Məhkəmə qərarları › İş №e-2(011)-800/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-800/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-800/2023 09.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı müqavilə üzrə borcun ödənilməsi və kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı MTK-nin Cavabdeh qarşı Cavabdeh ilə İddiaçı MTK arasında ünvan 1 saylıevin sahəsi-163,6 kv.metr olan 40-cı mənzilinə dair bağlanmış müqavilə üzrə ümumi borc: 24445.46 manat və kommunal xərclərə görə yaranmış 3198 manat və qanunla müəyyən olunmuş qaydada, məhkəmə qərarı qəbul edilən günədək hesablanmış gecikmə faizlərin, məhkəmə xərcləri üçün-173 manat ümumilikdə 27816.46 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı MTK-nin hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, o ünvan 1 ünvanında yerləşən İddiaçı MTK ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə ünvan 1 saylı evin sahəsi- 163,6 kv.metr olan 40-cı mənzilinin İddiaçı MTK-dan alınmasına dair 09 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə Cavabdeh “investor” kimi öz öhdəliklərini vaxtlıvaxtında yerinə yetirməmiş, müqavilənin 3.4-cü bəndinin şərtlərini kobudcasına pozmuş və müqavilə üzrə “investor” kimi öz öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməmiş, bununla da müqavilənin 3.4-cü bəndinin şərtlərini kobudcasına pozmuşdur. Belə ki, Cavabdeh ilkin ödənişi ödədikdən sonra müqavilənin 3.4-cü bəndində göstərildiyi kimi, hər ay 17570 manat olmaqla, qalan borcu altı ay ərzində ödəməli idi, lakin, cavabdeh təqdim etdiyi müqavilədə göründüyü kimi 2000, 3000, 5000 manat, yəni müqavilədə qeyd olunan məbləği həm cədvəldən kənar, həm də az məbləğdə ödəmiş, bununla da İddiaçı MTK-nə müəyyən məbləğdə ziyan vurmuşdur. Cavabdeh və digər investorların ödəmələrində gecikmələr olması nəticəsində İddiaçı MTK-nın Bank qarşısında, həmçinin vergi borclarının vaxtında ödənilməməsi nəticəsində faiz borcları yaranmışdır. Hal-hazırda yaranmış borclar üzrə müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmaqdadır. Əlavə olaraq, Cavabdeh müqavilə qüvvədə olduğu zaman İddiaçı MTK-nın ofisinə dəvət edilmiş və əldə olan müqavilədə dəyişiklərlə bağlı xəbərdar edilmiş və bununla bağlı müqaviləyə öz imzasını atmışdır. Məhkəməyə Cavabdeh tərəfindən təqdim olunan müqavilə isə onun tərəfindən imzalanmamışdır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Alqı-satqı müqaviləsi üzrə ödəmələrin tamamlandığı müddətdə xx.xx.2014-cü ilə onun ödədiyi məbləğ 75000 manat, qalıq məbləği isə 90400 manat təşkil edirdi. Bundan başqa Cavabdeh 39 ay kommunal xərclərini ödəməmişdir, nəticədə onun 3198 manat əlavə borcu yaranmışdır. Bununla bağlı tərəfimizdən Cavabdeh dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmişdir. Əlavə olaraq bildiririk ki, müqavilə üzrə ödəmələri tamamalayan “investorlara” (mənzil sahiblərinə) borcun tam ödənilməsinə dair maliyyə arayışı təqdim olunur. Cavabdeh müqavilə üzrə borcu tam ödəmədiyinə görə ona maliyyə arayışı təqdim edilməmişdir. Bildiririk ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi ünvanında yerləşən 25 saylı binanın ümumi sahəsi 163,6 kv.m olan 40 saylı mənzilinə görə İddiaçı MTK ilə bağlanan müqaviləni imzalamamış, lakin, sonra tərəflərin razılığı ilə dəqiqləşmə aparılaraq yeni müqaviləni imzalamış və həmin müqavilənin bir nüsxəsini götürmüşdür. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini tələb etdi. Cavabdehin etirazının dəlilləri ondan ibarət olmuşdur ki, Mənzil Məcəlləsinin 141-ci maddəsini, AR Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 128 saylı Qərarı ilə təsdiq edilmiş “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi qaydaları” nı, Mənzil Məcəlləsinin 43-cü maddəsini (çoxmənzilli binanın idarəetmə orqanı binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır) əsas gətirərək bildirirəm ki, İddiaçı MTKnin “İdarəçi” təyin olması barədə ümumi yığıncağın nə qərarı, nə də protokolu var. MM-nin 109.5. maddəsinə görə, “Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir”. Bu baş verməyib, həmçinin İddiaçı MTK‐nin cavabdehi məhkəməyə vermək hüququ yoxdur, çünki bu ümumi yığıncağın səlahiyyətindədir, yığıncaq olmayıb, protokol da yoxdur. AR Ali Məhkəməsinin, Xətai rayon məhkəməsinin qəldiyi qərara və tələbin könüllü icrası barədə AR Ədliyyə Nazirliyinin Bakı ş. Xətai rayonu üzrə İcra şöbəsinin bildirişinə baxmayaraq İddiaçı MTK, 24 fevral 2014‐cü il tarixli, 09 saylı müqavilə ilə bağlı maliyyə arayışını, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktını, MTK sırasına qəbul olunmağımı təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışı, dəfələlərlə müraciətimə baxmayaraq cavabdehə təqdim etmir ki, N. Rəfiyev 25 ünvanında yerləşən 40 saylı mənzilin cavabdehə məxsus olması barədə çıxarış alsın. Qarşı tərəf cavabdehə deyir ki, hüquqi şəxsə rəsmi olaraq icra barədə bildiriş verilməyib, ancaq iddiaçı tərəf bunula bağlı məlumatları elektron kabinetdə görürlər, həmçinin Xətai rayon İcra şöbəsinin böyük icra şöbəsinin 1‐ci dərəcəli icra məmuru Mehdi Zeynalovla şəxsi görüşündə, bildirmişdir ki, bildiriş poçt vasitəsilə də göndərilib. Buna baxmayaraq, cavabdeh iddiaçı tərəfə İcra şöbəsindən rəsmi qaydada təqdim olunmuş bildirişi ərizə ilə birlikdə"xxxx" MTK-nın rəhbərliyinə təqdim təqdim etmiş, ancaq bu günə kimi onlar bunu icra etmirlər. Tərəflərin komunal ödənişlərlə bağlı, cavabdehlə heç müqaviləsi də yoxdur. Belə ki, cavabdeh MTK‐nin üzvü deyil , ona maliyyə arayışı verilməyib, yəni İddiaçı MTK cavabdehin mənzil hüququnu tanımır, qanunla İddiaçı MTK idarəçi də deyil. Müqavilənin sonunda yazılır ki, Mülkiyyətçi, cavabdeh isə hələlik onların iddiaçı tərəfin qeyd etdiyi kimi “Mülkiyyətçi” yox “İnvestor”‐dur. İşin halları 27 fevral 2014-cü il tarixdə “İcraçı” İddiaçı MMC ilə “investor” Cavabdeh arasında 09 saylı müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” ünvan 2 ünvanında inşa edilən 20 mərtəbəli yaşayış binasının İ blokunda, X mərtəbədə, 40 saylı mənzili müqavilənin şərtlərinə və inşaat norma və qaydalarına uyğun olaraq “İnvestora” təqdim etməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli e-2(011)-212/2022 nömrəli qətnaməsi ilə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27 fevral 2014-cü il tarixli 09 saylı müqavilə ilə bağlı maliyyə arayışı, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və Cavabdeh MTK üzvləri sırasına qəbul olunmasını təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın iddiaçı Cavabdeh verilməsi öhdəliyi cavabdehlər İddiaçı MTK və İddiaçı MMC-nin üzərinə qoyulması qət edilmişdir. Həmin Qətnamədə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə öhdəliyi tam şəkildə icra edildiyindən və cavabdeh tərəfindən iddiaçının tələb etdiyi sənədlərin təqdim edilməməsi iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına maneə törətdiyindən, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27 fevral 2014-cü il tarixli 09 saylı müqavilə ilə bağlı maliyyə arayışı, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və Cavabdeh MTK üzvləri sırasına qəbul olunmasını təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın iddiaçı Cavabdeh verilməsi öhdəliyi cavabdehlərin üzərinə qoyulmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2022-ci il tarixli 2(103)-3446/2022 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(011)-212/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə müəyyən edilmişdir ki, iddiaçının cavabdehə sözü gedən müqavilə üzrə heç bir borcu qalmamış, hətta 1137,0 manat məbləğində artıq ödəniş edilmişdir. ünvan 2 ünvanında inşa edilən 20 mərtəbəli yaşayış binada kommunal xidmətlər və binanın idarə edilməsi İddiaçı MTK” tərəfindən həyata keçirilir. ünvan 2 ünvanında inşa edilən 20 mərtəbəli yaşayış binasının İ blokunda, X mərtəbədə, 40 saylı mənzili Cavabdeh məxsusdur. Cavabdeh ünvan 2 ünvanında inşa edilən 20 mərtəbəli yaşayış binasının İ blokunda, X mərtəbədə, 40 saylı mənzil üzrə 3198 manat məbləğində borcu var. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 29. Yaşayış sahəsi mülkiyyətçisinin hüquq və vəzifələri 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. 135.3. Dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələrinə müəyyən edilmiş qaydada vətəndaşlar köçürülənədək, yaşayış sahələrinin saxlanmasına və kommunal xidmətlərə görə xərcləri müvafiq olaraq dövlət orqanları və bələdiyyələr çəkir. Maddə 136. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın tərkibi 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Maddə 137. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə iddiaya İddiaçı MTK-nin Cavabdeh qarşı Cavabdeh ilə İddiaçı MTK arasında ünvan 1 saylıevin sahəsi-163,6 kv.metr olan 40-cı mənzilinə dair bağlanmış müqavilə üzrə ümumi borc: 24445.46 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsassızdır. Belə ki, iddiaçı Cavabdeh İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 27 fevral 2014-cü il tarixli 09 saylı müqavilə ilə bağlı maliyyə arayışı, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və Cavabdeh MTK üzvləri sırasına qəbul olunmasını təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın iddiaçı Cavabdeh verilməsi öhdəliyi cavabdehlər İddiaçı MTK və İddiaçı MMC-nin üzərinə qoyulması tələbinə dair qəbul edilmiş məhkəmə qərarları ilə cavabde Cavabdeh İddiaçı MTK-yə yuxarıda qeyd edilən müqavilə üzrə borcu olmadığı müəyyən edilmişdir. Qeyd edilən qərarlar ilə müəyyən edilmiş hallar hazırkı mülk iş üçün preyudisial əhəmiyyət kəsb edir. Bunun əksinin iddia edilməsi mübahisənin həllinin əsassız uzadılması kimi qiymətləndirilməli, məhkəmələrin fəaliyyətində prosessual qanunvericiliyin tələblərinə zidd təcrübənin formalaşmasının əsasını qoyur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia Cavabdeh ilə İddiaçı MTK arasında ünvan 1 saylıevin sahəsi-163,6 kv.metr olan 40-cı mənzilinə dair bağlanmış müqavilə üzrə ümumi borc: 24445.46 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə iddiaya kommunal xidmətlərə görə yaranmış 3198 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, ünvan 1 saylı evin sahəsi-163,6 kv.metr olan 40-cı mənzilin sahibi Cavabdeh yaşayış binasının ümumi əmlakının saxlanması yükünü daşıyır və o, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməli olduğu halda, bu xidmətləri həyata keçirən İddiaçı MTK-yə bununla bağlı hər hansı ödəniş etməmiş və, onun binada göstərilən kommunal xidmət haqqına görə 3198 manat məbləğində borcu yaranmışdır. Odur ki, iddia Cavabdeh münasibətdə əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iddianın 173 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilməli və 20 manat məbləğində iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Kommunal xidmət haqqı borcuna görə 3198 (üç min yüz doxsan səkkiz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MTK-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar