Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7299/2024 11.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı – iş üzrə Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 22.157,32 (iyirmi iki min beş yüz əlli yeddi avro, otuz iki sent) Avro və 9 (doqquz) manat vəsaitin tutularaq Elm və Təhsil Nazirliyinin müvafiq bank hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində bakalavr və magistratura səviyyələri üzrə təhsilin maliyyələşdirilməsini tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 01 iyun tarixli, 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” cərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsili maliyyələşdirən Azərbaycan Respublikası vətəndaşları olan gənclərin seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçirilir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Qaydaların 1.3-cü bəndinə əsasən, Proqram iştirakçılarının xarici ali təhsil müəssisələrində bakalvriat və magistratura səviyyələri üzrə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), mülkiyyət formasından asılı olmayaraq, xarici və ya yerli hüquqi və fiziki şəxslərin, habelə fiziki şəxslərin ianələri hesabına bu Qaydalarla məyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə əsasən,Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi məzun olduqdan sonra ölkəyə qayıdaraq 5 (beş) il müddətinə əmək fəaliyyəti ilə məşğul olmaq şərtilə həyata keçirilir. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, proqram iştirakçısı və təhsili başa çatdıqdan sonra proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi arasında bağlanılan müqavilə (bundan sonra - müqavilə) əsasında həyata keçirilir. Müqavilənin forması Nazirlik tərəfindən müəyyən edilir. Bu Qaydaların 1.5ci yarımbəndinə görə, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Nazirliyin nəzdində X1 Qrupu tərəfindən idarə olunur. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalvriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdeh arasında 8 avqust 2022-ci il tarixli, 161 saylı müqavilə bağlanılmışdır. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalvriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş cavabdeh elm və təhsil nazirinin xx.xx.2022-cü il tarixli, F-473 nömrəli əmrinə əsasən xaricdə bakalavr təhsilin maliyyələşdirlməsi imkanını əldə etmişdir. Müqavilə şərtinə uyğun olaraq, cavabdeh sentyabr 2022-ci il tarixdən-sentyabr 2025-ci il tarixə kimi Belçika Krallığının “KU Leuven” ali təhsil müəssisəsində “Mühəndislik texnalogiyası” bakalavr təhsil səviyyəsi üzrə təhsil almalı və Nazirlik isə bu təhsili maliyyələşdirməli idi. Cavabdehin müqavilə şərtlərinə uyğun olaraq maliyyələşməsinə baxmayaraq, ixtisas istiqamətini dəyişərək öz öhdəliklərini pozmuşdur. Müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması nəzərə alınaraq, Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-29/3-2-201 F/2024 nömrəli əmrlə Əhməd X4 Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından xaric edilmişdir. Tərəflər arasında bağlanmış Müqavilənin 3.2.2-ci yarımbəndində qeyd edilir ki, Proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını ondan tələb etmək Nazirliyin hüququdur. Müqavilənin 6.2-ci yarımbəndində nəzərdə tutulmuşdur ki, proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır. Lakin, cavabdeh bu günə qədər həmin vəsaitin geri qaytarılması ilə bağlı heç bir hərəkət etməmişdir. Tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə cavabdehə xx.xx.2024-cü il tarixli, 3-29-64/2-154/2024 saylı məktubla rəsmi qaydada müraciət edilərək onun təhsilinin təşkili ilə bağlı ödənilmiş 22.157,32 avro və 9 manat pul vəsaitinin geri qaytarlması tələb edilmişdir. Lakin cavabdeh tərəfindən məktubun alınmasına baxmayaraq, o ödənişdən yayınmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarında olan, Azərbaycan Respublikasının Elm Təhsil Nazirliyi və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalavriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 161 nömrəli müqavilədən görünür ki, müqavilə üzrə birinci tərəf Azərbaycan Respublikasının elm və təhsil naziri X2 şəxsində təmsil olunan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və digər tərəf “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Belçika Krallığının “KU Leuven” ali təhsil müəssisəsində bakalavr təhsil səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdehdur, müqavilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 01 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası”nın (bundan sonra - Maliyyələşdirilmə Qaydası) 1.4-cü bəndinə uyğun olaraq bağlanılır və Proqram iştirakçısının Belçika Krallığının "KU Leuven" ali təhsil müəssisəsində "Mühəndislik texnologiyası" ixtisası üzrə sentyabr 2022-ci ildən sentyabr 2025-ci ilə kimi Bakalavr təhsil səviyyəsi üzrə 3 il müddətinə təhsilinin maliyyələşdirilməsinə dair tərəflərin öhdəliklərini müəyyən edir. İş materiallarında olan, xx.xx.2020-ci il tarixli 06 nömrəli təqaüd kartları üzrə hesabların açılması və təqaüd kartlarından istifadə haqqında müqaviləyə 2 nömrəli əlavəyə aid edilmiş, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında Ali Təhsil Sisteminin Beynəlxalq Rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”-nın idarəetmə qrupu tərəfindən vəsait alanların plastik kartlarına vəsaitlərin "xxxx" ASC-nin Mərkəzi filialı tərəfindən mədaxil edilməsi barədə 19 nömrəli reyestrdən görünür ki, 2022-ci ilin dekabr ayında Cavabdeh hesabına 4116 avro məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan, Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilən xx.xx.2022ci il tarixli xaricə köçürməyə dair ərizədən görünür ki, 2022/2023-cü il üçün Azərbaycandan Cavabdeh təhsil haqqına görə 6600 avro məbləğində pul vəsaiti “2019-2023-cü illər üzrə Dövlət Proqramı”nın xəzinardarlıq orqanı tərəfindən “KU LEUVEN” –nin hesabına ödənilmişdir. İş materiallarında olan, xx.xx.2020-ci il tarixli 06 nömrəli təqaüd kartları üzrə hesabların açılması və təqaüd kartlarından istifadə haqqında müqaviləyə 2 nömrəli əlavəyə aid edilmiş, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında Ali Təhsil Sisteminin Beynəlxalq Rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”-nın idarəetmə qrupu tərəfindən vəsait alanların plastik kartlarına vəsaitlərin "xxxx" ASC-nin Mərkəzi filialı tərəfindən mədaxil edilməsi barədə 3 nömrəli reyestrdən görünür ki, 2023-cü ilin fevral ayında Cavabdeh hesabına 11440 avro məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan, əmrdə dəyişiklik edilməsi barədə Emin Əmrullayev tərəfindən verilmiş əmrdən görünür ki, Azərbaycan Respublikasının elm və təhsil nazirinin xx.xx.2022-ci il tarixli F-473 nömrəli əmri ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyəsi üzrə təhsil alacaq proqram iştirakçılarının siyahısı”nda 1-ci, 41-ci, 52-ci, 55-ci, 75-ci, 106-cı və 197-ci hissələr ləğv edilməsi, X3 Qrupu (T. Topalova), Hüquq şöbəsi (S. Mahmudov), Beynəlxalq əməkdaşlıq şöbəsi (S.Feyzullayeva) və Maliyyə şöbəsi (R. Orucov) İ.Abaszadə, Cavabdeh, Ə.Əliyev, K.Əliyev, Z.Hacıyeva, L.Lətifova, H.Səfərli və Elm və Təhsil Nazirliyi arasında bağlanmış ikitərəfli müvafiq müqavilənin 6.2-ci maddəsinə uyğun olaraq onların təhsillərinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlər görülməsi qərara alınmışdır. İş materiallarında olan, əsas fəaliyyət əmrləri- qeydiyyat vərəqəsindən görünür ki, Emin Əmrullayev tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli “2022-2026 Dövlət Proqramın” –dan imtinaya dair əmr xx.xx.2024-cü il tarixdə icraya yönəldilib, xx.xx.2024-cü il tarixə qədər icra müddəti qeyd olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi “2019- 2023-cü illər üçün Azərbaycan Respublikasında Ali Təhsil Sisteminin Beynəlxalq Rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”-nın idarəetmə qrupu tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-29-64/2-154/2024 saylı məktubdan görünür ki, elm və təhsil nazirinin xx.xx.2024-cü il tarixli, 3-29/3-2-201F/2024 nömrəli əmrinə əsasən bakalavr təhsilinin maliyyələşdirilməsi məqsədi ilə ödənilmiş aylıq yaşayış xərci üçün 15556 avro, təhsil xərci 6600 avro, bank xidməti 1,32 avro və plastik karta görə 9 manat olmaqla ümumilikdə 22157,32 avro və 9 manat pul vəsaitinin geri qaytarılması tələb edilmişdir. İş materiallarında olan, mail ünvanına göndərilmiş məktubdan görünür ki, ikitərəfli müqaviləyə əsasən təhsil müddəti 2022-ci ilin sentyabr ayından 2025-ci il sentyabr ayınadək olan dövrü əhatə edir, 3.3.12-ci yarımbəndinə əsasən təhsil aldığı ixtisas istiqamətini dəyişdirdiyinə görə Nazirlik tərəfindən təhsilinə çəkilən xərclər 2 aydan gec olmayaraq qaytarılması tələb olunur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.2-ci maddəsinə əsasən, tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 01 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası”nın 1.4cü bəndinə uyğun olaraq bağlanılmış və Proqram iştirakçısının Belçika Krallığının "KU Leuven" ali təhsil müəssisəsində "Mühəndislik texnologiyası" ixtisası üzrə sentyabr 2022-ci ildən sentyabr 2025-ci ilə kimi Bakalavr təhsil səviyyəsi üzrə 3 il müddətinə təhsilinin maliyyələşdirilməsinə dair müqavilə bağlamışlar. İş materiallarına əlavə olunmuş reyestr çıxarışlardan da göründüyü kimi, Cavabdeh aylıq yaşayış xərci üçün 15556 avro, təhsil xərci 6600 avro ödənilmişdir. Əmrdə dəyişiklik edilməsi barədə Emin Əmrullayev tərəfindən verilmiş əmrdən görünür ki, Azərbaycan Respublikasının elm və təhsil nazirinin xx.xx.2022-ci il tarixli F-473 nömrəli əmri ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyəsi üzrə təhsil alacaq proqram iştirakçılarının siyahısı”nda 1-ci, 41-ci, 52-ci, 55-ci, 75-ci, 106-cı və 197-ci hissələr ləğv edilməsi, X3 Qrupu (T. Topalova), Hüquq şöbəsi (S. Mahmudov), Beynəlxalq əməkdaşlıq şöbəsi (S.Feyzullayeva) və Maliyyə şöbəsi (R. Orucov) Cavabdeh və Elm və Təhsil Nazirliyi arasında bağlanmış ikitərəfli müvafiq müqavilənin 6.2-ci maddəsinə uyğun olaraq onların təhsillərinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlər görülməsi qərara alınmışdır. Belə ki, Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin şərtlərini pozaraq, 3.3.12-ci yarımbəndinə əsasən təhsil aldığı ixtisas istiqamətini dəyişdirdiyinə görə Nazirlik tərəfindən aralarında bağlanmış müqaviləyə xitam verilmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilərək, Cavabdeh 22.157,32 avro və 9 manat Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə tutulmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun Qərarının 10-cu bəndinə qeyd edilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 22.157,32 (iyirmi iki min yüz əlli yeddi avro, otuz iki sent) avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 9 (doqquz) manat tutularaq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-7299/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7299/2024
11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver