Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7909/2025 25.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı “"xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə hüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borc üzrə 140,85 manat olmaqla cəmi 140,85 manat borcun tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli CO0604136 nömrəli tam kart müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Texniki overdraft müştəriyə Overdraftın təqdim edilməsi barədə müştərinin müraciəti olmadığı halda ödəniş kartı/əlavə kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır. Müştəri texniki overdraft baş verdiyi təqdirdə yaranmış borcu və faizləri Banka ödəməyi öhdəsinə götürür. Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 140,85 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, hesabdan çıxarışdan da göründüyü kimi müştəri xx.xx.2025-ci il tarixində hesabında 0 manat olmasına baxmayaraq 46,16 manat məxaric edərək hesabından 46,16 manat artıq istifadə etmişdir. Daha sonra müştəri müxtəlif vaxtlarda hesabından və "xxxx" vəsaitlər məxaric edərək ümumilikdə 138,48 manat vəsaitdən artıq istifadə etmişdir. Əlavə olaraq, cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 2,37 manat borcu mövcuddur. Bank tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka hazırkı dövr üçün qalıq borc üzrə 140,85 manat borcu olmuşdur. Halhazırda Cavabdeh hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə cəmi 140,85 manat borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Tam kart müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2025-ci il tarixində 6-2-22/2-39067/2025 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumat göndərilsə də, o, əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Sübutların tədqiqi: İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli CO0604136 nömrəli kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqaviləyə əsasən iddiaçı tərəfindən ******************** hesab nömrəli 5 il müddətinə plastik kart cavabdehin istifadəsinə verilmişdir. xx.xx.2025-ci il tarixli əsassız varlanmanı əks etdirən arayışın surətindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə 46,16 manat, xx.xx.2025-ci il tarixdə 46,16 manat və xx.xx.2025-ci il tarixdə 46,16 manat olmaqla, cəmi 138,48 manat məbləğində pul vəsaiti kart hesabından məxaric edilmişdir. Həmin məbləğin gecikdirilməsinə görə hesablanmış illik 5% dərəcəsi 2,37 manat təşkil edir. xx.xx.2024 – xx.xx.2025-ci dövrü əhatə edən hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh tərəfindən hesabda 0 manat olmasına baxmayaraq, xx.xx.2025-ci il tarixdə 46,16 manat, xx.xx.2025-ci il tarixdə 46,16 manat və xx.xx.2025-ci il tarixdə 46,16 manat olmaqla, cəmi 138,48 manat məbləğində pul vəsaiti kart hesabından məxaric edilmişdir. İşin müəyyən edilən halları: Tərəflər arasında bağlanmış kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqaviləyə əsasən iddiaçı tərəfindən plastik kart cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh bank hesabında kifayət qədər vəsait olmadığı halda xx.xx.2025-ci il tarixdə 46,16 manat, xx.xx.2025-ci il tarixdə 46,16 manat və xx.xx.2025-ci il tarixdə 46,16 manat olmaqla, cəmi 138,48 manat məbləğində pul vəsaiti kart hesabından məxaric edilmişdir. İddiaçı tərəfindən səhvən bank hesabından məxaric edilmiş 138,48 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə Cavabdeh oğluna xəbərdarlıq edilsə də, Cavabdeh oğlu tərəfindən 138,48 manat məbləğində pul geri qaytarılmamışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Məhkməmə qeyd edir ki, tərəflər arasında imzalanmış kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqaviləyə əsasən iddiaçı tərəfindən ******************** hesab nömrəli plastik kart cavabdehin istifadəsinə verilmişdir. Cavabdehə məxsus bank hesabında 0 manat olmasına baxmayaraq texniki overdraft nəticəsində xx.xx.2025-ci il tarixdə 46,16 manat, xx.xx.2025-ci il tarixdə 46,16 manat və xx.xx.2025-ci il tarixdə 46,16 manat olmaqla, cəmi 138,48 manat məbləğində pul vəsaiti kart hesabından məxaric edilmişdir. Beləliklə, cavabdeh heç bir hüquqi əsas olmadan 138,48 manat məbləğində əlavə pul vəsaiti əldə etmişdir. İddiaçının həmin pulu geri tələb etməsinə baxmayaraq cavabdeh əlavə əldə edilmiş pulu geri qaytarmamışdır. Bununla da cavabdeh qanun əsasında yaranmış öhdəliyini icra etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh borclu olaraq pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün, kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etmək hüququna malikdir. Ona görə də, borc məbləğinnin gecikdirilməsinə görə illik 5% dərəcəsi ilə 2,37 manat gecikdirimiş faiz borcunu tələb etməkdə bank haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əlavə pul vəsaiti əldə edərək əsassız varlandığı üçün, iddiaçı həmin pul vəsitinin geri qaytarılması barədə iddia qaldırmaqda haqlı olmuşdur. Ona görə də əsassız ödənilmiş 138,48 manat, illik 5% dərəcəsi ilə hesablanmış 2,37 manat gecikdirimiş faiz borcu olmaqla, cəmi 140,85 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə həmçinin iddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. 140,85 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 171,25 (yüz yetmiş bir manat iyirmi beş qəpik) manat məbləğində pul Cavabdeh oğlundan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №e-2(011)-7909/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7909/2025
25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver