Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-720/2023 10.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı4, X11, X18 və iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı5 cavabdehlər Cavabdeh1 MMC-yə və X8 qarşı “komendantlığın ləğv edilməsi və sair” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı5 cavabdehlər Cavabdeh1 MMC-yə və X8 qarşı “komendantlığın ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında təsis edilmiş komendantlığın ləğv edilməsi, cavabdeh fərdi sahibkar X7 həmin binada sahibkarlıq fəaliyyətinin qanunsuz hesab edilməsi və onun ünvan 2 ünvanından çıxarılmaqla onunla bağlanan xidmət müqavilələrinin ləğv edilməsi, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətin təsis edilməsi ilə əlaqədar binanın istismara qəbul aktı və həmin binanın yaşayış və qeyri-yaşayış sahələri olmaqla neçə blok, mərtəbə, mənzil və qeyri-yaşayış sahəsindən ibarət olması haqqında arayışının iddiaçılara təqdim edilməsinin Cavabdeh1 MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC tərəfindən ünvan 1 ünvanında yerləşən ərazidə hündürmərtəbəli yaşayış binası inşa edilərək payçıların istifadəsinə verilmişdir. Qeyd edilən bina tam hazır olduğundan aidiyyatı dövlət orqanları tərəfindən istismara qəbul edilmiş və sakinlərə xüsusi mülkiyyət hüququ haqqında reyestrdən çıxarışlar da verilmişdir. Lakin binanın sahə mülkiyyətçiləri olmağına baxmayaraq Cəmiyyət hələ də ləğv edilməmiş, əlavə və qanunsuz olaraq idarəetmə (komendantlıq) yaradılaraq binaya buna iddiaçıların icazəsi və ya razılığı olmadan komendant təyin edilmişdir. Bunlar qanunsuz olaraq mülkiyyətçilərdən guya binanın saxlanılması üçün əlavə ödənişlər yığmaqla məşğuldurlar. Halbuki, Azərbaycan Respublikasının Mənzil Qanunvericiliyinin tələblərinə əsasən binanın tikintisi və yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməli olduğu halda Cəmiyyət tərəfindən bununla bağlı heç bir addım atılmamış və qanunvericiliklə tənzimlənən Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) yaradılmasına qəsdən maneələr törədilməkdə davam edilir. Əldə edilmiş sənədlərdən görünür ki, fiziki şəxs kimi dövlət qeydiyyatından keçmiş X13 adlı şəxs (VÖEN: **********) sahə mülkiyyətçilərindən buna hər hansı əsas olmadan kommunal xərclər adı ilə pul yığmaqla varlanır, mülkiyyətçilərin tələb etməsinə baxmayaraq yığılmış pulların haraya xərclənməsi barədə hesabat verməkdən qərəzli şəkildə boyun qaçırır. Bununla bağlı isə aidiyyəti dövlət orqanlarına müraciətləri isə hələ də öz həllini tapmır, bu qanunsuzluqlar davam edir. Aidiyyəti icra hakimiyyəti orqanı isə buna göz yumaraq, sanki belə bir problemlərin olmamasını bildirir. Məhkəmənin baxış iclasında X11 və X18 məhkəməyə ərizə ilə müraciət edərək hazırkı mülki iş üzrə iddiaçı qismində tanınmalarını xahiş etmiş, məhkəmə iclasında X11 və X18 birgə iddiaçılar qismində tanınmışdırlar. X2, X14, X9, X21, X12, X22 qismində tanınmalarını barədə məhkəməyə vəsatət versələr də, məhkəmə prosesində iştirak etmədiklərinə görə vəsatətləri təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı4 və iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsinin texniki səhv nəticəsində göstərildiyini qeyd etməklə yanaşı, tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Bununla yanaşı, nümayəndə izahatında bildirmişdir ki, sakinlərə MMMC-nin yaradılması ilə bağlı süni maneələr yaradılır. Cavabdehin vəkilinin elektron sistemə əlavə etdiyi sənədlə bağlı yığıncağın qərarı barədə iddiaçıların məlumatı olmamışdır. Həmin binada 3 mənzili olan mülkiyyətçilərə belə məlumat verilməmişdir. İddiaçı1 və Asəf müəllimə heç bir məlumat verilməmişdir. İddiaçılara bildiriş və məlumat gəlməmişdir. 690 nəfərə əsaslanan təsis qərarına görə burada 690 nəfər mülkiyyətçi var, bundan 360 nəfəri iştirak etmişdir. Hüquqlarını müdafiə etdiyi şəxsin 3 mənzili var və bu 3 mənzilin heç birinə bildiriş gəlməmişdir. Cavabdeh1 MMC mülkiyyətçilərə qarşı qərəzli münasibətdədir. Qanunvericiliyin tələbinə görə Notariat Baş İdarəsi iki sənədi tələb edir. Bunlardan biri təsdiqlənmiş arayış yəni, həmin binada neçə yaşayış və qeyri yaşayış sahəsi olduğunu göstərir. İkinci sənəd istismara qəbul aktıdır. İddiaçılar istismara qəbul aktını əldə edə bilməmişdir. Cavabdeh tərəfindən məqsədyönlü şəkildə sənəd verməkdən imtina olunur. Məmmədov Zakir qanunsuz yığımlarla məşğuldur. Həmin ərazidə sakinlər öz şəxsi vəsaitləri hesabına iş görürlər, özləri ərazini təmizlədir, uşaqlar üçün meydança hazırladır. İddiaçılar ödənişlərlə bağlı qəbzləri məhkəməyə təqdim etmişdir. Həmin yığımlar qanunsuzdur. İddiaçı4 əlavə olaraq izahatında bildirmişdir ki, Məmmədov Cəfər əslində oranın sakini deyil, komendant işləyən X7 oğludur. İddiaçı tərəfindən şəxsən Cəfər Məmmədova ev puluna görə 200 manat pul ödənilmişdir. X3 işə gəlmir, atasının yerində Cəfər oturur. İddiaçı4 həmçinin qeyd etmişdir ki, cavabdeh X8 ofis kimi yaşadıqları binanın həyətindəki 56 kv.m. qeyri-yaşayış sahəsi verilmişdir, amma orada əsasən onun oğlu Cəfər Məmmədov oturur və pul yığımlarını ordan aparır. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddiaçı tərəf iki sənədin cavabdeh tərəfindən verilməli olunduğunu iddia edir. Birinci növbədə istismar aktını reyestr xidməti verir. İddiaçıların vəkili özü sorğu verib, bunu ala bilər. MMMC-nin yaradılması üçün ilk növbədə mülkiyyətçilər yığışmalıdır, ümumi yığıncaq yığılmalıdr, imza toplanılmalıdır. 51%- ı ötdükdən sonra MMC-yə müraciət olunur. MMC yetərsayın yığılıb-yığılmadığı barədə məlumat verir. Kvadratların verilməsini, çıxarışların alınıb-alınmamasını MMC bilə bilməz. Bilsəydi belə verə bilməzdi. Bina sakinləri bu məlumatların verilməsinə etiraz edə bilər. Binadakı mənzillərin sayı təxminən 800-ü ötür, məhkəmədə isə 5 iddiaçı çıxış edir. X17 etibarnamə verilmişdi ki, qarşılıqlı razılaşma əsasında sakinlərlə müqavilə bağlasın. Müqavilə bağlayan şəxslər saxlanma xərclərini ödəyir, yerdə qalan 5 sakin ödəmirdilər. Onlar da İnzibati Məhkəməyə müraciət etmişdilər. Orada da iddiaları mümkünsüz sayıldı. MMC- orada qanunsuz pul yığmır, marağında da deyil. Eyni zamanda ümumi yığıncaq keçirilib, imza toplanılıb və müraciət edən sakinlərdən MMMC yaradılıb. Həmin binada demək olar ki, 90 % sakinlər çıxarış alıb. Məmmədov Zakir həmin binadan çıxarıla bilməz, çünki mülkiyyətçidir. Bu günkü gün tələb arayışın verilməsi ilə bağlıdır. Bununla bağlı elektron sistemə sənəd yükləmiş və arayış təqdim edilmişdir. Cavabdeh1 MMC tərəfindən iddiaçılara sənəd verilməməlidir. Notariat Baş İdarəsinə arayış verilməlidir. İddiaçılar öz aralarında bir nəfər seçir və MMC də arayışı həmin şəxsə verir. Cavabdeh1 MMC kiminləsə müqavilə bağlamaq hüququ vardır. İddiaçılar eyni zamanda qəbul aktını tələb edirlər. Lakin MMMC-nin yardılması üçün qəbul aktı lazım deyil, arayış verilməlidir. Arayış da Cavabdeh1 MMC tərəfindən verilmişdir. Bu günki gün MMC-nin iddiaçılar qarşısında məsuliyyəti yoxdur. MMMC-nin yardılması ilə bağlı hər hansı mübahisə yoxdur. Tərəflər həmin arayışın təqdim edilməsi üçün öz aralarında protokol tərtib etsinlər və qərar versinlər. İddiaçılardan istənilən şəxs MMC-yə müraciət etsə arayış təqdim olunacaqdır. 800-dən çox mənzil mövcuddur. Cavabdeh1 MMC hər bir şəxsə ayrı-ayrı arayış verməməlidir. MMC tərəfindən Məmmədov Cəfərə adlı sakinə arayış verilmişdir. Həmin arayış Notariat Baş Ofisinə təqdim olunmuşdur. Bu günki gün orada kimsə xidmət göstərsə belə müqavilə əsasında xidmət göstərir. İddiaçılar öz aralarında sədr seçə bilmirlər. Hal-hazırda da pullar yığılır, pul yığılmasa bina saxlanıla bilməz. Nümayəndə həmçinin qeyd etmişdir ki, "xxxx" MMMC sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılsa da, mübahisə olduğu üçün dövlət qeydiyyatına alınmamışdır. Cavabdehin nümayəndəsi qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə digər cavabdeh X13 məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların, onların nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məhəllə 2944A, 55 saylı mənzil (Yeni qaydalarla: AZ 1027, Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, 92, M12, m1) üzərində İddiaçı4 xüsusi tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məhəllə 2944A, 414 saylı mənzil (Yeni qaydalarla: AZ 1027, Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, 100, M12, m6) üzərində İddiaçı2 xüsusi tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məhəllə 2944A, 383 saylı mənzil (Yeni qaydalarla: AZ 1027, Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, 100, M7, m5) üzərində İddiaçı3 xüsusi tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh1 MTK-nın sakinləri - X15, X19, X20, İddiaçı4 və digər sakinlər olmaqla ümumilikdə 38 sakin tərəfindən Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış xx.xx.2022-ci il tarixli kollektiv müraciətin surətindən görünür ki, həmin şikayətdə sakinlər qeyd etmişdirlər ki, Cavabdeh1 MTK tərəfindən binanın tikintisi başa çatdıqdan sonra, mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi ilə bağlı heç bir addım atılmamış, MMMC-nin yaradılmasına qəsdən maneələr törədilmişdir. 2019-cu il tarixdən binanın təhvil verilməsinə baxmayaraq, Cavabdeh1 MTK rəhbərliyi qanuni əsası olmayan və heç bir hüquqa söykənməyən əməli və öz qərarı ilə orada komendantlıq yaratmış və idarəetməni qeyri-qanuni olaraq həmin “komendantlığa” həvalə etməklə binanın idarəedilməsindən əl çəkməmişdir. Özünü qanunsuz olaraq komendant adlandıran Zakir və Cəfər Məmmədovlar hüquqi əsası olmadan sakinlərdən öz mülahizələrinə uyğun pul yığırlar. Qanunsuz yığılan pullar onların şəxsi maraqlarına xidmət etməklə sakinlərin sosial rifahını aşağı salır. Sakinlər öz aralarında birlik yaradaraq idarəetməni özləri həyata keçirməyə cəhd etsələr də, qanunsuz təyin edilmiş “komendantlıq” buna mane olmuşdur. Zakir və Cəfər Məmmodovlar sakinlərin birliyinin pozulması üçün binaya quraşdırılmış liftlərin və digər qurğuların istismarı ilə əlaqədar yararsız vəziyyətə düşməsinə bilərək şərait yaradır və bununla da öz pis niyyətlərini ortaya qoyurlar. Özlərinin qanunsuz olaraq komendant elan edən komendant aylıq yığılan kommunal və digər ödənişlərdən sakinlərlə heç bir müqavilə münasibətinə girməyərək, hər hansı hüquqi əsası olmadan yığımlardan vergi verdiklərini bildirirlər. Həmin şikayətdə Cavabdeh1 MTK-nın sakinləri sahibkar özbaşınaçılığına son qoyulmasında, sahibkarın sakinləri maddi gəlir mənbəyi və biznes subyekti kimi görməklə onların ləyaqətlərinin alçaldılması ilə hüquqlarının pozulmasının qarşısının alınmasına aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişlər. İş materiallarında olan GEĞ seriyalı, 070916 nömrəli mənzil-kommunal xidməti üçün mədaxil qəbzinin surətindən görünür ki, X7 VÖEN hesabına ödəyici Nazir tərəfindən xx.xx.2021-ci il tarixdə 207 manat ödəniş həyata keçirilmişdir. İş materiallarında olan İRV seriyalı 023477 nömrəli, İRV seriyalı, 023405 nömrəli, İRV seriyalı, 023443 nömrəli, ĞĞV seriyalı, 324063 nömrəli kassa mədaxil orderinin qəbzlərinin surətindən görünür ki, X4 VÖEN hesabına 1 aylıq icarə üçün xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2021-ci il tarixdə 50 manat ödəniş edilmişdir. İş materiallarında olan Cavabdeh1 Yaşayış Kompleksinun komendantı Zakir Məmmədov tərəfindən imzalanan bildirişlərin surətindən görünür ki, 548 nömrəli mənzilin sahibinin 336 manat, 194 saylı mənzilin sahibinin 1897,50 manat, 370 saylı mənzilin sahibinin 965,80 manat, 547 saylı mənzilin sahibinin 270 manat, 545 saylı mənzilin sahibinin 140 manat, 497 saylı mənzilin sahibinin 503 manat, 138 saylı mənzilin sahibinin 314 manat, 116 saylı mənzilin sahibinin 186,20 manat, 9 saylı mənzilin sahibinin 90 manat məbləğində borcunun 3 gün ərzində komendantlığa ödənilməsi bildirilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinə ünvanlanmış 05 yanvar 2023-cü il tarixli 153 nömrəli arayışın surətindən görünür ki, ünvan 3 ünvanında 1-ci blokda 98 ədəd mənzil, 2 ədəd qeyri-yaşayış, 12 ədəd qaraj, 2-ci blokda 84 ədəd mənzil, 5 ədəd qeyriyaşayış, 16 ədəd qaraj, 3-cü blokda 96 ədəd mənzil, 5 ədəd qeyri-yaşayış, 12 ədəd qaraj, 4-cü blokda 96 ədəd mənzil, 5 ədəd qeyri-yaşayış, 16 ədəd qaraj, 5-ci blokda 84 ədəd mənzil, 3 ədəd qeyri-yaşayış, 16 ədəd qaraj, 6-cı blokda 72 ədəd mənzil, 3 ədəd qeyriyaşayış, 16 ədəd qaraj, 7-ci blokda 80 ədəd mənzil, 2 ədəd qeyri-yaşayış, 16 ədəd qaraj, 8-ci blokda 80 ədəd mənzil, 1 ədəd qeyri-yaşayış, 16 ədəd qaraj tikilmişdir. İş materiallarında olan 01 oktyabr 2019-cu il tarixli Cavabdeh1 MMC-nin direktoru X10 ilə X13 arasında bağlanmış müqavilənin surətindən görünür ki, ünvan 4 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasında bütün idarəetmə işinin təşkili və əhaliyə müvafiq xidmətlərin göstərilməsi, həmin xidmətlərin qarşılığında aylıq xidmət haqqının, hər kv.m 30 qəpik olmaqla, yığılması, xərclənməsi, habelə bu işlərlə əlaqədar idarə və müəssisələrlə müqavilələrin bağlanması hazırkı müqavilə ilə Cavabdeh1 MMC tərəfindən sahibkar X8 həvalə edilmişdir. İş materiallarında olan ünvan 5 ünvanında yerləşən "xxxx" MMMC-nin təsis yığıncağının xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, binada mövcud olan mənzillərin və ya yaşayış evlərinin sayı 690 ədəd olmaqla, sahə (mənzil) mülkiyyətçiləri olan 690 fiziki şəxsdən 360 nəfər iştirak etmiş, gündəlikdə duran məsələlər -"xxxx" MMMC-nin təsis edilməsi, MMMC-nin nizamnaməsinin təsdiq edilməsi, "xxxx" MMMC-nin hüquqi ünvanının müəyyən edilməsi, "xxxx" MMMC-nin dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi, səlahiyyətli şəxsin seçilməsi ilə bağlı müzakirələr səsverməyə qoyulmuş 360 nəfər lehinə, 25 nəfər əleyhinə səs vermiş, 305 nəfər isə bitərəf olmuşdur. İş materiallarında olan "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin Nizamnaməsinin surətindən görünür ki, "xxxx" MMMC müstəqil təsərrüfat subyekti olmaqla ünvan 9 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmış, Nizamnamə sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il tarixli qərarı ilə səlahiyyətli şəxs X16 tərəfindən imzalanmış, lakin MMMC dövlət qeydiyyatına alınmamışdır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçılar tərəfindən cavabdehlərə qarşı bir neçə iddia tələbi irəli sürüldüyündən hər bir iddia tələbinə ayrıca hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 109.1-ci maddəsinə əsasən, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Bu anlayışda kooperativin mahiyyətini xarakterizə edən, onu təşkilati-hüquqi forma olaraq digər hüquqi şəxslərdən fərqləndirən cəhətlər öz əksini tapmışdır. Qanunverici kooperativi hər hansı gəlir əldə etmək niyyəti olmadan, fiziki və ya hüquqi şəxslərin əsasən eyni (oxşar) olan şəxsi tələbat və maraqlarını təmin etmək məqsədi ilə könüllü şəkildə öz imkan və vəsaitlərini birləşdirməklə yaratdıqları xüsusi növ hüquqi şəxs kimi müəyyən etmişdir. Kooperativlərin ən geniş yayılmış növü olan mənzil-tikinti kooperativlərinin anlayışı Mənzil Məcəlləsinin 109.1-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə görə, yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Məhz üzvlərin konkret ehtiyacının (yaşayış sahəsinə olan tələbatın) təmin edilməsi məqsədilə yaradıldığı üçün mənzil-tikinti kooperativləri istehlak xarakterli olmaqla müəyyən müddətə təşkil edilir, nəzərdə tutulmuş məqsədə nail olunduğu halda kooperativin fəaliyyətinə son qoyulur. Bununla bağlı Mənzil Məcəlləsinin 109.4 və 109.5-ci maddələrində qeyd edilir ki, mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Mülki Məcəllə və digər qanunlar ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Mənzil-tikinti kooperativinə üzvlüklə bağlı digər məsələlər Mülki Məcəllənin kooperativlər haqqında müvafiq müddəaları ilə tənzimlənir (Mənzil Məcəlləsinin 110.5-ci maddəsi). Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, kooperativin yaradılması zamanı qarşıya qoyulmuş məqsədə nail olunmuşsa, o cümlədən mənzil-tikinti kooperativi halında binanın inşası başa çatmışsa, həmin kooperativ mövcud və təsdiq olunmuş balans və maliyyə vəziyyətinə görə hər bir üzvə düşən pay müəyyən edilib verilərək ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43-45,141-ci maddələrinə, məcəllənin tələblərinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması) təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın idarəetmə üsulunu seçmək aiddir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. (maddə 141.1) Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: Çoxmənzilli bina üç qaydada idarə edilə bilər: (maddə 141.2) 141.2.1. Binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə; 141.2.2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən; 141.2.3. İdarəedici təşkilat təyin edilməklə. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. (maddə 141.3.) Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. (maddə 141.4.) Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. (maddə 141.5.) Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. (Maddə 141.6.) Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. (maddə 141.8.) Bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqə keçirilmədən çoxmənzilli binanın idarəetmə müqaviləsinin bağlanmasına o şərtlə yol verilir ki, göstərilən müsabiqə qanunvericiliyə uyğun olaraq baş tutmamış hesab edilsin. (maddə 141.9.) Çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər. (maddə 141.10.) Bu Məcəllənin 141.2-ci maddəsində nəzərdə tutulmuş idarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. (Maddə 141-1.1.) Bu Məcəllənin 142-ci maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydada nəzərdə tutulmuş bütün müddəaları (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklər nəzərə alınmaqla) əks etdirməklə bağlanmalıdır. (maddə 141-1.2.) Bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydanı pozmaqla çoxmənzilli binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklərin) çoxmənzilli binanın idarə edilməsi müqaviləsində əks etdirilməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. (maddə 141-1.3.) Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır.(maddə 142.1.) Çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə əsasən bir tərəf (idarəedici təşkilat) digər tərəfin (binanın sahə mülkiyyətçilərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanlarının və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanlarının və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanlarının) tapşırığı ilə razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, həmin binanın ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. (maddə 142.2.) Çoxmənzilli binanın idarə edilməsi müqaviləsində aşağıdakılar göstərilməlidir: 142.3.1. barəsində idarəetmənin həyata keçirildiyi çoxmənzilli binanın ümumi əmlakının tərkibi və həmin binanın ünvanı; 142.3.2. çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri üzrə xidmət və işlərin siyahısı, bu siyahıya dəyişiklik edilməsi qaydası, habelə idarəedici təşkilatın göstərdiyi kommunal xidmətlərin siyahısı; 142.3.3. müqavilə qiymətinin, yaşayış sahəsinin saxlanması və təmirinə və idarəedici təşkilatın göstərdiyi kommunal xidmətlərə görə haqqın miqdarının müəyyənləşdirilməsi qaydası, habelə bu haqqın ödənilməsi qaydası; 142.3.4. idarəedici təşkilatın çoxmənzilli binanın idarə edilməsi müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət qaydası; 142.3.5. bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydada nəzərdə tutulmuş bütün müddəalar. 142.4. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqdan və kommunal xidmətlərə görə haqdan ibarətdir. Həmin Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.7-ci maddəsinə görə bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. Bununla yanaşı Mənzil qanunvericiliyində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi qaydası müəyyən edilmişdir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. (Maddə 44.2) Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. (maddə 44.3) Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir. (maddə 44.4) Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. Bu halda: çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncaqları keçirilmir və bu yığıncaqlar yalnız çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının yarısından çoxuna malik olan şəxslər tərəfindən çağırıla bilər; (Maddə 44.6.1.) bu Məcəllənin 45.6-cı maddəsinin müddəaları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı barəsində öz qüvvəsini saxlayır. (Maddə 44.6.2.) Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra bu məcəlləyə istinad olunacaq) 389.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.( 337-ci maddə) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllənin 337.4-cü maddəsi) Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2944-cü məhəllə ünvanında yerləşən hündürmərtəbəli bina Cavabdeh1 MMC tərəfindən inşa edilərək, iddiaçıların istifadəsinə verilmiş, həmin bina tam hazır olduğundan aidiyyəti dövlət orqanları tərəfindən istismara qəbul edilməklə xüsusi mülkiyyət hüququ əsasında reyestrdən çıxarışlar da verilmişdir. 01 oktyabr 2019-cu il tarixdə Cavabdeh1 MMC-nin direktoru X10 və fiziki şəxs X13 arasında müqavilə bağlanmış, müqavilənin predmetini isə ünvan 4 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasında bütün idarəetmə işinin təşkili və əhaliyə müvafiq xidmətlərin göstərilməsi, həmin xidmətlərin qarşılığında aylıq xidmət haqqının, hər kv.m 30 qəpik olmaqla, yığılması, xərclənməsi, habelə bu işlərlə əlaqədar idarə və müəssisələrlə müqavilələrin bağlanmasının hazırkı müqavilə ilə Cavabdeh1 MMC tərəfindən sahibkar X8 həvalə edilməsi təşkil etmişdir. Həmin müqavilə ilə Cavabdeh1 MMC-nin yaşayış binasının həyətində yerləşən 56 kv.m qeyri-yaşayış sahəsi sahibkar fiziki şəxs X7 istifadəsinə verilmiş, Cavabdeh1 MMC tərəfindən həmin yaşayış binasında komendantlıq təsis edilmiş, Zakir Məmmədov komendant təyin edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 olmaqla yanaşı, heç bir hüquqi əsas olmadan həmin yaşayış binasında qanunsuz sahibkarlıqla məşğul olur. Məhkəmə qeyd edir ki, mənzil məcəlləsi binanın idarəetmə üsullarının seçilməsi hüququnu binanın sahə mülkiyyətçilərinə aid etmişdir və həmin üsulların arasında komendatlıq formasında idarəetmə üsulu nəzərdə tutulmamışdır. Bununla yanaşı yuxarıda qeyd edilmiş müvafiq normaların tələblərinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsi heç bir halda mənziltikinti kooperativi tərəfindən bağlanıla bilməzdi. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş sübutlarla 21 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2944-cü məhəllə ünvanında yerləşən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin təsis yığıncağının keçirilməsi, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin təsis edilməsi və qərarda göstərilən digər məsələlərlə bağlı qərarların qəbul edilməsi müəyyən edilsə də, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən keçirilmiş təsis yığıncağı mənzil qanunvericiliyində nəzərdə tutulmuş qaydalara əməl edilməməklə həyata keçirilmişdir. Belə ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətlərinə və qaydasına əməl edilməmiş, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edildiyi halda, hazırki iş üzrə iddiaçılara (çoxmənzilli binanın sahə mülkiyyətçilərinə-hazırki iş üzrə iddiaçılara) ümumiyyətlə məlumat verilməməklə keçirilmişdir. Məhkəmə nəzərə alır ki, "xxxx" MMMC sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılsa da, mübahisə olduğu üçün dövlət qeydiyyatına alınmamışdır. Əksi isə sübut etmə yükü cavabdeh tərəfin üzərinə düşdüyü halda, cavabdeh tərəfindən həmin sübutlar ümumiyyətlə məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı işdə olan sübutlarla, iddiaçıların verdiyi izahatlarla, həmçinin iddiaçı qismində qoşulmasalar da, məhkəmə proseslərində iştirak edən mübahisəli binanın digər sakinlərinin açıq nümayiş etdirdikləri narazıçılıq mövqelərindən (işin bu halı məhkəmə iclaslarınn video çəkilişləri ilə təsdiq edilir) müəyyən edilmişdir ki, həmin binada yaşayan (bəzilərinin həmin binada 2 və daha çox mənzilləri mövcuddur) sakinlərə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin təsis edilməsi barədə məlumat verilməmiş, onlar məcburi qaydada yaşadıqları binanın bütün idarəetmə işinin təşkili və əhaliyə müvafiq xidmətlərin göstərilməsi ilə bağlı xərcləri sahibkar X8 ödənilməsinə məcbur edilmişdirlər. Məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, Cavabdeh1 MMC tərəfindən bağlanmış müqavilə Mülki Məcəllədə və Mənzil Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından, mülki yaxud mənzil qanunvericiliyində komendatlıq formasında idarəetmə üsulu nəzərdə tutulmadığından etibarsız hesab edilməli, həmin müqavilə etibarsız hesab edildiyindən Cavabdeh1 MMC tərəfindən ünvan 11 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında təsis edilmiş komendantlıq ləğv edilməli, cavabdeh X7 həmin binada binanın bütün idarəetmə işinin təşkili və əhaliyə müvafiq xidmətlərin göstərilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti qanunsuz hesab edilməli, cavabdeh X13 ünvan 11 ünvanında yerləşən binanın həyətindəki 56 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Bununla yanaşı iş materiaları və iddiaçıların izahatları ilə təsdiq edilir ki, iddiaçılar və binanın digər sakinləri Mənzil Mülkiyyəçilərinin Müştərək Cəmiyyətinin təsis edilməsi ilə əlaqədar zəruri sənədlərin təqdim edilməsi ilə bağlı dəfələrlə Cavabdeh1 MMC-yə müraciət etsələr də, cavabdeh tərəfindən həmin sənədlər onlara təqdim edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, həmin sənədlər Cəfər Məmmədova təqdim edildiyinə görə digər sakinlərə verilməmişdir. Məhkəmə həmin hissədə də iddianı əsaslı hesab edərək, belə qənaətə gəlir ki, iddiaçılar həmin sənədlərin tələb edilməsi ilə bağlı hüquqlara malik olduqlarından həmin hissədə də iddia əsaslı olduğu üçün təmin edilməli, Mənzil Mülkiyyəçilərinin Müştərək Cəmiyyətinin təsis edilməsi ilə əlaqədar binanın istismara qəbul aktı və həmin binanın yaşayış və qeyri-yaşayış sahələri olmaqla neçə blok, mərtəbə, mənzil və qeyri-yaşayış sahəsindən ibarət olması haqqında arayışın iddiaçılara təqdim edilməsi öhdəliyi Cavabdeh1 MMC-nin üzərinə qoyulmalıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh1 MMC tərəfindən ünvan 11 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında təsis edilmiş komendantlıq ləğv edilməli, cavabdeh X7 həmin binada binanın bütün idarəetmə işinin təşkili və əhaliyə müvafiq xidmətlərin göstərilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti qanunsuz hesab edilməli, cavabdeh X13 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməli, müqavilə etibarsız hesab edildiyindən cavabdeh X13 ünvan 11 ünvanında yerləşən binanın həyətindəki 56 kv.m qeyri-yaşayış sahəsindən çıxarılmalı, Mənzil Mülkiyyəçilərinin Müştərək Cəmiyyətinin təsis edilməsi ilə əlaqədar binanın istismara qəbul aktı və həmin binanın yaşayış və qeyri-yaşayış sahələri olmaqla neçə blok, mərtəbə, mənzil və qeyri-yaşayış sahəsindən ibarət olması haqqında arayışın iddiaçılara təqdim edilməsi öhdəliyi Cavabdeh1 MMC-nin üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. "xxxx" MMC tərəfindən ünvan 11 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında təsis edilmiş komendantlıq ləğv edilsin. Cavabdeh X7 "xxxx" MMC tərəfindən ünvan 11 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında sahibkarlıq fəaliyyəti qanunsuz hesab edilsin. Cavabdeh X13 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilsin. Cavabdeh X13 ünvan 11 ünvanında yerləşən binanın həyətindəki 56 kv.m. qeyriyaşayış sahəsindən çıxarılsın. Mənzil Mülkiyyəçilərinin Müştərək Cəmiyyətinin təsis edilməsi ilə əlaqədar binanın istismara qəbul aktı və həmin binanın yaşayış və qeyri-yaşayış sahələri olmaqla neçə blok, mərtəbə, mənzil və qeyri-yaşayış sahəsindən ibarət olması haqqında arayışın iddiaçılara təqdim edilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-720/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-720/2023
10.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver