Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7599/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçınə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1.108,80 manat pulun və 31.09 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1.139,89 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 115690 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00044 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Cavabdehin ödənilməmiş 2021-ci ilin avqust ayı üzrə qalıq 49 manat sərfiyyat borcu, 2021-ci ilin sentyabr-dekabr ayları üzrə 379.75 manat sərfiyyat borcu, 2022-ci ilin yanvardekabr ayları üzrə 651.84 manat sərfiyyat borcu və limitdən əlavə 12.91 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 613.83 manat sərfiyyat borcu və limitdən əlavə 52.42 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-avqust ayları üzrə 326.12 manat sərfiyyat borcu və limitdən əlavə 22.48 manat sərfiyyat borcu, cəmi 2.108,35 manat sərfiyyat borcu qalmışdır. 2021-ci ilin sentyabr ayından 2024-cü ilin avqust ayına qədər cavabdeh 999.55 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda abonentin saldosu üzrə ümumi 1.108,80 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, hər ay istifadə etdiyi qazın dəyərini ödəmiş, heç bir borcu olmamışdır. Hazırda heç bir akt olmadan əsassız olaraq ondan pul tələb edilir. İşin faktiki halları: Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvan 2 ünvanında quraşdırılmış və **********00044 abonent kodu verilmiş sayğac cavabdehin adına rəsmiləşdirilmişdir. Həmin evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. Cavabdehə məxsus abonent saldosundan görünür ki, onun 2024-cü ilin avqust ayına olan borcu ümumilikdə 1.108,80 manat təşkil edir. İddiaçı hazırda 1.108,80 manat borcun cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya etiraz mövqeyində olmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi borc məbləğinin hansı əsaslarla, yəni cavabdehin hansı təqsirli hərəkəti nəticəsində ondan tələb edilməsinə dair iddiaçı tərəfindən iş materiallarına kifayət qədər sübutlar əlavə edilmədiyindən, məhkəmə isə öz növbəsində borcun yaranmasına əsas olan pozuntuların nədən ibarət olduğunu müəyyən edə bilmədiyindən, iddianın rədd edilməsini ağlabatan hesab edir. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi cavabdeh deyil, İddiaçı İB özü daşıyır. Məhkəmə araşdırması zamanı sayğacın yararsız hala düşməsində cavabdehin təqsiri müəyyən edilməmişdir. Habelə, zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi iddiaçı tərəfindən həyata keçirilməli olan tədbirlərdir. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, cavabdehin yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda küçədə yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, cavabdehin yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni İddiaçı İB-nin üzərinə düşür. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 31.09 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 31.09 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı - Cavabdeh İddiaçınə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1.108,80 manat pulun və 31.09 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1.139,89 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 31.09 (otuz bir manat doqquz qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-7599/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7599/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver