Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7359/2024 25.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı MTK-nin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı MTK-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CY2 2302 nömrəli mənzil üzrə Cavabdeh 3720,07 AZN (üç min yeddi yüz iyirmi manat, 7 qəpik) borcun və iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 57,21 AZN dövlət rüsumunun tutularaq İddiaçı MTK-ya ödənilməsinə dair Qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və Nobel pr. ilə Xəzər dənizi arasında yerləşən ərazidə ünvan 1 ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən Kortyard 2 saylı binanın3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 94,6 kv.m. olan 2302 saylı mənzilin alqı-satqısına dair xx.xx.2021-ci il tarixli, CY23-037/21 saylı müqavilə imzalanmışdır, eyni zamanda cavabdeh ilə iddiaçı arasında 2302 saylı mənzilə dair xx.xx.2023-cü il tarixli CY2-037/21 saylı çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında müqavilə imzalanmışdır, iddiaçı qeyd olunan mənzili cavabdehə xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə təhvil vermişdir. Eləcə də cavabdehlə iddiaçının nümayəndəsi arasında həmin tarixdə “Sakin Təlimatı” imzalanmış, cavabdehə mənzildə təmir işləri, binada davranış qaydaları ilə bağlı təlimat kitabçası təqdim edilmişdir, iddiaçı cavabdehi xidmət haqlarının ödənilməsi barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etmişdir. Bunlara baxmayaraq, cavabdeh məktublara məhəl qoymamış və cavabdeh indiyə qədər xidmət haqqının ödənilməsindən yayınmaqdadır. 2024-cü ilin avqust ayı da daxil olmaqla, cavabdehin 2302 saylı mənzilə görə xidmət haqqı üzrə əsas borcu 2910,60 AZN təşkil edir. Mənzilə üzrə xidmət haqqı borcunun gecikdirilməsinə görə xx.xx.2024-cü il tarixinə hesablanmış ümumi dəbbə pulu 809,47 AZN təşkil etməklə, toplam borc 3720,07 AZN təşkil edir. Mənzilin təhvil-təslim aktının 2023-cü ilin 26 fevral tarixində imzalanmasını nəzərə alaraq, xidmət haqqı 2023-cü ilin mart ayından etibarən hesablanmağa başlanmışdır. Göründüyü kimi İddiaçı üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və icra etməkdə davam edir. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı xidmət haqqının ödənilməsi üçün əlindən gələn bütün tədbirləri görmüş, lakin cavabdeh qəsdən müqavilə üzrə xidmət haqqının ödənişindən yayınmaqdadır. xx.xx.2021-ci il tarixli, CY23-037/21 saylı alqı-satqı müqaviləsinin 5.2.8-ci yarımbəndinə əsasən, Müştəri (yəni cavabdeh) Əsaslı tamamlanma tarixindən başlayaraq Şirkət (yəni iddiaçı) tərəfindən göstərilən texniki, xidmət, idarəetmə, təhlükəsizlik, inzibati və digər xidmətlərlə (“Xidmətlər”) bağlı xidmət haqqlarının bu sənədə qoşulmuş Əlavə №4-də nəzərdə tutulduğu kimi aylıq əsasda Şirkətə ödənilməsinə görə məsuliyyət daşıyır. Həmin Alqı-satqı müqaviləsinin 5.2.12-ci yarımbəndinə əsasən, Müştəri Əlavə 4-də qeyd olunan Xidmətlərə görə Xidmət haqqını vaxtında və tam ödəməlidir. Həmin Alqı-satqı müqaviləsinə Əlavə №4-ün 1-ci bəndində iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlər göstərilir. Həmin Əlavə №4-ün 3-cü bəndinə görə, Müştəri göstərilən Xidmətlərin müqabilində Şirkətə Əmlakın ümumi tikinti sahəsinin hər kvadrat metri üçün hər ay 1.50 AZN məbləğində Xidmət haqqını Əsaslı Tamamlanma tarixindən etibarən ödəməyi öhdəsinə götürür. Həmin Əlavə №4-ün 4-cü bəndinə görə, Müştəri bu Müqavilədə istinad olunan Xidmət haqlarını və digər haqları aylıq olaraq hər ayın 5 (beş) iş günü ərzində Şirkətə ödəməlidir. Tərəflər arasında imzalanmış çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli CY23-037/21 saylı Xidmət müqaviləsinin 2.3.1-cü yarımbəndinə əsasən, Sifarişçi (yəni cavabdeh) müqavilə şərtlərinə uyğun olaraq göstərilmiş Xidmətləri İdarə edəndən (yəni iddiaçı) təhvil almaq və Xidmət haqqını bu müqavilə və onun müvafiq əlavələri ilə müəyyən olunmuş şərtlərlə vaxtlıvaxtında ödəmək öhdəliyi daşıyır. Həmin Xidmət müqaviləsinin 5.3-cü bəndinə görə, ödəniş Sifarişçi tərəfindən gecikdirildikdə, İdarə edənhər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% həcmində cərimə tətbiq etmək hüququna malikdir. Həmin Xidmət müqaviləsinin 5.4-cü bəndinə görə, Sifarişçi müqavilə üzrə müəyyən olunmuş müddətdə ödənişləri yerinə yetirmədikdə, İcraçıya (əslində İdarə edən nəzərdə tutulub) hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% həcmində dəbbə pulu ödəyəcək. Həmin Xidmət müqaviləsinin 9-cu bəndinə görə, bu müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir. Tərəflər arasında yaranmış mübahisələr bu qaydada həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaq. Həmin Xidmət müqaviləsinə Əlavə №1-in 2-ci bəndində sifarişçiyə (cavabdehə) göstərilən xidmətlər ətraflı sadalanır. Həmin Əlavə №1-in 3-cü bəndinə görə, sifarişçi (cavabdeh) Binadakı ona məxsus mənzil və qeyri-yaşayış sahəsinin (“Obyekt”) hər kvadrat metri üçün İcraçıya ƏDV daxil 1.50 AZN (Bir Azərbaycan manatı əlli qəpik) aylıq Xidmət haqqı ödəməyi öhdəsinə götürür. Sonda iddiaçının nümayəndəsi Vəkil2 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil2 yazılı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını xahiş etdi. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı MTK ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə CY2-037/21 saylı çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında “Xidmət müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı cavabdehə xidmətlər göstərməyi, cavabdeh isə müəyyən edilmiş ödənişləri ödəməyi öhdəsinə götürmüşdür, iddiaçı müqavilə üzrə ximətlər göstərsə də, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, hazırda cavabdehin müqavilə 3720,07 manat ödənilməmiş öhdəliyi vardır, iddiaçı tərəfindən borcun olması barədə cavabdehə xəbərdarlıq edilmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 122.1.1-ci maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq hüququ vardır. Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mənzil Məcəlləsinin 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. Özəl fonda aid çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmət şərtlərinin keyfiyyətcə yaxşılaşdırılmasında və xidmət xərclərinin müəyyən edilməsində azaddırlar. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. ...Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il Qərarı) İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 22 sentyabr 2020-ci il Qərarı). Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. ...Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Digər tərəfdən, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, hətta çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı təbii inhisarda olan malların təminatı ilə (qaz, elektrik, su və s.) bağlı kommunal xidmətlərin satış qiymətini müəyyən etmək səlahiyyətində deyildirlər. Qeyd edilən mallar “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.4-cü maddəsinə əsasən, yalnız müvafiq icra hakimiyyəti orqanı (Tarif Şurası) tərəfindən müəyyən edilə bilər. Bu səlahiyyət Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 saylı Fərmanı ilə təsdiq olunan Tarif Şurası haqqında Əsasnamədə öz əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 saylı qərarı ilə "Qiymətləri dövlət tərəfindən təsdiq olunan malların, işlərin, xidmətlərin Siyahısı" təsdiq olunmuşdur. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyekti təbii inhisar subyektidir. Həmin Qanunun 11.1.4-cü maddəsində isə Tarif Şurası tərəfindən müəyyənləşdirilən qiymətləri (tarifləri) dəyişdirən subyektlərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Beləliklə, dövlət inhisarında olan mallarla bağlı göstərilən kommunal xidmətlərin qiyməti yalnız dövlət tərəfindən müəyyən edilir və göstərilən bu cür kommunal xidmətlərin həcmi müvafiq sayğacla hesablanır. Bu cür kommunal xidmətlər çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan sahələrinə göstərildikdə (dəhlizin işıqlandırılması və s.), bununla bağlı kommunal ödənişlər həmin ümumi sahənin istifadəçiləri (çoxmənzilli binada mənzillərin mülkiyyətçiləri) tərəfindən həyata keçirilir. Həmin kommunal xidmətlərə görə ödənişlər binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətdəki paylarına mütənasib olaraq ödənilir (Mənzil Məcəlləsinin 36.1, 38.2, 140.1-ci maddələri) (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 dekabr 2015-ci il Qərarı). Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 sentyabr 2020-ci il Qərarı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il tarixli CY2-037/21 saylı çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında müqaviləsi üzrə cavabdehdən 3720,07 manat Cavabdeh alınaraq İddiaçı MTK-a ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, dövlət rüsumu qismində ödənilmiş 57,21 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3720 (üç min yeddi yüz iyirmi) manat 07 (yeddi) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 57 (əlli yeddi) manat 21 (iyirmi bir) qəpik alınaraq İddiaçı MTK-a ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-7359/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-7359/2024
25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver