Məhkəmə qərarları › İş №e-2(011)-6709/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6709/2022

30.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6709/2022 30.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı “işə bərpa” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh MMC-nə qarşı – onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi xitam verilməsi barədə Cavabdeh MMC-nin verdiyi xx.xx.2021-ci il tarixli, 2510K nömrəli əmrin ləğv edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yeri olan Cavabdeh MMC-nə cəmiyyətin pərakəndə satış departamentinə kassir vəzifəsinə işinə bərpa olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, iş və işlədiyi müddətdə hər hansı bir pozuntuya yol verməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-də cəmiyyətin pərakəndə satış departamentinə kassir vəzifəsinə işə qəbul edilmişdir. İş yeri də həmin vaxtadək uzun müddət başqa işdə çalışdığı Cavabdeh MMC-nin Şəki şəhərində yerləşən ticarət mərkəzi olmuşdur. Lakin, əsaslı bir səbəb olmadan və hər hansı bir xəta törətmədən aralarında bağlanmış əmək müqaviləsinə Cavabdeh MMC-nin rəhbərliyinin xx.xx.2021-ci il tarixli, 2510K nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “F” bəndinə müvafiq olaraq xitam verilmişdir. İddiaçı hər hansı bir pozuntu etməmiş və xəbərdarlıq olunmadan, barəsində daha yüngül tənbeh tədbiri tətbiq edilmədən qəflətən işdən azad olunmuwdur. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, tərəflər arasında baş vermiş mübahisənin mediasiya prosesi vasitəsi ilə həll edilməsi ilə bağlı İddiaçı tərəfindən MMC-nə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu göndərilməmişdir. İddiaçı işə bərpa tələbi ilə bağlı iddia ərizəsini qanunla müəyyən edilmiş 1 ay müddəti ötürmüş və iddia ərizəsini prosesual müddətin üzrlü səbəbdən ötürülməsinə dair ərizə təqdim etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə işə qəbul edilmiş və xx.xx.2021ci il tarixində 2510K nömrəli əmrlə işdən azad edilmişdir. İddiaçı hüququnun pozulduğunu bildiyi gün xx.xx.2021-ci il tarixdə əmək kitabçasını aldığı gündür. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş və müvafiq mediasiya prosesi xx.xx.2021-ci il tarixinə bitmişdir. İddia müddətinin dayandırılması hallarıda nəzərə alınmaqla, iddiaçı qanunla müəyyən edilmiş prosessual müddəti ötürərək və prosessual müddətin bərpasına dair heç bir üzrlü səbəblə ərizə təqdim etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi iddiaçının cavabdehə qarşı pozulmuş əmək hüquqlarının bərpa edilməsi, işdən çıxarılması ilə bağlı verilmiş əmrin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair iddia ərizəsinin iddia müddətini tətbiq etməklə iddia müddətini ötürdüyündən, həmçinin iddia əsassız olduğundan məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1491/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə müvafiq olaraq xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli 2510k nömrəli əmr ləğ edilmiş. İddiaçı Cavabdeh MMC-nin pərakəndə satış departamentinə kassir vəzifəsinə bərpa edilmiş. Məcburi iş buraxma müddəti üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla İddiaçı Cavabdeh MMC tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4773/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş. Xətai Rayon Məhkəməsinin 2(011)-1491/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiyaya əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin № e-2(011)-6034/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı – onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi xitam verilməsi barədə Cavabdeh MMC-nin verdiyi xx.xx.2021-ci il tarixli, 2510K nömrəli əmrin ləğv edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yeri olan Cavabdeh MMC-nə cəmiyyətin pərakəndə satış departamentinə kassir vəzifəsinə işinə bərpa olunması barədə iddiası iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada və formada məhkəməyə müraciət etmədiyindən baxılmamış saxlanmışdır. 0077677 saylı əmək kitabçasının surətinnən görünür ki, İddiaçı xx.xx.2021-ci tarixdə 1887k saylı əmr ilə Cavabdeh MMC-nin pərakəndə satış departamentinə kassir vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2021-ci il tarixli 2510k saylı əmr ilə isə əmək müqaviləsinə ARnın ƏM-nin 70-ci maddəsinin “Ç” bəndinə əsasən ƏM-nin 72-ci maddəsinin “F” bəndinə müvafiq olaraq xitam verilmişdir. xx.xx.2022-ci il tarixli Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh MMCnin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı mediasiya sessiyasında iştirak etmiş və işsizlik haqqında arayışa əsasən 50 manat məbləğində mediasiyaya dair rüsumdan azad edilmişdir. Tətbiq edilən hüquq: “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsi əsasən:

1. Hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və yaxşı iş şəraiti və işsizlikdən müdafiə hüququ var. Həmçinin

2. Hər bir şəxs heç bir ayrı-seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir.

3. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əməyin mühafizəsi — işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Məcəllənin 71.2 maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmçinin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məcəllənin 72-ci maddəsinin “f” bəndinə əsasən, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 80.1-ci maddəsi ilə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmçinin 80.2 maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir Məcəllənin 186-cı maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbeh qismində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv etmək səlahiyyətindədir. Məcəllənin 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Məcəllənin 300.1 maddəsi ilə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2021-ci il tarixdə pərakəndə satış departamentinə kassir vəzifəsinə işə qəbul edilmiş, iddiaçı müştəri bonus kartını müxtəlif tarixlərdə digər müştərilərin alış-verişlərində istifadə edərək karta bonus məbləğlər toplanmasına səbəb olduğundan xx.xx.2021-ci il tarixdə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “f” bəndinə müvafiq olaraq xitam verilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71 -72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Belə ki, cavabdehin nümayəndəsi izahatından iddiaçı tərəfindən müştəri bonus kartına toplanmış bonuslardan özü üçün istifadə etməməsini etiraf etmişdir. Sadəcə əmək müqaviləsinə xitam verilməsəydi gələcəkdə belə bir ehtimalın ola biləcəyini məhkəmənin diqqətinə çatdırmışdır. Bundan əlavə məhkəmə hesab edir ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Bu baxımdan məhkəmə qeyd edir ki, ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə nəzərdə tutulmuş intizam tənbehinin tətbiq edilməsi o halda mümkündür ki, mübahisələndirilən əmrdə sadalanan hallar əmək və icra intizamının normal ahəngini pozulmuş olsun və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin hazırki mübahisəli məsələ ilə bağlı qeyd olunan hallar müəyyən olunmur. Nəticə etibarilə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və məhkəmənin qənaətinə görə əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə xarakterinə adekvat olmamışdır.

Məhkəmə həmçinin cavabdehin mediasiya prosesisin düzgün keçirilməməsi ilə bağlı etirazına münasibət bildirirərək qeyd edir ki, məhkəməyə qədər iddiaçı mediasiya prosesi keçirilməsi üçün mediatora müraciət etmiş müvafiq arayış aldıqdan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciə etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)- 1491/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bundan sonra Cavabdeh MMC apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4773/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qətnamə ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərardadında mediasiya prosesi səlahiyyətli olmayan (cavabdeh etirazında Bakı şəhər, Xətai rayonunda yerləşən müvafiq mediatorlardan birinə müraciət etməsinin qanunauyğun olmasını göstərmişdi) mediator tərəfindən aparılması əsas götürüldüyü üçün iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı Mediasiya Şurası Bakı 9 saylı Medisiya Təşkilatına müraciət etmiş, iddiaçıya xx.xx.2022-ci il tarixli ilkin mediasiya sesiyasında iştirak edilməsi barədə Arayış təqdim olunmuşdur. Həmin Arayışda Cavabdeh MMC-yə 5 (beş) gün öncə məlumat verilməsi qeyd olunmuşdur. İddiaçı yenidən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə bərpa olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh mediasiya prosesisin keçirilməsi barədə məlumatlı olmuş, qərəzli olaraq mediasiya prosesindən yayınmışdır. Mediasiya sesiyasının keçirilməsinin əsas məqsədi tərəflər arasında razılaşma əldə olunmasıdır. İş materiallarında görünür ki, cavabdeh əmək mübahisəsinin yaranmasından məlumatlı olmuş, kifayət qədər razılıq əldə edilməsi üçün müddət olmuşdur. Bundan əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 14.3cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Məhkəmə prosesində tərəflərə barışıq əldə olunması üçün şərait yaradılmasına baxmayaraq heç bir barışıq əldə edilməmişdir. Cavabdeh müəssisənin nümayəndəsinin iddia tələbinə etirazın dəlili kimi irəli sürdüyü, iddiaçının iddia müddətini ötürmüş olması arqumentini isə məhkəmə əsassız hesab edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379-cu maddəsində iddia müddənin axımının dayandırılmasına əsas olmuş hallar göstərilmişdir. Həmin Məcəllənin 379.1.6-ci maddəsində tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımının dayandırılması qeyd edilir. İşin mübahisəsiz halı odur ki, 24 sentyabr 2021-ci il tarixli, 2510K nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “F” bəndinə müvafiq olaraq xitam verilmişdir. Tərəflər arasında əmək mübahisəsi yarandıqdan sonra iddiaçı ünvan 1 ünvanında yerləşən mediasiya şurasının ofisinə ilkin mediasiya sesiyasından keçmək üçün 10 oktyabr 2021-ci il tarixdə müraciət etmişdir. Müraciət əsasında xx.xx.2021-ci il tarixli Arayış iddiaçıya təqdim olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdən dayandırılmış hesab edilir. Qanunvericiliyin tələbi baxımından iddia müddəti ötürülməmişdir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 2510K nömrəli əmri ləğv edilməli, iddiaçı Cavabdeh MMC-də əvvəlki vəzifəsi olan pərakəndə satış departamentinə kassir vəzifəsinə işə bərpa edilməli və iddiaçıya məcburi iş buraxma dövrü üçün xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu günədək əmək haqqı hesablanaraq ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,

qət etdi:

İddia təmin edilsin. Cavabdeh MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə müvafiq olaraq xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli 2510K nömrəli əmr ləğv edilsin. İddiaçı Cavabdeh MMC-nin pərakəndə satış departamentinə kassir vəzifəsinə işə bərpa edilsin. Məcburi iş buraxma müddəti üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla İddiaçı Cavabdeh MMC tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar