Məhkəmə qərarları › İş №e-2(011)-7530/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7530/2024

17.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7530/2024 17.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış (əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır) və cavabdeh satıcı vəzifəsinə işə qəbul edilmişdir. Eyni zamanda, tərəflər arasında xx.xx.2024-cü il tarixdə “Tam maddi məsuliyyət barədə nümunəvi fərdi müqavilə” bağlanmışdır. Cavabdehin satıcı kimi icra etdiyi əsas əmək funksiyası iddiaçıdan alınmış uduş lotereya biletlərinin satışını həyata keçirmək və satılmış lotereya biletlərinin pulunu iddiaçıya qaytarmaqdan ibarət olmuşdur.

2. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, 000179 saylı Malların təhvil-təslim aktı ilə 1 ədədinin dəyəri 1 manat olmaqla, cəmi 487 manat dəyərində 487 ədəd “Qızıl”, 1 ədədinin dəyəri 1 manat olmaqla, cəmi 351 manat dəyərində 351 ədəd “Tap qazan”, 1 ədədinin dəyəri 2 manat olmaqla, cəmi 156 manat dəyərində 78 ədəd “Uğurlu 7”, 1 ədədinin dəyəri 2 manat olmaqla, cəmi 164 manat dəyərində 82 ədəd “Bombardir”, 1 ədədinin dəyəri 3 manat olmaqla, cəmi 237 manat dəyərində 79 ədəd “Qızıl ekstra”, 1 ədədinin dəyəri 3 manat olmaqla, cəmi 486 manat dəyərində 162 ədəd “Papaqat” və 1 ədədinin dəyəri 5 manat olmaqla, cəmi 220 manat dəyərində 56 ədəd “5x” (ümumi dəyəri 2161 manat), habelə xx.xx.2024-cü il tarixli, 000180 saylı Malların təhviltəslim aktı ilə 1 ədədinin dəyəri 5 manat olmaqla, cəmi 315 manat dəyərində 63 ədəd “Zümrüd”, 1 ədədinin dəyəri 5 manat olmaqla, cəmi 280 manat dəyərində 56 ədəd “Göz muncuğu”, 1 ədədinin dəyəri 5 manat olmaqla, cəmi 305 manat dəyərində 61 ədəd “Dan ulduzu”, 1 ədədinin dəyəri 10 manat olmaqla, cəmi 340 manat dəyərində 34 ədəd “10x” və 1 ədədinin dəyəri 10 manat olmaqla, cəmi 300 manat dəyərində 30 ədəd “Şans yağışı” (ümumi dəyəri 1540 manat) lotereya biletləri təhvil verilmişdir.

3. Həmçinin, xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi Aslan Əmrullayev və cavabdeh arasında “Üzləşmə aktı” tərtib edilmiş, həmin akta əsasən cavabdehə təhvil verilmiş malların sayımı nəticəsində 1295 manat çatışmazlığın aşkar edilməsi, malların dəyərinin 3601 manat, sayım nəticəsində mal qalığının isə 2306 manat olması qeyd edilmişdir. Akt cavabdeh tərəfindən də imzalanmışdır.

4. Cavabdehlə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən xitam verilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

5. İddia ərizəsinin dəlilləri:

6. İddiaçı 691 manat əsas borc, 60 manat ilkin mediasiya xərcinin və 300 manat hüquqi xidmət xərcinin, cəmi 1051 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli müddətsiz əmək müqaviləsi bağlanmışdır. Müqavilədə cavabdehin əsas iş yeri İddiaçı QSC, vəzifə olaraq isə satıcı qismində fəaliyyət göstərəcəyi qeyd edilmişdir. Cavabdeh İddiaçı QSC-nin satış şöbəsində çalışdığı zaman ona, 3701 manat pul məbləği dəyərində lotoreya biletləri təhvil verilmişdir. Təhvildən bir müddət sonra cavabdeh tərəfindən ona təhvil verilmiş biletlərin bir qisminin mənimsənildiyi müəyyən olunmuşdur. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən cavabdehə təhvil verilən biletlərin sayımı zamanı, cavabdehin hesabında 1295 manat çatışmazlıq aşkar edilmişdir. Bununla da işçi əmək funksiyasını yerinə yetirən zaman qanun pozuntusuna yol vermiş, iddiaçıya 295 manat dəyərində maddiziyan vurmuşdur. Maddi ziyandan ümumilikdə 604 manat ödənilmişdir

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.

10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

11. Maddə 191.1 Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

12. Maddə 194.1 Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

13. Maddə 194.2 Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

14. Maddə 199 İşçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.

15. Maddə 202.1 İşəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

İşə baxan məhkəmənin mövqeyi:

21. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

22. İşin faktiki hallarına əsasən iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-ci il tarixdə müddətli, xx.xx.2025-ci il tarixədək əmək müqaviləsi bağlanmış və cavabdeh satıcı- vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2.a) bəndinə əsasən xitam verilmişdir.

23. xx.xx.2024-cü il tarixli “Üzləşmə aktı”na əsasən cavabdehin iddiaçıya 1295 manat məbləğində zərər vurması müəyyən edilmiş, cavabdeh dəymiş zərərlə razılaşaraq bu barədə tərtib edilmiş aktı öz imzası ilə təsdiq etmişdir.

24. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək və tam maddi məsuliyyət barədə müqavilə ilə cavabdeh öz üzərinə əmək funksiyasından irəli gələn öhdəliklər götürmüş, lakin həm əmək müqaviləsinin, həm də tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini pozmuş, iddiaçıya 1295 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh “Üzləşmə aktı”na imza etməklə iddiaçıya vurduğu ziyanı etiraf etmiş, hətta vurduğu maddi zərərdən müəyyən məbləğdə ödəniş etmişdir. Odur ki, iddiaçı ödənilməmiş qalan 691 manat pul vəsaitini tələb etməkdə haqlıdır.

25. Məhkəmə yuxarıda sadalanan normalara hüquqi qiymət verərək belə hesab edir ki, cavabdehdən 691 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

26. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi mediasiya xərci də cavabdehdən onun xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı cavabdehin ona vurduğu ziyanı ödəməsi üçün müdiasiyaya müraciət edib və bununla bağlı pul vəsaiti ödəyib. Məhkəmə qeyd edir ki, həmin xərc iddiaçının pozulmuş hüququnun bərpası məqsədilə çəkdiyi xərcdir və cavabdehən tərəfindən ona ödənilməlidir.

27. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi vəkil bürosunun hesabına, ümumilikdə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin tutulması hissəsində də əsaslıdır.

28. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "xxxx" ASC tərəfindən verilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı “Sirius” Vəkil Bürosuna 300 manat məbləğində hüquqi xidmət xərci ödəmişdir.

29. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı QSC-nin əmlakına vurulmuş ziyana görə ödənilməmiş 691 manat məbləğində pul vəsaiti, 300 manat məbləğində hüquqi xidmət xərci və 60 manat məbləğində mediasiya xərci Cavabdeh alınaraq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar