materiallarından görünür ki, cavabdehlə iddiaçı bacı-qardaşdırlar, onlar 1978-ci ildən mübahisəli mənzildə ailə üzvləri olaraq birgə yaşamışlar. İddiaçının deməsinə görə cavabdeh 2001-ci ildə ailə qurub mənzildən köçmüşdür. Məhkəmə hesab edir ki, tərəflərin arasında yaranmış mənzil münasibətləri xx.xx.2009-cu ilədək yarandığından hazırki mübahisəyə qüvvədən düşmüş (xx.xx.2009cu ilədək qüvvədə olmuş) Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin sadalanmış müddəalarından görünür ki, Cavabdeh mübahisəli mənzildə (mənzilin onun atasının sahibliyində olduğu dövrdən etibarən) ailə üzvü olaraq yaşadığından, onun (Cavabdeh) həmin mənzildən istifadə hüququ yaranmışdır. Mənzilin daha sonra İddiaçı adına özəlləşdirilməsi cavabdehin istifadə hüququnun xətmi ilə nəticələnmir. Həmçinin işdən görünür ki, mənzilin İddiaçı adına özəlləşdirilməsi zamanı Cavabdeh razılıq ərizəsi alınmamışdır. Belə ki, hazırki işdə mülkiyyətçinin (qanuni sahibin) dəyişməsi həmin mənzildə istifadə hüququ olan cavabdehin istifadə hüququnun xitamına səbəb olmur. Bundan başqa iddiaçı cavabdehin 2001-ci ildən mənzili tərk edərək köçüb getdiyini və digər yaşayış sahəsi ilə təmin edildiyini qeyd etsə də, buna dair sübutlar iş materialları ilə müəyyən edilmir. Göründüyü kimi, mübahisə olduğu halda, cavabdehin mübahisəli yaşayış sahəsinə istifadə hüququ müvafiq kompensasiyanın verilməsi yolu ilə xətm edilə bilər. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi öz izahatında göstərmişdir ki, iddiaçı kompensasiyanın verilməsini məqsədəmüvafiq hesab etmir. Bundan savayı, cavabdehin mübahisəli yaşayış sahəsinə ehtiyacının aradan qalxması halları da iş materialları ilə müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli yaşayış sahəsi üzərində istifadə hüququ yarandığından və həmin hüququn xitamına dair əsaslar müəyyən edilmədiyindən, İddiaçı Cavabdeh qarşı Cavabdeh Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 31, 1 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 31, 1 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi təmin ediməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar