Məhkəmə qərarları › İş №e-2(011)-799/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-799/2025

30.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-799/2025 30.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Bakı Şəhəri 18 Saylı Notariat Kontoruna qarşı “müddətin ötürülməsinin üzrlü hesab edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ondan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolu ünvanında yerləşən,sahəsi 0.03 kv/m olan torpaq sahəsi, ** RL *** dövlət qeydiyyat nömrəli, Renault Megane minik markalı nəqliyyat vasitəsi miras əmlaklar qalmışdır.

2. Atasının ikinci həyat yoldaşı cavabdeh Qulubəyova Günay Qurban qızı və onun övladları digər cavabdehlər 18 saylı Notariat Kontoruna müraciət edərək vərəsəlik haqqında şəhadətnamə almışlar. Onlara şəhadətnamə verilərkən atasının digər vərəsələrinin olubolmaması araşdırılmamışdır. Həmçinin, miras əmlaklardan ** RL *** dövlət qeydiyyat nömrəli, Renault Megane minik markalı nəqliyyat vasitəsi X8 ilə Cavabdeh3 nikahından əvvəl alınmış olsa da notarius şəhadətnamələrdə həmin əmlakı birgə nikah dövründə alınmış kimi qeyd etmiş, həmin miras əmlakın yarısına dair arvada vərəsəlik haqqında şəhadətnamə verilmişdir.

3. İddiaçı və qardaşları Cavabdeh4 Zülfüqar oğlu və Cavabdeh1 Zülfüqar oğlu Notariat Kontoruna müraciət etmişlər. xx.xx.2024-cü il tarixdə bizə notarius tərəfindən mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti ötürdüyü üçün imtina verilmişdir. Bildirir ki, atalarının vəfatından gec xəbərləri olmuşdur. Ona görə də mirasın qəbulu üçün Qanunla nəzərdə tutulmuş müddət ərzində Notariat Kontoruna müraciət edə bilməmişdir

İddiaçının tələbi:

4. Miras qoyan Qulubəyov Zülfüqar Ramiz oğlundan qalan miras əmlakın qəbulu üçün Qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi, Bakı şəhəri 18 saylı Notariat Kontorunun xx.xx.2023-cüil tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolu ünvanında yerləşən, sahəsi 0.03 kv/m olan torpaq sahəsi üzərində mənim, yəni, İddiaçı Zülfüqar qızının 1/12, Cavabdeh5 Zülfüqar qızının 1/12, Cavabdeh2 Zülfüqar qızının 1/12, Cavabdeh4 Zülfüqar oğlunun 1/12, Cavabdeh1 Zülfüqar oğlunun 1/12 və Cavabdeh3 7/12 hissədə, ** RL *** dövlət qeydiyyat nömrəli, Renault Megane minik markalı nəqliyyat vasitəsi üzərində mənim, yəni, İddiaçı Zülfüqar qızının 1/6, Cavabdeh5 Zülfüqar qızının 1/16, Cavabdeh2 Zülfüqar qızının 1/6, Cavabdeh4 Zülfüqar oğlunun 1/6, Cavabdeh1 Zülfüqar oğlunun 1/6 və Cavabdeh3 1/6 hissədə miras payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. xx.xx.2025-ci il tarixdə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələblərinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək miras qoyan X3 qalan miras əmlakın qəbulu üçün Qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi və Bakı şəhəri 18 saylı Notariat Kontorunun xx.xx.2023cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə cavabdehlər X4 və Cavabdeh4 cavabdehlər siyahısından çıxarılması, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Bakı Şəhəri 18 Saylı Notariat Kontoruna qarşı müddətin üzrlü hesab edilərək bərpa edilməsi və cavabdehlərdən Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2nanın adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

7. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 öz izahatında bildirmişdir ki, iddia tələbinin həcminin azaldılması ilə bağlı məhkəməyə müraciət etmişdir. O cavabdeh olaraq Cavabdeh3ı, onun 2 övladını və notariat kontorunu saxlamışdır.Cavabdehlərdən Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və 18 saylı notariat kontorunun saxlanmasını, digər cavabdehlərin siyahıdan çıxarılmasını xahiş etmişdir. Müddətin üzrlü hesab edilərək bərpa edilməsi və verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Bildirmişdir ki, 18 saylı notariat kontorunda vərəsəlik işi açılan zaman miras qoyanın digər vərəsələri araşdırılmamış, eyni zamanda nəqliyyat vasitəsi üzərində paylar düzgün müəyyən edilməmişdir. Belə ki, nəqliyyat vasitəsi tərəflərin birgə nikah dövründən əvvəl əldə olunmuş əmlakdır, miras qoyanın birinci nikahdan olan övladları nəzərə alınmamışdır. Bu səbəbdən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

9. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

10. AZ-İİ № 390028 saylı “Nikah haqqında” Şəhadətnaməyə əsasən X1 (Solmanova) Günay Qurban qızı ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur.

11. AZ-İİ № 320437 saylı “Ölüm haqqında” Şəhadətnaməyə əsasən X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktuba əsasən Qulubəyova (Qurbanova) Günay Qurban qızının adına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

13. xx.xx.2023-cü il tarixli, № 2V-257 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə.

14. xx.xx.2023-cü il tarixli, № 2V-258 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə.

15. xx.xx.2023-cü il tarixli, № 2V-255 reyestr nömrəli “Mülkiyyət hüququ haqqında” Şəhadətnamə.

16. xx.xx.2023-cü il tarixli, № 2V-256 reyestr nömrəli “Mülkiyyət hüququ haqqında” Şəhadətnamə.

17. Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № X- 118 saylı məktub.

18. XY-ЖГ №334064 saylı “Doğum haqqında şəhadətnamə”yə əsasən İddiaçı X2dur.

19. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolu 0.03 ha torpaq sahəsi X5 adına qeydiyyatdan keçmişdir.

20. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikasının Konstitusiyası:

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

29. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

22. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarı: Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur.Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

26. Məhkəmə tərəfin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir.

27. Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçının X2 xx.xx.2023-cü ildə vəfat etmiş, onun dörd övladı və arvadı qalmışıdır. Ondan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolu ünvanında yerləşən,sahəsi 0.03 kv/m olan torpaq sahəsi, ** RL *** dövlət qeydiyyat nömrəli, Renault Megane minik markalı nəqliyyat vasitəsi miras əmlaklar qalmışdır.

28. Məhkəmə mirasın açıldığı an qüvvədə olan mülki qanunvericiliyin normalarına əsasən hesab edir ki, iddiaçının vəfat edə şəxsin övladı olması həm mülki iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır və iddiaçı mərhumun qanun üzrə birinci dərəcəli vərəsəsidir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarında qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir.

30. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı mirasdan imtina etməmiş, o atasının ölümündən məlumatlı olmamış, miras açıldıqdaq sonra mirasın qəbulu üçün çağrılmamışdır. Məhkəmə Cavabdeh3 Bakı Şəhəri 18 saylı Notariat ofisində verdiyi 8İ- 9375 saylı reyestr nömrəli ərizəsini nəzərdən keçirən zaman müəyyən etmişdir ki, Cavabdeh3 mirası qəbul edərkən mərhum ərinin onlardan başqa vərəsələrinin olmadığını bildirərək, iddiaçının adını qeyd etməməklə etibarsız şəhadətnamənin verilməsinə nail olmuşdur.

31. Məhkəmə hesab edir ki, iddiaçının miras qalmış əmlakdan imtina etməsi halları aşkarlanmadığından, cavabdehlərin adına verilmiş şəhadətnamə etibarsız hesab edilməlidir.

32. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri 18 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2V-257 №-li və xx.xx.2023-cü il tarixli, 2V-258 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etirbarsız hesab edilməlidir.

33. Məhkəmə qeyd edir ki, MM-nin 149-cu maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Məhkəmə hesab edir ki, Bakı şəhəri 18 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2V- 257 №-li və xx.xx.2023-cü il tarixli, 2V-258 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməlidir.

34. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarının formalaşdırdığı hüquqi mövqeyə əsasən vərəsəlik institutunda buraxılmış müddətin bərpası məsələsi öz aktuallığını itirdiyindən, iddia tələbinə miras qoyan X3 qalan miras əmlakın qəbulu üçün Qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi hissəsində xitam verilməlidir.

35. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2nanın adına verilmiş vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməlidir.

Məhkəmə xərcləri:

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun tutulması ilə bağlı hər hansı tələb olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

37. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 adına verilmiş vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilsin.

3. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

4. İddia tələbinə miras qoyan X3 qalan miras əmlakın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi hissəsində xitam verilsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar