Məhkəmə qərarları › İş №e-2(011)-7272/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7272/2025

27.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7272/2025 27.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Səmədov Söhrab Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı “satmaq öhdəliyi ilə kirayə müqaviləsinə xitam verilməsi, yaşayış sahəsindən çıxarılma, kirayə haqlarının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Cavabdeh qarşı “satmaq öhdəliyi ilə kirayə müqaviləsinə xitam verilməsi, yaşayış sahəsindən çıxarılma, kirayə haqlarının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 barışıq sazişi təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh barışıq sazişinin təsdiq edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanuna uyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə Cavabdeh arasında 23 oktyabr 2025-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Sazişin şərtləri: Maddə 2. 2.1. Tərəflər razılığa gəlirlər ki, bu Saziş imzalandıqdan və Bakı Şəhəri Xətai Rayon Məhkəməsi (bundan sonra - məhkəmə) tərəfindən təsdiq edildiyi tarixdən etibarən Tərəflər arasında bağlanmış 14 aprel 2023-cü il tarixli KM3564 nömrəli Satmaq Öhdəliyi ilə kirayə müqaviləsi (bundan sonra - kirayə müqaviləsi) üzrə münasibətlər təkrar davam etdirilir və Tərəflər kirayə müqaviləsi üzrə hüquq və vəzifələrini icra edəcəkdir. 2.2. Birinci tərəf təsdiq edir ki, bu Saziş imzalandığı tarixdən etibarən kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəli üzrə aylıq ödənişlərini cədvəl üzrə vaxtlı-vaxtında həyata keçirəcəkdir. 2.3. Tərəflər təsdiq edir ki, Birinci tərəf 10 oktyabr 2025-ci il tarixinədək ümumilikdə ödənilməmiş borcu olan 3241.76 (üç min iki yüz qırx bir manat 76 qəpik) manat vəsaiti İkinci tərəfə nağdsız qaydada ödəmişdir. 2.4. Birinci tərəf təsdiq edir ki, həmçinin kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq aylıq qaydada kirayə haqqını ödəyəcəkdir. 2.5. Birinci tərəf təsdiq edir ki, bu Sazişin 2.4-cü bəndində qeyd olunan öhdəliklər nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə İkinci tərəf kirayə müqaviləsinə birtərəfli qaydada xitam verir, o cümlədən ödənilməmiş qalıq borc məbləğindən əlavə qanunvericiliyə uyğun olaraq gecikmə faizi, zərər və əldən çıxmış faydanı ondan tələb edə bilər. 2.6. Birinci tərəf təsdiq edir ki, bu Sazişin 2.4-cü bəndində qeyd olunan öhdəlik onun tərəfindən nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə, o cümlədən qeyd olunan səbəblərdən İkinci tərəf kirayə müqaviləsinə birtərəfli qaydada xitam verdikdə, Birinci tərəf kirayə müqaviləsi üzrə istifadəsinə verilmiş mənzili boşaldaraq İkinci tərəfə 5 (beş) iş günü ərzində təhvil verir və 10 (on) iş günü müddətində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasını təmin edir. Mənzil təhvil verilmədiyi təqdirdə İkinci tərəf mənzilin boşaldılması və təhvil verilməsi, o cümlədən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üzrə bu Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edir. 2.7. Bu Sazişin imzalanması və məhkəmə tərəfindən təsdiq edilməsi əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız bu Sazişin və Tərəflər arasında bağlanılmış kirayə müqaviləsinin şərtləri etibarlıdır. 2.8. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırkı və keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin məhkəmə tərəfindən təsdiq edildiyi ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.9. Tərəflər razılığa gəlirlər ki, bu Saziş təsdiq edilənədək yaranmış məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri tərəflərin özləri qarşılayırlar. 2.10. Bu Saziş icra edilmədiyi təqdirdə məcburi icra üçün Tərəflərdən biri icra sənədinin verilməsi üçün məhkəməyə müraciət edir. Əgər hər hansı tərəf digər tərəfə qarşı bu Sazişin icrası ilə əlaqədar məcburi icra üzrə icra orqanına müraciət edərsə, həmin tərəfin icra ilə əlaqədar tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəyir. 2.11. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyindən, sazişin məcburi icrası məhkəmənin verdiyi icra sənədinə əsasən həyata keçirilir. 2.12. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Maddə 3. 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan bu Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Bu Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bu Sazişi imzalayaraq təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar bu Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya bu Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər, həmçinin təsdiq edirlər ki, onlar bu Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdə Birinci tərəf, qanunvericiliklə tələb edildiyi hallar və ya İkinci tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla, bu Sazişin bağlanılması zamanı əldə edilmiş hər hansı bir məlumatı, sənədləri və ya bu Sazişin məzmununu məxfi saxlamaq və bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyir. Bu Sazişin məzmununun üçüncü şəxslərə açıqlanmasına görə birinci tərəf məsuliyyət daşıyır. 3.4. Bu Saziş bütün tərəflər tərəfindən imzalanana və məhkəmə tərəfindən təsdiq edilənədək heç bir tərəf üçün məcburi olmayacaqdır, Saziş imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. Bu Saziş Azərbaycan dilində, 1 (bir) vərəqdə, 3 (üç) nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzaladığı və məhkəmənin qərardadla təsdiq etdiyi andan qüvvəyə minir, nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, biri isə Bakı şəhəri Xətai Rayon Məhkəməsində iş materiallarında saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Tərəflərdən hər hansı biri bu saziş ilə üzərilərinə götürdükləri öhdəlikləri icra etmədikdə, öhdəliyin icra edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı “satmaq öhdəliyi ilə kirayə müqaviləsinə xitam verilməsi, yaşayış sahəsindən çıxarılma, kirayə haqlarının ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar