Məhkəmə qərarları › İş №e-2(011)-7909/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7909/2024

23.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7909/2024 23.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin nümayəndəsi X1, X3, vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh AR Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki falları:

1. Tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 2247 saylı əmək müqaviləsi ilə iddiaçı cavabdehin 4 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı tikinti quraşdırma sahəsinə (Neft Daşları) əməyin ödənilməsi dərəcəsi-5 (ƏÖD) olmaqla, bənna vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ilə əmək müqaviləsi müddətli olaraq 1 il müddətinə - xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək bağlanılmış, sonrakı müddətlərdə əmək münasibətləri davam etdirildiyindən müqavilənin müddəti uzadılmış və müddətsiz olmuşdur.

2. Əmək müqaviləsinə görə iddiaçının əsas iş yeri 4 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı tikinti quraşdırma sahəsi (Neft Daşları) müəyyən edilmişdir. Əmək müqaviləsinə görə iddiaçının əmək funksiyası daş kosntrusiyası bina, sənaye qurğuları, körpü və hidrotexniki qurğuların daş konstrusiyalarının hörgü və təmirində mürəkkəb işlərin yerinə yetirilməsi, tağlı körpülərin, suüstü tikililərin təbii daşdan hörgüsü, boru, növ və başlıqların təbii daşdan hörgüsü, düzxətli kontur boyunca körpü dayağının xarici hörgü cərgələrinin yonulmuş daşdan hazırlanması, suvaqaltı və divarlarda hörgü aparılan vaxt tikişləri bağlamaqla müərəkkəb divarların hörgüsü, düzbucaq kəsikli sütunların hörgüsü, karnizlərin hörgüsü, kərpicin fiqurlu yonukması, orta mürəkkəbli və mürəkkəb divarların eyni vaxtda üzlənməsi ilə hörgüsü, orta mürəkkəbli və mürəkkəb yüngülləşdirilmiş konstrusiyalı divar hörgüsü, pazlı atmaların hörgüsündən ibarət olmuşdur. Həmçinin, əmək müqaviləsinə görə iddiaçının iş rejimi növbəli (15 gün olmaqla) iş rejimindən ibarət olmuş, iş saatı İ-İİ rüb üzrə 06:30-dan 18:30-dək, İİİ-İV rüb üzrə 06:30-dan 19:00-dək müəyyən edilmişdir.

3. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdehin xx.xx.2024-cü il tarixli 14- 2-14/3-1K-615/2024 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, iş yerində alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə olduğuna görə xitam verilmiş və iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Əmrin verilməsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə iddiaçı, digər iş yoldaşı Elşən Əliyevlə birlikdə xx.xx.2024-cü il tarixdə iş yeri olan “Neft daşları” NQÇİ-nin ərazisində spirtli içki qəbul etmələri şübhəsi ilə müvafiq komissiya tərəfindən alkotesterdən istifadə etməklə müayinəsi aparılmış və müayinənin nəticəsi olaraq hər iki işçidə alkoqolun konsentrasiyasının 0,8 promilli olması müəyyən edilmişdir.

4. Həmçinin, 2005-ci il tarixdə təsdiq edilmiş “Neftqazçıxarma sənayesində təhlükəsiz Qaydaları”nın 1.19.9-cu bəndində qeyd edilir ki, DNQT-də olarkən dənizdə çimmək, balıq tutmaq, quş ovlamaq və spirtli içkilər qəbul etmək qadağandır.

İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri:

5. İddiaçı xx.xx.2024-cü il tarixli, 14-2-14/3-1K-615/2024 saylı əmrin ləğv edilməsi, onun işlədiyi vəzifəyə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 2006 ildən “SOKAR” Neftqaztikinti Trestində bənna, betonçu vəzifəsində işləyir. İşlədiyi müddətdə üzərinə düşən vəzifəni layiqıncə yerinə yetirmiş və bir dəfə də olsa rəhbərlik tərəfindən ona irad tutulmamışdır. xx.xx.2024 il tarixdə iş prosesində soyuq dəyməsi olduğundan, boğazı ağrımış və bunun qarşısını almaq üçün müalicə məqsədilə özündə olan 100 qramlıq tibbi spirtdən təxminən 30-40 qram su ilə qarışdıraraq içmiş və öz otağında istirahət edərkən otağının qapısı döyülmüş və qapını açarkən bir neçə şəxs otağına daxil olaraq komissiyanın üzvü olduqlarını bildirmişlər və ondan spirtli içki içib-içməməyini soruşmuşlar. Buna baxmayaraq onlar onun spirtli içki içməyini dəqiqləşdirmək üçün, heç bir həkimin iştirakı olmadan alkotestdən istifadə edərək spirtli içki qəbul edib-etməməyini yoxlamışlar. Komissiyanın üzvləri bununla işlərini bitirmiş oldular. O, alkotestin göstəricisi barədə ona məlunat vermələrini və bu barədə protokol tərtib olunmağını tələb etsə də, ona bildirdilər ki, bu suallara o, sonra cavab tapacaq. Bu hadisədən sonra onu idarənin Həmkarlar Təşkilatına dəvət edərək baş vermiş hadisə barədə soruşulanda o, hadisənin necə baş verdiyini bildirmişdir. Buna baxmayaraq həmkarlar təşkilatı onun hüquqlarının müdafiə etmək əvəzinə onun işdən azad olunmağına razılığını bildirmiş və müdiriyyət tərəfindən xx.xx.2024 il tarixli onun işdən çıxarılmağı barədə 14-2-14/3-1k-615/2024 saylı əmr verilmişdir. Əmr poçt vasitəsilə ona çatdırılmışdır. O, əmrlə razılaşmamış və xx.xx.2024 il tarixdə cavabdeh təşkilata qanunvericiliyə müvafiq olaraq təkilf göndərmiş və cavab almadığından xx.xx.2024-cü il tarixdə isə 6 saylı Mediasiya təşkilatına müracət etmişdir. xx.xx.2024 tarixdə keçirilmiş mediasiya içlasında cavabdeh təşkilat mübahisənin sülh yolu ilə həllinə razılıq vermədiyindən məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş yazılı etirazında qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 21:10 radələrində "Neft Daşları" NQÇİ-nin yaşayış məntəqəsinin "A" korpusunun 51 saylı yaşayış otağında yaşayan 46 nəfər işçidən cihaz vasitəsilə alkoqol testi götürülmüş, alkoqol testinin götürülməsi zamanı "A" korpusunun 536 saylı otağında qalan iddiaçı otağın qapısını uzun müddət açmamış, çox təkiddən sonra qapını açaraq səs-küy salmış, digər sakinlərin istirahətini pozmuşdur. Həmin vaxt iddiaçı kobud və nalayiq ifadələr işlətməklə test verməkdən imtina etdiyini bildirmişdir. "Neft daşları"nda xidmət göstərən polis işçisinin və digər maarifləndirmə işləri aparmaq istəyən işçilərin səylərinə baxmayaraq iddiaçı öz hərəkətlərinə davam etmişdir. Bundan sonra hadisə yerinə Trestin digər vəzifəli şəxsləri gələrək, iddiaçı ilə yenidən söhbətlər aparmış, məsələnin ciddiyyətini bir daha onun nəzərinə çatdırmışlar. Bundan sonra iddiaçı alkoqol testi verməyi qəbul etmiş, test götürülən zaman iddiaçı və onunla birlikdə olan 510 saylı otağın sakini X4 alkotest nəticələri müsbət çıxmış, onların "neft daşları" ərazisində spirtli içki qəbul etdikləri müəyyən olunmuşdur. Yoxlama zamanı iddiaçının alko testinin nəticəsi 0.8 promil olaraq aşkarlanmışdır. İddiaçı yuxarıda qeyd olunan hərəkətlərlə əmək vəzifələrini kobud şəkildə pozduğundan, onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməsi məsələsinə münasibət bildirilməsi üçün işəgötürən tərəfindən Azərbaycan Respublikasının 80-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli 14-2-14/3-11-8626/2024 nömrəli təqdimatla X2 Komitəsinə müraciət olunmuş və həmin Komitə təqdimatı əsaslı sayaraq iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməsinə razılıq vermişdir. Bundan sonra cavabdehin 16 avqust 2024-cü il tarixli 14-2-14/3-1K-615/2024 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış xx.xx.2015ci il tarixi əmək müqaviləsinə iş yerində alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə olduğuna görə AR ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilmişdir. İddiaçı həmin gün göstərilən əmrlə tanış olmuş və əmrin suıəti ona təqdim olunmuşdur. Hadisə ilə əlaqədar iddiaçı öz izahatında "...mən etiraf elədim ki, işdən gələndə yataqxanada su olmaması və çimə bilməməsi məni özümdən çıxardı. Mən Qarabağ müharibəsi veteranıyam və məndə əsəblər tez qalxır. Özümü sakitləşdirmək üçün otağımda olan ...spirt içmişəm. Sonra sakitləşdirici çay dəmləmişəm və oturub çay içmişəm... öz əməlimdən çox peşmanam və söz verirəm ki, bir dəfə də olsa belə hal təkrarlanmayacaq" göstərmişdir ki, bununla da o, etdiyi pozuntunu etiraf etmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

8. Məhkəmə iclasında iddiaçı və onun vəkili (nümayəndəsi) iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər.

9. Cavabdehin nümayəndələri (vəkili) yazılı etirazlarına uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdilər.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

10. Maddə 3.8. İş yeri – işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer.

11. Maddə 3.9. Əmək funksiyası – əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu.

12. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

13. Maddə 70 ç). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

14. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

15. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

16. Maddə 72 b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

17. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

18. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İşə baxan məhkəmənin mövqeyi:

23. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

24. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

25. İşin faktiki hallarından da görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilmişdir. Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin səbəbini onun iş yerində spirtli içki qəbul edərək sərxoş olması ilə əsaslandırmışdır. ƏM-nin 72 b) bəndində alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması işçinin əmək funskiyalarını kobud pozması hesab edilmişdir. Məzmunundan da göründüyü kimi, adı çəkilən norma iki hissədən ibarətdir: birinci hissə bu pozuntunun işə gələnədək, ikinci hissə isə bilavasitə iş yerində edilməsi ilə bağlıdır. Birinci hissədə göstərilən intizam pozuntusuna məkan etibarı ilə kənarda başlanılsa da, nəticəsi iş yerində baş verir. İkinci hissədə göstərilən intizam pozuntusunun başlanğıcı da, nəticəsi də iş yerində baş verir. İş yeri isə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funsiyalarının yerinə yetirildiyi yeri nəzərdə tutur ki, bu barədə ətraflı qeyd ediləcəkdir. Göründüyü kimi, hər iki intizam pozuntusunun olması üçün ortaq meyar göstərilən maddələri, yəni alkoqollu içkiləri, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin qəbul edilməsi nəticəsində işçinin sərxoş vəziyyətdə düşməsi ilə bağlıdır.

26. Hazırkı mübahisə isə ikinci hissəyə, yəni iddiaçının iş yerində spirtli içki qəbul etməsi ilə bağlı məsələyə aiddir. Buna görə də mübahisəyə 3 meyar üzrə hüquqi qiymət verilməlidir: birincisi, iddiaçının spitli içkini qəbul etməsi; ikincisi, iddiaçının spirtli içkini, əmək qanunvericiliyinin müəyyən etdiyi mənada, iş yerində qəbul etməsi; üçüncüsü, spirtli içkinin qəbul etməsi nəticəsində iddiaçının sərxoş vəziyyətdə olması.

27. İddiaçının spirtli içki qəbul etməsi işin mübahisəsiz halıdır və o, bundan qrip virusundan qorunmaq üçün profilaktik məqəsdlə istifadə etdiyini bildirir.

28. İkinci meyar işçinin spirtli içkini bilavasitə, əmək qanunvericiliyinin müəyyən etdiyi mənada iş yerində qəbul etməsini nəzərdə tutur. İş yeri anlayışı ƏM-nin 3-cü maddəsinin 8-ci bəndində verilmişdir. Lakin məhkəmə hesab edir ki, ƏM-nin 72-ci maddəsinin b) bəndində göstərilən kobud pozuntu səbəbi ilə işçinin əmək müqaviləsinə xitam verilməsinin düzgün olub-olmamasının yoxlanılması həm də, “əmək funksiyası” və “iş vaxtı” anlayışlarına vəhdətdə diqqət yetirilməsini tələb edir. Başqa sözlə, ƏM-nin 72-ci maddəsinin b) bəndinin düzgün tətbiq edilməsi üçün “iş yeri”, “əmək funksiyası” və “iş vaxtı” ifadələrinə əmək münasibətlərinin xarakteri nəzərə alınmaqla baxılmalıdır.

29. Əmək Məcəlləsinə görə iş yeri – işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir. İşçinin əmək müqaviləsi ilə yerinə yetirdiyi işlər isə onun əmək funskiyasına daxil olan bir və ya bir neçə vəzifə (peşə) üzrə yerinə yetirməli olduğu işlərin (xidmətlərin) dairəsindən ibarətdir. İddiaçının əmək funksiyasına daxil olan işlərin dairəsi əmək müqaviləsinin 3.1ci bəndində göstərilmiş və qətnamənin 2-ci bəndində qeyd edilmişdir. Lakin onu da nəzərə almaq lazımdır ki, işçi əmək funksiyasına daxil olan işləri əmək müqaviləsi ilə müəyyən edilmiş zaman çərçivəsində, yəni iş vaxtı ərzində yerinə yetirir. Şərh edilənlərdən belə nəticə əldə olunur ki, işçinin iş yeri əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri), yenə də əmək müqaviləsi ilə müəyyən edilmiş iş vaxtı ərzində icra etdiyi yerdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsi ilə müəyyən edilir ki, iddiaçının iş yeri (onun əmək müqaviləsi üzrə əmək funksiyasına daxil olan işləri (xidmətləri) bilavasitə yerinə yetirdiyi yer) 4 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı tikinti quraşdırma sahəsidir (Neft Daşları). İş vaxtı isə İ-İİ rüb üzrə 06:30-dan 18:30-dək, İİİ-İV rüb üzrə 06:30-dan 19:00-dək müəyyən edilmişdir.

30. Cavabdehin nümayəndələri iddiaçının spirtli içkidən iş yerində istifadə etdiyini iddia edirlər. Lakin məhkəmə cavabdeh tərəfin bu dəlili ilə razılaşmır. Belə ki, şərh edilənlərdən də bəlli olur ki, iş yeri təkcə hərfi mənada müəyyən ərazini deyil, konkret olaraq əmək funksiyasının müəyyən zaman çərçivəsində yerinə yetirildiyi yeri (məkanı) nəzərdə tutur. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, iddiaçı əmək funksiyasının yerinə yetirilməsi məqsədilə 15 gün müddətində ardıcıl olaraq 4 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı tikinti quraşdırma sahəsində (Neft Daşları) olur. Onun iş saatı isə əvvəldə də qeyd edildiyi kimi, İ-İİ rüb üzrə 06:30-dan 18:30-dək, İİİ-İV rüb üzrə 06:30-dan 19:00-dəkdir. Yəni, iddia göstərilən saatlarda əmək funksiyasının yerinə yetirilməsi ilə məşğul olur, həmin saatlardan sonra isə Neft Daşlarının ərazisi daxilində yerləşən yataqxanada qalır. İddiaçının spirtli içki qəbul etməsi isə, məhz onun iş saatından sonra yataqxanada olduğu vaxt, yəni xx.xx.2024-cü il, saat 21:10 radərlərində baş vermişdir. Neft Daşlarının ərazisi daxilində yerləşməsinə baxmayaraq yataqxana işçinin iş yeri sayıla bilməz, çünki həmin yer iddiaçının əmək funksiyasını yerinə yetirdiyi yox, müəyyən edilmiş iş saatından sonra növbəti iş vaxtına başlaması üçün istirahətini təmin etmək məqsədilə təşkil olunmuş yerdir. Daha konkret, iddiaçı yataqxanada əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasının icrası üçün deyil, istirahətini təmin etməsi üçün qalmışdır. Bu halda, iddiaçının istirahət etməsi üçün ayrılmış yer onun, əvvəldə şərh edildiyi anlamda iş yeri hesab edilə bilməz.

31. İddiaçının sərxoş olması məsələsinə gəldidkdə isə, məhkəmə qeyd edir ki, sərxoşluq yalnız xüsusi yoxlamanın aparılması nəticəsində müəyyən edilən bir vəziyyətdir. İşdə olan və xx.xx.2024-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş Aktlarda alkotest nəticəsində iddiaçıda spirtli içkinin 0,8 promilli olması qeyd edilmişdir. Lakin məhkəmə qeyd edir ki, alkotestin hansı avadanlıqla aparılması, həmin avadanlığın dövlət standartlarına uyğun olması və s. kimi əhəmiyyət kəsb edən məsələlərlə bağlı cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir.

32. Şərh edilənlərdən əlavə məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 186-cı maddəsində yol verilmiş intizam xətasına görə tətbiq edilməli olan tənbeh növləri ağırlıq dərəcəsinə görə azdan çoxa doğru sıralanmışdır. Tənbeh növlərinin bu qaydada müəyyən edilməsində məqsəd intizam xətası törədildikdə işəgötürəni ən ağırını deyil, törədilmiş xətanın xarakterinə azdan çoxa doğru uyğun (adekvat) olan tənbeh növünü seçməyə yönləndirməkdir (məcbur etməkdir). Yəni, qanun müəyyən edir ki, işçinin əmək müqaviləsi ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə o halda ləğv edilə bilər ki, Məcəllənin 71-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş nəticələr baş vermiş olsun. Bu zaman işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün 3 vacib şərt də nəzərə alınmalıdır: 1) işçinin təqsiri (işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi); 2) işçinin təqsirli hərəkətlərindən doğan nəticə (müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmas; 3) işçinin təqsirli hərəkətləri ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olması.

33. Göründüyü kimi, ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə, yəni işçinin öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması hər bir halda deyil, yalnız ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsində (bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun) sadalanan nəticələr olduqda əmək müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilər. Lakin cavabdeh iddiaçının spirtli içki qəbul etməsi nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir.

34. Məhkəmə hesab edir ki, iddia məcburi iş buraxmaya görə əmək haqqının ğdənilməsi hissəsində də təmin edilməlidir. Məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinin hüquqi əsasları Əmək Məcəlləsinin 300-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəadan da görünür ki, hətta iddia tələbi olmasa belə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə, əgər tərəflər arasında qarşılıqlı razılıq olarsa, qərardad çıxarmalıdır. Odur ki, iddiaçıya xx.xx.2024-cü il tarixdən işə bərpa olan günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqı ödənilməlidir.

35. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq

QƏTETDİ:

İddia təmin edilsin. AR Dövlət Neft Şirkətinin Cavabdeh xx.xx.2024-cü il tarixli, 14-2-14/3-1K-615/2024 saylı əmri ləğv edilsin və İddiaçı AR Dövlət Neft Şirkətinin Cavabdeh 4 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı tikinti quraşdırma sahəsinə (Neft Daşları) 5-ci dərəcəli bənna vəzifəsinə işə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən işə bərpa olan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı AR Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən hesablanaraq İddiaçı ödənilsin. 100 manat dövlət rüsumu AR Dövlət Neft Şirkətinin “Neftqaztikinti”ndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron Məhkəmə” İnformasiya Sistemində mövcud olan elektron kabinetdə yerləşdirildiyi) gündən 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar