Məhkəmə qərarları › İş №e-2(011)-7752/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7752/2025

11.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7752/2025 11.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X2, cavabdehlər Cavabdeh2, Cavabdeh3ın (eyni zamanda cavabdehlər Cavabdeh1 nümayəndəsi) və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3a qarşı, "xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3a qarşı, "xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Tapdıq oğlunun, Cavabdeh1 və Cavabdeh3ın onlarla birlikdə yaşayan ailə üzvləri ilə ünvan 1 ünvanında inşa edilmiş 1 saylı binanın 4-cü blokunun 8-ci mərtəbəsində yerləşən 62 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MTK ilə 141/40 saylı xx.xx.2025-ci il tarixli müqavilə bağlayaraq ünvan 1 ünvanda inşa edilmiş 1 saylı binanın 8ci mərtəbəsində yerləşən 62 saylı mənzili satın almışdır. Lakin cavabdehlər onlarla birkildə yaşayan ailə üzvləri ilə həmin mənzili zəbt ediblər. Dəfələrlə müraciət etsə də cavabdehlər zəbt etdikləri yaşayış sahəsini boşaldıb təhvil vermirlər. Bununla bağlı "xxxx" MTK-nın rəhbərliyi 34-cü polis bölməsinə müraciət etsə də, heç bir nəticə olmayıb. Bu səbəbdən iddiaçı ona məxsus həmin daşınmaz əmlakdan istifadə hüququndan məhrum olmuşdur. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 (eyni zamanda cavabdehlər Cavabdeh1 nümayəndəsi) iddia tələbini qəbul etməyərək, izahatında mənzili 2022-ci ildə 180.000 manata aldığını, əvvəl tam şəkildə 100.000 manat ödədiyini, sonra iki dəfə 20.000 manat, daha sonra da dörd dəfə 10.000 manat ödəniş edib mənzilin pulunu tam ödədiyini bildirmişdir. Eyni zamanda, izahatında bildirmişdir ki, 2023-cü ildə "xxxx" MTK-nın direktoru Rauf İsmayılovdan 50.000 manat borc götürmüş və həmin borcun təminatı kimi bu mənzili girov qoymuşdur. Həmin 50.000 manat borcu da qaytarmışdır. Mənzili satmaqla bağlı razılıq ərizəsini verməmişdən əvvəl "xxxx" MTK-nın direktoru Rauf İsmayılova etibarnamə vermək istəmiş, lakin mənzilin çıxarışı olmadığı üçün etibarnamə verə bilməmiş, razılıq ərizəsini mənzili girov qoymaq məqsədilə vermişdir. Razılıq ərizəsini verərkən, notariusun dediyinə əsasən "xxxx" MTK-nın onun iştirakı olmadan mənzili sata bilməyəcəyini fikirləşmişdir. Hazırda "xxxx" MTK-ya qarşı razılıq ərizələrinin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmışdır. Bakı İstintaq Təcridxanasından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə gətirilmiş və məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında "xxxx" MTK-nın direktoru Rauf İsmayılovun oğluna borcu olduğunu, borca görə mənzili girov qoyduqlarını, borcu hissə-hissə qaytardığını, hazırda həbsdə olduğunu, həbs olunduqdan sonra borcu qaytara bilmədiyini bildirmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi X7, iddia ərizəsinin təmin olunmasını xahiş edərək, izahatında bildirmişdir ki, mübahisəli mənzili 2022-ci ildə Cavabdeh1 borc müqaviləsi ilə satmışdır. Daha sonra borcdan 50.000 manat qalmış, ödənişi edə bilməmişlər və 170.000 manata satdıqları mənzili cavadehlər yenidən 200.000 manata MTK-ya geri satmışlar. Cavabdeh2 ilə onun oğlu dost idilər. Oğlunun dostu gəldi dedi ki, cavabdehlərin yaşamağa yerləri yoxdur. Bu ilin sentyabr ayına qədər hər ay 700 manat kirayə pulu verməklə həmin mənzildə qaldılar. Lakin sentyabr ayından sonra nə ödəniş edirlər, nə də ki, mənzildən çıxırlar. O, həmçinin izahatında, qeyd etmişdir ki, sözügedən mənzil əvvəl oğlunun adına olmuş, sonra Cavabdeh1 satılmış, 2023-cü ildə yoldaşı Aidə İsmayılovanın mülkiyyətinə keçmiş, sonradan da iddiaçıya satılmışdır. Sübutların tədqiqi: İş materiallarında olan 27 iyun 2022-ci il tarixli 141/40 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 3-ci mərtəbəsində yerləşən 2 otaqlı 105,33 m2 sahədən ibarət 62 saylı mənzil "xxxx" MTK tərəfindən Cavabdeh1 170.000 manata satılmışdır. 27 iyun 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 3-ci mərtəbəsində yerləşən 2 otaqlı 105,33 m2 sahədən ibarət 62 saylı mənzili dəyəri "xxxx" MTK-nın payçısı Cavabdeh1 tərəfindən tam ödənilmişdir. 141/40 nömrəli öhdəçilik cədvəlindən görünür ki, ünvan 2 ünvanında inşa edilmiş 1 saylı binanın 8-ci mərtəbəsində yerləşən 2 otaqlı 105,33 m2 sahədən ibarət 62 saylı mənzilə görə Cavabdeh1 tərəfindən 90.000 manat ilkin, sonuncusu xx.xx.2022-ci il tarixində olmaqla hissə-hissə iki dəfə 20.000 manat, dörd dəfə 10.000 manat ödəniş etmişdir. 07 noyabr 2023-cü il tarixli **********486 nömrəli notarial qaydada verilmiş ərizədən görünür ki, Cavabdeh1 "xxxx" MTK-ya ərizə ünvanlayaraq ünvan 3-ci mərtəbəsində yerləşən 62 saylı mənzilin digər şəxsin adına rəsmiləşdirilməsinə (yenidən müqavilə bağlanmasına) etirazı olmadığını bildirmişdir. 07 noyabr 2023-cü il tarixli **********485 nömrəli notarial qaydada verilmiş ərizədən görünür ki, Cavabdeh3 "xxxx" MTK-ya ərizə ünvanlayaraq ünvan 3-ci mərtəbəsində yerləşən 62 saylı mənzilin digər şəxsin adına rəsmiləşdirilməsinə (yenidən müqavilə bağlanmasına) etirazı olmadığını bildirmişdir. 07 noyabr 2023-cü il tarixli 141/40 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 3-ci mərtəbəsində yerləşən 2 otaqlı 105,33 m2 sahədən ibarət 62 saylı mənzil "xxxx" MTK tərəfindən X1. 07 noyabr 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 3-ci mərtəbəsində yerləşən 2 otaqlı 105,33 m2 sahədən ibarət 62 saylı mənzili dəyəri "xxxx" MTK-nın payçısı X8 tərəfindən tam ödənilmişdir. 16 sentyabr 2025-ci il tarixli Mənzilin özgəninkiləşdirilməsi və payçılıqdan çıxma razılaşmasından görünür ki, payçı X8, alıcı İddiaçı və "xxxx" MTK arasında ünvan 3-ci mərtəbəsində yerləşən 2 otaqlı 105,33 m2 sahədən ibarət 62 saylı mənzilin İddiaçı adına rəsmiləşdirilməsi barədə razılığa gəlmişlər. 16 sentyabr 2025-ci il tarixli 141/40 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 3-ci mərtəbəsində yerləşən 2 otaqlı 105,33 m2 sahədən ibarət 62 saylı mənzil "xxxx" MTK tərəfindən İddiaçı satılmışdır. 16 sentyabr 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 3-ci mərtəbəsində yerləşən 2 otaqlı 105,33 m2 sahədən ibarət 62 saylı mənzili dəyəri "xxxx" MTK-nın payçısı İddiaçı tərəfindən tam ödənilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 2(005)-4702/2025 nömrəli sorğuya cavabdan görünür ki, Cavabdeh1 "xxxx" MTK-ya qarşı, onunla "xxxx" MTK arasında 50 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixində ünvan 3ci mərtəbəsinin 62 saylı mənzilinə dair bağlanmış əqdlərin (razılıq ərizələrinin) etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən edilən halları: "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 41 ünvanında yerləşən 1 saylı binanın 8-ci mərtəbəsində yerləşən 2 otaqlı 105,33 m2 sahədən ibarət 62 saylı mənzil 27 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 mülkiyyətinə keçmişdir. Cavabdeh1 və Cavabdeh3ın 07 noyabr 2023-cü il tarixli razılıq ərizələri əsasında "xxxx" MTK tərəfindən mənzil 07 noyabr 2023-cü il tarixdə X4 mülkiyyətinə verilmiş, daha sonra isə 16 sentyabr 2025-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmışdır. Hazırda sonuncu mülkiyyətçi mənzildə yaşayan cavabdehlərin həmin mənzildən çıxarılmasını tələb edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 29 İ və İİ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk olaraq mübahisə predmeti olan mənzilin hüquqi statusu ilə bağlı məsələni aydınlaşdırmaq məqsədilə qeyd edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. İş materiallarından göründüyü kimi İddiaçı 16 sentyabr 2025-ci il tarixli razılaşma ilə MTK-ya payçı kimi qəbul edilmiş və alqı-satqı müqaviləsi əsasında mənzilin dəyərini tam ödəyərək ünvan 3-ci mərtəbəsində yerləşən 2 otaqlı 105,33 m2 sahədən ibarət 62 saylı mənzilə mülkiyyət hüququnu əldə etmişdir. İş üzrə cavabdehlər isə mənzilin əvvəlki mülkiyyətçisi (Cavabdeh1) və onun ailə üzvləridir. Cavabdeh1 sözügedən mənzili 27 iyun 2022-ci il tarixdə "xxxx" MTK-dan almışdır. Sonradan aralarında yaranmış borc münasibətlərinə görə Cavabdeh1 və yoldaşı Cavabdeh3 mənzilin satılması barədə "xxxx" MTK-ya razılıq ərizələrini vermişlər. Bundan sonra mənzil 07 noyabr 2023-cü il tarixdə X4 mülkiyyətinə, daha sonra isə 16 sentyabr 2025-ci il tarixdə İddiaçı mülkiyyətinə keçmişdir. Mənzil hal hazırda İddiaçı mülkiyyətində olsa da, mənzildə faktiki olaraq cavabdehlər yaşayırlar. Bu səbədən iddiaçı öz mülkiyyətindən sərbəst surətdə istifadə edə bilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənzil iddiaçının mülkiyyəti olduğundan və həmin mənzildə yaşamağa heç bir hüquqi əsası qalmayan cavabdehlərin mənzildən çıxmaması iddiaçının mülkiyyət hüquqlarını pozur. Bununla bağlı iddiaçının mənzil üzərində mülkiyyət hüququ təmin edilməli və cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında ola Cavabdeh1 "xxxx" MTK-ya qarşı razılıq ərizələrinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə bağlı mülki işin nəticəsini İddiaçı mənzil üzərində mülkiyyət hüquqlarına təsir etmədiyi üçün, məhkəmə hazırkı mülki işin icraatının dayandırmasına zərurət görməmişdir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh2 Tapdıq oğlu, Cavabdeh3 və Cavabdeh1 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda inşa edilmiş 1 saylı binanın 4-cü blokunun 8-ci mərtəbəsində yerləşən 62 saylı mənzildən çıxarılsınlar. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar