Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-802/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X3, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 qarşı “mənzilə dair istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 qarşı “mənzilə dair istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların köçürüldükləri 5 və 6 literli otaqlardan başqa Bakı şəhəri, Xətai rayonu, G.Şıxliniski küçəsi, ev 52, 31 saylı mənzilin digər hissələrindən də (dəhliz, mətbəx və sanitar qovşağı və s.) istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 1980-ci ildən, digər İddiaçı1 isə doğulduğu gündən mübahisəli Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsindəki 52 saylı evin 31 saylı mənzilində yaşayırlar. İddiaçı2 1997-ci ildə vəfat etmiş əri Cavabdeh3 Qədimulla oğlu ilə rəsmi nikaha daxil olduqdan sonra həmin mənzilə gəlin gəlib orada yaşamağa başlamışdır. Gəldiyi gündən onların ailəsi mənzilinin 16.69 kv.m-dən ibarət olan 5 və 6 saylı otaqlarında yaşayıb. Bakı Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli 179466 nömrəli orderi əsasında Bakı şəhəri, Xətai rayonu, G.Şıxliniski küçəsi, 52 saylı evin 31 saylı mənzili 2000-ci ildə vəfat etmiş İddiaçı2 qaynatası X2 adına verilmişdir. Hazırda mənzildə yalnız tərəflər qeydiyyatdadır. Bundan əvvəl yaşamış və qeydiyyatda olmuş sakinlərin bəziləri köçüb, bəziləri isə ölüblər. Hazırda mənzildən cavabdehlər istifadə edir. İddiaçılar isə cavabdehlərlə mübahisə olduğu səbəbindən yaşamağa şərait yaratmırlar. Bundan əvvəl cavabdehlər iddiaçını və oğlunu mübahisəli mənzilə buraxmadıqları səbəbindən onlar “mənzilə köçürülmə, istifadə qaydalarının müəyyən edilməsi və ayrıca şəxsi hesab vərəqəsinin ayrılması tələbinə dair” məhkəməyə müraciət etmişdirlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3091/2020 nömrəli, 13 avqust 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 52 saylı evin 31 saylı mənzilinin 16.69 kv.m-dən ibarət 5 və 6 saylı otaqlarına köçürülmələri, ilkin iddia tələbinin digər hissədə təmin edilməməsi, qarşılıqlı iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və Cavabdeh2 həmin mənzilin icarədarı hesab edilməsi barədə qarşılıqlı iddia tələblərinin isə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədə qeyd edilib ki, məhkəmə hesab edir ki, ilkin iddia tələbi digər hissələrdə (otaqlara dair hesabın ayrılması və Sukver Şıxnəsibovanın otaqların icarədarı hesab olunması) təmin oluna bilməz. Belə ki, istər mənzilə dair şəxsi hesabın ayrılması, istərsə də icarə müqaviləsinin bağlanması müvafiq icra hakimiyyəti orqanının səlahiyyətindədir. Məhkəmənin qeyd etdiklərindən aydın olur ki, iddiaçı həmin tələblə müvafiq icra hakimiyyətinə, təmin edilmədikdə isə aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etməlidir. İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsindəki 52 saylı evin 31 saylı mənzilinin 16.69 kv.mdən ibarət 5 və 6 saylı otaqlarının icarədarı hesab edilməsinə, həmin otaqlara dair şəxsi hesabın ayrılması və onunla ayrıca icarə müqaviləsinin bağlanması öhdəliyinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-880/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərarda qeyd edilib ki, işdən görünür ki, İddiaçı2 və oğlu İddiaçı1 məhkəmənin qünuni qüvvəyə minmiş qətnaməsi ilə sözügedən dövlət mənzil fonduna aid mənzilin 5 və 6 saylı otaqlarına köçürülmələri qət edilmiş, iddiaçı tərəflə həmin mənzildə yaşayan üçüncü şəxslərin iddiaçının qeyd edilən otaqlarla bağlı ayrıca kirayə müaviləsinin bağlanmasına razılıqları yoxdur. Belə olan halda aydındır ki, hazırkı halda cavabdeh iddiaçının müraciətini təmin edə bilməzdi. Yuxarıda qeyd olunan normadan məlum olduğu kimi, ayrıca icarə müqaviləsinin bağlanması ilə bağlı mübahisə mövcuddursa, bu mübahisələr məhkəmə qaydasında həll olunmalıdır. Məhkəmənin qənaəti belədir ki, bu həll qaydası yaşayış sahəsindən istifadə qaydasının müəyyən olunması ilə mümkündür. Belə ki, yaşayış sahəsindən istifadə qaydasının müəyyən olunması tələbi əşyadan birlikdə istifadə edən bir neçə şəxsin həmin əşyadan hansı qaydada yararlanacaqları (məsələn, yaşayış sahəsinin hansı hissəsindən kimin daha çox və ya davamlı istifadə edəcəyi və s.) barədə tərəflər arasında razılaşma olmadıqda həmin mübahisənin məhkəmə tərəfindən həll edilməsi barədə iddiadır. Bu institut daha çox paylı mülkiyyətdə olan əmlakdan istifadə ilə bağlı münasibətlərdə ortaya çıxır. Belə ki, Mülki Məcəllənin 215.1-ci maddəsində paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadənin onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin bir neçə şəxsin birlikdə yaşamalı olduğu mənzildə də istifadə qaydasının müəyyən olunması ilə bağlı ehtiyacın yaranması mümkündür. Həmin şəxslər bu qaydanı öz aralarındakı razılaşmaya uyğun müəyyənləşdirə bilərlər. Bu baxımdan əgər yaşayış sahəsindən kimin hansı sahədən və hansı qaydada istifadə edəcəyi ilə bağlı fikir ayrılığı mövcuddursa, bu mübahisənin analogiya qaydasında Mülki Məcəllənin 215-ci maddəsinin tələbləri çərçivəsində həll etməsi üçün hüquqi maneə yoxdur. Beləliklə, qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, icarədarın ailə üzvünün payına düşən mənzil sahəsinə ayrıca icarə müqaviləsinin bağlanması ilə bağlı ailə üzvləri arasında razılıq olmadıqda ilk növbədə mənzilin təcrid edilməsinin mümkünlüyü nəzərə alınmaqla mülki mühakimə icraatı qaydasında yaşayış sahəsinin ayrı-ayrı hissələrindən istifadə qaydaları müəyyən edilməli, həmin qaydalar müəyyən edildikdən sonra ayrıca kirayə müqaviləsinin bağlanması üçün müvafiq yerli icra hakimiyyəti orqanına müraciət olunmalıdır. Hazırkı iş üzrə məhkəmə qətnaməsi ilə iddiaçının mənzilin 5 və 6 saylı otaqlarına köçürülməsi qət edilsə də bu hal iddiaçı və üçüncü şəxslərin mənzildən istifadə qaydalarının artıq məhkəmə qaydasında müəyyən edildiyi qənaətinə gəlməyə əsas vermir. Belə ki, mülki iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarları ilə İddiaçı2 (həmçinin oğlu) sözügedən mənzilə bütövükdə istifadə hüququ tanınıb və eyni zamanda qətnamə ilə ona qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində də qeyd edilmişdir ki “(...) birinci instansiya məhkəməsi düzgün olaraq mənzilin 5 və 6 literli iki otağına köçürülməsini qət edib. Mənzilin həmin iki otağı ayrıca yaşayış vahidi deyil, lakin iddia ərizəsində iki otağa köçürülmə tələb olunduğuna görə belə nəticənin qət edilməsi Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin göstərişinə uyğundur” Başqa sözlə, hazırkı halda yalnız iddiaçının məhz iddia tələbinə uyğun olaraq oğlu İddiaçı1lə birlikdə dövlət mənzil fonduna aid mübahisəli mənzilin 5 və 6 saylı otaqlarına köçürülməsi qət edilmişdir. Eyni zamanda, iddiaçının İddiaçı1lə birlikdə həmin mənzilin 5 və 6 saylı otaqlarına köçürülməsi hələ mənzilin digər istifadəçilərinin həmin otaqlardan istifadə etməməsi və yaxud əksinə mənzilə istifadə hüququ tanınmış iddiaçının köçürüldüyü otaqlardan başqa yaşayış sahəsinin digər hissələrindən istifadə etməməsi, mənzildə yaşayanların yaşayış sahəsinin hissələrindən istifadə qaydalarının müəyyən edilməsi demək deyildir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunanlara əsasən mübahisəli mənzildə yaşayan şəxslərin mənzildən istifadə qaydası ilə bağlı razılıqlarının olmaması hazırkı halda iddiaçının arzu etdiyi inzibati aktın qəbul edilməsini istisna etdiyindən iddia tələbi təmin edilə bilməz. Tərəflər arasında mənzil daxilində baş verən mübahisələrdən və Bakı İnzibati Məhkəməsinin adı çəkilən qərarında qeyd edildiyi kimi iddiaçıların köçürüldükləri otaqlardan başqa yaşayış sahəsinin digər hissələrindən də istifadə qaydalarının müəyyən edilməsi zərurəti vardır. Odur ki, iddiaçılar köçürüldükləri otaqlardan başqa mənzilin digər hissələrindən də (dəhliz, mətbəx və sanitar qovşaqları) istifadə qaydalarının müəyyən edilməsini istəyirlər. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçıların vəkili iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və ərizənin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdeh X3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz etmiş və yazılı etiraz etmişdir. Etirazda qeyd edilmişdir ki, Cavabdeh2 iddiaçıların ünvan 1 ünvandakı mənzildən istifadələrinə heç bir mane törətməmişdir və iddiaçıların istənilən vaxt mənzilə köçüb yaşamalarına etiraz etmir. Lakin iddiaçılar 2019cu ilin iyun ayından daimi olaraq Rusiya Federasiyasına getmişlər, çünki onların orada başqa yaşayış yerləri vardır, sonradan 2019-cu ilin oktyabr və noyabr aylarında yenidən gəlmişlər və əşyalarının bir hisəsini də aparmışlar. Mənzilin 5 və 6 saylı otaqlarının qapıları da hazırda onlar tərəfindən bağlanmışdır, həmin otaqlarda iddiaçıların bəzi əşyaları qalmaqdadır, hal-hazırda həmin otaqların açarı iddiaçılardadır. Yəni mənzildən istifadə ilə bağlı iddiaçı ilə cavabdehlər arasında mübahisə mövcud deyildir. Yəni iddiaçılar istədikləri zaman mənzildə köçüb yaşaya bilərlər. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də müəyyən edilmişdir ki, həmin şəxslər 2019-cu ildən mənzildə yaşamırlar. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin (mənzillə bağlı münasibətlərin yarandığı dövrdə qüvvədə olmuş) 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Otağın bir hissəsi və ya digər otaqla qapısı bir olan otaq (təcrid olunmayan iç-içə otaqlar), habelə yardımçı sahələr (mətbəx, dəhliz və i. a.) icarə müqaviləsinin müstəqil predmeti ola bilməz. Hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 12.5-ci maddəsinə əsasən yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Həmin Məcəllənin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən qyrıca olmayan yaşayış sahəsi, yardımçı sahələr, habelə çoxmənzilli binanın ümumi əmlakı yaşayış sahəsi sosial kirayə müqaviləsinin müstəqil predmeti ola bilməz. Hal-hazırda iddiaçıların və cavabdehlərin istifadə hüquqlarının mövcud olduğu ünvan 1 ünvandakı mənzil paylı mülkiyyət deyildir, dövlət mənzilidir, mənzil çoxmənzilli yaşayış binasının tərkib hissəsidir, həmin mənzilin naturada bölünməsi, yəni iddiaçıların və cavabdehlərin ayrılıqda istifadəsinə verilməklə istifadə qaydasının müəyyən edilməsi texniki cəhətdən mümkün deyildir. Belə ki, mənzildən istifadə qaydasının müəyyən edilməsilə bu və ya digər tərəfin, ya iddiaçıların, ya da cavabdehlərin mənzildən istifadə hüququ məhdudlaşdırılmış olacaqdır. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Hazırda iddia ərizəsində göstərilən tələbin təmin edilməsi dedikdə isə tərəflərin yaşayış sahəsindən bir-birindən təcrid edilmiş qaydada istifadəsi başa düşülür. Halbuki bu mümkün deyildir. Belə ki, iddiaçıların köçürülməsi qət edildiyi mənzilin iki otağı ayrıca yaşayış vahidi deyildir. Mənzildə bir sanitar qovşağı və mətbəx vardır, bir giriş qapısı mövcuddur, mübahisəli mənzilin konkret hansısa otağının, ya sabitar qovşağı (ayaqyolu, əl-üz yuyulması və digər sanitar-gigiyena məsələlərinin həlli üçün vanna otağı) iddiaçıların istifadəsinə verməklə istifadə qaydalarının müəyyən edilməsi texniki cəhətdən mümkün deyildir. Belə ki, bu nəticə etibarı ilə cavabdehlərin mənzildən istifadə hüququnu məhdudlaşdıracaqdır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş edirəm. İşin faktiki halları: Bakı şəhəri, Xətai rayonu, G.Şıxliniski küçəsi, ev 52, 31 saylı mənzil Bakı Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli 179466 nömrəli orderi əsasında X2 adına verilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti MKT departamenti tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2, Cavabdeh1, İddiaçı2 Şıxnasib qızı, Cavabdeh3, İddiaçı1, X8 Bakı şəhəri, Xətai rayonu, G.Şıxliniski küçəsi, ev 52, 31 saylı mənzildə qeydiyyata alınmışlar. İş materiallarında olan Xətai rayon MKTB 91 saylı MKİS tərəfindən təqdim edilmiş 02 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 2019-cu ildən və X8 2004-cü ildən faktiki olaraq həmin ünvanda yaşamırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3091/2020 nömrəli, 13 avqust 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 52 saylı evin 31 saylı mənzilinin 16.69 kv.m-dən ibarət 5 və 6 saylı otaqlarına köçürülmələri, ilkin iddia tələbinin digər hissədə təmin edilməməsi, qarşılıqlı iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və Cavabdeh2 həmin mənzilin icarədarı hesab edilməsi barədə qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-880/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellysiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1169/2023 saylı 18 may 2023-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-880/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 24 saylı notariat kontoruna qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 799/2024 saylı 20 may 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının 2000-ci ildə ölmüş X1 miras qalmış Bakı şəhəri, Xətai rayonu, G.Şıxliniski küçəsi, ev 52, 31 saylı mənzilin 1/3 hissəsinə iddiaçının qanun üzrə vərəsəlik hüququnun tanınması və reyestrdə tanınmasına dair iddiasının təmin edilməməsi qət edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 5.3-cü maddəsinə görə bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. 13.3-cü maddəsinə görə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. 29.4-cü maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 30 noyabr 2021-ci il tarixli “Yaşayış binaları. Layihələndirmə normaları”nın təsdiq edilməsi haqqında Qərarı: yardımçı sahələr - sakinlərin məişət və digər ehtiyaclarının ödənilməsi üçün, o cümlədən mətbəx və ya taxça-mətbəx, holl, vanna otağı və ya duş, tualet və ya birləşdirilmiş sanitar qovşağı, yığnaq otağı və ya divar təsərrüfat şkafı, paltaryuma otağı, istilik generatorı üçün yerləşgələr; holl (dəhliz) - binaların və mənzillərin giriş hissəsində istirahət üçün, gözləmə yeri kimi və sairə məqsədlərlə istifadə olunan sahə; mətbəx - kulinariya və qida qəbulu üçün nəzərdə tutulmuş otaq. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıların iddia ərizəsində göstərdikləri mənzil dövlət qeydiyyatına alınmamış, order əsasında həm iddiaçı, həm cavabdehin qohumu olan X4 verilmişdir. Məhkəmə qətnaməsi ilə həm iddiaçı, həm cavabdehlərin mənzildən istifadə hüquqları müəyyən edilərək iddiaçılara mənzilin 2 otağından cavabdehlərə mənzilin 3 otağından istifadə hüququ tanınmışdır. Hazırkı iddiada iddiaçılar mənzilin yardımçı sahələrinə aid olan dəhliz (holl), sanitar qovşaq və mətbəxdən istifadə qaydalarının müəyyən edilməsini xahiş etmişlər. Məhkəmə istifadə qaydalarının müəyyən edilməsi tələb edilən sahələrin təyinatını nəzərdən keçirərək qeyd edir ki, istinad olunan sahələr insanın gündəlik yaşam tələbatlarının ödənilməsi üçün nəzərdə tutulmuş sahələrdir. Məhkəmə tərəfindən bu sahələr üzərində istifadə qaydalarının müəyyən edilməsi ağlabatan deyil. Belə ki, hər bir insanın fizioloji tələbatları fərqli olmaqla həmin tələbatları günün hansı saatı ilə məhdudlaşdırmaq insanın təməl hüquqlarının pozulmasına gətirib çıxarar. Məhkəmə tərəfindən araşdırma zamanı tərəflərə mübahisəni aralarında könüllü şəkildə tənzim etmək təklif edilsə də cavabdehlər hər hansı qaydada iddiaçılara məhdudiyyət yaratmadıqlarını və iddiaçıların sərbəst şəkildə ümumi istifadədə olan sahədən yararlana biləcəklərini qeyd etmişlər. Yuxarıda istinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qanuni əsası mövcud olmadığından, iddia tələbi təmin edilə bilməz. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki iddia tələbi rədd edilmişdir, iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 qarşı iddiaçıların köçürüldükləri 5 və 6 literli otaqlardan başqa Bakı şəhəri, Xətai rayonu, G.Şıxliniski küçəsi, ev 52, 31 saylı mənzilin digər hissələrindən də (dəhliz, mətbəx və sanitar qovşağı və s.) istifadə qaydalarının müəyyən edilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı2 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-802/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-802/2025
21.01.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver