Məhkəmə qərarları › İş №e-2(011)-7878/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7878/2022

07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7878/2022 07.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlə aralarında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci bina, 15-ci mərtəbədə yerləşən, ümumi sahəsi 158,8 kv.m. olan, üç otaqlı 71 nömrəli mənzilə dair bağlanmış və Bakı şəhəri 11 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən 19 fevral 2022-ci il tarixdə təsdiq edilmiş ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və onun hüquqi nəticələrinin ləğv olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Həm iddia ərizəsindən, həm də iş materiallarında olan cavabdehin şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, cavabdehin yaşayış yeri ünvan 1 ünvanıdır. Ehtimal ki, iddiaçı isə mübahisə predmeti olan mənzilin Xətai rayonu ərazisində yerləşməsini əsas gətirərək iddia ərizəsi ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin xarakterinə görə ona müstəsna aidiyyət qaydasında Bakı şəhər Xətai Rayon Məhkəməsində baxılması üçün əsas mövcud deyil. Belə ki, Azərbaycan Respublikası MPM-də müstəsna aidiyyət qaydaları barədə müddəaları əks etdirən 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddiaçını iddia tələbi mübahisə predmeti olan mənzilə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar deyil. İddia iddiaçı ilə cavabdeh arasında yuxarıda göstərilən mənzilə dair bağlanmış ilkin müqavilənin etibarsız hesab edilməsindən ibarətdir. Həmin müqavilənin məzmunu isə ondan ibarətdir ki, cavabdeh göstərilən mənzilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 142000 manata iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Odur ki, iddia tələbi MPM-nin 39.1-ci maddəsinin təsiri altına düşmür. Göründüyü kimi, iddiaçı aidiyyət qaydalarını pozaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etdiyindən, onun iddiasına həmin məhkəmədə baxıla bilməz. Bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən aiddiyyət qaydaları pozularaq məhkəməyə müraciət edildiyinə görə iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarıldığından, onun tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göründüyü kimi, ərizəçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alındığından, ödədiyi 100 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra, 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar