Məhkəmə qərarları › İş №e-2(011)-8042/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8042/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8042/2023 04.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı “Bank VTB (Azəbaycan)” ASC-nin Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-8231/2016 saylı qətnaməsinə əsasən cavabdehdən ümumilikdə 11828.81 ABŞ dolları məbləğində pul məbləğinin və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan cavabdehə məxsus “Chevrolet Aveominik” markalı, **-SG-***dövlət nömrə nişanlı avtomobilə (Bundan sonra - Avtomobil) yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına ümumilikdə 11828.81 ABŞ dolları məbləğində borcun tutulması qət edilmiş, qətnamə icra edilməsi üçün müvafiq İcra Şöbəsinə göndərilmişdir.

2. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 120 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən Avtomobil iddiaçı tərəfindən əldə edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

3. İddiaçı məcburi icra tədbirləri zamanı iddiaçı tərəfindən ödənilmiş 191.25 manat məbləğində hərracın keçirilməsi xərci və 267.75 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci) cəmi 459 manat pul məbləğinin və həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-8231/2016 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “Avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasını təmin edərək, cavabdehdən ümumilikdə 11828.81 ABŞ dolları məbləğində pul məbləğinin və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan cavabdehə məxsus Avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına ümumilikdə 11828.81 ABŞ dolları məbləğində borcun iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2023ci il tarixli 17/74-174/14 saylı sifariş məktubuna əsasən cavabdehə məxsus Avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 120 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Avtomobil ipoteka saxlayan iddiaçı tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı "xxxx" MMC-nin 18 may 2023-cü il tarixli 47 saylı hesab-fakturasından göründüyü kimi, Avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 191.25 manat məbləğində xidmət haqqı (162.08 manat və 29.17 manat vergi (18% ƏDV) ümumilikdə 191.25 manat) ödənişinin ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən "xxxx" MMCnin iddiaçıda olan hesabına xx.xx.2023-cü il tarixli № 47 saylı hesab-fakturaya əsasən Avtomobilin hərrac xidmətinin dəyəri olaraq 162.08 manat ödənilmişdir. İddiaçı tərəfindən X1 hesabına xx.xx.2022-ci il tarixli EQ seriya EBDG №092196 əsasən 29.17 ƏDV ödənilmişdir. İddiaçı tərəfindən X1 hesabına cavabdehin işi ilə bağlı, məhkəmə icraçılarına 7 faiz 267.75 manat məbləğində icra mödənişi ödənilmişdir. 191.25 manat məbləğində hərracın keçirilməsi xərci və 267.75 manat məbləğində icra ödənişi borclu cavabdehin əvəzinə iddiaçı tərəfindən ödənilmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

6. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

7. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikasının “İcra haqqında” Qanunu

8. Maddə 8.2-ci icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.

9. Maddə 61.2 İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.

10. Maddə 79.1 İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir.

11. Maddə 79.2.1. Borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına dair xərclər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir.

12. Həmin Qanunun 81.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

16. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

İşə baxan məhkəmənin mövqeyi: 18.Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

19. Məhkəmə qeyd edir ki, ilk öncə iddiaçının hazıkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmasının müəyyən edilməsi iş üçün əhəmiyyətlidir

20. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olduğunu (36-cı maddənin İ hissəsi), habelə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsini (60 maddənin İ hissəsi) müəyyən etmişdir. Həmçinin də, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

21. Qeyd edilən müddəalar hüquq və azadlıqlarının, eləcə də maraqlarının pozulmasını ehtimal edən bütün fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması və təmin edilməsi üçün məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmasını təsbit etmişdir. Qanunvericilik müəyyən edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.

22. Buna görə də, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını (cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri) araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Çünki, iddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı.

23. Yuxarıda qeyd olunan normalara əsasən, iddiaçının müvafiq iddia tələbi ilə bağlı subyektiv hüququ yoxdur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi mübahisə ilə bağlı subyektiv hüquq icra orqanına məxsusdur. Lakin, icra orqanı tərəfindən bu hüquq iddia icraatı qaydasında deyil, icra hərəkətlərinin davamı kimi həyata keçirilməlidir.

23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ :

İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar