Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8044/2021 02.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.238,60 manat pul vəsaitinin və ödənilmiş 42.40 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış 01 oktyabr 2013-cü il tarixli icarə müqaviləsinə əsasən ünvan 1ndə yerləşən 30 kv.m sahə mobil baza stansiyasının quraşdırılması üçün İddiaçı MMC-nin istifadəsinə verilmiş, İddiaçı MMC isə bunun əvəzində razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İcarə müqaviləsinin 4.1-ci maddəsinə əsasən illik icarə haqqı vergilər xaric 3000 manat müəyyən edilmişdir. Hər il üçün, eləcə də 22 oktyabr 2020-ci il tarixdən 22 oktyabr 2021-ci il tarixədək, vergilər xaric 3000 manat icarə haqqı cavabdehə ödənilmişdir. Tərəflərin qarşılıqlı razılığına əsasən 22 yanvar 2021-ci il tarixli aktla mobil baza stansiyası icarə obyektindən götürülmüş və icarə obyekti cavabdehə təhvil verilmişdir. Buna görə də qabaqcadan ödənilmiş icarə haqqının 22 yanvar 2021-ci il tarixdən 22 oktyabr 2021-ci il tarixədək olan dövr üçün hissəsi, yəni 2.238,60 manat cavabdeh tərəfindən İddiaçı MMCyə geri qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında icarə münasibətləri olmuşdur. 01 oktyabr 2013-cü il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən sahəsi 30 kv.m. olan qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. Müqaviləyə əsasən icarə haqqı illik 3000 manat təşkil etmişdir. Ödənişlər 01 oktyabr 2013-cü il tarixdən hesablanmağa başlamışdır. Müqavilə bir il müddətinə bağlanmış və müqavilə müddətinin bitməsinə 10 gün qalmış tərəflərdən birini müqaviləyə xitam verilməsi və ya dəyişdirilməsi ilə bağlı yazılı müraciət olmadıqda müqavilənin eyni şərtlərlə eyni müddətə uzadılmış hesab edilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə istənilən vaxt xitam verilməsi ilə bağlı tərəflər razılığa gəlmiş, lakin bu halı bir qayda ilə şərtləşdirmişlər. Belə ki, müqaviləyə vaxtından əvvəl xitam vermək istəyən tərəf digər tərəfi iki həftə əvvəlcədən yazılı qaydada məlumatlandırmalıdır. Tərəflər arasında bağlanmış müqaviləyə vaxtından əvvəl xitam verildikdə icarəyə verən qabaqcadan ödənilmiş və istifadə edilməmiş pul vəsaitini icarəçiyə geri qaytarmalıdır. Məhkəmə iclasında iddiaçı tərəf 22 yanvar 2021-ci il tarixdə icarə obyektində yerləşən mobil bazanın cavabdehə məxsus sahədən çıxarılmasını, icarə obyektinin cavabdehə təhvil verilməsini əsas gətirərək tərəflər arasında icarə münasibətlərinə xitam verildiyinə istinad etmiş və 22.01.2021-ci ildən 22.10.2021-ci il tarixə qədər ödənilən icarə haqqını geri tələb etmişdir. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini məhz icarə müqaviləsinə xitam verilməsi ilə əsaslandırır. Belə olan halda məhkəmə müqavilənin xitamına aid qanunvericiliyə istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Normanın məzmunundan görünür ki, müqavilənin ləğv edilməsi üçün müəyyən tələblər mövcud olmalıdır. Lakin tərəflər arasında bağlanmış müqavilədə fərqli qaydanın müəyyən edilməsinə də yol verilir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən müqaviləyə vaxtından əvvəl xitam vermək istəyən tərəf digər tərəfi iki həftə əvvəlcədən yazılı qaydada məlumatlandırmalı olmasına baxmayaraq hazırkı iş üzrə iddiaçı tərəfin bu qaydaya əməl etməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir. İddiaç tərəf 22 yanvar 2021-ci il tarixdə mobil baza stansiyasını icarə obyektindən götürməsinə, icarə obyektini cavabdehə təhvil verməsinə və cavabdehlə eyni tarixdə bağlanmış akta əsasən qarşılıqlı razılığın olmasına istinad etməklə bu razılığın məhz müqavilənin xitamına yönələn hərəkətlər olmasına istinad etməsinə qiymət verərək məhkəmə hesab edir ki, istinad edilən akt iddiaçı tərəfin müqaviləyə xitam vermək niyyətini əks etdirmir. Belə ki, həmin aktdan görünür ki, icarəyə götürən icarə obyektində yerləşdirdiyi avadanlığı çıxarmış və avadanlığı çıxarandan sonra icarə obyektində hər hansı qüsur və çatışmazlıqların olmaması və sahənin qüsursuz vəziyyətdə olması ilə bağlı razılaşmadır. İcarə müqaviləsi üzrə müqavilənin predmetini ünvan 1 ünvanında yerləşən 30 kv.m ibarət sahə təşkil etmişdir. Müqavilədə həmin sahənin icarəçi tərəfindən hansı məqsədlər üçün götürülməsi və nə üçün istifadə edilməsi şərtləndirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, icarə obyektində yerləşən avadanlığın çıxarılması və çıxarıldıqdan sonra sahənin qüsursuz vəziyyətdə olması və cavabdeh tərəfindən qəbul edilməsi hələ iddiaçının müqaviləyə xitam vermək niyyətində olması kimi qiymətləndirilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflərin müqavilədə razılaşdırdığı qaydada müqaviləyə xitam verdikləri subut edilmiş olsaydı belə müqavilənin icarə haqqının qaytarılması ilə bağlı əldə etdikləri razılaşma belə ödənişin qaytarılmasını mümkünsüz edəcəkdi. Belə ki, istinad edilən şərtə əsasən icarəyə verən qabaqcadan ödənilmiş və istifadə edilməmiş pul vəsaitini icarəçiyə geri qaytarmasını öhdəsinə götürmüşdür. Lakin cavabdehin məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, cavabdeh icarə müqaviləsindən əldə etdiyi vəsait hesabına Ukrayna Respublikasına getmiş və orada ürək əməliyyatı elətdirmişdir. Belə ki, cavabdeh 2021-ci ilin müxtəlif vaxtlarında Ukrayna Respublikasında olmasına dair “xarici pasportun”-dan çıxarışı məhkəməyə təqdim etmişdir. Həmçinin, cavabdehin ölkə xaricində olması iddiaçı tərəfindən cavabdehə ünvanlanan 29 aprel 20201-ci il tarixli bildirişin üzərində icra olunmuş əlyazısı ilə də təsdiq edilmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, tərəflə arasında mövcud olan müqavilə uzadılaraq 01.10.2020-ci il tarixdən 01.10.2021-ci il tarixə qədər qüvvədə olması nəzərdə tutulmuşdur. İddiaçı tələbində 22.01.2021-ci il tarixdən 22.10.2021-ci il tarixə qədər olan dövr üçün ödənilən məbləği geri tələb etmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 42,40 manat dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən 1iymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunduğundan ödənilmiş 42,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı -Cavabdeh 2.238,60 manat pul vəsaitinin və ödənilmiş 42.40 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 42,40 (qırx iki manat qırx qəpik) dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-8044/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8044/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver