Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-68/2022 18.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “müqavilə öhdəliyinin icrası” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı – tərəflər arasında bağlanmış 29 nömrəli, 14 aprel 2013-cü il tarixli müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən tam icra edilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küşəsi 2947 saylı məhəllədə hündürmərtəbəli yaşayış binası inşa edilmişdir. İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi 2974 saylı məhəllədə tikilməkdə olan yaşayış binasında yerləşən 29-cu mənzilə dair 29 nömrəli, 14 aprel 2013-cü il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Kooperativ mənzili alıcıya verməyi, alıcı isə mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə mənzilin ümumi sahəsi 88,4 kv.m mənzilin ümumi dəyəri 61000 manat təşkil edir. Müqaviləyə və tərəflərin şifahi razılaşmasına uyğun olaraq alıcı əvvələr həmin Kooperativdən aldığı mənzili Kooperativə qaytarmaq şərtilə daha böyük sahəyə məxsus hazırkı mənzili əldə edir və əvvəlki mənzil üzrə ödənilmiş pul hazırkı mənzilə yönəldilir. Həmin məbləğ 42000 manat təşkil edir. Bununla bağlı Kooperativ tərəfindən arayış təqdim edilmişdir. Müqavilənin dəyəri hissələri bölünməklə aylar üzrə ödənilmiş və Kooperativ tərəfindən verilmiş 25 sentyabr 2014-cü il tarixli arayışda qeyd edilmişdir ki, alıcı tərəfindən 3000 manat ödənildi. Mənzilin dəyəri 61000 manat təşkil edir. Mənzilin müqavilə dəyəri tam ödənilmişdir. Alıcı Kooperativə qaz, su, işıq və antena üçün əlavə olaraq 850 manat pul ödəmiş, müvafiq kassa mədaxil orderi verilmişdir. Mənzil faktiki olaraq alıcıya təhvil verilmiş, mənzildə qapı var və açar mənzil sahibindədir, təmir aparılmamışdır. Yaşayış binasında sakinlər məskunlaşmış və yaşayış təmin edilmişdir. Alıcı mənzili təmir etmək məqsədilə dizayner və usta dəvət etmiş, ölçülərə uyğun sifariş vermiş, lakin dizayner ölçülərin müqavilə ilə uyğun olmadığını, mənzil sahəsinin az olduğunu bildirmişdir. Mənzil sahəsi təkrarən ölçülmüş və müəyyən edilmişdir ki, mənzilin faktiki sahəsi ilə müqavilədə göstərilən sahənin ölçüsündə uyğunsuzluq var, sahə kiçikdir. Alıcı Kooperativə məktub göndərərək mənzilin müqavilədə göstərilən sahəsi ilə faktiki sahəsi arasında ölçü fərqinin olduğunu bildirmiş və tərəflərin birgə iştirakı ilə mənzilə baxış keçirilib ölçmə işlərinin aparılmasını, uyğunsuzluq olduqda müqavilə üzrə dəymiş ziyanın ödənilməsini, yəni artıq ödənilmiş pulun geri qaytarılmasını tələb etmişdir. xx.xx.2020-ci il tarixdə tərəflərin birgə iştirakı ilə ölçmə işləri aparılmış, Kooperativ tərəfindən aparılmış ölçməyə əsasən mənzilin sahəsinin 88 kv.m təşkil etdiyi bildirilmiş, ancaq ölçmə qeyri-peşəkar və tikinti-şəhərsalma normalarına uyğun aparılmamışdır. Alıcı etiraz etmiş, Kooperativ rəhbərliyi narazı olduğu halda mənzili onlara satmağı və ya məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Mənzildə aparılmış ölçmə işlərinin nəticəsi olaraq müəyyən edilmişdir ki, təxminən 8-9 kv.m fərq var. Kooperativ isə bunu qəbul etmir. Bildirir ki, müqavilədə göstərilən ölçüdə sahə təhvil verilmişdir. Bu isə razılığa uyğun deyil. Mübahisə mövcuddur. Mübahisənin danışıqları yolu ilə tənzimlənməsi mümkün olmamışdır. Bu baxımdan müqavilə üzrə öhdəliyin lazımi qaydada icra edilməsi və müqavilə öhdəliyinin pozulması halında dəymiş ziyanın kompensasiya edilməsi, yəni ödənilmiş artıq məbləğin geri qaytarılması məqsədilə məhkəməyə müraciət olunmuşdur. Mübahisənin obyektini mənzil, predmetini müqavilə öhdəliyi təşkil edir. İddiaçı mənzillin müqavilə üzrə dəyərini tam ödəmişdir. Mənzilə dair mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmasa da iddiaçı mənzilə dair qanuni gözləntiyə sahibdir, müqavilə hüquqi baxımdan etibarlıdır, iddiaçı və cavabdeh tərəfindən müqavilə ümumilikdə mübahisələndirilmir. Müqavilə sadə yazılı formada bağlanmış, hər iki tərəfin imzası və Kooperativin möhürü ilə təsdiq edilmişdir. Hazırkı tələb cavabdeh tərəfindən müqavilə şərtinə əməl edilməməsi ilə bağlıdır. Müqavilə müəyyən edilmiş standarta, mənzil alqı-satqısı ilə bağlı istifadə olunan müqavilə tələblərinə ümumilikdə cavab verməməklə kasad və qüsurlu tərtib edilsə də bir sıra şərtlər öz əksini tapmışdır. Müqavilənin predmetində göstərilən mənzil iddiaçıya təhvil verilmiş, alıcı tərəfindən razılaşdırılmış müqavilə dəyəri ödənilmiş, lakin alıcı hesab edir ki, mənzilin müqavilədə göstərilən sahəsi ilə faktiki sahəsi arasında uyğunsuzluq var. Bu mənzilin dəfələrlə ölçülməsi nəticəsində müəyyən edilmiş, cavabdehin iştirakı ilə də ölçmə aparılmış, cavabdeh bunu qəbul etmir. Alıcı hesab edir ki, müqavilədə göstərilən ölçünün faktiki ölçüdən fərqli olması, yəni mənzilin müqavilədə qeyd olunan sahəsindən kiçik olması, müqavilə şərtinin pozulması deməkdir, ölçüləri dəyişdirmək mümkün olmadığından, Kooperativ ölçülərdəki fərqə görə dəymiş ziyanı kompensasiya etməli, yəni artıq aldığı pulu geri qaytarmalıdır. Ölçülərdə fikir ayrılığı olduğundan, sahənin fərq yaranan hissəsi ilə bağlı konkret məbləğə dair tələbi irəli sürmək hazırki vəziyyətdə mümkün deyil. Bu məhkəmə araşdırması zamanı ekspert tərəfindən veriləcək rəyə uyğun hesablanmaqla irəli sürülə bilər. Müqavilə hər nə qədər vətəndaşla Kooperativ arasında bağlansa da, mahiyyət etibarilə alğı-satqı müqaviləsidir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi 2947 saylı məhəllədə hündürmərtəbəli yaşayış binasında yerləşən ümumi sahəsi 88.4 kv.metr mənzilin dəyərinin artıq olaraq ödənildiyi 8369,7 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MTK sədri X1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, ümumi dəyəri 61000 manat məbləğində olan Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi 2947 saylı məhəllədə yerləşən "xxxx" MTK-nın tikilməkdə olan binanın 1-ci girişində, 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 88,4 kvadrat metr olan 29 nömrəli mənzilinin İddiaçı təhvil verilməsi MTK tərəfindən öhdəsinə götürülmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı "xxxx" MTK-ya mənzilin dəyəri olan 61000 manat pul vəsaitini tam ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4571 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi, 2974 saylı məhəllədə yerləşən "xxxx" MTK-nın, hündürmərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən 29-cu mənzilinin naturada ölçüləri tərəflər arasında bağlanmış xx.xx.2013-cü il 29 nömrəli müqavilədə göstərilən (88,4 kv.metr) sahə ilə faktiki sahə (76,27 kv. metr) arasında fərq olduğu və bu fərqin 12,13 kv.metr olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4537 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi, 2974 saylı məhəllədə yerləşən "xxxx" MTK-nın tikilməkdə olan hündürmərtəbəli binasının 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən 29 saylı mənzilinin faktiki ümumi sahəsi 76,27 kv.m, çöl divarının çöl hissəsindən ölçülməklə və mənzildəki daxili arakəsmələr nəzərə alınmadan ümumi sahəsinin isə 87,90 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" MTK arasında xx.xx.2013-cü il tarixdə yaşayış binasında mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi 2947 saylı məhəllədə yerləşən "xxxx" MTKnın tikilməkdə olan binanın 1-ci girişində, 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 88,4 kvadrat metr olan 29 nömrəli mənzilinin İddiaçı təhvil verilməsi MTK tərəfindən öhdəsinə götürülmüşdür. Müqavilədə mənzilin ümumi sahəsi 88,4 kv.metr, ümumi dəyəri isə 61000 manat olaraq göstərilmişdir ki, burdan da mənzilin hər kvadrat metri üçün alıcı tərəfindən 690 manat (61000/88,4=690) pul ödənilməsi müəyyən olunur. Hazırda iddiaçı mənzilin ümumi sahəsinin cavabdehlə aralarında bağlanmış müqavilədə qeyd edildiyi kimi 88,4 kv.metr olmadığından, artıq olaraq ödədiyi pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən göstərilən xüsusatın müəyyən edilməsi üçün məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4571 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə mübahisəli mənzilin ümumi sahəsinin 76,27 kv.metr olması müəyyən edilsə də, ekspert rəyinin əsaslandırılma hissəsində 1 saylı tikilinin sahəsi 15,30 kv.metr, 2 saylı tikilinin sahəsi 2 kv.metr, 3 saylı tikilinin sahəsi 3,20 kv.metr, 4 saylı tikilinin sahəsi 14,11 kv.metr, 5 saylı tikilinin sahəsi 21,8 kv.metr, 6 saylı tikilinin sahəsi 16,5 kv.metr, 7 saylı tikilinin sahəsi 6,63 kv metr (balkon), 8 saylı tikilinin sahəsi 4,6 metr (balkon) olmaqla, ümumi faktiki sahənin 84,14 kv.metr olması müəyyən edilir. Məhkəmə hesab edir ki, müqavilədə nəzərdə mənzilin ümumi sahəsi (88,4 kv.metr) ilə faktiki sahəsi (84,14 kv.metr) arasındakı fərq 4,26 kv. metr təşkil edir. Azərbaycan Republikası Mülki-Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4571 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyini qiymətləndirir və onu sübut növü kimi qəbul edir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər düzgün icra edilməmiş və iddiaçıya müqavilədə nəzərdə tutulmuş ölçüdə mənzil təqdim edilməmişdir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş artıq pul vəsaitinin ona geri qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Sadalanan qanunvericilik normalarına və işin xüsusatlarına əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, iddiaçı tərəfindən mənzilin 4,26 kv.metr-nə (88,4-84,14=4,26) görə ödənilmiş, 2939,4 manat (4,26x690=2939,4) pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdeh "xxxx" MTK-dan tutulmalıdır. Belə ki, ekspert rəyilərındən göründüyü kimi, tədqiqatın dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının aparılması üçün çəkilən xərclərin dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 2939,4 (iki min doqquz yüz otuz doqquz manat qırx qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 100 (yüz) manat məbləğində ekspertiza aparılması üçün çəkilmiş xərclərin dəyəri "xxxx" MTK-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №e-2(011)-68/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-68/2022
18.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver