Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-705/2025 03.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər X8 və Bakı şəhəri 18 saylı Notariat Ofisinə qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsəlikdən məhrum edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X8 və Bakı şəhəri 18 saylı Notariat Ofisinə qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsəlikdən məhrum edilməsi” tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, mərhum mirasqoyan xx.xx.1952-ci il təvəllüdlü X9 xx.xx.2021-ci ildə vəfat etmişdir. Mərhumun vəfat etdiyi vaxtda onun birinci növbə 3 vərəsəsi, onun övladları həyatda idi. Mərhumun ölümü ilə əlaqədar onun övladları İddiaçı və Cavabdeh2 29 yanvar 2022-ci il tarixində Bakı şəhəri 18 saylı Notariat Ofisinə müraciət etmişdirlər, hər ikisi mirasın qəbul edilməsi ilə bağlı notariat ofisinə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdirlər. Mərhumun digər övladı – X2 isə, 18 saylı Notariat Ofisinə ərizə ünvanlayaraq, ona çatacaq miras payından qardaşı İddiaçı xeyrinə imtina etmişdir. Mərhum mirasqoyanın həyat yoldaşı X5 isə, mərhumdan daha öncə, xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixində 18 saylı Notariat Ofisində mərhum X4 ölümü ilə əlaqədar vərəsəlik işi açılmışdır, mərhumun iki övladı mirasın qəbulu ilə bağlı müraciət etmişdir. Mirasın tərkibi avtomobil və mənzildən ibarətdir. Mərhum mirasqoyan X6 məxsus **-ZC-*** dövlət qeydiyyat nişanlı Nissan Micra minik markalı avtomobil miras kütləsinə daxildir. Mərhum mirasqoyan X6 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 136P, mənzil 49 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 282, M12, m7) mənzil miras kütləsinə daxildir. İddiaçı anasından qalmış mirası qəbul etmək üçün xx.xx.2022-ci il tarixində 18 saylı Notariat Ofisinə müraciət etmişdir. (iddiaçının notarial qaydada təsdiq edilmiş xx.xx.2022 tarixli ərizəsi hazırki iddia ərizəsinə əlavə edilmişdir). İddiaçı cavabdehin ləyaqətsiz vərəsə kimi tanınmasını istəyir. İddiaçı ilə cavabdeh bacı-qardaşdır. İddiaçının anası ilə çox sıx ana-oğul münasibətləri mövcud olmuşdur. İddiaçı daim anasına baxmış, ona maddi və mənəvi köməklik göstərmişdir. İddiaçı anasının son günlərinə kimi onun yanında olmuşdur, ona qayğı göstərmişdir. Mərhum mirasqoyan ömrünün son illərində kəskin xəstəliyə tutulmuşdur, xəstəliyinin müalicəsi ilə bağlı xarici ölkələrə (Türkiyə, Almaniya, İsveç və s.) üz tutmuşdur. Sözügedən müalicələrin həmin ölkələrdə aparılması kifayət qədər vəsait tələb edirdi, həmin vəsaitin hamısı iddiaçı tərəfindən qarşılanırdı. İddiaçı anasını həmin ölkələrə müşayiət etmiş, ona lazımi dərman preparatlarını hər zaman vaxtı-vaxtında almışdır. Onu müxtəlif həkim müayinələrindən və müalicəvi prosedurlardan keçirmişdir. Bütün bu xərclərin hamısı iddiaçının şəxsi vəsaiti hesabına qarşılanmışdır. İddiaçının anasının əmlakını idarə etmişdir, anasının peşə və kommersiya fəaliyyətində yaxından iştirak etmişdir. İddiaçı anasına hər bir mənada maddi və mənəvi dəstək göstərmişdir. Cavabdeh isə daim xarici ölkədə yaşamışdır, anasının həyatında iştirak etməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, xx.xx.2021-ci il tarixində vəfat etmiş X3 miras qalan miras üzrə Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi və Cavabdeh2 vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, cavabdeh İsveçdə yaşamış, mərhum anası isə daima Azərbaycan Respublikasında olmuşdur. Mərhumun tərəflərdən başqa X2 adında övladı da vardır, iddiaçı anasının qayğısına qaldığına görə Aybəniz Məhərrəmova miras payından iddiaçının xeyrinə imtina etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, iddia ərizəsində cavabdehin soyadı Sultanova kimi qeyd edilsə də, cavabdeh X10r. Cavabdeh 2002-ci ildə ailə qurmuşdur. Anası ilə heç bir küsülülüyü olmamışdır. İddiaçı oxşar iddia ilə 2021-ci ildə müraciət etmiş, iddia tələbi təmin edilməmişdir. Hazırda iddiaçının bacısı ilə ədavəti və ya digər səbəbindən hazırkı iddianı qaldırmışdır. İddia tələbi əsassızdır, belə ki, iddiaçı notariat orqanında vərəsəlik şəhadətnaməsi verilməsini uzadır. Nümayəndə qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə digər cavabdeh Bakı şəhəri 18 saylı Notariat Ofisinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətinə əsasən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 136P, mənzil 49 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 282, M12, m7) xüsusi mülkiyyət hüququ üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli 31 may 2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan AC seriyalı, 502345 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, Nissan Micra minik maraklı, **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X7r. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 234310 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 23 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 208440 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 12 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Cavabdeh2 29 yanvar 2022-ci il tarixli, **********727 nömrəli ərizənin surətindən görünür ki, ünvan 1 ünvanda yaşamış 18 iyul 1952-ci il təvəllüdlü X9 12 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Miras əmlak mənzil, maşın və əmanətdən ibarətdir. S.Ceyran mirasın tərkibinə daxil olan əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı 29 yanvar 2022-ci il tarixli, **********728 nömrəli ərizənin surətindən görünür ki, ünvan 1 ünvanda yaşamış 18 iyul 1952-ci il təvəllüdlü X9 12 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Miras əmlak mənzil, maşın və əmanətdən ibarətdir. M.Eldəniz mirasın tərkibinə daxil olan əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan X1 29 yanvar 2022-ci il tarixli, **********725 nömrəli ərizənin surətindən görünür ki, 12 noyabr 2021-ci il tarixdə vəfat etmiş anası – X3 irs qalmış (yaşayış, ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsindən onun oğlu – İddiaçı xeyrinə imtina etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən X8 verilmiş 08 iyul 2024-cü il tarixli arayışın surətindən görünür ki, Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən onun adına tərtib edilmiş 83 saylı, 29 yanvar 2002-ci il tarixli nikah haqqında akt qeydində evlənəndən sonrakı soyadı Azərbaycan Respublikası Milli Məclisinin 495 saylı, 02 fevral 1993-cü il tarixli qərarına əsasən, 27 iyun 2024-cü ildə “Sultanova”-dan “Sultan” a dəyişiklik edilmiş və AZ-İİ seriyalı, 594771 nömrəli nikah haqqında yeni şəhadətnamə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 594771 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki,X14 ilə Sultan (Mahmudova) Ceyran İbadət qızı arasında 29 yanvar 2002-ci il tarixdə nikah bağlanmış və 83 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 200/2024 saylı, 23 aprel 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2 və Bakı şəhəri 18 saylı Notariat Ofisinə qarşı “şəxsin yeganə vərəsə kimi tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi” tələbinə dair iddiası və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Xəzər Rayon Məhkəməsinin 2(003)-104/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qətnaməsi qismən, iddiaçı Cavabdeh2 iddiasının təmin edilən hissəsində ləğv edilsmiş, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2917/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-200/2024 nömrəli iş üzrə 23 aprel 2024-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 22 aprel 2014cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli qərarlarında qeyd etmişdir ki, mirasda məcburi pay – sosial-iqtisadi və əxlaqi əhəmiyyətə malik olmaqla vərəsəlik hüququnun mühüm hissəsini təşkil edir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (məcburi pay üzrə vərəsələrə) münasibətdə sosial təminat rolunu oynayır. Göründüyü kimi, Mülki Məcəllə ilə şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə əsasında sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ təmin edilmişdir. Vərəsəlik hüququnda ailə-təminat prinsipi vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Bu prinsipə əsasən yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə, miras qoyanın iradəsindən asılı olmayaraq mirasdan məcburi pay ayrılır. Təbii ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, mülkiyyətçi övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Ailə münasibətləri bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan verilən qərarından qorunmuş olur. Hər bir kəs yaşadığı dövrdə əmlak əldə edə, ondan istifadə edə və onun barəsində istədiyi kimi sərəncam verə bilər. Lakin bu əmlak üzərində şəxsin mülkiyyət hüququ onun vəfatından sonra bitir və o, hər hansı bir subyekt kimi hüquq münasibətlərində iştirak etmir. Belə olan halda, ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Beləliklə, vəsiyyət azadlığını məhdudlaşdıran mirasda məcburi pay hüququ ailə maraqlarının qorunmasına xidmət edir. Azərbaycan qanunvericiliyinə əsasən vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipi baxımından əhəmiyyətli xarakter daşıyır. Hətta miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət edərək vərəsəni və ya bütövlükdə vərəsələri məcburi pay almaq hüququndan məhrum edə bilməsi imkanı vəsiyyət azadlığını tam qoruyaraq, bir tərəfdən vərəsələrin qanuni maraqlarını müdafiə edir, digər tərəfdən mülkiyyət hüququnun təminatına (şəxsin mülkiyyəti üzərində tam sərəncam vermək hüququ) xidmət edir. Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum etməsi həmin şəxsləri məcburi pay almaq hüququndan məhrum etməsi kimi qəbul edilməməlidir. Eyni zamanda, vəsiyyət edənin həmin şəxsləri məcburi pay almaq hüququndan məhrum etməsi Mülki Məcəllənin 1203.2-ci maddəsi ilə nəzərdə tutulan qaydada tətbiq edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə) 1193-cü maddəsi müəyyən edir ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcəllənin 1203-cü maddəsinin dispozisiyasından görünür ki, məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür və məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məcəllənin 1176.1-cı maddəsinə görə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Həmin məcəllənin 1139-cu maddəsinə görə ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Eyni məcəllənin 1137-ci maddəsi müəyyən edir ki, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Beləliklə, mülki qanunvericilik şəxsin ləyaqətsiz vərəsə hesab edilməsini aşağıdakı əsasların mövcudluğu ilə şərtləndirib: 1) Şəxs miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməli və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməli; 2) Və ya vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməlidir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına və mülki işdə olan sübutlara əsaslanaraq, belə qənaətə gəlir ki, iddiaçı cavabdehlər X8 və Bakı şəhəri 18 saylı Notariat Ofisinə qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsəlikdən məhrum edilməsi” tələbinə dair iddiasını Mülki Məcəllənin 1137-ci maddəsi ilə əsaslandırsa da, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əsasların mövcudluğuna dair mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, Bakı şəhəri 18 saylı Notariat Ofisinə qarşı iddia tələbi ümumiyyətlə əsaslandırılmadığından iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər X8 və Bakı şəhəri 18 saylı Notariat Ofisinə qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsəlikdən məhrum edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-705/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-705/2025
03.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver