Məhkəmə qərarları › İş №e-2(011)-7191/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7191/2025

19.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7191/2025 19.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2324, 39F nömrəli evin 67 nömrəli mənzilinə (yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 141, M15, m2) istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, Xətai Rayon Məhkəməsinin e-2(011)- 7097/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Hümbətova Səidə Hüseyn qızının Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2324, 39F nömrəli evin 67 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Həmin iddiada cavabdehlər Hümbətova Səidə Hüseyn qızı və onun azyaşlı övladı Cavabdeh olsa da, sonradan işin gedişində iddia tələbi dəqiqləşdirilərək yalnız Hümbətova Səidə Hüseyn qızının istifadə hüququna xitam verilməsi xahiş olunmuşdur. Səbəb isə Cavabdeh həmin dövrdə universitetə hazırlaşması, qeydiyyatın ona vacib lazım olması idi. Həmin qətnamə ilə də müəyyən edilmişdi ki, hazırki iş üzrə Cavabdeh mübahisəli mənzildə formal olaraq qeydiyyatda olmuş və orada yaşamamışdır. Belə ki, iş materiallarında olan “Xətai-19” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, Hümbətova Səidə Hüseyn qızı və onun yetkinlik yaşına çatmayan oğlu Cavabdeh Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, Məhəmməd Hadi küçəsində yerləşən "xxxx" MTK-nın tikmiş olduğu 3 bloklu 17 mərtəbəli 39 F nömrəli evin 67 nömrəli mənzilində (yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 141, M15, m2) qeydiyyatda olmasına baxmayaraq yaşamır. Yaşar Məmmədov qeyd olunan mənzili öz anası İddiaçı bağışlamış və sonuncu hazırda mülkiyyətçidir. Bağışlanana qədər və hazırki dövrdə də Cavabdeh qeyd edilən mənzildə yaşamırdı. Cavabdehin qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olması ona mülkiyyət hüququnun maneəsiz şəkildə həyata keçirilməsinə imkan vermir, buna maneələr törədir. Bu qeydiyyat sadəcə formal xarakter daşıyır və əsassız olaraq öz mənzilinə olan mülkiyyət hüquqlarını məhdudlaşdırır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İşin halları: İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı cə Reyestri publik hüquqi şəxsinin çıxarışının surətinə əsasən ünvan 1 ünvanından yerləşən 67 nömrəli mənzilə (yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, giriş 141, M15, m2) dair mülkiyyət hüququ İddiaçı adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışın surətinə əsasən ünvan 1 ünvanından yerləşən 67 nömrəli mənzildə (yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, giriş 141, M15, m2) xx.xx.1948-ci il təvəllüdlü İddiaçı, xx.xx.1978-ci il təvəllüdlü X4, xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh qeydiyyatdadır. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6625/2019 saylı 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X2 apellyasiya şikayəti təmin edilərək, Xətai Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilinin cavabdeh Məmmədova Səidə Hüseyn qızının adına rəsmiləşdirilməsi ilə bağlı olan və üzərində bağlanma tarixi kimi 01 mart 2006-cı il qeyd edilmiş 100 saylı kooperativ binada mənzil tikintisi üçün müqavilə etibarsız hesab edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-8161/2019 saylı 20 dekabr 2019-cu il tarixli qərarı ilə cavabdeh Məmmədova Səidə Hüseyn qızının kassasiya şikayəti təmin edilməyərək Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6625/2019 saylı 28 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 3055/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Hümbətova Səidə Hüseyn qızının X3 qarşı pul məbləğinin, əşyaların qaytarılması və mənzilə köçürülmə barədə iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 39F, 67 saylı mənzildə yerləşən əşyalar-kombi, soyuducu, kondisioner X1 alınaraq Hümbətova Səidə Hüseyn qızına verilməsi, Hümbətova Səidə Hüseyn qızının yekinlik yaşına çatmayan oğlu Cavabdeh ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilinə köçürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, X2 Hümbətova Səidə Hüseyn qızına qarşı “çıxarışın ləğv edilməsi və mənzilə mülkiyyət hüququnun tanınması” barədə iddiasının qismən təmin edilməsi, Hümbətova Səidə Hüseyn qızının adına verilmiş Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilinə dair Çıxarışın ləğv edilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi, Hümbətova Səidə Hüseyn qızının X3 qarşı “mənzil üzərində payının müəyyən edilməsi” barədə qarşılıqlı iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilinə ½ hissədə X2, ½ hissədə isə Hümbətova Səidə Hüseyn qızının mülkiyyət hüququnun tanınması, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi, Hümbətova Səidə Hüseyn qızının ödədiyi 60 (altmış) manat dövlət rüsumunun 30 (otuz) manatı özünə aid edilmiş, qalan 30 (otuz) manatın X1 alınıb Hümbətova Səidə Hüseyn qızına ödənilməsi, X2 ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5588/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3055/2020 saylı, 10 noyabr 2020ci il tarixli qətnaməsi Hümbətova Səidə Hüseyn qızı yekinlik yaşına çatmayan oğlu Cavabdeh ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilinə köçürülməsi və Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilinə ½ hissədə X2, ½ hissədə isə Hümbətova Səidə Hüseyn qızının mülkiyyət hüququ tanınması hissələrində ləğv edilmiş, həmin hissələrdə Hümbətova Səidə Hüseyn qızının iddiaları rədd edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6062/2021 saylı xx.xx.2021-ci il tarixli Hümbətova Səidə Hüseyn qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5588/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5588/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə işin aşağıdakı halları müəyyən olunmuşdur, iddiaçı ilə cavabdeh 2006-cı ildə nikaha daxil olmuş, 2016-cı ildə isə nikahları pozulmuşdur. 2011-ci ildə Yaşar Məmmədovun anası İddiaçı tərəfindən mübahisəli mənzil alınmışdır. Sonuncunun ərizəsi əsasında xx.xx.2016-cı il tarixdə həmin mənzil üzrə "xxxx" MTK ilə İddiaçı arasında olan müqavilə Məmmədov Yaşarın adına rəsmiləşdirilmişdir. xx.xx.2016cı ildə tərəflər arasında olan nikahın pozulması barədə məhkəmə mübahisəsi olarkən Yaşar Məmmədov tərəflər arasında barışığın əldə olunması və ailənin bərpası niyyətilə müqaviləni Hümbətova Səidənin adına rəsmiləşdirir. Buna baxmayaraq, tərəflərin arasında nikah xx.xx.2016-cı il tarixdə məhkəmə qaydasında pozulur. Sonradan məlum olur ki, Məmmədov Yaşar mənzil üzrə müqaviləni nikahın pozulması barədə qətnamənin qəbul olunduğundan xəbərdar olmadan Səidə Hümbətovanın adına rəsmiləşdirmişdir. Hümbətova Səidə həmin mənzil üzrə hüquqlarının dövlət qeydiyyatına alınmasına dair çıxarış almamışdan əvvəl, yəni xx.xx.2018-ci il tarixdə Məmmədov Yaşar artıq həmin müqavilənin etibarsızlığı mübahisələndirmiş, həmin iddia üzrə birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə iddia rədd edilmişdir. Hümbətova Səidə isə bu müddət ərzində mübahisəli mənzil üzrə hüquqlarının dövlət qeydiyyatına alınmasına dair xx.xx.2019-cu il tarixdə çıxarış alır. Məmmədov Yaşar birinci instansiya məhkəməsinin qətnaməsindan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qətnamə ləğv edilmiş, müqavilə etibarsız hesab edilmişdir. Daha sonra qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7097/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddia təmin edilərək Hümbətova Səidə Hüseyn qızının Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2324, 39F nömrəli evin 67 nömrəli mənzildən (yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 141, M15, m2) istifadə hüququna xitam verilməsi qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasinin Konstitusiyasi Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, hazırki mülki işin faktiki hallarından müəyyən edilir ki, ünvan 1 ünvanından yerləşən 67 nömrəli mənzil (yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, giriş 141, M15, m2) 2011-ci il tarixdə İddiaçı tərəfindən alınmışdır. Həmin mənzildə İddiaçı, onun oğlu X4, gəlini Hümbətova Səidə Hüseyn qızı və nəvəsi Cavabdeh qeydiyyatda olmuşlar. Həmin mənzil iddiaçının ərizəsi əsasında xx.xx.2016-cı il tarixdə həmin mənzil üzrə "xxxx" MTK ilə İddiaçı arasında olan müqavilə X2 adına rəsmiləşdirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh valideynləri ilə birlikdə həmin mənzildə yaşadığından onun həmin mənzildən istifadə hüququ xx.xx.2016-cı il tarixdən yaranmışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanından yerləşən 67 nömrəli mənzilə (yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, giriş 141, M15, m2) dair mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30.1-ci maddəsinə əsasən mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına istinadən qeyd edir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsindən istifadə etmək hüququ da ola bilməz. “Elektron məhkəmə” İnformasiya Sistemindən alınmış məlumatdan görünür ki, Cavabdeh yetkinlik yaşına çatmışdır. Belə olan halda məhkəmə yuxarıda istinad edilən qanunvericilik aktlarını əsas götürərək hesab edir ki, Cavabdeh özünün saxlanmasının tələb edən qohumları sırasına aid edilmir. Hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, cavabdehin həmin mənzildən istifaə hüququnun saxlanılması İddiaçı mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Odur ki, sonuncun hazırda iddiaçıya məxsus ünvan 1 ünvanından yerləşən 67 nömrəli mənzildən (yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, giriş 141, M15, m2) istifadə hüququna xitam verilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2324, 39F nömrəli evin 67 nömrəli mənzildən (yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 141, M15, m2) istifadə hüququna xitam verilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbasova Əminə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar