Məhkəmə qərarları › İş №e-2(011)-7600/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7600/2025

07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7600/2025 07.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “pul” tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı MTK Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CY6 8402 nömrəli mənzil üzrə 2209,20 manat xidmət haqqı və 461,25 manat dəbbu pulu olmaqla cəmi 2670,45 manat borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 46,71 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MTK-nın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK və Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, 8 Noyabr prospekti və X. Rüstəmov küçələrinin əhatə etdiyi məhəllələrdə və 8 Noyabr prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə (sahə 6 - ƏTPM-nin cizgisi üzrə) Bakı şəhəri, Xətai rayonu, "Ağ Şəhər", 8 Noyabr prospekti "151" (ünvan arayışı) (kortyard 6) ünvanındakı "K Residence Baku" yaşayış kompleksində yerləşən, “CY6” saylı binanın 4-cü mərtbəsində yerləşən, ümumi sahəsi 105.2 kv.m. olan 8402 saylı mənzilin alqı-satqısına dair xx.xx.2024-cü il tarixli, CY6- 346/24 saylı müqavilə imzalanmışdır. Eyni zamanda cavabdeh ilə iddiaçı arasında yuxarıda adı çəkilən mənzilə dair çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli CY6-346/24 saylı müqavilə imzalanmışdır. İddiaçı qeyd olunan mənzili cavabdehə xx.xx.2024-cü il tarixində təhvil vermişdir. Odur ki, mənzil üzrə xidmət haqqı 2024-cü ilin may ayından etibarən hesablanmağa başlanmışdır. Hazırda bu mənzilə görə cavabdehin 2024-cü ilin iyun ayından başlayaraq, 2025-ci ilin sentyabr ayı da daxil olmaqla olan dövr üçün ödənilməmiş borcu yaranmışdır. Cavabdehin 8402 saylı mənzil üzrə əlavələrdəki cədvəldə göstərildiyi kimi 2025-ci ilin sentyabr ayı da daxil olmaqla, xidmət haqqı üzrə ümumi əsas borcu 2209,20 manat, gecikməyə görə xx.xx.2025-ci il tarixinə hesablanmış ümumi dəbbə pulu 461.25 manat təşkil edir. İddiaçı cavabdehi xidmət haqlarının ödənilməsi barədə dəfələrlə xəbərdarlıq etmişdir. Belə ki, cavabdehə borc barədə 2 dəfə ayrı-ayrılıqda xx.xx.2025 və xx.xx.2025-cü il tarixli yazılı bildirişlər göndərilmiş, habelə şifahi şəkildə də xəbərdarlıqlar edilmişdir. Bunlara baxmayaraq, cavabdeh bildirişlərə məhəl qoymamış və indiyə qədər xidmət haqqının bir hissəsinin ödənilməsindən yayınmaqdadır. Göründüyü kimi iddiaçı üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və icra etməkdə davam edir, lakin cavabdeh müqavilələr üzrə xidmət haqqının ödənişindən yayınmaqdadır. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumat göndərilsə də, o, əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Sübutların tədqiqi: İş materiallarında olan İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CY6-346/24 saylı müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, "Ağ Şəhər", 8 Noyabr prospekti "151" ünvanındakı "K Residence Baku" yaşayış kompleksində yerləşən, “CY6” saylı binanın 4-cü mərtbəsində yerləşən, ümumi sahəsi 105,2 m2 olan 8402 saylı mənzil (bundan sonra – Mənzil) Cavabdeh satılmışdır. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, mənzil İddiaçı MTK tərəfindən xx.xx.2025-ci il tarixində Cavabdeh təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında CY6-346/24 saylı müqavilədən görünür ki, İddiaçı MTK öz üzərinə xidmətlərin göstərilməsi ilə bağlı, MTK-dan mənzil almış və həmin xidmətlərdən istifadə edən mənzil sahibləri isə göstərilmiş xidmətlərin dəyərini ödəməklə bağlı öhdəlik götürmüşlər. xx.xx.2024-cü il tarixli müqavilənin 1 nömrəli Əlavəsindən görünür ki, müqaviləyə əlavənin 3-cü bəndinə əsasən mənzillərin hər kv.metri üçün xidmət haqqı hər ay 1,5 manat olaraq müəyyən edilmişdir. Ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği 6443,50 manat təşkil edir. İddiaçı MTK tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli bildirişlərdən və SMS-lərdən görünür ki, Cavabdeh MTK-ya olan borc məbləğini ödəmək təklif olunmuş, əks təqdirdə qanunvericiliyə əsasən tərəflərindən lazımi tədbir görüləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli borc cədvəlindən görünür ki, cavabdehin xidmət haqqına görə İddiaçı MTK-ya 2209,20 manat əsas, 461,25 manat cərimə borcu vardır. Xidmət haqqına görə mənzil təhvil verilən vaxtdan iki ay ödəniş olunmuşdur. İşin müəyyən edilən halları: İddiaçı MTK ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində bağlanmış CY6- 346/24 nömrəli müqaviləyə əsasən şirkət Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 151 ünvanındakı “K Residence Baku” yaşayış kompleksində, “CY6” saylı binanın 4-cü mərtbəsində yerləşən, ümumi sahəsi 105,2 m2 olan 8402 saylı mənzil Cavabdeh satılmışdır. İddiaçı MTK ilə Cavabdeh arasında yaşayış komplekində çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli, CY6-346/24 nömrəli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən icraçı qanunvericiliklə müəyyən olunmuş əsaslarda cavabdehin istifadəsində olan yaşayış sahəsinin yerləşdiyi “K Residence Baku” yaşayış kompleksində kommunal xidmətləri göstərməyi, cavabdeh isə bu xidmətlərin müqabilində ona məxsus yaşayış sahəsinin hər kvadrat metri üçün üçün 1,50 manat aylıq xidmət haqqının ödənilməsini təmin etməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməyərək, müqavilə şərtlərini pozmuş, müqaviləyə əsasən hər ay ödənilməli olan pul vəsaitini vaxtında ödəməmişdir. Hazırda Cavabdeh əsas borcu 2209,20 manat, gecikdirməyə görə cərimə borcu 461,25 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqaviləilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxilolan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: Maddə 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; Maddə 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Maddə 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 151 ünvanındakı “K Residence Baku” yaşayış kompleksində 8402 saylı Kortyard 6 Binasının 4-cü mərtəbəsində yerləşən mənzilin sahibi Cavabdeh yaşayış binasının ümumi əmlakının saxlanması yükünü daşıyır və o, yaşayı sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməli olduğu halda, bu xidmətləri həyata keçirən İddiaçı MTK-ya bununla bağlı hər hansı ödəniş etməmiş və onun binada göstərilən xidmət haqqına görə 2209,20 manat manat məbləğində borcu yaranmışdır. Odur ki, iddia cavabdehdən göstərilən xidmətlərə görə əsas borcun tutulması hissədində əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iddiaya hesablanmış 461,25 manat cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla iddia ərizəsində tələb olunan yüksək cərimə pulu ağlabatan həddə azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Lakin, Cavabdeh tutulmalı olan dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 43,09 manat məbləğində müəyyən edilməli, qalan dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə görə 2209,20 manat əsas borc, 100 manat cərimə borcu, 43,09 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2352,29 (iki min üç yüz əlli iki manat iyirmi doqquz qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MTK-ya ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar