Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-706/2025 07.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr tələbinə dair” mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "Avtoservis-K.Ş.” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2000 (iki min) manat məbləğində dəbbə pulu, 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardım xərci və 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən İddiaçı MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, cavabdehi yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Cavabdeh isə İddiaçı MMC tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq 3 (üç) il müddətində yalnız İddiaçı MMC-yə məxsus olan avtoservisdə işləməyi və əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. Lakin xx.xx.2023-cü il tarixində cavabdeh müraciət edərək "xxxx" MMC-yə anbardar köməkçisi vəzifəsinə keçmək istədiyini bildirmişdir. "xxxx" MMC cavabdehin əmək müqaviləsi bağlamaq niyyətində olduğu "xxxx" MMC ilə uzun illər ərzində uğurlu şəkildə əməkdaşlıq etdiyini,"xxxx" MMCnin təsərrüfat fəaliyyətini İddiaçı MMC-dən icarəyə götürdüyü obyektdə həyata keçirdiyini, cavabdehin İddiaçı MMC-də icra etdiyi vəzifə öhdəliklərini bilavasitə İddiaçı MMC-yə məxsus olan obyektdə və eyni ünvanda yerləşən servisdə icra edəcəyini nəzərə alaraq cavabdehin əmək fəaliyyətini "xxxx" MMC-də davam etməsinə etiraz etməmişdir. Lakin buna baxmayaraq cavabdeh 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin tələblərini kobud şəkildə pozaraq 06 sentyabr 2024-cü il tarixində "xxxx" MMC-yə də əmək müqaviləsinə xitam verilməsi haqqında ərizə ilə müraciət etmişdir. Bununla da cavabdeh aramızda bağlanmış 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə götürdüyü öhdəliklərini kobud şəkildə pozmuşdur. Həmçinin iddiaçının nümayəndəsi və vəkili qeyd etmişdir ki, onların müəssisəsi universiteti yeni bitirmiş tələbələrə ixtisaslaşmaq üçün 3 ay müddətində dərs keçir. Bunun üçün mütəxəssisləri də var. Günün birinci yarısı dərs, ikinci yarısı praktiki təlimlər keçirilir. Onların öhdəliyi cavabdehi öyrətmək idi, onun da öhdəliyi onlarla müqavilə bağlamaq və çalışmaq idi. Məcburi əmək yolverilməzdir deyə, onlar əmək müqaviləsinə xitam vermişlər, lakin hazırda cavabdeh öhdəliyi pozduğundan ondan pul tələb edirlər. Avtoservisə dair bütün məsələlər və incəliklər əvvəlindən axırına kimi öyrədilir. Əmək müqaviləsində Şirkətin xərci sözü texniki səhv edilib. İdeal motors onların öz şirkətidir. Təsisçilər eynidir, eyni adamlar dərs keçir, eyni yerdə dərs keçirilir. Dərs onlarda 3 aylıq keçirilir. Onlar təlimçilərlə ona görə əmək müqaviləsi bağlayırlar ki, əmək müfəttişliyi onlara irad tutmasın, deməsin ki, işçini müqavilə olmadan işlədirsən. Hal-hazırda əməklə bağlı mübahisə yoxdur. Əmək müqaviləsi bağlamaq müqavilə üzrə öhdəlikləridir. Günün birinci yarısı təlim keçirilir, ikinci yarısı təcrübi təlim alınır. Qeyd olunanlara əsasən hesab edirlər ki, 2000 (iki min) manat məbləğində dəbbə pulu, 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardım xərci və 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Sonda iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, iddiaçı cavabdehin həmin müəssisədən çıxmasına özü etiraz etməyib və cavabdehin keçdiyi şirkət də iddiaçı ilə əməkdaşlıq edən şirkətdir. İddiaçının tələb etmək hüququ yoxdur hazırda. Tərəflər arasında 2022-ci ilin noyabrın 29-da əmək müqaviləsi bağlanıb. Ondan bir gün əvvəl də təlim müqaviləsi var. xx.xx.2023-cü ildə cavabdeh ərizə verir ki, məni işdən azad edəsiz. xx.xx.2023-cü ildə İdeal Motorsa işə daxil olur. Buna da iddiaçı tərəf etiraz etmir. Yəni iddiaçı buna etiraz etməyibsə, deməli, öhdəliyin yerinə yetirilməsini mübahisələndirməyib, cavabdeh orada işləyib. Bu mənada iddia tələbi əsassızdır və rədd edilməlidir. Sonda cavabdehin nümayəndəsi və vəkili qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Əmək Müqaviləsi bağlanmışdır. Müqaviləyə görə işçi operator vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2023-cü il tarixinədək bağlanmışdır. İşçi xx.xx.2022-ci il tarixindən işə başlayır. İşçinin aylıq əmək haqqı məbləği 326,86 manat təşkil edir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 08/2023 saylı Əmək Müqaviləsi bağlanmışdır. Müqaviləyə görə işçi anbardar köməkçisi vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2023-cü il tarixinədək bağlanmışdır. Əgər tərəflərdən heç biri bu Əmək Müqaviləsinə xitam vermək niyyətini bildirmirsə, bu Əmək Müqaviləsinin müddəti avtomatik olaraq eyni şərtlərlə daha 6 (altı) ay uzadılır. İşçi bu vəzifənin icrasına xx.xx.2023-cü il tarixdə başlayır. İşçinin aylıq əmək haqqı məbləği 400 manat təşkil edir. İş materiallarında olan 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədən görünür ki, İddiaçı MMC ("xxxx") ilə Cavabdeh (“Təlim alan”) arasında müqavilə bağlanmış, müqaviləyə əsasən "xxxx" ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün “Təlim alan”a müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, “Təlim alan”ı yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. “Təlim alan” "xxxx" tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan "xxxx"lə əmək müqaviləsi bağlayaraq "xxxx"in avtoservisində işləməyi, "xxxx"lə olan əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürür. “Təlim alan”ın təyin ediləcəyi vəzifə onun təcrübi bilikləri və qabiliyyətinə əsasən "xxxx" tərəfindən müəyyən ediləcək. “Təlim alan” hazırkı müqaviləyə əsasən götürüdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə hazırkı müqavilə ilə müəyyən edilmiş dəbbə pulunu "xxxx"ə ödəməyi öhdəsinə götürür. "xxxx"dən müqavilə öhdəliklərini yerinə yetirməyi tələb etmək hüququna malikdir. Təlim alanın vəzifələri: "xxxx"lə əmək müqaviləsi bağladığı gündən 3 (üç) il müddətində yalnız "xxxx"in avtoservisində işçi kimi işləmək. "xxxx"lə əmək müqaviləsi bağladığı gündən 3 (üç) il müddətində "xxxx"in yazılı razılığı və icazəsi olmadan əmək müqaviləsinə xitam verərsə, Azərbaycan Respublikasının ərazisində başqa avtoservisdə və müəssisələrdə iş yeri seçərsə və ya işləyərsə 2000 (iki min) manat məbləğində dəbbə pulunu "xxxx"ə ödəmək. Şirkətin hüquqları: “Təlim alan”dan müqavilə öhdəliklərini icra etməyi tələb etmək. “Təlim alan” öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə, "xxxx"in yazılı razılığı və icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində başqa avtoservisdə və müəssisələrdə iş yeri seçərsə və işləyərsə “Təlim alan”dan 2000 (iki min) manat məbləğində dəbbə pulunun ödənilməsini tələb etmək. "xxxx" “Təlim alan” dan, onun hüquqlarını yerinə yetirməyə mane olan hər cür pozuntuları aradan qaldırmağı tələb etmək hüququna malikdir. Şirkətin vəzifələri: "xxxx" hazırkı müqavilə imzalandıqdan sonra “Təlim alan” şəxslə əmək müqaviləsi bağlamağı və onu işə götürməyi öhdəsinə götürür. “Təlim alan” müqavilə öhdəliklərini icra etməməyə və ya lazımınca icra etməməyə görə tam həcmdə məsuliyyət daşıyır. “Təlim alan”nın Azərbaycan Respublikasında olduğu və yaşadığı müddətdə “Şirkətin” yazılı razılığı və icazəsi olmadan Azərbaycan Respublikası ərazisində başqa avtoservisdə və bu kimi digər müəssisələrdə iş yeri seçməsi və işləməsi faktı müəyyən edildikdə "xxxx" “Təlim alan”na nəzəri və təcrübi dərslərin keçilməsi üçün xərclədiyi 2000 (iki min) manat məbləğində dəbbə pulunun ona ödənilməsini “Təlim alan”dan tələb edə bilər. Tərəflər arasında bağlanacaq əmək müqaviləsinin müddətinin bitməsi tərəfləri hazırkı müqavilənin qüvvədə olduğu müddətdə yol verdikləri pozuntular üzrə məsuliyyətdən azad etmir. Müqavilənin qüvvədə olma müddəti: Hazırkı müqavilə notarial qaydada təsdiq edildiyi andan qüvvəyə minir və tərəflər hazırkı müqavilə üzrə öz öhdəliklərini tam şəkildə icra edənə qədər qüvvədədir. Hazırkı müqavilə aşağıdakı hallarda xitam verilir: Tərəflərin hər ikisinin qarşılıqlı razılığı ilə; Müqavilənin qüvvədə olma müddəti bitdikdə və tərəflər onun müddətinin uzadılması ilə bağlı razılıq əldə etmədikdə. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, həmin müqavilə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmaqla, Cavabdeh müddətli operator vəzifəsinə işə qəbul edilmişdir. Müddətli əmək müqaviləsinin qurtardığı vaxt xx.xx.2023-cü il göstərilmişdir. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-yə ərizə ilə müraciət edərək onu xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2a maddəsi-tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə ərizə ilə müraciət edərək onu öz istəyi ilə tutduğu vəzifədən azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2a maddəsi-tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmaqla, Cavabdeh müddətli anbardar köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Müddətli əmək müqaviləsinin qurtardığı vaxt xx.xx.2023-cü il göstərilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən ünvan 1 ünvanında yaşayan Cavabdeh ünvanlanmış 01 oktyabr 2024-cü il tarixli Xəbərdarlıq məktubundan görünür ki, tərəflər arasında bağlanmış 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh 3 (üç) il müddətində "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verməməyi, həmçinin həmin müqavilənin 4.2-ci maddəsinə əsasən əmək müqaviləsi bağlandığı gündən 3 (üç) il müddətində yalnız "xxxx" MMC-də əmək müqaviləsinə əsasən işləməyi öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh xx.xx.2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2 və 4.2-ci bəndlərinin tələblərini kobud şəkildə pozaraq 06 sentyabr 2024cü il tarixində əmək müqaviləsinə xitam verilməsi haqqında ərizə ilə "xxxx" MMC-yə müraciət etmişdir. O, bu hərəkəti ilə aralarında bağlanmış 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2 və 4.2-ci bəndlərinin tələblərini və götürdüyü öhdəlikləri kobud şəkildə pozduğu üçün "xxxx" MMC ona təlim keçilməsi üçün çəkdiyi 2000 (iki min) manat məbləğində pulun ödənilməsi ilə bağlı Xətai Rayon Məhkəməsinə müraciət edəcək. Məhkəməyə müraciət edildiyi təqdirdə əlavə olaraq məhkəmə xərcləri və hüquqi yardım xərcləri də ondan tutulacaq ki, bu da ondan tutulmalı olan pul məbləğinin əsaslı surətdə artmasına səbəb olacaqdır. Hesab edilir ki, aralarında bağlanmış 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə öhdəliklərinə əməl etməsi onu artıq xərclərdən azad edər və aralarında olan inamın və əməkdaşlığın qorunmasına xidmət edər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 16746327 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən Bakı şəhər 9 saylı Vəkil Bürosunun hesabına hüquqi yardımla bağlı 320 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tətrəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün Cavabdeh müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, onu yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüş, cavabdeh isə təlimə başladığı andan iddiaçı ilə əmək müqaviləsi bağlayaraq onun avtoservisində işləməyi, iddiaçı ilə olan əmək müqaviləsinə 3 il müddətində xitam verməməyi, 3 il müddətində iddiaçının yazılı razılığı və icazəsi olmadan Azərbayan Respublikasının ərazisində başqa avtoservisdə və bu kimi digər müəssisələrdə iş yeri seçərsə və ya işləyərsə 2000 manat məbləğində dəbbə pulunu iddiaçıya ödəməyi üzərinə götürmüşdür, tərəflər arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış, Cavabdeh İddiaçı MMC-də müddətli operator vəzifəsinə işə qəbul edilmiş, müddətli əmək müqaviləsinin qurtardığı vaxt xx.xx.2023-cü il göstərilmişdir, lakin cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin şərtlərinə əməl etməmiş, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Belə ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2023 il tarixli əmək müqaviləsi bağlamış, lakin xx.xx.2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etməyib, xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi tələbi ilə "xxxx" MMC-yə müraciət etmiş, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən "xxxx" MMC ilə Cavabdeh arasında əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. İddiaçı tərəfindən cavabdehə vurulan ziyanın ödənilməsi ilə bağlı xəbərdarlıq olunmuş, lakin cavabdeh tərəfindən həmin ziyan iddiaçıya ödənilməmişdir. Bununla belə, cavabdehin müqavilə üzrə öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh təlim keçmə və əməkdaşlıq haqqında müqaviləni öz riski ilə bağladığından həmin müqavilə üzrə razılaşdığı öhdəliklərə görə də məsuliyyət daşıyır. Məhkəmə, iddia tələbinin “2000 manat məbləğində dəbbə pulunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, nə qədər ki, xx.xx.2022-ci il tarixdə bağlanmış Təlim keçmə və əməkdaşlıq haqqında müqavilə etibarsız sayılmayıb və cavabdeh həmin müqavilə üzrə 3 il müddətində iddiaçının yazılı razılığı və icazəsi olmadan Azərbayan Respublikasının ərazisində başqa avtoservisdə və bu kimi digər müəssisələrdə iş yeri seçməsi və ya işləməsi halı üçün iddiaçıya 2000 manat məbləğində dəbbə pulu ödəməyi vəd edib, onun İddiaçı MMC-də işlədiyi andan iddiaçıya dəbbə pulu ödəmək öhdəliyi yaranmışdır. Məhkəmə, iddia tələbinin “vəkilə ödənilmiş 320 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 320 manat pul məbləğini, 2000 manat qiymətində olan iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Məhkəmə cavabdehin “iddiaçının ondan 2000 manat tələb edilməsinin əsassız olmasına dair” dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh qeyd olunanların əsassız olduğunu bildirsə də, bu halların mövcudluğunu və əsaslılığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki iş materiallarından görünür ki, Cavabdeh onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin predmeti, şərtləri, tərəflərin üzərinə götürdüyü öhdəliklərlə tanış olmaqla həmin müqavilənin mahiyyətini anlamış və müqaviləni imzalamış, bu zaman ona hər hansı psixi və fiziki təsir edilməmiş və digər qanunsuz hərəkətlər edilməmiş, yəni həmin müqavilə onun iradə ifadəsinin nəticəsi olaraq bağlanmışdır, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə müqavilənin predmeti, şərtləri, tərəflərin öhdəlikləri, hüquq və vəzifələri konkret göstərilmiş, həmin müqavilə üzrə "xxxx" MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, Cavabdeh isə müqavilə üzrə üzərində düşən öhdəlikləri yerinə yetirməməklə iddiaçını müqavilə üzrə ümid etməyə çatanlardan məhrum etmiş və iddiaçıya bu xüsusda ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasdar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.1-ci maddəsinə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 2000 manat dəbbə pulu, hüquqi yardımla əlaqədar olaraq ödənilmiş 320 manat alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi təmin edildiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində dəbbə pulu, 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardım xərci və ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-706/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-706/2025
07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver